Azərbaycanca

Ağdamda “Evimizi gördüm”…

15.08.2014 | 15:23

10593115_553822414739910_5553789561113719037_n (1)Son günlər cəbhə xəttində baş verən hadisələri “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı olaraq komandası olaraq detallı şəkildə ictimaiyyətə çatdırırıq. Bu mənada mövzuyla bağlı yüksək rütbəli nümayəndələr daxil olmaqla müxtəlif sahədə fəaliyyət göstərən şəxslərin fikirlərini təqdim edirik. Növbəti həmsöhbətimiz bir neçə gündür ki, Ağdamın Sarıcalı kəndinə yollanan gənc fəal Zümrüd İsmayılovadır. O, burada prosesləri yaxından izləməyə çalışır, kənd sakinlərinə mənəvi dəstək olur. Qeyd edək ki, Zümrüdün Ağdamdan birbaşa olaraq çəkdiyi fotolar sosial şəbəkələrdə çoxsaylı gənclərin marağına səbəb olmuşdur.

 

 

-Zümrüd, əvvəlcə özün haqqında məlumat ver.

 

 

Atam da, anam da Qarabağda daha dəqiq desəm, Ağdamda anadan olub və orada da yaşayıblar. Dediklərinə görə həyatlarının ən gözəl anlarını da elə Ağdamda keçiriblər. 90-cı illərdə məlum hadisələr zamanı anam tibb bacısı kimi köməklik göstərmiş, atam isə cəsədlərin yerləşdirilməsində fəal iştirak etmişdir. Bunu deməkdə məqsədim odur ki, mən gözümü açandan valideynlərimin keçirdiyi vətən həsrətinin şahidiyəm. Təsəvvür edin ki, cəsədlər gəlir, sən onların arasında qardaşını, atanı, ananı axtarırsan. Bundan ağır cəza nə ola bilər bir insan üçün? Həmin hadisələr atamın ürəyində zədə qoydu və bu ağrı məni də atamdan ayırdı. Bəlkə də mənim nifrətimin kökü buna gedib dayanır. Məhz, bu amillərə görə, mən 90-cı illər hadisələrinin şahidi olmasam da, onlara bu qədər nifrət edirəm?! Bax mən belə böyümüşəm…
-Bilirik ki , bir neçə gündür cəbhə bölgəsində gedən prosesləri izləyirsən. Hansı hissləri keçirirsən?
-Yurdumun yerlə-yeksan olunduğunu bilsəm də, amma nəzərimdə elə canlandırmıram, belə təsəvvür etmək istəmirəm. Qarabağ mənim ücün gözümü açandan təsəvvürümdə necə canlanıbsa həmin Qarabağdır. Inandırım ki, nifrət mənim gözümü o qədər örtüb ki, mən əlimə silah da alaram. Bu hissi bir neçə gün ərzində burada olduğum zaman həyatımda eşitdiyim ilk atışma səslərində dərk etdim. Hər zaman sakit, rahat həyata öyrəşən bir insan üçün həmin anda yaşadığı hissləri ifadə etmək çox çətindir. Gecə yarısı güllə səsinə oyanmaq, günlərlə yuxusuz qalmaq, cəbhədəki əsgərlərdən nigaran qalmaq, hətta, sənin və yaxınlarının da həyatının müəyyən qədər təhlükədə olduğunu bilmək, lakin əlindən heç nəyin gəlməməsi əsl əzab olur insana. Sanki, vicdanın sızlayır. Amma, məni rahatladan döyüşçülərimizin, əsgərlərimizin və tanıdığım insanların döyüş ruhudur. Ətrafımda olan həmin insanların döyüş əhvalı məni ruhlandırır, inamımı artırır. Onların ” siz narahat olmayın biz varıq, ordumuz var, qüvvəmiz var ” cümləsidir məni rahatladan. Onların soyuqqanlılıqla döyüşü istəməyidir məni rahatladan. Əsgərlərimizin qorxmazlığı, illərdir göstərdiyi dözümdür məni rahatladan…
Amma məncə məhz bu hissləri keçirtmək ücün mütləq Ağdamda olmaq, Qarabağda yaşamaq vacib deyil. Sadəcə, vətən sevgisini duymaq gərəkdir bu hiss üçün. Gördüyümüz haqsızlığı, illər əvvəl bizlərə yaşadılan faciələri kadrlarda görmək kifayətdir…

 

 

-Ağdamda olduğun müddətdə sənə ən çox hansı sualları ünvanlayırlar?
fexrinin yezisiBu günlərdə müxtəlif suallar veriblər mənə. Ən çox eşitdiyim suallar: “Qorxmursan?” Qarabağ alınsa gedərsənmi “? Əlbəttə ki, qorxuram. Amma, ölməkdən deyil, bu qədər yaxınkən daha 20 illik müqavilənin bağlanmasından qorxuram. Gözümü açdığım andan yalnız təsəvvürümdə canlandırdığım dədə-baba yurdumu heç vaxt görməyəcəyimdən qorxuram. Anamın torpaq həsrətinin bitməyəcəyindən qorxuram. İnsanların pərakəndəliyindən qorxuram. “Ayaqyalın gedərəm” desəm bəlkədə bu hissi yaşamayan insanlara gülməli gələr…
Amma əsgərlərimizə güvənim sonsuzdur. Tezliklə bir çox prosesin bizim lehimizə dəyişəcəyinə əminəm. Azərbaycanın inkişafı naminə həyata keçirilən siyasətin burada da özünü doğruldacağına inanıram.
-Vətən sevgisi nədir sənin üçün?
Cənnət məkanı olan Qarabağı sadəcə təsəvvürümdə canlandırmışam. Hətta uşaq vaxtı mənə təsvir olunan Qarabağı yuxuda gördüyümü atama dedikdə gözündən yaş gəlmişdi.”Evimizi gördüm ” deyərək onun qucağına qaçmışdım. Bax, vətən sevgisi budur mənim üçün. Torpağım, yurdum, atamın,babamın evi və ümumilikdə bizim kənd işğal altında olsa da, bəzi qohumlarımızın kəndləri işğal altında deyil. Və mən hər il bura gəlirəm. Ağdamda olduğum zaman anamın göz yaşlarıdır mənim nifrətim, onun yurd sevgisidir mənim nifrətim… Anamın bir cümləsi heç vaxt yadımdan çıxmır : ” Bura qədər gəlib, öz evimizə gedə bilməmək ürəyimə dağ salır”.

 

 

-Gün ərzində Ağdamda gördüyün hadisləri sosial şəbəklərdə geniş çərçivədə təqdim edirsən.
Sadəcə insan burada olanda öz ətrafından dəstək görmək istəyir, inamını, aciz olmadığını, birlik içində olduğunun hissini arzulayır. Ən azından informasiyanın daha tez yayıldığı bir dövrdə həmyaşıdlarımın əli bağlı oturmaları təsir edər mənə. Bu mənada Ağdamda olmağım, hisslərimi paylaşmağım zənnimcə, digər gənclərin də hisslərində titrəmə yarada bilər. Ona görə də hal-hazırkı situasiyada burda daha cox qalmaq istəyirəm.Yaşadıqlarımı, hiss etdiklərimi hər kəsə çatdırmaq üçün. Çünki, düşmən təkcə mənim atamın, anamın düşməni deyil, hamımızı düşmənimizdir. İtirdiyimiz torpaqlarda təkcə mənim atam, anam, dayım deyil, Azərbaycan xalqı vuruşub. Bizim torpaqlarımız düşmən işğalı altında qalmamalıdır.
-Mövzuyala bağlı son fikirlərini almaq istərdik.
10-cu sinifdə oxuyarkən müəllimim “20 Yanvar” günü Şəhidlər Xiyabanına gedəcəyimizi bildirmişdir. Mən müəlliməmə “Mən gələ bilməyəcəyəm həmin gün, onsuzda başqa günlərdə gedirəm, məhz həmin günlərdə getməsək də olar. Məqsədimiz ziyarət etmekdir”. Bu fikrimin müqabilində müəlliməm bildirdi:
-Əlbəttə, bizim borcumuz təkcə həmin günlərdə ziyarət etmək deyil. Məhz “20 Yanvar” günü getməkdə məqsədimiz həmin gün şəhidlərin ailələrinin də orda olmasıdır. Onlar bizim dəstəyimizi və tək olmadıqlarini hiss etməlidirlər”
Bax, bu mənə dərs oldu. Ümid edirəm nə demək istədiyimi anladınız…

 

 

Həmsöhbətim gənc olmasına baxmayaraq vətənə qarşı duyğularını illərlə döyüşmüş bir hərbiçi qədər dərindən ifadə edirdi. Ruhdan gələn bu ifadələr bir gəncin simasında təqdim olunsa da , minlərlə Azərbaycan gəncinin fikri, hisslərinin göstəricisidir .

 

 

Fəxri Məmmədli
“KarabakhİNFO.com”

 

 

15.08.2014 15:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*