Qarabağ uğurunda mübaribədə Azərbaycan xalqı öz şücaət və qəhrəmanlığını bir daha ortaya qoydu. Bunun bariz nümunəsi odur ki, təcavüzkar müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid olub, 50 min nəfərdən artıq vətəndaşımız yaralanıb, əlil olub, itkin düşüb və girov götürülüb. Bu müharibədə şəhid olanların arasında işğal həyatı yaşayan Ağdam rayon sakinləri çoxluq təşkil edir. Digər işğal olunan rayonların sakinləri kimi ağdamlılar da öz torpaqlarını qoruyaraq milli kimliklərini göstəriblər. Yəni onlar öz torpaqlarının işğal olunmaması üçün əllərindən gələni ediblər. Bəs, belədirsə Ağdamın işğal olunmaması üçün nələr edilmədi? Ağdamın işğalının əsas səbəbi nədir? Keçmiş döyüşçü və hazırda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı olan Nizami Sadıqov, ümumiyyətlə, torpaqlarımzın işğalının əsas səbəbini o zaman Azərbaycandakı hakimiyyətsizlikdə görür. N.Sadıqov e-jurnalımıza açıqlamasında bildirdi ki, 1990- cı ildən 1993-cü ilə qədər Azərbaycanın sahibi olmadı: “Azərbaycanın rəhbəri olsaydı, bu qədər torpaqlarımız işğal olunmazdı.Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə 6 ay tez gəlsəydi böyük məğlubiyyətimiz olmayacaqdı”.
Onun fikrincə, ikinci səbəb Ağdam rayonunda Azərbaycanı sevməyən çoxlu əkskəşfiyyat nümayəndələrinin fəaliyyəti olub: “Onlar qruplar arasında düşmənçilik toxumu səpirdi, təxribat yaradırdı. Ona qarşı da mübarizə aparcaq əkskəşfiyyatımız yox idi. Nə də bu işlərə önəm verən bir adam yox idi. Ağdamda təxminən 8 özünümüdafiə taboru var idi. Onlardan 7-sinin komandiri döyüşdə həlak oldu. Onun 8-cisi də ona görə həlak olmadı ki, yaralanmışdı, Bakıda müalicə olunurdu. O komandirlər təkcə düşmənlə döyüşdə yox, həm də təxribat nəticəsində aradan götürülürdü.” İcra başçısı deyir ki, ağdamlılar ermənilərlə gecə-gündüz müharibə aparırdılar: “Ağdamın əhalisi 6 mindən artıq şəhid verdi. İnsanlara elə gəlirdi ki, Azərbaycanın mərkəzi Ağdamdır. Həm evi-eşiyi dağılan, həm də ərzaq üçün Dağlıq Qarabağda yaşayanların hamısı Ağdama pənah gətirirdi. Ağdam əhalisi 5 il döyüşüb vuruşdu. Amma sona qədər tap gətirə bilmədi. Ona görə ki, həm xalq əli yalın idi, həm də düşmən məkirli və güclü idi. Özünün xarici havadarlarından istifadə edib Ağdamı işğal etdilər”.
N.Sadıqov ağdamlıların öz torpaqlarına qayıtmaq ümidlə yaşadıqlarını bildirdi: “Bizdə yaşla əlaqədar rəhmətə gedən insanlar vəsiyyət edirlər ki, onları böyük Ağdamda dəfn etsinlər. Əgər bu, ölənlərin arzusudursa, dirilər də həmişə müharibəyə hazırdırlar”.
“Ağdam işğal olunmalıydı”
Millət vəkili Aqil Abbassa bizimlə söhbətində dedi ki, Ağdam işğal olunmalıydı: “Mən “Dolu” adlı romanımda da bunu ətraflı yazmışam. Ağdam 6 mindən çox şəhid verdi. Düzdü, bunun hamısı ağdamlı deyildi. Yəni qeyri-rayonların sakinləri də var bunların arasında. Ağdamın işğal ssenarisini Moskva, Paris, London və Vaşinqtonda yazdılar. Yəni 100 min də adam şəhid olsaydı Ağdam yenə işğal olunacaqdı. Bu oyunu “yuxarı”dan qurdular”.
Millət vəkilinin sözlərinə görə, Ağdamın işğal olumasında xalqın heç bir günahı yoxdur: “Belə idisə, ağdamlılar elə çıxıb gedərdilər də, niyə 7 minə yaxın şəhid veriblər? Rayon var əhalisi Ağdamın əhalisinin sayı qədərdir, amma 137 şəhid verib. Ağdamın vuruşan oğullarının hamısı şəhid oldu. Oradakı 7 tabor komandirinin hamısı şəhiddir”.
A.Abbas bu gün ağdamlıların Ali Baş Komandanın hücum əmrini gözlədiklərini qeyd etdi: “Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh danışıqları gedir. Bu gün ağdamlılar hücum etsə Ağdama, bu düz deyil.Ali Baş Komandan desin ki, Azərbaycan hücum edib, ağdamlılar çıxıb getsin öz evlərinə. Hamımız ermənini qırıb gedəcəyik öz evimizə. Bizə heç kimin köməyi lazım deyil. Təki bizə hücum üçün icazə versinlər”.
“Ağdam rayonu 41 gün öz əhalisinin hesabına mühasirədə qalıb”
Ağdamın müdafiəsində döyüşmüş könüllülərdən olan Elməddin Səfərovsa məğlubiyyətimizin səbəblərindən danışırkən maraqlı faktlar açıqladı. Həmsöhbətimizin fikrincə, bu, 1988-ci ildən başlayan proseslərdir: “Bu haqda mən illərlə danışmadım. Sonradan gördüm ki, bu yalançı qəhrəmanlar dünyanı dağıdır. Oradan girib, buradan çıxırlar və belə olduqda da müharibə artıq saxtalaşır. Fikirləşdim ki, danışmaq lazımdır. Bunun səbəbləri çoxdur. Azərbaycanda xalq hərəkatı 1988-ci ilin fevral ayının 21-də Ağdamda başlayıb. Azərbaycanda ilk şəhidlərin verilməsi, qazilərin yaranması da Ağdamdan başlayıb. Ağdam Qarabağın mərkəz hissəsi olduğuna və bütün rayonları birləşdirdiynə görə bu məsələlər Ağdamdan başladı. Ermənilərin torpaq iddialarına qarşı böyük mitinq keçirilib Ağdamda. O vaxta kimi Azərbaycanda ermənilərə qarşı belə mitinq olmadı. 60 minə yaxın insan iştirak edib o mitinqdə. Düzdü, ora qonşu rayonlardan da gələnlər var idi. Fevralın 22-də Əsgərana yürüş oldu. Orada rus əsgərləri ilə yanaşı Sovet Azərbaycanının polisi də yürüşçülərə divan tutmağa başladılar.Fevral 22-də bizim iki gəncimiz şəhid oldu. 12-13 gəncimiz həbs olundu, 4-5 gəncimizsə yaralandı”.
E.Səfərov sonrada yavaş-yavaş bu məsələlərin adət halına gəldiyini dedi: “Ermənilər bizim yaxın kəndlərə hücumlar edirdilər, dinc əhaliyə qarşı təxribatlar törədirdilər. Bundan sonra gecələr qarovul cəkmək üçün konüllü dəstlər yaradıldı. Rayonun ətraf kəndlərində postlar quruldu. Biz onda hələ orta məktbdə oxuyurduq. Amma imkan tapanda evdən gizlin gedib gecələr posta durardıq”. Onun fikrincə, işğalın əsas səbəblərindən biri əhalidən silahların alınması idi: “Həmin dövürdə insanların ov tüfənglərini belə yığdılar. Yəni əhali silahsızlaşdırıldı. Hüquq-mühafizə oranlaraının nümayəndləri başladılar postlara gedən insanların şəkillərini çəkməyə. O vaxt ən bahalı şəkillər Ağdamda satılırdı. Şəkil var idi ki, 10 min rubla satılmışdı. Bu şəkillərlə insanları şantaj edirdilər. Yəni əhalini qorxuzurdular”.
E.Səfərov deyir ki, 20 Yanvar faciəsindən sonra isə bu hadislər başladı qızışmağa: “1991-ci ildə paytaxtın xəbəri olmadan Ağdamda müharibə başladı. Hər gün postlarda atışmalar olurdu. İnsanlar öz gücünə silah-sursat tapıb ev-eşiyini qoruyurdu. 1991-ci ildə artıq özünümüdafiə dəstləri yaradıldı; Fred Asifin, Şirin Mirzəyevin, Allahverdi və Eldar Bağırov qardaşlarının, Yaqub Rzayevin (Qatır Məmməd) və s. Söhbət ondan gedir ki, burada torpağı qoruyan oğullar könüllülər idi. Məsələn, o vaxt mənim hələ orduya yaşım düşmürdü. Amma mən ərizə yazıb könüllü öznünümüdafiə taborlarına qoşuldum. Əlimdən nə gəlirdisə kömək ediridm. Lakin 1992-ci ilin 31 dekabrında Müdafiə Nazirliyi 205 nömrəli qərar çıxartdı ki, könüllülər evlərinə çıxıb getsinlər. Bundan sonra taborlardan könüllüləri uzaqlaşdırdılar. İşğalın əsas səbəblərindən bir də bu qərarın çıxarılması idi. Çünki döyüşən könüllülər idi. Siz fikir verin, Azərbaycanda 1973-74 təvəllüdlü insanların 90 faizi şəhid olub. Çünki onlar orduya çağırılırdı və heç bir hərbi təlim görmədən cəbhə bölgəsinə göndərilirdi”.
O, Ağdam rayonunun 41 gün öz əhalisinin hesabına mühasirədə qaldığını dedi: “Biz torpağımızı qoyub heç yerə gedəsi deyildik.Biz axıra qədər yalın əllə vuruşduq və 6 mindən çox şəhid də buna görə oldu. O dövürdə Ağdamda heç bir hərbi hissənin əsgəri qalmamşdı. Komandirlər öz əsgərləri ilə rayonu tərk etdilər. Rayonda qalan yerli sakinlər idi. Artıq hər şey tükənmişdi. Hərənin bir gülləsi qalmışdı ki, özünə vursun”.
Fuad Hüseynzadə
“KarbakhİNFO.com”