Azərbaycanca

“Ağdamı itirməkdən betər dərd yoxdur mənim üçün”

26.07.2014 | 09:31

10585742_608421729271314_2073321854_nMənzil uzaq, ömür qısa
Cavanlarım, əldə əsa.
İgidlərim,batıb yasa
Fred Asif, yerin məlum.

 

 

Haqlı-haqsız, bilən yoxdu
Özün öyən, yaman çoxdu.
Sinəmizə dəyən oxdu
Fred Asif, yerin məlum.

 

Namərd mərdə quyu qazır
Çoxu baxıb, yolun azır.
Bir kəlmənə, hamı hazır
Fred Asif, yerin məlum.

 

 

Dərə xəlvət, tülkü bəydi
Haqsız gəlib, mərdi əydi.
Bizə dəyən yaman dəydi
Fred Asif, yerin məlum.

 

 

Dağlar enib, dərə olub
Qartalların rəngi solub.
Bülbül baxıb, sinə dolub
Fred Asif, yerin məlum.

 

 

Yaddan çıxıb ölüb-itən
Ad qoruyub, eldə bitən.
Meydan açıb yoldan ötən
Fred Asif, yerin məlum.

 

 

Dağda bitən çiçəklərdə
Üstü şəbnəm ləçəklərdə.
Söyləyir ağ birçəklər də
Fred Asif, yerin məlum.

 

 

Silən yoxdu ağlar gözü
Yerə düşür kişi sözü.
Qəhrəman da deyir özü
Fred Asif, yerin məlum.

 

1992 –ci ilin qanlı-qadalı günlərinin birində getmişdim Ağdamdan doğma kəndimiz Abdal-Gülablıya. O dövrdə mən “Qarabağ Müdafiə Şahinləri” batalyonunda vuruşurdum.Kəndimizdə vəziyyət ağır olduğundan kəndə döyüşçülərin yanına getmək vacib idi. Mən də ona görə kəndə getmişdim.Oturmuşdum Ağbulaq kəndinə baxan Güney postunda əlimdə silah. Hələ növbə çəkənlər qayıtmamışdı. Bir də gördüm postun yaxınlığında bir UAZ markalı maşın dayandı. Baxdım ki,sürücü düşdü.Gördüm ki, Cəbi ləqəbli Cəbrayıl Savalan oğludur.

 
Soruşdum:

 
-Ay Cəbi,xeyir ola.

 
Dedi ki, bəs komandirlə bütün postları gəzirik.Tez maşının yanına getdim.Gördüm ki, Fred Asif maşından düşdü.

 
Dedi:

-Qəhrəman,bəs uşaqlar hanı?

 
Dedim:
-İndi gələrlər.

 
Dedi:
-Sən tək dayanmısan?

 
Dedim:
-Niyə tək oluram? Görmürsən,bu boyda batalyon yanımdadı.

 
Dedi:
Ə…. axı sən təksən.

 
Dedim:
-Vallah sən burdasan elə bilirəm bütöv Ağdam yanımdadır.

 
Dedim:
-Ay Asif, gəl bir tikə çörək yeyək, yaxşı təndir çörəyi və motal pendiri var.

 
Getdik bir tikə çörəklə pendir yedik və dedi:
-Ay Cəbi, hə… bax bu əsil kişi çörəyidir.Yeməli çörək budur yoxsa…

O gün elə bildim ki,mənə Asif dünyanı bağışladı.

 

Allah rəhmət eləsin!

 

1993-cü ilin iyul ayının axırları idi. Ağdam yenicə işğal olunmuşdur. Hamı pərən-pərən düşmüşdü. Kim haralara səpələnmişdi bilinmirdi. Biz Ağdamı qaytarmaq üçün Qərvənd kəndində, elimizin mərd oğlu Cəfərlə “Günbəz” deyilən yerdə ağdamlı oğlanlardan ibarət Ağdam batalyonu yaratmışdıq. Daima Fred Asiflə əlaqəli idik. Bir gün uşaqlardan biri gəldi ki, “Qəhrəman, Fred Asif səni istəyirdi. Qəhrəmana deyin, Xındırıstan kəndindədi batalyonumuz, gəlsin mənim yanıma”.

 
Günortadan sonra idi. Durdum Qərvənddən Xındırıstana gəldim. Mədəniyyət evinin həyətində onların batalyonu yerləşmişdi. Həyətdə şair dostum Asif müəllimi gördüm. Dedi:

 
-Ay Qəhrəman, xeyir ola?

 
Dedim:
-Fred çağıtdırıb.

 
Dedi:
-Gəl həyətdədi.

 
Getdim ki, bir dəmir çarpayının üzərində uzanıb üzü Allaha doğru. Elə bil ki, Onunla nəsə danışırdı.
Biz sakitcə bir xeyli onu öz xəyalından ayırmadıq. Xeyli keçəndən sonra dedi: -Ə…Qəhrəman, bəs gəlmisən niyə dinmirsən?
Dedim:
-Ay Asif, sən Haqqla danışırdın,oraya müdaxilə etmək namərdlik olardı.

 
Dedi:
-Otur yanımda, məni bağışla, bir az ağrıyıram.

 
Dedim:
Sən Allah uzan, sən durma.

 
Bir xeyli ordan –burdan söhbət etdik. Dedi ki, Qəhrəman, sən yaxşı şeirlər yazırsan.Bir gün sənə vəh gələndə indiki dərdimizə bir şeir yazarsan. Qoy tarixdə qalsın. Ağdamı itirməkdən betər dərd yoxdur mənim üçün.
Axı onun özü də yaxşı qəzəllər yazırdı…

 
Dedi:
-Elə dedim həm sənlə görüşüm, həm də sənə bu ürəyimdə olan sözü deyim.İndi demirəm ha… nə vaxt gəlsə onda yazarsan.

 
Dedim:
-Hansı rədifdə olsun?

 
Dedi:
-Qoy deyim: “Bu gedişlə hara gedir bu millət?”

 
Durub görüşüb ayrıldım Asifdən. Çox təəssüflər ki, o, tez dünyasını dəyişdi. O şeiri ona çatdıra bilmədim.

 

Əlilləri zəlil günə salanlar,
Kənardan boylanıb,ilham alanlar.
Özgə qapılarda,şeypur çalanlar
Əziyyət çəkənə,budursa hörmət
Bu gedişlə hara gedir bu millət?

 

 

İndi hər bu şeiri mən deyəndə onun ruhu mənə qulaq asır. Mən o şeiri ona deyirəm. Heç kəs inciməsin.

 

 

Ruhun şad olsun, qardaş. Sənin ruhun Ağdam göylərində Haqqın dərgahındadır.

 

 

Abdal Qəhraman
“KarabakhİNFO.com”

26.07.2014 09:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*