Azərbaycanca

AĞDAMIN TURİZM POTENSİALI: FAKTLAR VƏ RƏQƏMLƏR

15.12.2012 | 18:20

1355580788_agdam-9AĞDAMIN  TURİZM POTENSİALI

Qarabağın turizm potensialını araşdırıb öyrənərkən Ağdam rayonu və onun mərkəzi sayılan Ağdam şəhərinin üstündən sükutla keçmək yəqin qəbahət sayılar. İndi ermənilərin işğal altında xarabalığa çevirdiyi Ağdam şəhəri paytaxt Bakıdan 362 km məsafədə yerləşir. Bu yaşayış məskəni tarixən Qarabağ düzənliyinin ən iri şəhərlərindən biri olmuşdur.

“Ağdam” sözünün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Onlardan ən ağlabatanı türk qəbilələrinin düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa etməsi və “ağdam” sözünün də qədim türk dilində “kiçik qala” mənası daşımasıdır. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks – ağ imarət idi.

Ağdam rayonu ərazisində xeyli qədim memarlıq abidələri var ki, bu da şəhərin tarixinin qədimliyini isbat edən başlıca dəlillərdəndir. Şahbulaq kəndində XVIII əsrə aid karvansaranı, XVII əsr Xanoğlan məqbərəsini, XVII əsr məscidini, Pənahəli xanın saray və məqbərəsini, Xaçıntürbətli kəndindəki XIV əsr “Qutlu Musa oğlu” məqbərəsini, Papravənd kəndindəki iki məqbərə və bir məscidi, Bozdağın şimal ətəklərindəki Çapılmış mağar məbədini, Qafqaz Albaniyası xristian dövrünə aid məbədləri bunlara əyani misal kimi göstərmək olar.

 

7 min yaşlı buğdanın saxlanc yeri – Ağdam Çörək Muzeyi

 

Ağdamda qeyri-adi bir muzey vardı – çörək muzeyi. Burada nadir eksponatlar – çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılıq və əkinçilik alətləri (oraq, xış, taxıldöyən vərdənə və s.) qorunub saxlanırdı. SSRİ dönəmində rayona uzun müddət rəhbərlik etmiş Sadıq Murtuzayevin neçə illər sonra ölkə mətbuatında yazdığı qeydlər bizim onunla görüşümüzü zərurətə çevirdi. Ahıl yaşlı keçmiş rəhbər Ağdamın adını eşidib gəlişimizin məqsədini bildikdən sonra köks ötürüb danışmağa başladı:

“Şəhərin düz mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman vardı. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrilibmiş. Buraya müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Çörək muzeyi yaratmaq ideyası irəli sürüləndə inanclarına qüvvət verilibmiş kimi insanlar onu alqışladılar. Başqa tutarlı səbəblər də vardı – Ağdamın Əfətli kurqanında yeddi min illik tarixi olan daşlaşmış buğda dənələri tapılmışdı. Məşhur taxılçı akademik İmam Mustafayev həmin dənələri özünün zəngin taxıl kolleksiyasından digər nümunələrlə birlikdə gətirib muzeyin dəyərini xeyli artırdı. Yüzə qədər xalqın çörək nümunələri əldə edildi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə verdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərildi. Muzeyə qısa müddətdə iki mindən çox eksponat toplandı. Məlum oldu ki, bu, SSRİ-də birinci, dünyada ikinci belə muzeydir. Çörək muzeyinin Ağdamda yaradılmasının başqa bir səbəbi  Azərbaycanın heç bir rayonunun taxılın məhsuldarlığında Ağdamı üstələyə bilməməsi, Ağdam torpağının çox bərəkətli olmasıydı”.

 

Ağdamın turizm mənbələri – kəhrizlər

 

Sadıq Murtuzayev davam edir: “Ağdam məscidi bütün Qarabağda yeganə açıq məbəd idi. Cümə namazına ətraf rayonlardan yüzlərlə mömin gəlirdi, dəstəmaz almağa su, çay içməyə çayxana azlıq edirdi. Bunu nəzərə alıb sonralar Ağdamın simvoluna çevrilən Şərq üslubunda üçmərtəbəli Çay Evi tikməklə, bir neçə yaraşıqlı bulaq çəkməklə bu ehtiyacları ödəməyə çalışdıq. Çay Evi xalqımızın böyük ziyalı oğlu, əslən Ağdamdan olan akademik Xudu Məmmədovun verdiyi layihə əsasında inşa olundu”.

Sadıq müəllimlə söhbətimizin davamı təbii şəkildə, qeyri-ixtiyari olaraq layihəmizin məqsədinə – Ağdamda turizm və kurort potensialının yaranması və inkişafına bilavasitə yol açan kəhrizlərə gəlib çıxdı. Həmsöhbətimizin dediyinə görə, Ağdamın tarixi şöhrətlərindən biri də onun məşhur kəhrizləri olub. Onlardan lap məşhurları olan Abdal, Əhmədağalı, Qərvənd üzərində istirahət guşələri yaradılıb. Abdal-Gülablıda, Şellidə, Şahbulaqda tayı-bərabəri tapılmayan istirahət mərkəzləri istifadəyə verilib.

Ağdam, bütünlükdə Qarabağ təkcə bu diyarın adamları üçün yox, xalqımızın hər bir övladı üçün nisgildir, ağrıdır. Bəs Gülablı sanatoriyası hansı zərurətdən yaradılmışdı?

 

12 il bir igidin ömrü…

 

“1979-cu ildə SSRİ-də əhalinin ümumittifaq siyahıyaalınması nəticəsində bəlli olmuşdu ki, Azərbaycanın Ağdam rayonunun iki yaşayış məntəqəsində – Gülablı kəndlərində əhalinin orta yaş-ömür həddi bütün ətraf kəndlərdə yaşayan əhalidən 10-12 il artıqdır. Bu faktın izi ilə Moskvadan gəlmiş 22 nəfərlik tədqiqatçıdan ibarət ekspedisiya qrupu buradakı uzunömürlülüyü dörd əsas amillə izah etdi: genetik, coğrafi, psixoloji və həyat tərzi faktorları ilə. Bir-birini tamamlayan bu göstəricilər o vaxt dünyanın altıda birini tutan nəhəng SSRİ dövlətində nadir hadisə kimi qeydə alındı”. Bunu da bizimlə söhbət əsnasında sabiq birinci katib Sadıq Murtuzayev söyləyir.

Axtarışlarımızı davam etdirərkən məlum oldu ki, sanatoriyanın yaranmasını zərurətə çevirən və ardıcıllıqla biri o birisini tamamlayan digər amillər də olub. Həmin məqamın kökündə erməni məkrinin də izləri var. Nəticə etibarilə daha bir sanatoriyamız artsa da, bu, həm də erməni separatçılarının hələ 70-ci illərin sonlarından Azərbaycana qarşı təxribatlara başladıqlarına dair daha bir faktı ələ verir. Onlar azərbaycanlıları tədricən Şuşadan uzaqlaşdırmaq məqsədilə vilayət səviyyəsində Şuşanın o dövrdə fəaliyyət göstərən istirahət mərkəzlərinə rayonlardan məktəblilərin gəlişini əngəlləyən qərarın qəbuluna nail olurlar. Vilayət Partiya Komitəsinin mərkəzi hakimiyyətə göndərdiyi məktubunda qeyd edilir ki, mövcud vəziyyət istirahət evlərinə əlavə şagirdlərin cəlb edilməsinə problem yaradır. Odur ki, 1981-ci ildən Şuşanın istirahət düşərgələrinə digər rayonlardan uşaqların gəlişinə icazə verilməyəcək.

 

Qarabağda qırğız çadırları

 

Beləliklə, 1981-1982-ci illərdə Azərbaycan hökumətinə rəhbərlik etmiş bir sıra rəsmilərin bu qərarı bəlkə də bilmədən dəstəkləməsi separatçıların iddialarının gerçəkləşməsinə yardımçı oldu. Bu dövrdə yuxarıda qeyd etdiyimiz kimi, Moskvadan gəlmiş ekspedisiya heyəti də Gülablı kəndindəki yaş həddi barədə qərarı elan etmişdi. Bu səbəbdən ayrı-ayrı ərazilərdə kurort-sanatoriyaların yaradılması ideyası məqbul variant sayıldı və onun gerçəkləşdirilməsinə qərar verildi. Beləliklə, Gülablıda 14 kottec, iki qırğız çadırı inşa edildi. Sahəsinin biri 40 kv/m, o biri isə 60 kv/m olan iki qırğız çadırının gətirilməsində  isə mərhum ziyalılarımız Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə, Zeynal Məmmədovun böyük rolu oldu. Onlar bu işi yaxın dostları Çingiz Aytmatovun vasitəsilə həyata keçirmişdilər.

Baltikyanı respublikalardan gətirilən kotteclərin tikintisi yerli kolxozların vəsaiti hesabına həyata keçirildi. Kolxozların tikdiyi kotteclərdə isə ilk olaraq kolxoz zəhmətkeşləri dincəlirdilər. Ardınca 100 yerlik sanatoriyanın inşasına başlandı və 1983-cü ilin fevral ayında  istifadəyə verildi. İlboyu işləməsi nəzərdə tutulan sanatoriyanın müalicə korpusu da bütün bu müddət üçün fəaliyyət göstərirdi.

Baş həkim Bəhram Şükürovun rəhbərliyi ilə ixtisaslı həkimlərin nəzarəti altında sanatoriyada dincələnlər müayinələrdən sonra hər bir fizioterapevtik müalicə kursu da alırdılar.

Bəhram Şükürovun sanatoriyanın tikintisi ilə bağlı dedikləri bizim üçün maraqlı göründü: “Çox güclü fəaliyyətə başladıq. Demək olar ki, rayonun bütün kolxoz, sovxoz, idarə və təşkilatları bu işə cəlb olundu. Respublika həmkarlar ittifaqları təşkilatları və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ilkin olaraq bizə 400 min rubl pul ayrıldı. Pulu da sanatoriyanın yox, mərhum kolxoz sədri Xuraman Abbasovanın sədrlik elədiyi o vaxtkı Lenin adına kolxozun hesabına köçürdülər. Lenin adına kolxoz sifarişçi olaraq rəsmiləşdirildi. Biz pulu həmin hesabdan tikinti təşkilatlarının hesabına keçirməklə işi aparırdıq. O vaxt ərazidə bütün tikinti işlərini  Kamil Sarıyevin rəhbərlik elədiyi Səyyar Mexanikləşdirmə Dəstəsi icra edirdi. Kotteclərin tikintisinə gərək olan kiçik həcmli işləri isə kolxozlar öz daxili imkanları hesabına aparırdılar. Amma yollar, kommunikasiya, su, elektrik xətləri, işıqlandırma və digər bu kimi işlər Səyyar Mexanikləşdirmə Dəstəsinin icraatında idi. Gərgin zəhmət hesabına böyük bir korpus və yeməkxana tikilib başa çatdırıldı. İşi tam yekunlaşdırmaq üçün rayonun imkanlı təşkilatları da cəlb edilmişdi və təxminən bir ilə yaxın müddətdə demək olar ki, bu böyük kompleks hazır oldu. Yurd tipli 300 yerlik pioner düşərgəsi də ərsəyə gətirildi”.

Bəhram Şükürov deyir ki, sanatoriyanın ilboyu fasiləsiz işləməsi nəzərdə tutulsa da, bu ideyanı gerçəkləşdirmək mümkün olmadı: “Çünki Abdal-Gülablının qışı çox sərt keçirdi, təxminən 20-25 dərəcəyə qədər şaxta olur, 1 metr hündürlüyündə qar yağırdı. Belə bir pansionatı qışda işlətmək çox müşkül məsələ idi. Rayon rəhbərliyi və müvafiq respublika qurumlarıyla məsləhətləşdik və qərara alındı ki, pansionat ilkin dövrdə mövsümi qrafiklə fəaliyyət göstərsin. Yəni may ayında açılsın, oktyabrda bağlansın. Düzdür, sanatoriya ərazisinə təcili qaz çəkilmişdi, bütün kotteclərə bundan istifadə etmək üçün şərait yaradılmışdı. Onu da deyim ki, Şıxbabalı kəndindən  sanatoriyaya qaz çəkilişi cəmi 23 iş gününə yekunlaşdı. Ancaq sonradan məlum oldu ki, müalicə korpusumuz uyğun standartlara tam cavab vermir. Ona görə qərarlaşdırdıq ki, burada gözəl müalicə korpusu tikək. 1983-cü ildə həmin müalicə korpusunun təməlini qoyduq. 1982-ci ilin axırında ümumi kompleks istifadəyə verilmişdi, 1983-cü ildə yeni müalicə korpusunun əsası qoyuldu və bir il sonra, 1984-cü ildə istifadəyə hazır oldu. Müalicə korpusu üzünə mərmər plitələr çəkilmiş iki mərtəbəli nəhəng bir bina idi”.

 

Spesifik turizm – atla səyahət

 

Sanatoriyanın nəzdində yardımçı təsərrüfatların fəaliyyəti istirahətə gələnlərin yüksək keyfiyyətli, təmiz tərkibli ərzaq məhsullarıyla təmin edilməsinə gətirir, üstəlik, müəssisənin əlavə qazanc əldə etməsinə şərait yaradırdı. Sanatoriyanın ixtiyarına verilmiş 5 baş Qarabağ atında turistlərin gəzintiyə aparılması da turizm sahəsində spesifik əhəmiyyətli faktlardandır. Yeri düşmüşkən qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının məktubundan da bəlli olur ki, Ağdamın “Şahbulaq” Turist Bazası eyni zamanda 40 nəfər turisti yüksək səviyyədə qəbul etmək üçün nəzərdə tutulubmuş. Ümumi sahəsi 3 hektar olan bu turist bazasının fərqli cəhətləri, özəllikləri varmış. Bazada turistlərin at belində səyahətlərə, gəzintilərə çıxmaları təşkil edilirmiş.

“Şahbulaq” Turist Bazası 1988-ci ildə istifadəyə verilmişdi. 1990-cı ildə, yəni  fəaliyyətinin sonuncu ilində bazanın illik qazancı 12 min rubla çatırdı. Qeyd edək ki, Şahbulaq turist  bazası  rayon ziyalısı Həsən Qəhrəmanovun fəaliyyəti nəticəsində  daha da genişlənmişdi. Nazim Qasımovun baş həkim olduğu Şelli sanatoriyasıda həmin dövrdə rayon  zəhmətkeşlərinə xidmət göstərirdi.

Sənədlərdən və həmsöhbətlərimizin danışdıqlarından öyrəndik ki, 1985-ci ildə Gülablı sanatoriyasının ikinci əsas korpusunun layihə-smeta sənədləri hazırlanır. Memar İbrahim İbrahimovun müəllifi olduğu korpusun tikintisinə 1986-cı ildə start verilir. 1989-cu ildə isə sanatoriyada tikinti işləri başa çatdırılsa da münaqişənin başlaması prosesi birdəfəlik yarımçıq qoyur.

Sanatoriya o dövrdə fəaliyyət göstərən, ölkə üzrə bir sıra turizm-sanatoriya obyektlərinin inşası və idarəçiliyində payçı olan Azərbaycan Kollektiv Təsərrüfatlararası İstirahət Mərkəzləri Birliyinin balansında yaranmışdı.

Birliyin sədri İmran Rzayevlə də görüşdük. İmran Rzayev sanatoriyanın tikintisini belə şərh etdi: “Bizim təşkilatın qurulmasında məqsəd bütün ölkə ərazisində – rayonlarda, səfalı yerlərdə, mineral su və palçıq mənbələrində zəhmətkeşlər üçün əsasən sağlamlıq ocaqlarının, istirahət obyektlərinin tikintisi və istismarı ilə məşğul olmaq idi. 1982-ci ildə Ağdam və Bərdə rayonlarında sanatoriya-profilaktika obyektlərinin tikintisinə başlandı. Ağdamda uyğun məkan Gülablı kəndinin ərazisi idi. Gözəl təbiət guşəsiydi, eyni zamanda bol bulaqları, səfalı mənzərələri vardı. Hətta planlaşdırılırdı ki, yaxınlıqdakı dağətəyi zonada turizm istirahət kompleksi salınsın və oradan dağın başına kanat yolu çəkilsin. Kanat yoldan həm istirahətə gələnlər yararlanar, həm də bəzi texniki məsələlər öz həllini tapardı.

1983-cü ildə biz orada 100 yerlik sanatoriya-profilaktika obyektini istifadəyə verdik. Təxminən 1983-cü ilin dekabrında istismar aktını tərtib elədik, 1984-cü ilin fevral ayında sanatoriyaya ilk qəbul aparıldı. Çünki orada bütün otaqlarda, yeməkxanada qızdırıcı sistem nəzərdə tutulmuşdu, buna uyğun olaraq, fevral ayında ilk gələnlər qəbul edildi. Xatırlayıram ki, biz 1 nömrəli yollayış vərəqəsini Ağdam rayonundan hansısa veterana təqdim eləmişdik.

Buranın əvəzolunmaz təbiətini nəzərə alaraq sonradan fikirləşdik ki, ərazidə təkcə böyüklər üçün yox, uşaqlara da bir kompleks yaradaq. Beləliklə, “Nur” adlı balaca bir pioner düşərgəsi də quruldu. Sonradan təzə yurdlar alıb quraşdırdıq və onlara müvafiq yeməkxana, pioner tədbirləri üçün meydançalar inşa elədik. Bir neçə il keçmiş aydın oldu ki, tələbat böyüyür. Belə olduqda daha 250 çarpayılıq böyük sanatoriya kompleksinin layihəsini sifariş elədik. O layihənin də icrasını “Qafqazkurortlayihə” İnstitutu həyata keçirdi. Bu yerin tikintisinə Kənd Tikinti Nazirliyi başladı. Sifarişçi biz olduq, podratçı onlar”.

İmran Rzayev onu da bildirdi ki, nəzərdə tutulan 6 mərtəbəli binanın bir yanında 250 yerlik üçmərtəbəli müalicə mərkəzi, o biri tərəfində isə yeməkxana bloku olacaqmış. 250 nəfərin həm yeməyini, həm də müalicəsini təmin edəcək bu layihənin tələbinə uyğun Rusiyadan 3 vaqonluq mətbəx və istilik  avadanlığı da alınıb gətirilir. Binanın son 6-cı mərtəbəsinin inşası da başa çatdırılır və istismara hazır olur: “1989-cu ildə münaqişə başlayanda iş bir az ləngidi, dayandı. Amma 14 kotec tam hazırıydı.  Müalicə binası iki mərtəbəli, ancaq mansarlı idi. Yeməkxanası da iki mərtəbədən ibarətiydi, böyük, gözəl salonu vardı. Onun təchizatını, avadanlıqlarını, çilçıraqlarını elə seçirdik ki, bütün standartlara cavab versin. Gülablı sanatoriya-profilaktika müəssisəsində mebelin böyük qismi alman istehsalıydı. Təsəvvür edin ki, sovet vaxtında camaat o markalı mebeli tapmaqda belə, çətinlik çəkirdi”.

İmran Rzayevin məlumatına görə, Gülablı sanatoriya-profilaktika müəssisəsinin əmlak dəyəri təxminən 1 milyon 200-300 min rubl olardı. «Nur» pioner düşərgəsinin əmlak dəyəri isə 300-400 mindən artıq idi: “Faktiki fəaliyyət göstərən hər iki müəssisənin dəyəri 1 milyon 600 mindən çoxdur. Yeni tikintilərə qoyulmuş sərmayənin həcmi isə 3-3,2 milyon arasında olardı. Bütövlükdə o zamanın kursu ilə 5 milyon dollardan artıq məbləğdən söhbət gedir”.

Təsərrüfatlararası İstirahət Mərkəzləri Birliyinin rəhbəri olmuş İmran Rzayev bildirir ki, kurort-sanatoriya müəssisələrini geniş perspektiv gözləyirdi: “Çünki Ağdam rayonu respublikada ən varlı rayonlardanıydı. Həm əhalisi çox idi, həm də ərazisi böyük idi. Eyni zamanda Gülablının spesifik coğrafi şəraiti vardı. Uşaqların dərələrdə oxuya-oxuya səslənişi bu gün də qulağımdadır… Hərdən düşünürəm ki, Azərbaycanın bütün gözəl səslərinin kökü o təbiətdən gəlir. Havanın gözəlliyi, kəhriz suyunun təmizliyi, şirinliyi insana elə bir səs bəxş eləyirdi ki, o səsi dünyanın heç bir yerində təbiətdən almaq mümkün deyil”.

Göründüyü kimi, Ağdamın da zəngin və təkrarsız turizm potensialı və müalicə ocaqları olmuşdur. Onu da qeyd edək ki, rayonun işğal olunmayan digər ərazilərindəki müalicə əhəmiyyətli yeraltı suları indi də  qalmaqdadır. Rayonun Quzanlı qəsəbəsi ərazisində olan Çullu duzlu suyunu misal gətirə bilərik. İçməli su adına qazılmış bir quyudan müalicə xüsusiyyəti olan gur su çıxmışdı. Həmin su indi də baxımsız şəkildə axıb gedir.

Öz sərvətlərimizin qədrini vaxtında bilməməyimizə ən bariz nümunələrdən biri də Quzanlı qəsəbəsində 1952-ci ildə qazılmış quyunun yiyəsiz və istifadəsiz qalması faktıdır.

 
“ŞUŞA  VƏ AĞDAMIN TURİZM POTENSİALI: FAKTLAR VƏ RƏQƏMLƏR”  kitabından. Kitab Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən  “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsi çərçivəsində Söz Azadlığını Müdafiə Fondunun əməkdaşları tərəfindən  tərtib olunub.

 

“KarabakhİNFO.com”

 

15.12.2012 18:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*