Azərbaycanca

Ağdamlı jurnalistlərin Vətən xatirələri…

23.07.2014 | 07:21

10563621_606886102758210_663726396_nİyulun 23-ü Azərbaycanın gözəl guşələrindən biri olan Ağdamın Ermənistandan olan cəlladlar tərəfindən işğalının ildönümüdür. Artıq 21 ildir ki, Ağdam da daxil olmaqla Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Hər il Ağdam əhalisi bu kədərli günü yad ədərək, rayonun, o cümlədən işğal altında olan bütün digər torpaqların da azad olunacağına əminlik ifadə edirlər.Bu əminlik isə günü-gündən daha da güclənməkdə olan Azərbaycan dövləti və ordusuna olan dərin inamdan irəli gəlir.

 

 

Ağdamla bağlı təəssüratlar və xatirələri bölüşmək üçün əslən Ağdamdan olan jurnalistlərin fikirlərini öyrəndik.

 

 

10567926_606886162758204_352681651_nƏslən Ağdamdan olan millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında bildirdi ki, Ağdam əslində Qarabağın qeyri-rəsmi paytaxtı sayılırdı: “Bu şəhər ətraf rayonların birləşməsinin mərkəzi hesab olunurdu. Həmçinin, bölgənin iqtisadi, ticarət mərkəzi idi. Ağdamın torpağı münbit, özü geniş, insanları qoçaqdır. Bu rayon müharibə ərəfəsində böyük sürətlə yenidən tikilərək, yenidən quruldu. Ağdam həqiqətən də respublika miqyasında tanınmış, inkişaf etmiş rayonlardan biri idi. Rayonun əhalisi də elm və mədəniyyətə, iqtisadiyyat, fərdi mənzil tikintisinə böyük diqqət verən insanlardır. Burada insanlar öz zəhmətləri hesabına yüksək güzəran qurmuşdular. Bütün Ağdam kəndlərində Şah bulaqdakı ağ daşdan tikilən ikimərtəbəli fərdi evlərə rast gəlinirdi. Həyətlər güllər, ağaclarla zəngin idi. İnsanlar az qala bir-biri ilə kimin həyətində daha çox qızılgülün olması bəhsinə girmişdi. Beləcə, Ağdamın xoşbəxt, bəxtəvər günləri vardı. Ağdamlılar oxumağa və elmə xüsusi fikir verirdi. Ağdamlı gənclər respublikanın bütün ali məktəblərində təhsil alırdı. Ulu öndər Heydər Əliyevin dəstəyi ilə sovetlər birliyinin bütün şəhərlərindəki ali məktəblərdə oxuyanlar arasında da ağdamlılar vardı. Elə bir Ağdam gözə, nəzərə gəldi. Müharibənin ilkin dövrlərindən Şuşaya, Xocalı və Xankəndinə getmək getdikcə təhlükəli olurdu. Bu məqamda Ağdam Dağlıq Qarabağ qarşısında bir qalaya çevrildi. Ağdamlılar bələdçilik edirdi. O zamankı Azərbaycan rəhbərliyinin çoxu təəssüf ki, Dağlıq Qarabağdakı Azərbaycan kəndlərinin yerini bilmirdi. Ağdamlı bələdçilər onları aparıb, həmin kəndlərə çatdırırdı. Bu müharibədə çox mühüm rolu özünün strateji mövqeyinə görə, Ağdam oynadı.  Müharibənin başlaması ilə Ağdam ön cəbhəyə çevrildi. Rayonumuz 5 mindən çox şəhid verib. Təsəvvür edin ki, o dövrdə respublika üzrə 20 min şəhid verilib, onun da 5 mindən çoxu ağdamlı olub. Bu da ağdamlıların necə döyüşdüyünü göstərir. Amma təəssüf ki, bütün bunlara baxmayaraq, o zamanlar ölkə rəhbərliyinin başı Bakıda hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Vaxtında nə ordu yaradıldı, nə də düşmənə müqavimət təşkil edildi. Yerli əhaliyə də kömək olmadı. Nəticə etibarı ilə Ağdamın özü işğala məruz qaldı. Hətta müharibənin əvvəlli dövründə ermənilər heç ağıllarına da gətirmirdi ki, onlar Ağdama daxil ola bilərlər. Lakin o zamanlar müharibə dövlət səviyyəsində aparılmadığından, müdafiə təşkil edilmədiyindən, ölkənin müdafiəsində iştirak edən dəstələr müxtəlif siyasi partiyaların hakimiyyətə gəlməsinə yönəldildiyindən müdafiə pozuldu. Rəhim Qazıyev kimi xəyənatkar insanlar müdafiə naziri oldu. AXC-Müsavat cütlüyü torpağın müdafiəsini qoyub, hakimiyyət uğrunda mübarizəyə başladı. Beləliklə də, insanlar öz gücləri hesabına torpağı müdafiə edə bilmədi. Ayrı-ayrı özünü müdafiə batalyonları vahid mərkəzdən idarə olunmadığından müdafiəni də təşkil edə bilmədilər. Nəticədə o qədər əzab-əziyyətə düşsək, çoxsaylı qurban, şəhid versək də torpaqları qoruya bilmədik. Beləliklə də Ağdam süqut etdi. Hazırda Ağdam əhalisi ölkənin 63 rayonuna səpələnib. İlkin vaxtlarda onlar çadırlarda, yeraltı qazmalarda yerləşdirildi. Belədə çox ağır günlər çəkdilər. Gənclər, uşaqlar təhsildən kənar qaldı. İnsanlar ruhdan düşdü. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən geriyə qayıtmasaydı, bu gün artıq Azərbaycan xanlıqlara parçalanmışdı, ərəb dövlətləri, Ukraynadan da bətər vəziyyətdə olardıq. Ulu öndərin qayıdışı ilə ölkənin müdafiəsi təşkil olundu, torpaqların qalan hissəsinin işğalına imkan verilmədi. Bu gün artıq ağdamlılar yenidən Ağdam ərazisinə qayıdır. 30 min insan yeni tikilmiş 17 qəsəbəyə qaytarılıb. Daha bir qəsəbə də bu günlərdə istifadəyə veriləcək. Ağdamlıların hamısı bir nəfər kimi torpaqlarına qayıtmaq barədə düşünür.  Ali baş komandan nə vaxt əmr versə cəbhəyə getməyə hazırdırlar. Azad olduqdan sonra Ağdamı əvvəlkindən də yüksək inkişaf mərhələsinə çatdıracağıq”.

 

 

10567320_606886199424867_379161896_nMüstəqil jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu Ağdam üçün darıxdığını diqqətə çatdırdı: “Vətənim Ağdam təəssüf ki, işğal altındadır. Hər ilin iyulun 23-də onu xatırlamaqla məsələ bitmir. Hər birimiz Ağdamın gözəlliyini, onsuz olan gün və illəri həyatımızda hiss edir, yaşayırıq.  47 yaşım var, ömrümün 26 yaşını orada yaşamışam. Bütün uşaqlığım, ilk sevgim, xoş xatirələrim rayonumuzla bağlıdır. Bütün ruhumuz, xatirələrimiz onunla bağlıdır. Kədərli məqamdır ki, bu gün o torpaqlar işğal altındadır. Təəssüf ki, bu illər ərzində o torpaqları düşməndən azad edə bilməmişik. Torpaqlarımıza qayıtmağı arzu edirəm. Keçmiş döyüşçü olaraq, torpaqlarımızın azad olunması məqamında əlimdən nə iş gəlirsə, onun qulpundan yapışmağa hazıram.  Azərbaycanın bütün guşələri mənə doğmadır. Amma, Ağdamda, Şuşada içdiyim suyu işğaldan sonra heç bir yerdə içə bilməmişəm”.

 

 

Rüfət Sultan

 

“KarabakhİNFO.com”

23.07.2014 07:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*