Azərbaycanca

Alban dilinin qrammatikasi barədə bir neçə söz (II məqalə )

31.07.2013 | 13:33

1375262974_alabana1. İsmin kəmiyyət kateqoriyası. Alban mətnlərində isimlər, digər türk mətnlərində olduğu kimi, tək və cəm haldadır. Burada da ismin tək halının ayrıca göstəricisi yoxdur, cəm halı isə “-lar” (-lər) şəkilçisi vasitəsi ilə yaranır.

2. İsmin hal kateqoriyası. Alban dilində ismin, eynən Azərbaycan dilində olduğu kimi, 6 halı olub. Yiyəlik hal şəkilçilərinin “-inq”, “-ınq”, yönlük hal şəkilçilərinin “-gə”, “-ğa”, təsirlik hal şəkilçilərinin isə “-nqi”, “-gi”, “-nqı”, “ğı” olduğu məlumdur. Digər hal şəkilçiləri bunlardır: “-də”, “-tə”, “-da”, “-ta” (yerlik hal) və “-dən”, “-tən”, “-dan”, “-tan” (çıxışlıq).

3. İsmin mənsubiyyət kateqoriyası. Məsubiyyət kateqoriyası əvəzliklə isim arasındakı atributiv əlaqəni, yəni sahib şəxslə mənsub əşya arasında aidiyyat əlaqəsini bildirir. Hind – Avropa dillərindən fərqli olaraq, türk dillərində bu əlaqə əvəzlik olmadan da həyata keçirilə bilər ki, bu da türk dillərində zəngin mənsubiyyat şəkilçilərinin hesabına mümkün olur. Bu baxımdan alban dili də istisna deyil. Hind – Avropa dillərində isə bu tip şəkilçilərin olmaması əvəzliyin iştirakını məcburi edir.

Alban dilində mənsubiyyət şəkilçiləri aşağıdakılardır:

Şəxslər                              Tək                                          Cəm

   I                              -ım, -im, -m                                -mız, -miz

   II                            -ınq, -inq, -nq                               -nqız, -nqiz

   III                              -ı, -i, -sı, -si                                 -ı, -i, -sı, -si

4. İsmin xəbərlik kateqoriyası. Mübtədaya aid hər hansı bir işi, hadisəni, hökmü, hal – vəziyyəti bildirən xəbərlik kateqoriyası da, digər türk dilləri kimi, alban dilinə də xasdır. Qeyd etmək lazımdır ki, xəbər ola biləcək bütün adlar, o cümlədən isim sözügedən kateqoriyanı əmələ gətirmək üçün müəyyən şəkilçilər qəbul etməli, mübtəda ilə xəbər arasındakı əlaqə kəmiyyətə və şəxsə görə uzlaşmalıdır. Elə bu səbəbdən də alban dilində bu şəkilçilər I, II və III şəxsin təkini və cəmini göstərmişdir və təbii ki, bu proses əvəzliyin köməyi ilə gerçəkləşmişdir. Konkret misallar gözdən keçirək: Men biymen – mən bəym, sen biysen – sən bəysən, ol meninq oğılım ol – o mənim oğlumdur, biz biybiz – biz bəyik, biysiz – bəysiniz, bizim tilimgiz xıpçax – dilimiz qıpçaq dilidir və s.

SİFƏTİN MƏNACA NÖVLƏRİ

 

Alban mətnlərində sifətin türk dillərindəki çağdaş məna növlərinin hamısı mövcuddur. Onlar aşağdakılardır:

Rəng bildirən sifətlər. Bura ax (ağ), apax (ağappaq), boz, xara (qara), xapxara (qapqara), saru (sarı), xızıl (qırmızı), al (al, qırmızı), yəşil (yaşl) və s. kimi kəlmələr daxildir.

Məkan, məsafə, yön bildirən sifətlər. Alban mətnlərində bu tip sifətlərə də rast gəlinir. Məsələn; açıx (açıq), ara, bağlu (bağlı), başxa (başqa), uzax (uzaq), gen, büyük (böyük), uzun və s.

Həcm, miqdar, ölçü bildirən sifətlər. Alban mətnlərində bu qəbildən olan aşağıdakı sifətlərə rast gəlmək mümkündür: ağır, asrı (aşrı, həddən artq), az, az – az, barça (bütöv, bütün), berk (bərk), birəzçüg (azacıq, bir azacıq), boş, buçux (yarm, yarımçıq) və s.

Dad bildirən sifətlər. Sözügedən mətnlərdə bu tip sifətlər az deyil. Misal üçün; acıx (acı), dadlı və s.

İnsani keyfiyyətləri bildirən sifətlr. Albandilli əlyazmalarda bu qəbildən olan sifətlərə gəlincə, onlara misal kimi amrax (sevimli, əziz), arı (təmiz), atlı – çuvlu (adlı – sanlı), belgili (bilikli, savadlı), biliksiz və s. kəlmələri göstərmək olar.

Mənəvi, fiziki keyfiyyət bildirən sifətlər. Bura aç (ac), axmax (axmaq), anğı (ağıldan kəm, kəmağıl), arax (arıq), aruv (təmiz), baxıl (paxıl), bazuk (kök, yekəpər), boğaz (hamilə), caxal (tənbəl), çalı (alçaq boylu), dəli, dinli, dinsiz, könüllüx (könüllü) və s. kimi sözlər daxildir.

SADƏ, DÜZƏLTMƏ VƏ MÜRƏKKƏB SİFƏTLƏR 

 

Sadə sifətlər, bir qayda olaraq, bir və ya iki hecalı sözlərdən ibarət olur. Məsələn, ağ, al, büyük (böyük), arı (təmiz, pak, saf), aruv (təmiz), amrax (sevimli) və s. Düzəltmə sifətlərin bir qismi isimlərə, bir qismi isə fellərə şəkilçilərin artırılması yolu ilə yaranır.

İsimlərdən yaranan düzəltmə sifətlər. Bu tip sifətlər “-lıx” (-lix, -lux, -lüx, -lıq, -lik, -luq, -lük…), “-sız” (-siz, -suz, -süz), “-lı” (-li, -lu, -lü) və s. şəkilçilr vasitəsilə yaranır. Məsələn, atlıx – atlı, könüllüx (könüllü), çiçəglix (çiçəkli), dadsız, dinsiz, dinli, öksüz (yetim), esli (ağıllı) və s.

Feldən yaranan düzəltmə sifətlər. Bu tip sifətlər “-ğ” (-ığ, -iğ, -uğ, -üg, -x, -ıx, -ix, -ux, -üx), “-ncu” (-nçü, -ınçu, -inçü), “-ıt”, (-it, -ut, – üt), “-gu” (-gü), “-ğan” və s. şəkilçilərin köməyi ilə yaranır. Məsələn, çalığ (dik başlı, yaramaz), çalıt (çalışqan), çiləgü (nəm, rütubətli) və s.

Mürəkkəb sifətlər. Alban mətnlərində xeyli mürəkkəb sifətlərə rast gəlinməkdədir. Onlar müxtəlif yollarla əmələ gəlir: 1. İki sifətin yanaşı işlənməsi ilə yaranan mürəkkəb sifətlər. Məsələn, az – az, atlı–cuvlu (adlı – sanlı); 2. Səs təqlidi ilə yaranan mürəkkb sifətlər. Məsələn, açux – saçux (açıq – saçıq).

SİFƏTİN DƏRƏCƏLƏRİ

 

R. Əsgərin yazdığına görə, sifətin dərəcələri türkologiyada hələ də öz həllini tapmamış məsələlərdəndir. Bu məsələyə vaxtilə H. Mirzəzadə də toxunaraq yazmışdır ki, sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamət onun keyfiyyət dərəcəsinə malik olmasıdır. Lakin bu meyarlar bugünədək dəqiq müəyyənləşdirilməmişdir. R. Əsgər yazr:

“Məsələn, 1920–ci ilədək Azərbaycan dilçiliyində sifətlərdə müqayisə, kiçiltmə, üstünlük, 1947–ci ilədək adi, azaltma, çoxaltma, daha sonra adi, kiçiltmə, müqayisə, üstünlük, şiddət dərəcələrinin mövcud olduğu irəli sürülmüşdür. Müasir dövrdə isə Ə. Dəmirçizadə və M. Hüseynzadə tərəfindən sifətlərdə adi, müqayisə, üstünlük, şiddət, kiçiltmə və çoxaltma dərəcələrinin varlığı təklif və qəbul edilmişdir”.

 

Bu problem digər türk dillərində də mübahisə obyekti olaraq qalır. Yeni bir sahə olan albanşünaslığa, daha doğrusu alban dilinin tədqiqinə gəlincə, bu sahə yeni olduğundan boşluqların olması qaçılmazdır. Odur ki, bizdən sonra bu işi davam etdirəcək tədqiqatçıların daha uğurlu nəticələrə gələcəyinə ümid edirik. Biz hələlik aşağıdakı dərəcələri üzə çıxara bildik:

Adi dərəcə. Albandilli mətnlərdə, eynən çağdaş ana dilimizdə olduğu kimi, sifətin adi dərəcəsi heç bir dərəcə əlaməti və şəkilçi qəbul etmir. Məsələn, ax (ağ), xara (qara), xızıl (qırmızı), kök (göy), saru (sarı), az, arı (təmiz) və s.

Azaltma dərəcəsi. Alban mətnlərində sifətin azaltma dərəcəsinə də rast gəlinir. Buna misal olaraq “azaçux” (azacıq) kəlməsini göstərmək olar.

Çoxaltma dərəcəsi. Çoxaltma dərəcəsinə daha çox rəng bildirən sözlərdə rast gəlinməkdədir. Bu halda həmin sözlərin ilk saitindən sonra “p” və ya “n” samiti artırılır. Məsələn, apax (ağappaq),xapxara (qapqara), könköy (gömgöy) və s.

 

SAY

 

Albandilli mətnlərdə rastlaşdığımız sayların azlığı onların tam təhlilini gerçəkləşdirməyə mane olmur. Əldə olan faktlar sözügedən mətnlərdəki say sisteminin digər türk dilləri ilə üst – üstə düşdüyünü göstərir.

Miqdar sayları. Sözügedən mətnlərdə bu miqdar saylarına rast gəlinməkdədir: bir, eki, üç, dört (tört), beş (biş), altı, yeti, sekiz (saqiz), doquz, un (on), əlli, altımış, seksən, yüz, min, tümən (on min) və s.

Sıra sayları. Alban dilində sıra sayları miqdar saylarına “-ınçi” (-inçi, -ünçi) şəkilçilərinin əlavə edilməsi ilə yaranır. Əldə olan mətnlərdə rast gəlinən sıra sayları bunlardır: burungi, ekinçi, üçünçü, törtünçü, bişinçi, altınçı və s.

Qeyri-müəyyən miqdar sayları. Alban dilində qeyri-müəyyən miqdar sayları az və köp (çox) kimi sözlər vasitəsi ilə ifadə edilməkdədir.

ƏVƏZLİK

 

Məlum olduğu kimi, türk dillərində əvəzliklər başqa nitq hissələrindən fərqli olaraq özünəməxsus heç bir morfoloji əlamətlərə malik deyil. A.Kononov göytürk yazılarında rast gəlinən əvəzlikləri iki yerə ayırmışdır: 1. Əvəzliklər (şəxs əvəzlikləri, işarə əvəzlikləri və sual əvəzlikləri); 2. Əvəzlik sözləri.

Alban yazılı abidələrində rast gəlinən əvəzlikləri mənalarına görə aşağıdakı kimi qruplaşdırmaq olar:

Şəxs əvəzlikləri. Türk dillərində, o cümlədən Alban dilində əvəzliklər öz sabitliyi ilə digər nitq hissələrindən fərqlənir. Əlyazmalarda adlıq halda hər üç şəxs üzrə təkdə və cəmdə işlənmiş şəxs əvəzlikləri bunlardır: men, sən, a, biz, siz, alar.

İşarə əvəzlikləri. Alban mətnlərində rast gəlinən işarə əvəzlikləri bunlardır: bu, ol, alay (elə).

Sual əvəzlikləri. Albandilli əlyazmalarda ən cox işlənən sual əvəzlikləri bunlardır: xaçan (haçan, nə zaman, nə vaxt), xaysı (hansı), kim, necik (necə), neçə, ne üçün.

Təyini əvəzlikləri. Bu qəbildən olan əvəzliklərdən “öz” məqamında işlənən “kendi” və “kensi” kəlmələrini göstərmək olar.

Qeyri – müəyyən əvəzliklər. Araşdırmalar nəticəsində mətnlərdə yalnız “tum” (bütün) və onun sinonimi kimi çıxış edən “tügəl” kimi qeyri – müəyyən əvəzlikləri təsbit edə bildik.

ZƏRF 

 

Belə hesab edilir ki, türk dillərində zərf başqa nitq hissələrindən sonra fərqli nitq hissələrinə məxsus leksik – qrammatik vasitələr əsasında meydana çıxmışdır. Zərfin digər nitq hissələrindən təcrid olunma üsuluyla yaranması faktı albandilli mətnlərdə də özünü göstərir. Həmin mətnlərdə rast gəlinən zərfləri Ə. Şükürlünün göytürk abidələri üçün təklif etdiyi qaydada, yəni aşağıdakı kimi qruplaşdırmaq daha doğru olar:

Əsli (sadə) zərflər. Alban mətnlərində aşağıdakı əsli (sadə) zərflərə, yəni heç bir şəkilçi qəbul etmədən fəaliyyətin əlamət və keyfiyyətini bildirən zərflərə rast gəlinir: emdi (indi), keçə (gecə), yarınq (sabah), tünəgün (dünən), ertə, yarımkün (günorta) və s.

Düzəltmə zərflər. Gözdən keçirdiyimiz mətnlərdə düzəltmə zərflərə rast gəlmədik. Amma bu onlarn yoxluğu anlamına gəlməz. Bu qəbildən olan zərfləri üzə çıxarmağa gələcək tədqiqatçıların öhdəsinə buraxırıq.

Zərfləşən sözlər. Alban dilində ən çox rast gəlinən zərfləşən sözlərə “bunta” (burada), “anta” (orada), üstə (üstdə) kimi kəlmələri misal çəkmək olar.

FEL

 

Əski alban yazılı abidələrində fel digər nitq hissələrindən istər lüğət tərkibi, istərsə də qrammatik baxımdan zənginliyi və kamilliyi ilə fərqlənməkdədir. Bu nitq hissəsini aşağıdakı məna qruplarına bölmək mümkündür:

Hərəkət bildirən fellər. Hərəkət bildirən fellərə həm canlı, həm də cansız cisimlərin hərəkəti ilə bağlı fellər aiddir. Onların əksəriyyəti sadə fellərdir. Məsələn, almax (almaq), ayırmax (ayırmaq), basmax (basmaq), başlamax (başlamaq), berməx (vermək), bitmax (bitmək) və s.

İş bildirən fellər. Bu tip fellərə müəyyən işin görülməsini ifadə edən fellər daxildir. Məsələn, açmax (açmaq), axlamax (təmizləmək), axturmax (axtarmaq), ağırlamax (qonağı qəbul edib, xidmətində durmaq), altunlamax (bir şeyin üzünə qızıl təbəqə çəkmək), anuxlamax (hazırlamaq), arıtmax (arıtmaq, təmizləmək), arulamax (təmizləmək), avlamax (ovlamaq), biçməx (biçmək), borla basmağ (üzüm suyu sıxmaq) və s.

Nitqlə əlaqəli fellər. Bura nitq prosesi ilə bağlı fellər daxildir. Məsələn, alğışlamax (şükr etmək), arçlamax (mübahisəyə son qoymaq), aytmax (demək) və s.

Təfəkkür felləri. Bu tip fellərə beş duyğu üzvü və idrakla bağlı fellər daxildir. Məsələn, anqlamax (anlamaq), atamax (ad vermək), baxmax (baxmaq), baraşmax (barışmaq), belgili etməx (məlumatlandırmaq) və s.

Hal – vəziyyət bildirən fellər. Bura əşyanın vəziyyətini əks etdirən fellər daxildir. Məsələn, avrunmax (ağrımaq, sancılanmaq), balalamax (balalamaq), bişmax (pişmək), boşamax (boşamaq) və s.

Bəxtiyar TUNCAY

 

 “KarabakhİNFO.com”

 

31.07.2013 13:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*