Azərbaycanca

Alban dilinin qrammatikasi barədə bir neçə söz

29.07.2013 | 17:19

1375103840_alban-dilindAlban, yəni qarqar – qıpçaq dilinin fonetik tərkibi ilə üzdən tanışlıq Musa Kağankatlı və Moisey Xorenatsinin bu dil barədə söylədikləri “boğaz səsləri ilə dolu dil” ifadəsinin doğruluğunu tam təsdiq etməkdədir. Məsələn, bu dildə dilimizdəki “q” səsinin “x”, bəzən də “ğ” kimi tələffüz edildiyi müşahidə edilir: qıpçaq – xıpçax, qayıtmaq – xaytmax, qar – xar, çaqqal – çağal, qın – ğın və s. Eyni zamanda söz önlərindəki cingiltili samitlərin karlaşması baş verir: daş – taş, dil – til və s. Sait sistemi eynən Azərbaycan türkcəsində olduğu kimi 9 səsdən ibarətdir və bizimki ilə tam eynidir. Onlardan dördü qalın (a, ı, ou), beşi isə incə saitdir (e,ə, i, ö, ü). Samit səslərin sayı bizimkindən bir səs çoxdur. Azərbaycan türkcəsində samit səslərin sayı 24 – dürsə, alban (qıpçaq – qarqar) türkçəsində bu rəqəm bizdə olmayan, fəqət Şamxor – Tovuz şivəsində hələ də işlənməkdə olan “nq” qarışıq səsi hesabına 25 – dir. Bu səs bir vaxt Azərbaycan türkcəsində də məhsuldar olmuş və ərəb əlifbasının “səğir nun” hərfi ilə yazılmışdır. Buna alınma sözlərdə işlənən və rus dilindəki “ц” hərfinin ifadə etdiyi səslə eynilik təşkil edən səsi də əlavə etmək olar. Bu səslə birlikdə samitlərin ümumi sayı 26 edir.

 

Alban dilindəki samit səslər bunlardır: b, c, ç, ц, d, f, g, ğ, q, h, x, j, k, k˙ l, m, n, nq, p, r, s, ş, t, v, y, z.

 

Məlumat üçün bildirək ki, bütün türk ləhcə və şivələrinə, o cümlədən Azərbaycan türkcəsinə xas olan ahəng qanunu alban dilinə də xasdır.

 

Alban dilinin leksik tərkibinin əsasını təmiz türk sözləri təşkil etməkdədir. Kəlmələrin digər türk dillərinin lüğət tərkibi ilə müqayisəsi onların sırf qıpçaq mənşəli olmasına dəlalət edir. Belə ki, albandilli mətnlərdə (AM) rastlaşdığımız əsas söz fondu qıpçaq terminlərinin yer aldığı lüğətlərdəki və digər qıpçaqdilli əsərlərdəki terminlərlə, fonetik fərqlər nəzərə alınmazsa, tam eynidir. Söhbət aşağıdakı mənbələrdən gedir:

 

1. Kitabü Bulağat ül Müştaq fi Lüğət it Türk bəl Qıfçaq (BM);

2. Baytar ül Vazeh (BV);

3. Codex Cumanicus (CC);

4. “Gülüstan”ın tərcüməsi – Kitab Gülüstan bit Türki (GT)

5. Əd Dürrət ül Müdiyyə fil Lüğət it Türkiyyə (DM);

6. Əl – İdrak haşiyəsi (İH);

7. İrşad ül Mülük vəs Səlatin (İM);

8. Kitab fi Elmi ən Nüşşab (EN);

9. Kitab fil Fiqh (KF);

10. Kitab fil Fiqh bil Lisani – Türki (KFT);

11. Kitab ül İdral ül Lisani – Ətrak (Kİ);

12. Əl Kavanun ül Külliyyə li Zabit ül Lüğəti Türkiyyə (KK);

13. Münyət ül Guzat (MG);

14. Kitabi Müqəddiməi – Əbu Leys əs Səmrqəndi (MS);

15. Kitab fi Riyazət ül Hayl (RH);

16. Kitabi – Məcmui – Tərcümani – Türki və Əcəmi və Muğali (TA);

17 Əl Tüfət üz Zəkiyyə fil Lüğət it Türliyyə (TZ).

 

Deyilənlərə konkret misallar göstərək. Məsələn; avlaq (TZ) – avlax (AM), bağırsaq (TA) – bağarsux (AM), çabaqlamaq (KFT) – çabağlamax (AM), dögünmək (İH) – dögünməx (AM) və s.

Eyni sözləri alban dili ilə mövcud qıpçaq dillərinin, yəni qazax, qaraqalpaq, qırğız, Altay, başqırd, qumuq, noqay, qaraçay – balkar, tatar, krımçak, karaim və s. dillərinin lüğət fondları barədə də söyləmək mümkündür. Məsələn; juldız (qaz.) – yulduz (alb.), ğarğa (qaraqalp.) – xarğa (alb.), qapqaq (qırq.) – qabax (alb), mönqü (Alt.) – menqi (alb.), ğap (noq.) – qab (alb.), tanık (tat.) – tanıx (alb.), biş (başq.) – beş (alb.), ğatın (qar. – balk.) – xatın (alb.), başğa (qum.) – başxa (alb.) və s.

 

Gördüyümüz kimi, alban dili digər qıpçaq dillərindən əsasən özünün boğaz səsləri ilə zənginliyi ilə fərqlənir və bu da onu qıpçaq türkcəsinin xüsusi bir şivəsi kimi gözdən keçirməyə imkan verir. Görünür, bu, albanların, daha dəqiq desək, qıpçaq – qarqarların qafqazdilli xalqlarla iç – içə yaşamasından və onlarla qarışmasından qaynaqlanmışdır. Qarqarlarn qafqazdilli xalqlarla rahat və sıx bir şəkildə qohumluq əlaqələrinə girdiyini sübut edən ən gözəl fakt həmin xalqların dilində “qarqar” etnoniminin “qohum” sözünün sinonimi kimi işlənməsidir. Bu baxımdan çeçen – inquş (vaynax), saxur, rutul və avar dillərini misal çəkmək olar.

 

Maraqlıdır ki, eyni hal Orta Asiya qarqarlarının dilində müşahidə edilməmişdir və onların ləhcəsi digər qıpçaq şivələrindən fonetik baxımdan, demək olar ki, heç nə ilə fərqlənməmişdir. Dövrümüzədək bu dildə yetişən mətnlərdə diqqət çəkən ən maraqlı məqamlardan biri həmin mətnlərdə bir neçə qədim yunan və qədim suryani, eləcə də orta fars mənşəli alınma sözlərə rast gəlinməsidir. Bunlar əsasən dini terminlərdir. Suryani dilindən keçən sözlərə eyniylə erməni dilində də rast gəlinir. Məsələn: arakel (həvvari), markare (peyğəmbər), axpaş (yepiskop), Errortutiun (üç üqnum), surp (müqəddəs), qoys (təmiz, bakirə), Asduacacin (Tanrı anası), Avedaran (Incil), xosdovanel (təmizlənmək, arınmaq), xosdavanitiun (tövbə) və s.

 

Eyni şeyi orta fars dilindən keçmiş vartabed (dini rütbə, rahib), hşerğapet (böyük mələk), friştə (mələk) və s. kimi sözlər barədə də söyləmək olar.

 

Alban dilində işlənən yunan mənşəli sözlərsə “katağiqos” (katalikos), “Krisdos” (İsa Məsih, yağlanmış), “Soğmos” (Solmos, Zəbur), arhiebisgobos (arxiyepiskop), paxesos və sairədir.

 

Alban dilində ərəb və yeni fars dilindən keçmiş sözlərə də rast gəlinməkdədir: xuvat (qüvvə, ərəbcə), xudrət (qüdrət, ərəbcə), muzd (muzd, yeni farsca) və s.

 

Albandilli əlyazmalarda rast gəlinən sözləri mənalarına görə aşağıdakı kimi qruplaşdırmaq mümkündür.

 

Qohumluq əlaqələri bildirən söz və sozbirləşmələri: Ana, ata, oğıl (oğul), apa (nənə), açxı (əmi) və s.

 

Təbiət hadisələri və əşya adı bildirən sözlər: Sovux (soyuq), yaxmur (yağmur), xar (qar), xuş (quş) və s.

 

Göy cisimlərinin adları: Günəş, ay, yultuz (ulduz) və s. Bədən üzvlərini və daxili orqanları bildirən sözlər: Xol (qol, əl), ayax (ayaq), bağır (qara ciyər) və s.

 

Zaman anlayışı ilə bağlı olan sözlər: Kün (gün), ay, yıl (il), yıxkün (bazar günü), yıxpaşkün (bazar ertəsi), şabatkün (şənbə) və s.

 

Heyvan, quş və bitki adlarını bildirən terminlər: Tağaqu (toyuq), sçxan (siçan), ağaç (ağac), xaraxuş (qaraquş) və s.

 

Geyim və məişət əşyalarını ifadə edən sözlər: Şalvar, başmax və s.

 

Etnonimlər: Tatar, türk, xıpçax, erməni, urum və s.

 

Rütbə bildirən sözlər: Xan, biy (bəy), padşah, vardapet (dini rütbə), axpaş (yepiskop), ketxoy (kəndxuda) və s.

 

Şəxs adları: Krisdos, Luğas, Boğos, Sdepannos, Yovhannes, Kirakos, Mxitar, Qoş, Mikayıl, Kabriel, Davit və s.

 

Dini terminlər: Tenqri (Tanrı), Adedaran (İncil), uçmax (cənnət), tamux (cəhənnəm), oruç (oruc) və s.

 

Alban yazılı dilinin ən maraqlı xüsusiyyətlərindən biri də bu dilin leksik tərkibində müxtəlif dövrlərə aid plastların yaşarlılığı və paralelliyidir. Bu baxımdan eyni anlamlı, yəni sinonim olan “otəçi”, “həkim” və “doktor” sözlərini göstərmək olar. Əgər “otəçi” kəlməsi təmiz türk sözüdürsə və yaşı minillərlə ölçülürsə, ərəb mənşəli “həkim” sözü bu dilə VII – VIII əsirlərdən sonra, yəni ərəblər Azərbaycanda peyda olandan sonra, çox gümün ki, oğuz mənşəli Azərbaycan türkcəsi vasitəsilə daxil olmuşdur. “Doktor” kəlməsi isə XVI əsrdə mühacir albanların dilinə slavyan dillərindən keçmişdir. Albandilli mətnlərdə hər üç sözə rast gəlinir. Bu mətnlərdə həm Sasanilər dövrünə (III – VII əsrlər) aid orta fars kəlmələrinə (vardabed, hejarbed, firiştə və s.) həm də Səlcuqlular dövründə (XI əsr) yayğınlaşan yeni fars dili nümunələrinə (muzd, pirinç və s.) rast gəlinməsi də həmin dilin formalaşma arealı və dövrləri barədə aydın təsəvvür yaradır.

 

Alban dilində rast gəlinən sadə isimlər əksərən bir və ya iki hecalıdır. Bununla belə, üç və daha çox hecalı isimlərə də rast gəlinməkdədir.

 

Digər türk ləhcə və şivələrində olduğu kimi, alban türkcəsində də düzəltmə isimlər əmələ gəlmə metoduna görə 2 yerə ayrılır: 1. Morfoloji yolla əmələ gələn düzəltmə isimlər; 2. Sintaktik yolla əmələ gələn düzəltmə isimlər. Digər türk dillərində olduğu kimi, alban dilində də düzəltmə isimlər sadə isimlərə və ya fel, sifət və say köklərinə sözdüzəldici şəkilçilərin artırılması ilə düzəlir.

 

Morfoloji yolla əmələ gələn düzəltmə isimlər kök türkcənin inkişafı mərhələsində ortaya çıxmışdır. Bu səbəbdən də həmin şəkilçilərin böyük əksəriyyətinə çağdaş türk dillərində bu gün də rast gəlinir. Alban dili də, özəl fonetik xüsusiyyətlər diqqətə alınmazsa, bu baxımdan istisna deyildi. Bu dildə də əsas sözdüzəldici şəkilçilər “-çi” (-çı), “-lıx” (-lix, -lux, -lüx, -lıq, -lik, -luq, -lük…), “-ıx” (-ix, -ığ, -ig, -uğ, -üg, -ik, ık, uq…), “-lı” (-li, – lu, -lü), “-sız” (-siz…) və s. şəkilçilərdir. Məsələn; kümüsçi (gümüş ustası), küyçi (musiqiçi), açıx (aç +ıx), yüzlü (yüz + lü), axıllı (axıl + lı), axış (ax + ış), ağaçlıx (ağaç + lıx) və s.

 

Digər türk dillərində olduğu kimi, alban türkcəsində də sözlərin, o cümlədən isimlərin sintaktik yolla əmələ gəlməsi də geniş müşahidə olunur. Bu üsulla yaranmış düzəltmə sözləri (mürəkkəb sözləri) alban mətnləri əsasında aşağıdakı kimi qruplaşdırmaq daha doğru olar:

 

1. Morfoloji əlamətin iştirakı olmadan iki sözün yanaşması ilə düzələn isimlər.

 

Əlisa Şükürlünün yazdığına görə, türk dillərində bu qəbildən olan isimlərin isim, sifət və ya saydan ibarət olan birinci tərəfi, bir qayda olaraq, bir leksik vahidə çevrilmyə meyl edən ikinci leksik vahidə yanaşır. Bu baxımdan alban dili də istisna deyil. Məsələn, başyüvücü (qatil, cani), Biy Tenqri (Bəy Tanrı) və s.

 

2. Sintaktik – morfoloji yolla, yəni ikinci növ ismi birləşmə təsiri bağışlayan düzəltmə isimlər.

 

Nizami Xudiyevin fikrincə, türk dillərində bu qəbildən olan düzəltmə isimlər müvafiq quruluşlu ismi birləşmələrdən təcrid olunduğu üçün yazılı abidələrdə onların sayı azdır. Eyni sözləri alban dili barədə də söyləmək olar. Məsələn, kün batışı, kün toğuşu və s.

 

3. Birinci növ ismi birləşmələrdən təcrid olunma yolu ilə meydana çıxan düzəltmə isimlər.Bu qəbildən olan isimlərin təcrid olunma yolu ilə əmələ gəlməsinə baxmayaraq, sintaktik yolla əmələ gələn isimlərlə daha çox yaxınlq göstərir. Məsələn, xaraxuş, bayxuş, beşbarmax, eki canlı (iki canlı, hamilə), uzunbürç (uzun bibər), ut yıl (öküz ili) və s.

 

Bəxtiyar TUNCAY

 

 

 

29.07.2013 17:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*