Azərbaycanca

Albanlar və Qarqarlar (I məqalə )

08.08.2013 | 13:34

1377249922_albanAntik müəlliflərdən Strabon Qədim Albaniyadan danışarkən burada 26 yerli tayfanın yaşadığını qeyd etsə də, Musa Kağankatlıda adı çəkilən boyların sayı bununla müqayisədə çox azdır: albanlar, qarqarlar, massagetlər, eptallar (abdallar), kerqillər, kidanlar, hunlar və xəzərlər. “Albaniya tarixi”ndən belə aydın olur ki, onlardan da əsas rolu albanlar və qarqarlar oynamışlar. Bu məqalə də məhz bu iki türk boyuna həsr edilib.

Azərbaycan türklərinin etnogenezində iştirak etmiş albanlar əsasən, Azəbaycanın Kür çayından şimaldakı ərazilərində və Dağıstanda məskun olmuş və bu ərazilərdə yaşayan digər türk soylarını – qarqarları, utiləri, massagetləri, dondarları və sairə, eləcə də bir sıra qafqazdilli tayfaları – udinləri, çilbləri, qatları, leqləri, ubıxları və sairə öz ərafında birləşdirərək tarixi mənbələrdə “Albaniya” adı altında yad edilən dövlət qurmuşdular.

“Kitabi – Dədə Qorqud”da albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi yad edilir. Şərqşünas alim Süleyman Əliyarov bu barədə yazır:

“”Dədəm Qorqud” kitabının araşdırılması Azərbaycanda uzun sürən etnotarixi inkişafın yeni, “gözlənilməz” bir axarını üzə çıxarmışdır. Drezden nüsxəsində 4 – cü boyda Qazan xan ovda olarkən cəsus öz taqavoruna belə bir xəbər gətirir: “Hey, nə oturursan? İtüni ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar.” “Alpanlar” etnik adının başqa bir yerdə də işlənməsi bu anlayışa diqqətlə yanaşmağı tələb edir. 7 – ci boyda oxuyuruq: “Ağ – boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum. Bütün tədqiqatçılar sanki gözlərinə inanmayaraq burada işlənən “alpanlar” sözünü “alplar” kimi oxumuşlar. Kitabın rusca çapında isə alpın sinonimi olan “vityazi” şəklində çevrilmişdir.

Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaşdığı “alpanlar” sözünü “alplar” sözü ilə əvəz emişdir, lakin ədalət xatirinə söyləyək ki, o öz kitabının müvafiq yerlərində səhifəaltı elmi-tənqidi çıxarışlarında Drezden əlyazmasında hər iki halda “alpanlar” yazıldığını bildirmişdir. Kitabda “alpanlar” etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir.

Bu xalq eradan əvvəl lV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır. Qədim albanların adı bu gün Qubanın “Alpan” kəndinin adında yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu kəndin sakinləri türkdürlər və Azərbaycan türkcəsində danışırlar. Nəzərə alsaq ki, Quba rayonu ərazisində yaşayan bütün qafqazdilli xalqlar, o cümlədən sayları bir neçə min olan xınalıqlılar və buduqlar öz dillərini qoruyub saxlamışlar, albanların başqa bir dildə danışdığı və guya sonradan türkləşdiyini düşünmək, əlbəttə ki, gülüncdür.”

Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdüdlarını aşaraq Türküstan tərəflərə də yayıldığını söyləmək olar. Məsələ burasındadır ki, Vl əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük ərazini əhatə ediyini, hunların, sirlərin və albanların gedib çatdıqları uzaq hüdudlara qədər uzandığını yazır. Bu məlumatdan açıq – aydın görünür ki, albanlar iskitlər, yəni türklər ölkəsinin son hüdudlarına qədər, yəni Çinə qədər yayılmışdılar . Təsadüfi deyil ki, bu gün qazaxların “alban” adlandırılan qolu məhz Çin ərazisindəki Uyğur Muxtar Vilayəti ərazisində, başqa sözlə, Şərqi Türküstanda, eləcə də, Qazaxıstanın Çinlə sərhəd bölgələrində yaşayırlar.

Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun “Seçilmiş əsərləri”nin lV cildinin 326 – cı səhifəsində, qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə Abromzonun “Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası” məcmuəsinin 1960 cı il, 4 – cü buraxılışında dərc edilmiş “Qırğızların etnik tərkibi…” adlı məqaləsində tapmaq olar. Karmışevanın “Tacikistanın özbək-lokay xalqı” kitabının 16 – cı səhifəsindəki 2 – ci cədvəlidə isə albanların özbək türklərinin etnogenezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır. Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabının 41 – ci səhifəsində albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak etdiyini bildirir.

Qiyasəddin Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi idi. Görünür, qədim Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, “Kitabi – Dədə Qorqud”da oğuzlarla yanaşı qıpçaqlardan da gen – bol danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq – qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir. Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq bir çoxları qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa şeyi diqtə edir.

Fakt budur ki, məşhur qırğız-türk dastanı “Manas”da əsərin qəhrəmanı Manasın atasının adı Qarqardır. Manasın mənsub olduğu xalq isə dastanda gah qarqar, gah da qıpçaq adlanır. Bu fakt akademuk Bartoldun əsərləinin toplandığı 4 cildliyin ll cildinin l hissəsinin 541- ci səhifəsində, 55 – ci qeyddə təsbit edilmişdir. Abramzonun “Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əlaqələri” adlı kitabının 46 – cı səhifəsində isə XVl əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir.

Nizami Cəfərov deyir:

“Azərbaycanda qıpçaq-oğuz münasibətlərinin ən gərgin dövrü lX – X əsrləri əhatə edir. Həmin dövrün etnosiyasi, linqvokulturoloji proseslərini əks etdirən “Kitabi – Dədə Qorqud”da qıpçaq – oğuz münasibətləri ümumi şəkildə qeyri – müəyyən coğrafiyada deyil, Azərbaycan miqyasında təqdim olunur. Qıpçaqlar tarixi mənbələrdə daha çox xəzərlər kimi təqdim olunur ki, bunun da əsas səbəbi qıpçaqların Şimali Qafqaz və ətraf regionları əhatə edən Xəzər siyasi birliyinin, dövlətinin mövcudluğu idi. Ümumiyyətlə, qıpçaqlar l minilliyin sonu, ll minilliyin əvvəllərindən mənbələrdə müxtəlif adlarla adlanmışlar: beçeneqlər, kumanlar, polovetslər, xəzərlər və sairə.”

Çox təssüflər olsun ki, Musa Kağankatlının “Alban tarixi” və Mxitar Qoşun “Alban salnaməsi” adlı kitabları dövrümüzədək orijinalda yox, erməni, rus və ingilis dilinə tərcümələrdə gəlib çıxmışdır. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcəsinə Ziya Bünyadovun etdiyi tərcümələrə əsaslanır.

1377250354_a2Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi” kitabını rus dilinə çevirərkən bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan 2 – si üzərində xüsusi durmağımıza ehtiyac var: 1.Mesrop Maştots ermənilərə əlifba düzəltdikdən sonra Albanyada qarqarların dilinin bəzi səsləri üçün xüsusi işarələr (nşanqirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir. 2.Qarqarların dili ağ xəzərlərin dili (akxazir) ilə eyniləşdirilir. Tərcümədə “akxazir” etnonimi əvəzinə “son dərəcə uyumsuz bir dil” ifadəsi işlədilmişdir.

Deməli, Musa Kağankatlının sözündən belə çıxır ki, Maştots artıq ermənilər üçün yaratmış olduğu əlifbanı bir qıpçaq xalqı olan qarqarların (ağ xəzərlərin) dilinə uyğunlaşdırır. Bunun üçünsə erməni dilində olmayan bəzi qıpçaq səsləri üçün ayrıca işarələr yaradır. Daha doğrusu eyni işarələr bəzi hallarda alban əlifbasında bir, erməni əlifbasında isə digər bir səsi ifadə etmişdir.

Moisey Xorenatsi və Musa Kağankatlının sözlərindən belə çıxır ki, qarqarların daha bir adı olmuşdur – ağ xəzərlər. Xəzərlərə xüsusi kitab həsr etmiş rus alimləri Artomonov və Pletneva, eləcə də əsərlərində xəzərlərə geniş yer ayırmış Lev Qumilyov ərəb mənbələrinə istinadən xəzərlərin ağ xəzərlər və qara xəzərlər deyə iki əsas yerə bölündüyünü qeyd etmişlər. Əlbəttə ki, bu halda söhbət Albaniya xəzərlərindən – ağ xəzərlərdən, yəni qarqarlardan getməlidir.

Erməni tarixçisi Moisey Xorenatsi Azərbaycan ərazisində xəzərlərin adını lll əsrdə, gürcü tarixçisi Leonti Mrovelli isə eradan əvvəl Vll əsrdə baş vermiş hadisələrlə əlaqədar çəkmişdir. Xəzərlərin adı bugünədək Lerik rayonu ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu ərazisindəki Xəzəryurd, Hadrut və Füzuli rayonları ərazilərindəki Xəzərdağ toponimlərində və ən nəhayət, Xəzər dənizinin adında yaşamaqdadır.

Maraqlıdır ki, yanlış olaraq “erməni qıpçaqcası” adlandırılan qıpçaqdilli alban ədəbiyyatı nümunələrinin bir qismi – əsasən müxtəlif “İncil” nüsxələri, dua kitabları və digər xristian məzmunlu mətnlərin bir qismi Qərbi Azərbaycan ərazisində, yəni indiki Ermənistan ərazisindəki əlyazmalar fondunda qorunur.

Murad Aci yazır:

“Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi. Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Nə üçün onların istiqaməti şərqədir?…Bu sualların cavablarını onların divarlarında tapmaq olar – orada türk tamğaları təsvir edilmişdir. Zvartnotsda, Dvində, Cvaridə, Kotavankda, digər yerlərdə türk run yazıları var.”

Şübhəsiz ki, bu gün “Ermənistan” kimi tanınan Qərbi Azərbaycandakı kilsələri türklər, yəni albanlar tikmişlər. Ermənilər isə həmin ərazilərə XlX əsrdən ruslar tərəfindən köçürülmüş və alban – türk kilsələrinə sahib çıxmışlar. Deyilənlərə ən gözəl sübut kimi Qarbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın Şirak vilaytinin Artik bölgəsinin XX əsrin 40 – cı illərində adı dəyişdirilərək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki Xpçaxvəng adlı kilsə və monastrı (Xll əsrdə tikildiyi söylənilir) göstərmək olar.

Qərbi Azəbaycanda (bugünkü Ermənistan) qıpçaq – qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank qədim yunan – Roma və qədim erməni mənbələrində” (İrəvan, 1987) adlı kitabının 66 – 67 – ci səhifələrində yazır ki, Moksda Qarqar adlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və Parisosda iki Qarqar kəndi var.

Bundan başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur. Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngəzur bölgəsində qarqarlara aid bir monastr kompleksi də qalmaqdadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən sonra (1283 – cü il) daha çox Məyəm kilsəsi və ya “Surb Sion” monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir.

Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar meydanından və Qarqar məlikliyindən söz açmışdır. Gevond (Vlll əsr) Qarqar düzənliyinin, Böyük Vardan (Xlll əsr) isə Qarqar vilayətinin adını çəkmişlər. Tovma Artsruni isə türk mənşəli ərəb sərkərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil olduğunu yazmışdır.
Ümumiyyətlə, əski yazılı qaynaqlarda qarqarlar və onların yaşayış arealı barədə yetərincə məlumat bulunmaqdadır. Məsələn, Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə Albaniya üzərində yüksələn dağlarda yaşadıqlarını yazmışdır. Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş əks olunmuşdur. Bu sırada XlX əsrdə indiki Dağıstanın Teymurxanşura vilayətində qeydə alınmış Qarqar yer adını, Tiflis quberniyasının Tionet və Axalsix uyezdlrində qeydə alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini, Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanr) və Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar.

1377250344_a3Xlll əsr ərəb müəllifi Yaqut əl – Həməvi Beyləqan yaxınlığında yerləşən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (lX əsr) isə Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaqdadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində də bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu məlumdur.

Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söyləmək olar. Belə ki, Dionisiy Perieqet (ll əsr) qarqarların Emod dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir ərazidə yaşadıqlarını yazmışdır.  

Bəxtiyar TUNCAY  

 

“KarabakhİNFO.com” 

08.08.2013 13:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*