Azərbaycanca

Amerika ştatının qubernatoru: Biz Azərbaycanı bundan sonra da dəstəkləyəcəyik

16.03.2015 | 09:40

2000px-New_Mexico_in_United_States.svg

Nyu Meksiko ştatının qubernatoru Suzana Martinez Azərbaycan nümayəndələrini qəbul edib. Görüş zamanı qubernator Martinezə Xocalı qətliamının 23-cü ildönümü ilə bağlı açıqlamasına görə təşəkkür edildi, bu kimi faciələrin təkrarlanmaması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, eləcə də bu münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər əsasında həll olunmasına yönəlmiş səylərin artırılmasının zəruri olduğu qeyd edilib.

Görüş zamanı Azərbaycan ilə Nyu Meksiko ştatı arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov bu əlaqələrin daha da inkişaf etdirilməsinin və tərəflər arasında əməkdaşlıq imkanlarının öyrənilməsi vacibliyini bildirib. O, eyni zamanda Azərbaycanın müasir inkişafı, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə, həmçinin ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq əhəmiyyətli tədbirlər barədə ətraflı məlumat verib.

Qubernator Martinez öz növbəsində Azərbaycanın ABŞ üçün önəmini və ölkəmizin yaxın müttəfiq olduğunu vurğulayaraq Nyu Meksiko ştatının Azərbaycanı bundan sonra da dəstəkləyəcəyini deyib. O, Nyu Meksiko ştatının ölkəmizlə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu deyərək, xüsusilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyinə toxunub.

Qeyd edək ki, S.Martinez Nyu Meksiko tarixində seçilmiş ilk qadın qubernator, ABŞ tarixində isə ilk ispandilli qadın qubernator kimi tanınıb.

Həmin gün Azərbaycan nümayəndələri Nyu Meksiko ştatı Senatının plenar iclası zamanı senat üzvləri tərəfindən rəsmi olaraq salamlanıb, Nyu Meksiko Senatı tərəfindən bu il qəbul edilmiş Azərbaycanda qədim tolerantlıq ənənələrini alqışlayan qətnamənin surəti Azərbaycan təfərinə təqdim edilib.

Senatın sədr müavini Meri Key Papen, həmçinin bir sıra digər senatorlarla görüşlər zamanı Azərbaycanın ABŞ üçün əhəmiyyəti, ölkəmizdə müstəqillik bərpa olunduqdan sonra, xüsusilə son iyirmi ildə bütün sahələrdə əldə edilmiş nailiyyətlər, həmçinin Nyu Meksiko ilə ölkəmiz arasında mövcud münasibətlər müzakirə edilib. Bundan əlavə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizə qarşı davam edən təcavüz barədə həqiqətlər senatorların diqqətinə çatdırılıb.

12 mart tarixində Azərbaycan diplomatı Nyu Meksiko Nümayəndələr Palatasının spikeri Don Tripplə görüş zamanı ona Azərbaycan Dostları Assambleyasının (AFAZ) təşkilatçılığı ilə ABŞ-ın bir sıra ştatları ilə yanaşı, Nyu Meksikoda da keçirilmiş Xocalı qətliamının anılması üzrə tədbirdə iştirak etdiyinə görə təşəkkürünü bildirib.

Nyu Meksiko senatı və nümayəndələr palatasının üzvləri ilə görüşlər zamanı son illər Nyu Meksiko qanunverici orqanları tərəfindən Azərbaycanla bağlı qəbul olunmuş qətnamələrin, o cümlədən Xocalı qətliamının tanınması, Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanda tolerantlığın səviyyəsinin nümunəvi olması barədə, eləcə də Azərbaycan icması və Azərbaycanın ABŞ-dakı Səfirliyi və Los Anceles şəhərindəki Baş Konsulluğu ilə həyata keçirdiyi əməkdaşlığın yüksək qiymətləndirildiyi bildirilib.

Qeyd edək ki, 2010-cu ildən Nyu Meksiko ştatının paytaxtı Santa Fe şəhərində ABŞ-da Azərbaycanın yeganə fəxri konsulu Art MakHafi fəaliyyət göstərir.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

http://azertag.az/xeber/839533

16.03.2015 09:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*