Azərbaycanca

“Amerikanın siyasi dairələri qəbul etməyə başlayıblar ki, Xocalı yerlə-yeksan edilib”

10.04.2013 | 10:55

1365576748_davut-copy  KarabakhİNFO.com Azərbaycan Milli Dirəniş Təşkilatının sözcüsü, politoloq Davud Turanla müsahibəni təqdim edir.

–       Davud müəllim mümkünsə özünüz haqqında məlumat verərdiniz?

 

–      Davud Turan 1978-ci ildə İranın Xoy şəhərinin Şirin kəndində anadan olub. İlk orta təhsilinə kənddə başlamış, sonra Xoy şəhərində litseydə davam etdirmişdir. 1999-cu ildə Zəngan Azad Universitetinə qəbul olmuşdur. O, universitetdə “Şəhriyar” adlı tələbə jurnalını çap etdirib. 2000-ci ildə Türkiyəyə İstanbul universitetində təhsilini davam etdirmək üçün gedib. Daha sonra Ankarada Hacətəppə universitetində yüksək lisans oxumaya başladı. 2007-ci ildə GÜNASKAM (Güney Azərbaycan Sosyo-Kültürəl Araşdırmaları) saytını bir neçə yoldaşı ilə birlikdə yaratdı. Türkiyədə strateji araşdırma mərkəzlərində İran alimi olaraq çalışdı. 2011-ci ildə Azərbaycan Milli Dirəniş Təşkilatının sözcüsü olaraq seçildi. Hazırda Amerikada mühacirət həyatı yaşayır.

 

–       Bu gün ABŞ-da yaşayan azərbaycanlıların həmrəyliyi necədir?

 

–      ABŞ çoxmillətli ölkədir. Bu ölkə quruluş etibarı ilə başqa dövlətlərdən gələnlərdən təşkil olunub. İndi isə bir dünya gücü olaraq ortaya çıxıbdır. Azərbaycanlıların sayı son illərdə ABŞ-da artmağa başlamışlar. Bütün millətlərin bu ölkədə özlərinə görə toplumları vardır. Azərbaycanlıların buraya gec gəlmələrinə baxmayaraq özlərinin siyasi məqsədlərini ortaya qoya biliblər. Yaşadıqları ştatlarda Azərbaycanı tanıtmaqda əllərindən gələni edirlər. Elə düşünürəm ki, azərbaycanlılar burada az olduqları üçün indilik aralarındakı həmrəyliyi təmin edə biliblər. Amma hələ də Güney azərbaycanlılar ilə əlaqələrdə əksikliklər var. Güney azərbaycanlılar burada çoxdan yaşayırlar. Onlar daha çox farslar ilə iç-içə olublar. Amma son illərdə gələn güney azərbaycanlılar milli düşüncəyə sahib olduqları üçün digər azərbaycanlılar ilə birgə yaşamaq istəmirlər. Bu da ABŞ-dakı azərbaycanlıların həmrəyliyini gücləndirir.

 

–      Son zamanlar ABŞ-ın bir necə ştatında Xocalı faciəsi ilə bağlı qətnamə qəbul olunur. ABŞ erməni lobbisinin güclü olduğu ölkələrdən biridir. Erməni lobbisi buna qarşı etiraz edirmi?

 

–       Son günlər Xocalı soyqırımının ABŞ-ın ayrı-ayrı ştatları tərəfindən tanınması, soyqırıma yeni baxışın formalaşması ilə bağlıdır. Çünki orada böyük soyqırım hadisəsi yaşanıb və Amerikanın siyasi dairələri qəbul etməyə başlayıblar ki, Xocalı yerlə-yeksan edilib. Bir insanlıq faciəsi yaşanılıb. Bu hadisələri onlara çatdırmaq önəmlidir. Bu gün Azərbaycanın beynəlxalq arenada mövqelərinin güclənməsi və regional oyunlarda bir tərəf olaraq önəmi artmaqdadır. Amerika özü də maraqlıdır ki, Azərbaycanla əlaqələri güclü və davamlı olsun. Bu əlaqələr hər iki tərəflərin dövlət maraqlarına cavab verir. Əlbəttə ki bu erməni lobbisini ciddi şəkildə rahatsız edir. Onlar da həqiqtləri gizlətmək üçün əllərindən gələni edirlər. Amma artıq informasiya əsri olduğu üçün həqiqətləri özünü gec tez göstərir. Amerika siyasiləri də bu gerçəkləri görür və erməni yalanlarına inanmaq istəmirlər.

 

      Demək olarmı Obama adminstrasiyasının Dağlıq Qarabağ məsələsində “yumşalma” hiss olunur?

 

–      Obama dünyada yumşaq siyasətləri ilə tanınır. Dağlıq Qarabağ məsələsi isə günümüzdə açıq aşkar bir işğal məsələsidir. Bu məsələyə münasibət bildirən ölkələr və dövlət başçıları çalışırlar ki, xüsusi diqqət yetirsinlər. Azərbaycan gün keçdikcə regionda güclənən bir ölkədir. ABŞ və onun dövlət başçısı da çalışır ki, Azərbaycanı bir müttəfiq olaraq görsün. Çünki, İran məsələsində də Azərbaycan əhəmiyyət daşıyır. Ona görə azərbaycanın ən önəmli problemi olan Dağlıq Qarabağ məsələsində Obama Azərbaycanın maraqlarına uyğun bəyanat vermək istəyir. Əgər Obama bunun tərsinə bir mövqe ortaya qoyarsa, o zaman özünün ədalət tərəfdar imicini də zədələmiş olacaqdır.

 

–     Ümumiyyətlə, Serj Sarkisyan Xocalı faciəsini törədən erməni silahlı birləşmələrinin komandiri olub. Obamanı və Qərbi onu prezident kimi tanımasını nə dərəcədə haqlı saymaq olar?

 

–       Siyasət dünyasında haqlı olmaqdan daha çox maraqlar əhəmiyyətlidir. Əgər Sarkisyanı bir savaş günahkarı olaraq tanıtmaq mümkün olsa o zaman Obama və qərbin də fikri ona qarşı dəyişə bilər. Hazırda onlar Sarkisyanı Ermənistanın seçilmiş prezidenti kimi görürlər. Çünki, o, açıq seçkilərlə dövlət başçısı olubdur. Əlbəttə ,Sarkisyanın keçmişi onun xaric ilə əlaqələrinə təsir edir. Ermənistan və onun başçısı Sarkisyanın işğalçı ruhlarını hər kəs bilir. Amma siyasəti də bilmək yetərli deyil. Hər ölkə öz maraqlarını güdür. İstəmirlər ki, öz maraqları üçün keçmişi cani olan bir prezidenti belə özlərindən uzaq tutsunlar. Çünki, onlar yaxşı bilirlər ki, onlar bu prezidenti özlərindən uzaqlaşdırdıqca o başqa bir güclərə söykənəcəkdir. Zəif ölkə olan Ermənistan isə öz varlığına görə başqa güclərə borcludur.

 

–       Ermənilər dünyanı qondarma erməni soyqrımının tanınmasına cəlb edir. Bu məsələylə bağlı ABŞ-da hər hansı hazırlıq görülürmü?

 

–       Ermənilər illərdir qondarma soyqırım məsələsinin tanınması üçün əllərindən gələni edirlər. Tarixi təhrif edərək dünya ictimaiyyətinə böyük yalanlar deyirlər. Başqa ölkələrdə olduğu kimi ABŞ-da da ermənilər bu yalan iddalarını yerinə yetirmək üçün fəaliyət göstərirlər. ABŞ lobbilər ölkəsidir. Bu ölkədə ermənilər də keçmişdən bəri özlərinə lobbi təşkil ediblər. İllərdir bütün fəaliyətlərini qondarma erməni soyqırımını tanıtmaq üçün sərf edirlər. Bu qondarma məqsədlərinə Avropa ölkələrində bəlli ölçülərdə çatsalar da hələlik ABŞ-da bu əməllərini gerçəkləşdirməyiblər. Hər il çalışırlar ki, 24 apreldə qondarma erməni soyqırımı adı altında ABŞ prezidentinin bunu tanımasını təmin eləsinlər. ABŞ kongresi və senatosundakı nümayəndələrlə yaxından görüşüb qondarma erməni soyqırımını gündəmə gətirmələrini və tanımalarını hədəfləyirlər. Öz konfranslarını keçirirlər. Amma Amerika siyasiləri də artıq bunun bir yalan olduğunu bilirlər. Onlar məsələni tarixi faktları təhrif edərək ortaya qoyurlar. Bu da onların vəziyyətini gələcəkdə daha da ağırlaşdıracaqdır. ABŞ-da Azəri-Türk diasporası gücləndikcə erməni lobbisi öz istəyinə çatmaqda çətinlik çəkəcək.

 

–       Ermənilərə yardım edən ölkələrin arasında İran da yer alır. İranın bu mövqəyini necə qiymətləndirirsiniz?

 

–      İran bunu açıq şəkildə sübut edibdir ki, Azərbaycanın maraqlarının qarşısındadır. Azərbaycan gücləndikcə İran elə hesab edir ki, güclü bir qonşu ona bir təhdit təşkil edir. İranın içərisində 30 milyondan artıq güney azərbaycanlı faktı vardır. İran düşünür ki, Azərbaycanın güclənməsi güneylilərin oraya yönəlməsinə şərait yaradacaqdır. Ona görə bölgədə zəif bir ölkə olan Ermənistana yardım edir. İkinci bir səbəb isə Azərbaycan beynalxalq qanunlara sadiq qalaraq İranla münasibətlərində diqqətli davranır. İrana qarşı olan sanksialara qatılır. Bu da İranı ciddi şəkildə rahatsız edir. İranın Ermənistana yardım etməsinin bir başqa səbəbi isə Azərbaycanın xarici siyasəti ilə bağlıdır. Azərbaycanın ABŞ və İsrail ilə yaxın əlaqədə olması İranı qorxudur və İran da buna qarşı Ermənistana yardım edir. İran Ermənistanı sevdiyi üçün ona yardım etmir bəlkə Azərbaycana qarşı Ermənistana dəstək verir. Bu, İranın ideoloji olaraq xarici siyasətinə qarşı olsa da bunu edir. Çünki, İran bir müsləman ölkənin torpaqlarını işğal edən əcnəbi bir ölkəyə yardım edir. Bu da İranın ideoloji siyasi durumuna tərsdir. Amma siyasətdə ideolojidən daha çox maraqlar önəmlidir.

 

–      Bəzən mənə elə gəlir ki, Amerika və Avropa qitəsində yaşayan İran Azərbaycanlıları, İrandakı soydaşlarımızdan daha fəaldırlar. Çünki biz xaricdəki soydaşlarmızın milli çağrışlarını daha çox eşidirik.

 

–     Güney Azərbaycan məsələsi həm ölkə içərisində həm də xaricdəkilər tərəfindən birgə olaraq irəli sürülən bir məsələdir. Bu hərəkatın mərkəzi Güney Azərbaycandır. Bütün fəaliyətlər Güney Azərbaycanın qurtuluşu üçündür. Mən elə düşünmürəm ki xaricdəkilər daha çox fəalldır. Xaricdəkilər demokrat ölkələrdə yaşadıqları üçün səslərini daha rahat şəkildə eşitdirə bilirlər. Daha açıq bəyanat verirlər. Amma İran içərsində Güney Azərbaycanlılar İran rejiminin basqısı altındadirlar. Hazırda onlarca milli fəal rejimin həbsxanasındadır. Bütün bu basqılara baxmayaraq güneydəki milli fəallar keçən “Traxtur” və “Əlcəzirə” futbol qarşılaşmasında “south azerbajan is not iran” (Cənubi Azərbaycan İran deyil F.H.) şüarları açmışdır. Bu da Güney Azərbaycan məsələsinin dünya ictimaiyyətinə tanıdılmasına çox qiymətli bir addım oldu. Demək ki, İran içərsində Güney azərbaycanlılar daha çox fəaliyyət göstərirlər. Xaricdəkilər də bu fəaliyyətlərinin səsini dünayaya çatdırırlar. Həm xaricdəki güneylilər həm də güneydə yaşayanlar birgə və əl-ələ Güney Azərbaycan qurtuluşu yolunda fəaliyyət göstərirlər.

 

 

Fuad Hüseynzadə

 

KarabakhİNFO.com

10.04.2013 10:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*