Azərbaycanca

Anasının peşə davamçısı

09.01.2013 | 16:49

1357736038_ceyhunCeyhun Əsgərov: “Həm ana idi, həm də jurnalist. Amma ikisi də bir yerdə idi”

Həmkarımızın özündən sonra qoyub getdiyi yazılar ondan əbədi bir yadigar olaraq qalacaq. Amma onun ən böyük yadigarı isə yeganə oğlu Ceyhundur. Anası həlak olanda 6 yaşında olan Ceyhun indi 29 yaşındadır. Hazırda elə anasının peşəsini davam etdirir.

 

– Ceyhun, ananızın tərcümeyi-halı yadınızda necə qalıb?

 

–  Anam 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Ondan sonra müxtəlif ictimai yerlərdə ştatdan kənar çalışıb. Ən sonda isə “Molodyoj Azerbaydjana”  qəzetində müxbir işləyib. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə anam amansızcasına qətlə yetirilib.

 

– Salatın xanımı bir ana və jurnalist kimi necə xatırlayırsınız?

 

– Bilirsiniz, jurnalistika elə bir peşədir ki, daima axtarışda olursan, beynində mövzular fikirləşirsən. Yəni iş təkcə işdə görülüb qurtarmır. Bir sözlə daima çalışmalısan. Anam da belə idi. Daima yazırdı, pozurdu. Hətta, yadımdadır anamla birgə uşaq hekayələri yazırdıq. Bir dəfə bulvarda bir restoranda oturmuşduq. Bizdən də kənarda iki nəfər qadın əyləşmişdi. Anam bacarığımı yoxlamaq üçün birdən mənə dedi: “Get onlardan müsahibə al”. Mən də gedib həmin xanımlara bir-iki sual verdim. Onlar da mənə qələm bağışladılar. Yəni çalışırdı ki, məni uşaqlıqdan bu sahəyə sövq etsin. Sözümün canı odur ki, həm ana idi, həm də jurnalist. Amma ikisidə bir yerdə idi. Ana kimi əlbəttə qayğıkeş, mehriban idi. Mənimlə bağlı nə baş verirdisə o dəqiqə narahat olurdu. Jurnalist kimi də o vaxt müharibə dövrü idi. Jurnalistlərin əsas istiqamətləri Azərbaycanda gedən müharibəni işıqlandırmaq idi. Kimisi oturub redaksiyada yazırdı, kimisi də gedib döyüş bölgəsindən məlumatlar toplayırdı.

 

– Demək ananızın arzusu olub ki, siz jurnalist olasınız?

 

– Mənim ana babam həkim olub. Həmişə uşaqlıqda deyirdim ki, həkimliyi oxuyacam, amma jurnalist işləyəcəm. Sonradan Azərbaycan Beynəlxalq Universitetinin tibbi biologiya fakültəsinə qəbul oldum və oxudum gördüm ki,  bacarıram, başım çıxır. Amma içimdə hiss edirdim ki, bu sahə mənlik deyil. Çünki mənim bir yerdə oturub işləməyə səbrim yoxdur. Jurnalistkaya da məqsədyönlü şəkildə  gəlmədim. Təsadüf nəticəsində düşdüm bu sahəyə. Sonradan gördüm ki, hə, bu mənə maraqlıdır. Məsələn səhər gəlirəm işə günorta bilmirəm harada olacam. Elə olub ki, iki gün evdə olmamışam. Bu baxımdan jurnalistika əsl mənim hövsələsizliyimə, tələsgənliyimə uyğun peşədir. Bu gün də fəxr edirəm ki, anamın yolu ilə gedirəm və çalışıram ki, bu peşəni ona layiq olan formada davam etdirim.

 

 – Bu gün Azərbaycan cəmiyyətində Milli Qəhrəmanların təbliğindən, onların tanıdılmasından razısınızmı?

 

– Xeyir. Bu gün müğənnilər, Milli Qəhrəmanlardan daha çox populyardır.

 

– Milli Qəhrəmanlarla bağlı hansısa bir televiziya verilişinin açılmasını siz necə görürsünüz?

 

– Normal görürəm. Amma bir şey deyim ki, onu hazırlamaq da, açmaq da olar. O veriliş bir müddət yaşaya da bilər. Amma o verilişin reytinqi olmayacaq. Reytinq qazanmayacaqsa, rentabelliyi də olmayacaq. Şəxsən mən fikirləşirəm ki, Azərbaycan tamaşaçısı o verilişə baxmayacaq.

 

– Yəqin ki, Salatın xanımın sizdə arxivi var?

 

– Bir-iki əlyazması var. Amma anamın heç arxivi yoxdur. O vaxt mən uşaq idim. Heç anam özü də arxiv yaratmamışdır. O zaman kim bilərdi ki, belə olacaq…

 

– Siz heç onun qəzetdə çap olunan məqalələrini və əlyazmalarını bir kitab şəkilində çar etdirmək üçün cəhd etmisiniz?

 

– Xeyir, bu istiqamətdə cəhd göstərməmişəm. Bəlkə gələcəkdə belə bir şey elədim.

 

 

Fuad Hüseynzadə

 

Paritet  Qəzeti

09.01.2013 16:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*