Azərbaycanca

Argentina və Braziliyada erməni diasporu

21.10.2013 | 14:57

1382352693_1379022_553070881440595_1444293224_nTəbii-coğrafi şəraitinə, sahəsinə və əhalisinin sayına  görə Cənubi Amerikada ikinci böyük dövlət olan Argentinada ermənilərin məskunlaşması prosesi bir necə onilliklər boyu davam etmişdir.  Ölkəyə ermənilərin ilk gəlişi XX əsrin əvvəllərinə təsadüf edir. Bu haqda bir sıra mənbələrdə müxtəlif məlumatlar vardır. Qeyd edək ki, 1910-cu ildə Argentina hökuməti “Kənd təsərrüfatını inkişaf etdirmək proqramı” qəbul etdi və bundan sonra ölkəyə erməni axınları başlandı. Bir çox mətbuat orqanlarında Argentinada keçən əsrin ortalarında 40 minə yaxın erməninin yaşadığı haqqında məlumat verilir. Xüsusilə, 1923-1938-ci illərdə ölkəyə xeyli miqdarda erməni köçüb gəlir, burada “Armeniya” qəzeti nəşr etdirir və məktəblər açırlar. Nəticədə, qısa zaman müddətində, ölkənin paytaxtı olan Buanos-Ayresdə 30 mindən artıq erməni məskunlaşdı. Yerdə qalan 10 min erməninin isə ölkənin müxtəlif şəhər və qəsəbələrində yaşadığı haqqında məlumatlar mövcuddur.

 

Ermənilərin bu ölkəyə gəlişi I Dünya müharibəsi dövründə və sonrakı illərdə daha da sürətləndi. Ermənilərin buraya daha çox Rumuniya və Fransadan mühacirət etdikləri tam müəyyənləşdirilmişdir. Ermənilər buraya italiyanlar, litvalılar və ukraynalılarla birlikdə gəlmişlər və müəyyən müddətdən sonra onlarla qaynayıb-qarışmışlar. Bu dövrdən başlayaraq ermənilər öz dillərini itirməyə başladılar. Yalnız yaşlı ermənilər az da olsa öz dillərində danışmağa üstünlük verirdilər. Ölkədə hakim dil ispan dili olduğuna görə, ermənilərin əksəriyyəti bu dildən ünsiyyət vasitəsi kimi istifadə etməyə başladılar.

 

XX əsrin II yarısından başlayaraq burada erməni diasporunun ilkin rüşeymləri meydana gəlməyə başladı. Ölkənin müxtəlif iri şəhərlərində xırda-xırda erməni icmaları diaspor şəkilində birləşməyə başladı. İlk olaraq burada ticarət evləri və kilsə tikintisinə üstünlük verən ermənilər sonrakı illərdə məktəb tikintisinə də yer ayırdılar. 1961-1980-ci illərdə Buanos-Ayresdə “Yercanik huys” (“Xoşbəxtlik ümidi”) jurnalı da nəşr edilmişdir. Paytaxtda “Erməni mərkəzi” də vardır ki, buraya toplaşanlar erməni həyatı yaşamağa çalışırdılar. Bu illərdə Argentinada ümumilikdə 13 erməni məktəbində 700 uşağın I-III siniflərdə oxuduğu barədə məlumat olmuşdur. Lakin sonradan məlum oldu ki, məktəblərdə erməni dilində dərs deməyə müəllim çatışmadığına görə, burada yaşayan ermənilər öz uşaqlarını digər məktəblərə verirlər. Məhz buna görə də gənc nəsil erməni dilini bilmək və o dildə təhsil almaq barədə düşünmək belə istəmir. Yaşlı nəsil isə buna qarşı mübarizə aparmaqda israrlıdır. Bu məqsədlə Del-Salvador universitetində Ermənişünaslıq kafedrası yaradıldı. Burada milli xor, rəqs və teatr qrupu da təşkil olundu.

 

30-cu illərdən başlayaraq burada erməni dərnəkləri, erməni mədəniyyət mərkəzləri, şənbə və bazar günü məktəbləri yaradılmağa başlandı. İlk erməni cəmiyyəti 1937-ci ildə “Cənubi Amerikada Birinci Erməni Patriarxallığı” adlı cəmiyyət oldu. Daha sonrakı dövrlərdə, daha dəqiq desək 1986-cı ildə “Argentina Ermənilərinin Milli Qurultayı”ndan sonra isə proses daha da sürətləndi. Sonrakı dövrlərdə yaradılan bu təşkilatlar öz fəaliyyətini dayandırmalı olmuşdur.

 

Hal-hazırda Argentinada ermənilərin sayı barədə KİV-də müxtəlif rəqəmlərə rast gəlmək olur. Bəzi erməni mətbuatında 80 min, bəzilərində isə 130 min nəfər göstərilir. Ermənilərin daha çox məskunlaşdıqları şəhərlər isə Buanos-Ayres və Kardobadır.Argentina və Braziliyada erməni diasporu

 

Son zamanlar Argentinada yaşayan ermənilərin diaspor təşkilatlarında bir canlanma hiss olunmaqdadır. Erməni diasporunun güclü olmasına çalışan qüvvələrə dövlət təşkilatları da açıq və gizli formada dəstək verməkdədirlər. Belə ki, Argentina parlamenti 2003-cü ildə “erməni soyqırımı”nı tanıyan Latın Amerikası ölkələri sırasındadır.

 

Hal-hazırda burada ermənilərin assimilyasiya prosesi sürətlə getməkdədir. Ermənistan Respublikasına gəlmək istəyənlərə vətəndaşlıq veriləcəyi və şərait yaradacaqları barədə təbliğat da aparılır. Bunun heç bir nəticəsi olmur.

 

Ermənilər Braziliyada.  Cənubi Amerikanın ən geniş əraziyə, təbii-coğrafi şəraitə və gözəl iqlimə malik ən böyük ölkəsi Braziliyadır. Braziliya da çoxmillətli ölkələr siyahısındadır. Burada iqtisadi həyat sürətlə inkişaf etdiyindən qonşu ölkələrdən, habelə okeanın o biri tərəfindən buraya zaman-zaman əhali axını baş vermişdir. Buranı özlərinə məskən bilən xalqlardan biri də ermənilərdir. Avropa və Amerika ölkələrində dərc edilən bir sıra mətbuat səhifələrində qeyd edilir ki, ermənilər buraya ilk dəfə Uruqvay və Belçikadan gəlmişlər. Erməni mətbuatının verdiyi məlumata görə ermənilərin Braziliyada məskunlaşması tarixi 1890-ci illərdən sonrakı dövrə təsadüf edir. O zaman bunlara “pionerlər” də deyirdilər.

 

Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərindən başlayaraq Braziliyaya erməni axınları başlandı. Birinci dünya müharibəsindən, eləcə də ermənilərin Şərqi Anadolu ərazilərindən digər ərazilərə köçürülməsi nəticəsində ermənilərin müəyyən bir hissəsi Latın Amerikası ölkələrinə, o cümlədən də Braziliyaya köçüb gəldilər. Xüsusilə, 1924-cü ildə Braziliyada ilk Konstitusiya qəbul olunandan sonra, bir çox ölkələrdən buraya müxtəlif millətlərin nümayəndələri köçüb gəlməyə başladı. Braziliyaya köçüb gələn digər millətlərin nümayəndələri ilə yanaş ermənilər də buraya miqrasiya etmişlər. Ermənilərin Braziliyaya köçüb gəlmə tarixini erməni jurnalistləri belə izah edirlər ki, əvvəlcə onlar başqa ölkələrdən Fransaya, daha sonra isə Brazilyaya köçüb gəlmişlər. Bu ərəfədə Livan, Türkiyə və Suriyadan gələnlərdə olmuş, ilk dövrlərdə pinəçi, çəkməçi, dərzi, dəri aşılayan, xörəkbişirən, paltaryuyan peşələrində işləməyə başlamışlar. Ermənilər ilk olaraq San-Pauluda, daha sonra isə digər şəhərlərdə (Altıno, Ozasko, Prezidente) məskunlaşmağa üstünlük vermişlər. Digər şəhərlərə köçməyin əsas səbəbi braziliyalılarla nigaha girmək olmuşdur.

 

XX əsrin əvvəllərindən başlayaraq ölkənin yerli əhalisi olan hindular azalmağa doğru getdi. Sağ qalanlar isə Amazon çayı sahillərinə çəkilərək orada yaşamağa qərar verdilər. Buraya köçüb gələn millətlərin nümayəndələri daha çox şəhərlərdə yaşamağa üstünlük verdiklərindən burada assimilyasiya prosesi sürətlə getməyə başladı.

 

Braziliyada dövlət dili portuqal dili olduğu üçün digər xalqların nümayəndələri kimi ermənilər də bu dildə danışır və sənədləşmə işi aparırlar. Ermənilərin əksəriyyəti öz dillərini unutduqlarından bu dildə məcburiyyət qarşısında qalaraq öz uşaqlarını məktəbə qoyurlar. Burada əhalinin əksəriyyətinin katolik, az bir hissəsinin isə protestant olduğu bildirilir.

 

Maraq üçün qeyd etmək lazımdır ki, Braziliyada XVI əsrin II yarısı-XIX əsrin əvvəllərinədək kitab çapı qadağan edilmişdir. Ermənilər portuqal və erməni dillərində bir neçə adda qəzet nəşr etdirirlər. Bunlara misal olaraq “Hayastanı dzaynı” (“Ermənilərin səsi”), “Tribun Armeniya” , “Dziadzan” (“Göy qurşağı”) və s. misal göstərmək olar. Bir sıra televiziya kanallarında erməni diasporu ilə bağlı telekörpülər də təşkil edirlər.

 

Hazırda Braziliyadakı ermənilərin sayı 40 nəfər civarında qeyd edilir. Vaxtı ilə burada 1950-1960-cı illərdəki qəzet yazılarına əsasən 12 mindən çox erməni yaşamışıdr. Bəzi məlumatlara əsasən Braziliyanın Xarici İşlər Nazirliyində milliyyətcə erməni olan 12 nəfər işləyir. 2007-ci ildə İrəvanda Braziliyanın səfirliyi açılandan sonra əlaqələr daha da genişlənmişdir. Nətcədə, Ermənistanın Gümrü şəhəri ilə Braziliyanın Ozaska şəhəri qardaş şəhərlər elan edilmişdir. Ozaskada Eçmiədzin kilsəsinin hədiyyəsi ilə “Xaçkar” abidəsi qoyulmuşdur. Eyni zamanda “Zarqatsman Arsalyus” kilsəsində erməni məktəbi açılmışıdr. San-Paulu şəhərindəki meydanlardan birinə “Armeniya” adı verilmiş və burada erməni klubu açılmışdr. 2012-ci ildə San-Pauluda “Ermənilərin izləri Braziliyada” adlı elmi konfrans və sərgi təşkil edilmişdir. Eyni adlı tədbir də İrəvanda təşkil edilmişdir.

 

Ermənilərin bu ölkədə yaratmış olduqları “Brazilahayer” təşkilatının əsas hissəsinin sahibkarlıqla məşğul olduğu, siyasətçi, jurnalist, hüquqşünas, idmançı olduqları da qeyd edilir. Bu təşkilatın topladıqları vəsait hesabına erməni siyasət və din adamlarının məsləhəti ilə Dağlıq Qarabağın Martuni rayonunda məktəb inşa edilmişdir. Məktəb tikilsə də burada şagirdlərin azlığı hiss olunmaqdadır. “Brazilahayer” təşkilatı Ermənistan Respublikası və Dağlıq Qarabağa vəsait verməyi oranın vətəndaşı olmaqdan çox-çox üstün bilir. Məhz ona görədir ki, son illərdə Braziliyadan Ermənistana bir nəfər belə olsun köç etməmişdir.

 

 

Taleh Cəfərov

 

“KarabakhİNFO.com”

 

 

21.10.2013 14:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*