Azərbaycanca

“Arian Ocağı” yaxud İran-erməni dostluğu

23.10.2014 | 12:04

erm_iran_1832İran konstitusiyasına görə, İslam Respublikasının ordusu və İnqilab Mühafizəçiləri qolu yalnız İran sərhədlərinin qorunması vəzifəsini deyil, eyni zamanda Allah yolunda cihadı və Allahın əmrlərinin dünyada hegemon olması uğrunda döyüşməyi müqəddəs bir vəzifə olaraq üzərlərinə götürmüşdür. (İran İslam Respublikasının Əsas Qanunu, 1370 (1992).

 
Bu çərçivədə, İnqilab Mühafizəçiləri İttifaqından olan və dünyada terrorçu bir təşkilat kimi tanınan Qüds güclərini region ölkələrinə, xüsusilə İraq, Suriya, Livan və Əfqanıstana göndərərək daxili müharibədə İranın və şiəliyin maraqları istiqamətində istifadə edir. Lakin, bu xarici siyasət anlayışında Ermənistanla münasibətdə tam fərqli və əks bir mövqe tutulmaqdadır.

 
İran Qafqazda milli maraqları çərçivəsində İslam qardaşlığını bir kənara qoyaraq Ermənistan və Rusiyaya yaxınlaşma siyasətini önə çəkmişdir.

 
İran-erməni yaxınlığı İslam Respublikası dövründən də əvvələ gedir. Bir misal, 1920-ci illərdə Parisdə nəşr olunan Turşak adlı erməni qəzetində yer alan “İran və Turan” başlıqlı yazını göstərə bilərik. Yazıda İranı ermənilərin ikinci vətəni hesab edilir və diqqət çəkən bir söz : “Bu iki milləti daim bir xarici düşmən təhdid etmişdir. Müştərək və ümumi bir düşmən bu iki millətin həyat işığını söndürməyə çalışmış və mübarizəni birgə etmək üçün bu iki millət birləşmişdir. Bu düşmən də Türk millətidir”.

 
Yazıdan göründüyü kimi ermənilərlə iranlıların əməkdaşlığı türk kimliyinə qarşı birgə mübarizə aparmaq üçün formalaşıb. Qəzetdə o illərdə Turan ideyasına qarşı “Arian Ocağı”, yaxud “Arian Mərkəzi” adlı bir qurumun Tehran və ya İsfahanda yaradılması təklif edilir. Müəlliflər iddia edirlər ki, nəcib farslar, çalışqan və açıq göz ermənilər, əfqanlar və bütün Ari irqindən olan millətlər toplanmalı və birləşməlidirlər. Bununla da Aranizm ideyaları təbliğ edilməli, Turanizm ideyası məhvə sürüklənməlidir. Qəzetdə eyni zamanda türklərin yaşadıqları ərazilərdə birgə torpaq iddiaları irəli sürülməsi fikri də yer alır.

 
1923-cü ildə Bakıda Müsavat partiyasının gizli mərkəzi dağıdıldıqdan sonra İrana mühacirət etməyə məcbur olan M.Məmmədzadə 1927-ci ilə kimi orada yaşamışdır. Dövrünün açıqgözlü və uzaqgörən siyasi xadimlərindən olan Mirzə Bala ermənilərin İranda yeritdikləri antitürk qızışdırıcılıq siyasətini incəliklərinə qədər duya bilmiş və özünün «Ermənilər və İran» əsərində onu ifşa və tənqid etmişdir.

 
İran Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunan “Ermənistan Dövləti və Siyasəti “ adlı kitabın müqəddiməsində, “İran Ermənistan dövlətinin söykənəcəyi və etibar edəcəyi dövlətlərdən biridir”-yazılır. İranla Türkiyə arasındakı rəqabət fonunda İran Ermənistanın maraqlarını və Azərbaycanın işğal olunmuş ərazisi olan qondarma “Dağlıq Qarabağ Respublikasını” gizli bir şəkildə dəstəkləyir. Azərbaycan kimi tolerant bir ölkədə təxminən 30.000 erməni yaşayarkən, Ermənistanda heç bir Azərbaycan türkü yaşamır və çox sayda azərbaycanlı türk ölkədən qovulmuşdur. Hətta ermənilər Azərbaycanın tarixi və mədəni əsərlərini və işğal olunmuş Qarabağ torpaqlarında da dini yerlər və məscidlərini məhv etmişdir. Bu hörmətsizlik və irqçi davranışlara qarşı İran mollaları susmuşdur.
Beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO, İranın dövlət nümayəndələri, incəsənət xadimləri bu fikirdədir ki, İrandakı erməni abidələri yaxşı vəziyyətdədir. Bu abidələr İran ərazisində yerləşir və dini etiqad azadlığının göstəricisidir. Salmas şəhərində 30-a yaxın məbəd var. Belə abidələrin 15 -i Tehranda, 30-u Urmiyədə, 13-ü İsfahanda, 7-si Xoyda, 10-u Təbrizdə, 10-u Araz çayı sahilində, 4-ü Maku yaxınlığındadır. Bütün bu məbədlər İrandakı 213 erməni kilsəsinin bir hissəsidir. İran dünyada yeganə İslam dövlətidir ki, İsraildən sonra qəbul edə bilmədiyi dövlət Azərbaycandır; Azərbaycanın dünyanın fiziki və siyasi xəritəsindən silinməsini istəyir və Dağlıq Qarabağın öz tərkib hissəsi olduğunu zənn edir.

 

 

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
“KarabakhİNFO.com”

 

 

23.10.2014 12:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*