Azərbaycanca

Arzu edirəm ki, ömrümə bir gün də qalsa, onu Zəngilanda olum

29.10.2013 | 15:17

1383044816_1394091_1425202774360762_1401404889_nOktyabrın 29-da Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20  ili tamam olur. Zəngilan ermənilərin Dağlıq Qarabağ ətrafında işğal etdiyi sonuncu, sayca 7-ci rayon oldu.

Ermənistan silahlı qüvvələrinin 1993-cü il oktyabrın 24-də başlanan genişmiqyaslı hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı işə başa çatıb.

 

Zəngilan rayonun 707 kv km-lik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib.

 

Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu, habelə dəmiryolu deposu işğal zamanı məhv edilib. Hazırda Zəngilanda ermənilər tərəfindən ekoloji terror siyasəti yürüdülür, bölgənin zəngin çinar meşələri məhv edilir, təbii ehtiyatları mənimsənilir.

 

Müsahibimiz döyüşçü Baloğlan İsmayıl oğlu Mirzəyevdir. Xatırladaq ki, Baloğlan Mirzəyev 1971-ci ildə Zəngilan rayon Ağalı kəndində anadan olub və  Qarabağ döyüşlərinin fəal iştirakçılarındandır.

 

Arzu edirəm ki, ömrümə bir gün də qalsa, onu Zəngilanda olum– Siz döyüşə Zəngilan rayonunun müdafiəsi zamanı başladınız, yoxsa həmin vaxta qədər siz döyüşürdünüz?

– 1991-ci ildə mən Şuşa şəhərində “Mirhəsən Vəzirov adına Şuşa Kənd Təsərrüfatı texnikomu”nda tələbə idim. Amma buna baxmayaraq, həmin vaxtı biz Şuşa şəhərində postlarda dururduq. Ermənilərin Zəngilan rayonuna hücumu zamanı mən Şuşa şəhərindən Zəngilana qayıtmışam və Zəngilan batalyon komandiri Polkovnik Firudin Şabanovun komandanlığı altında döyüşlərə başlamışam. Biz Azərbaycanın ilk əsgərləri olmuşuq və oradan döyüşlərə başlayaraq Zəngilanı müdafiə etmişik.  “Ballı qaya” deyilən yerdə postumuz var idi. Biz oradan ermənilərin hücumunun qarşısını alırdıq. Həmin vaxtı ağır döyüşlər başladı və 1992-ci ilin dekabr ayında rayonun altı kəndini ermənilərdən azad etdik. Sonra biz ordan Qubadlı rayonuna köməyə yollandıq. Həmin döyüşlərdə ermənilərin 14 avtomobilini ələ keçirdik və bir neçə erməni döyüşçüsünü əsir götürərək tərəfimizə təhvil verdik.

 Zəngilan rayonunu həmin vaxtı necə müdafiə etmək olardı ki, rayon işğal olunmasın?

 

– Həmin vaxtı Zəngilan rayonu artıq mühasirədəydi. Çünki, Zəngilan rayonuna qədər bir çox rayonlarımız, Qubadlı, Laçın, Şuşa, Cəbrayıl, Füzuli işğal olunmuşdu. Ona görə də Zəngilan rayonunu müdafiə etmək çox çətin idi. Biz 51 gün  mühasirədə qaldıq. Ermənilərin rayona girməsinə imkan vermirdik. Amma təəssüflər olsun ki, iki aya yaxın mühasirədən sonra biz rayonu saxlaya bilmədik.

– Ermənilər rayona hansı istiqamətlərdən hücuma keçdilər?

– Ermənilər Cəbrayıl rayonu ilə  Qubadlı rayonu arasındakı yoldan 6-7 tankla soxuldular. Onlar Məmmədbəyli kəndində yarləşdikdən sonra Qafan tərəfdən də rayona hücumlar təşkil olundu. Rayona hər tərəfdən basqın olundu və rayonu saxlamaq mümkün olmadı. Zəngilan rayonunu müdafiə etdiyimiz vaxtı biz heç bir kömək və ya ərzaqla təmin olunmadıq. Bizə qatarla göndərilən ərzaq da Füzuli rayonunda qaldı və  ermənilər tərəfindən talandı.

 

Arzu edirəm ki, ömrümə bir gün də qalsa, onu Zəngilanda olum – Sonra hara yollandınız?

– Zəngilan rayonu işğal olunduqdan sonra bizi Gorana yolladılar. 1993-cü ilin dekabr ayında bizi oradan Beyləqan rayonuna göndərdilər. Bizi Beyləqan rayonunda hazırlaşdırdıqdan sonra döyüş tapşırığı verildi. Biz Füzuli rayonunun Bəhmənli kəndindən girib Araz çayı istiqaməti ilə 35 kilometrlik yolu qətt etdik və düşmənin arxa cəbhəsini kəsdik. 1994-cü ilin yanvar ayının 4-dən 5-nə keçən geçə Horadiz qəsəbəsini aldıq. Orada ermənilərin bir tankını vurdum. On bir erməni əsgərini və bir rus leytentını öldürdük. Sonra isə geri qayıtdıq. Amma nə yazıq ki, nə döyüşçü kimi, nə də millət kimi saymadığımız ermənilər öz havadarları vasitəsi ilə torpaqlarımızı işğal etdilər.

– Hər il Zəngilan rayonunun işğalını xatırlayanda hansı hissləri keçirirsiniz?

– Biz Zəngilanımızın həsrəti ilə yaşayırıq. Hər dəqiqə, hər saat biz Zəngilana getmək arzusu ilə yaşayırıq və inanırıq ki, gec-tez biz öz torpaqlarımıza qayıdacağıq. Zəngilan rayonu çox gözəl və səfalı yer idi. Arzu edirəm ki, ömrümə bir gün də qalsa, onu Zəngilanda olum. Anam da, bibim də burada Zəngilan həsrəti ilə vəfat etdi. Bu gün Zəngilan bizim yaralı yerimizdi. Həyatda heç nə istəmirəm. İki oğlum var və arzu edirəm ki, ikisi də döyüşçü olsun, Zəngilan üçün döyüşsünlər. Sizi inandırım ki, əgər günü sabah müharibə olsa, məni müharibəyə çağırmasalar belə, yenə mən döyüşəcəm. Mənim döyüş yolum beş illik bir dövrü əhatə edir və heç vaxt geri çəkilməmişəm. Yatıram yuxuda görürəm ki, kəndimizdəyəm, at belindəyəm. Yuxudan oyanıb ağlayıram. İnşallah arzu edirəm ki, gələn il bu vaxtı Zəngilanımızda görüşək.

Vasif Əlihüseyn

“KarabakhİNFO.com”

 

 

29.10.2013 15:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*