Azərbaycanca

Arzum torpaqlarımızı işğaldan azad edib,yurdumuza qayıtmaqdır

21.11.2013 | 16:21

1385034903_3Əhmədov Səyyaf Fiqan oğlu 1971-ci ildə Ağdamın İsmayılbəyli kəndində anadan olub. Ailəlidir, 4 övladı var. 1992-ci ildə könüllü olaraq orduya qatılıb. Hal – hazırda N saylı hərbi hissədə kəşfiyyat bölüyündə baş gizir rütbəsi ilə xidmət edir. Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Heydər Əliyev tərəfindən iki medal alıb. Bunlardan biri vətən uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə, digəri isə hərbi xidmətdə fərqləndiyi üçün verilib. Bundan sonra Müdafiə Nazirliyi tərəfindən də 5 medala layiq görülüb.

 

Xanı müəllim, zəhmət olmasa keçdiyiniz döyüş yolu barədə bizə məlumat verin…  

 

Mənim ilk hərbi xidətim 1989-cu ildə sovet ordusundan başlayıb. Mən 2 il 3 ay xidmətdən sonra könüllü olaraq 1992 – ci ildə Azərbaycan ordusuna qatılmışam. Hərbi hissənin Bağbanlar ərazisində yerləşən 3 – cü taborunda hərbi xidmətə başlamışam. Az müddətdən sonra taborun kəşfiyyat tağımına keçmişəm. Kəşfiyyat tağımı 12 nəfərdən ibarət idi. Tağım komandirimiz Əliyev Zahid olub. Bu tağım hər biri könüllülərdən ibarət yüksək qüvvəyə malik idi. Hətta qurupumuzda 54 yaşında İslam adlı bir nəfər də vardı. O, düşmənin dilini yaxşi bilirdi, həm də fiziki cəhətdən bizdən fərqlənmirdi. Bu qurupa Ağdamdan eləcədə respublikanın bir çox rayonlarından qatılanlar var idi. Bizim qurupumuz yüksək döyüş hazırlığı keçmiş və çox bacarıqlı bir qurup idi. Verilən tapşırıqları çox uğurla yerinə yetirirdik. 1993-cü ildə kəşfiyyat tağımının komandiri Əliyev Zahidin səyi nəticəsində tağım böyüməyə başladı və kəşfiyyat bölüyü yarandı. Kəşfiyyat bölüyü 50 nəfər şəxsi heyətdən ibarət oldu. Biz verilən tapşırıqları yerinə yetirərkən düşmənə güclü zərbələr endirirdik. Onların canlı qüvvələrini məhv edirdik. Düzdür zaman-zaman biz də itkilər verirdik, yaralılarımız olurdu. Bizim heyətdə döyüşənlərdən Şamil, Bahadur, Həmzə şəhid oldular. Səfərov Müşviq, Hüseynov Laçın, Ağayev Araz, Mirzəliyev Soltan, Rəhim var idi ayağından minaya düşdü. Bu döyüşçülər düşmən tərəfindən yaralandılar. Mən özüm 1992 – ci ildən 1996 – cı ilə kimi 3 dəfə ağır  yaralanmışam. İlk dəfə yaralananda məni rəhmətlik Şamil xilas etdi. Güllə ağzımdan girib boynumdan çıxmışdı. Bu döyüşdə düşmən cəbhə xəttini yarıb keçmişdi. Orada sıra ilə evlər var idi. Düşmən bu evlərdə gizlənmişdi. Biz üç nəfər rəhmətlik Şamil, Mirzəliyev Soltan, bir də mən düşmənin gizləndiyi evlərə hücuma keçdik. Mən irəlidə idim, Şamil isə məndən bir ev aralı idi. Biz öz aramızda bir ev əlaqə saxlayırdıq. Mən bir neçə ev keçdim. Beşinci evdə düşmənə iki güllə atdım və altıncı evə keçdim. Elə həmin vaxt düşmən mənə atəş açdı və yaralandım. Bunu görən Şamil cəld mənə çatdı. Şamil məni qucağına alıb oradan aralaşdırdı. Arxamızca nə qədər güllə atsalar da bizi vura bilmədilər. Həmin evlərdən 400 metr arxada həkim var idi. Şamil məni həkimə çatdırdı və həkim məni ilkin müayinə etdi. Gördüm ki, gözlərim qaralır. Elə bildim ki, ölürəm. Mənim başım Şamilin dizləri üstə idi. 1385035316_5Yadımdan çıxmayan isə qardaşım və bacım idi. Həmin gündən bir gün əvvəl qardaşımın toyu olmuşdu. Bir gün ara verdikdən sonra isə bacımın toyu olacaqdı. Mən Şamilə dedim ki, əgər ölsəm məni 3 gündən sonra evə aparsın. Evdəkilər mənim öldüyümü bilməsinlər və bacımın toyu olsun.Bunu eşidən rəhmətlik Şamilin gözləri doldu və ağlamağa başladı. Ağlayaraq – səni necə itirə bilərəm, bu xəbəri necə verə bilərəm – deyirdi. Sözünü bitirib yenidən məni üç nəfər ilə maşına tərəf apardı. Bir az getdikdən sonra Şamil məni çiyinlərinə alaraq qaçmağa başladı. Hardasa biz 300 metr qaçdıq. Bizim sağ-solumuza düşmən tərəfindən atılan mərmilər düşürdü. Gözlərim qaralmağa başlayırdı və özümü çox pis hiss edirdim. Şamilə iki dəfə dedim ki, dayan özümü pis hiss edirəm. Amma Şamil dayanmadan yoluna davam edirdi. Üçüncü dəfə dedim ki, diyəsən ölürəm dayan. Şamil dayandı və məni yerə endirdi. Bir az keçmişdi ki,mənim qarşıma snaryad düşdü. Bunu görən kimi Şamil cəld özünü mənim üstümə atdı.     Mənim üzərimə gələn bütün qəlpələr Şamili tutdu. Şamilin bədəni dəlik-deşik oldu. Bunu görən uşaqların hamısı bizə kömək etmək üçün qaçaraq yanımıza gəldilər. Kim Şamilə köməyə gedirdisə, Şamil – Xanını aparın həkimə – deyərək qışqırırdı. Yəni o, öz vəziyyətini unudub yalnız məni düşünürdü. Sonda elə oldu ki, ikimizidə Sarcalı hospitalına gətirdilər. Burada yaralı o qədər idi ki, məni dəhlizdə sarıyırdılar. Gördüm ki, Şamili aparırlar. Mən Şamili 2-dəfə çağırdım, amma səs vermədi. 3 – cü dəfə çağıranda bərkdən çağırmışam və onda özümdən getmişəm. O zaman ayıldım ki, məni helikopterə mindirirlər. Şamilin qardaşı və qohumları  da orada idi. Onlardan Şamili soruşdum. Mənə Şamilin sağ olduğunu və mənim vəziyyətimin Şamilinkindən pis olduğunu, əgər pis olsaydı sənin yerinə onu aparardılar dedilər. Mən də bu yalanlara inandım. Bir həftə keçəndən sonra xəbərim oldu ki, sən demə Şamil rəhmətə gedib.Allah bütün şəhidlərimizə rəhmət etsin. Bu gün mənim yaşadığım can Şamilin canıdır. Şamil mənə öz həyatını qurban verdi və bu dünya ilə vidalaşdı.  

 

Xanı müəllim, Şamil rəhmətə getdikdən sonra yenidən düşmən gülləsinə tuş gəldinizmi?  

 

1385035421_2Şamil rəhmətə getdikdən sonra iki dəfə  yaralandım. Mən tapşırılan əməliyyatları yerinə yetirərkən döyüş yoldaşlarımla birlikdə minaya düşdüm. Biz dörd nəfər idik. Yoldaşlarımdan biri rəhmətə getdi, digər iki nəfəri isə yaralandı. Mən yolu keçib bir az aralanmışdım ki, partlayış səsi eşitdim. Bir də gördüm ki, yerdəyəm. Mən hədsiz dərəcədə qəlpə yaraları almışdım. Qəlpə silahımın dəstəyini dəlib keçərək əlimin içindən girib üstündən çıxdı. Qəlpənin biri bud nahiyəmi dəlib keçərək o biri tərəfdən çıxdı. Digər qəlpələr topuğumdan girib ayağımdan çıxdı. Mən həmin vaxt çox pis vəziyyətdə idim. Bədənimdə hədsiz dərəcədə yaralar var idi. Bu da məni çox incidirdi. Hələ indi də zədə aldığım yerlərin ağrısı canımdadır. Mən müalicə aldıqdan sonra yenidən əməliyyatlara qoşuldum. Sonuncu dəfə yaralanda isə döyüş yoldaşlarım ilə birlikdə düşmən ərazilərinə tərəf irəliləyirdim. Bu zaman biz gözləmədiyimiz yerdən düşmənin kəşfiyyat dəstəsi ilə qarşılaşdıq. Biz düşməni görən kimi onlarla qarşı-qarşıya dayandıq. Onlarla bizim aramız 10-15 metr olardı. Bu zaman onlardan bizə tərəf atəş açıldı. Biz özümüzü yerə ataraq gizləndik. Düşmənlər dayanmadan atəş açırdılar. Mənim gizləndiyim tərəfə isə atəş açılmırdı. Mən dizi üstə duraraq düşmənə atəş açmaq istədim. Silahı qaldırıb atəş açanda sadəcə bir güllə ata bildim. Bu vaxt silahım xarab oldu və nə qədər etdimsə bir güllə belə ata bilmədim. Yerim məlum oldu və düşmənin hamısı silahı mənə tərəf çevirdi. Məni gülləyə tutmağa başladılar. Güllələr yağış kimi yağırdı. Bu zaman düşmən tərəfindən açılan gülələrdən biri qoluma dəyərək qolumu sındırdı. Mən üzü üstə yerə uzandım. Elə həmin vaxt gülənin biridə boynumdan girib o biri tərəfdən çıxdı. Üzü üstə yerdə qaldım. Güclə özümü toplayaraq silahın kəmərini qoluma keçirib arxaya sürünməyə başladım. Əlimdə isə qumbara var idi. Bunu düşmənlərə görə saxlamışdım. Əgər məni əsir götürmək istəsələr o zaman partladacaqdım. Lakin çox sürünə bilmədim. Üç metr sürünmüşdüm ki, kimsə ayağıma vuraraq dayanmağımı söylədi. Arxaya çönüb baxdım ki, qurup komandirim Əliyev Zahiddir. Məndən yaralı olub-olmadığımı soruşdu. Başa saldım ki, yaralanmışam. Yanıma sürünərək silhımı alıb qoluna keçirdi. Sonra arxaya sürünüb ayağımdan tutub məni üzü üstə sürüməyə başladı. Başımızın üzərindən güllələr uçuşurdu. Məni xeyli sürüyüb səngərə tərəf gətirib çıxardı və biz döyüş gedən ərazidən uzaqlaşdıq. Həmin döyüşdə biz bir nəfər şəhid verdik.  

 

Bildiyimiz kimi kəşfiyyat xarakterli döyüşləriniz çox olub. Bunlardan ən uğurlu və ən yadda qalanı hansıdır?  

 

1385035313_6Bəli, düzdür bizim kəşfiyyat xarakterli döyüşlərimiz çox olub və böyük qalibiyyətlər əldə etmişik. Mənim yadımdadır ki, bizim çox uğurlu bir döyüşümüz olub. Bu döyüşdə biz düşmənin arxasına 116 nəfər əsgər keçirmişik. Biz iki postun arasından birinci taboru keçirib onları beş yerə böldük. Sonra onları təxmini 50 metr  düşmən postlarının arxasında yerləşdirdik. Düşmən həmişə qarşısını gözləyir. Çünki həmişə qarşı-qarşıya döyüşürlər. Ona görə də, biz düşmənin arxasına keçərək onları mat etmək istədik. Səhərə yaxın bir siqnalla biz düşmənə hücuma keçdik. Bu döyüş bizim üçün çox uğurlu bir döyüş oldu. Keçirdiyimiz döyüşdə düşmənin 5 texnikasını və xeyli sayda canlı qüvvəsini məhv etdik. Təkcə səngərdə 67 nəfər düşmən əsgəri saydım. Biz bu döyüşdə 7 nəfər itki verdik. Biz düşmən ərazisinə nə qədər hücum etsək də alınmırdı. Sonda bu yolla biz düşməni məhv etdik. Bizim uşaqlar necə ruhla döyüşürdülərsə düşmən qorxudan qaçmağa yer axtarırdı! Döyüş bitdikdən sonra gözüm döyüş yoldaşım Sahibi axtarırdı. Lakin nə qədər axtardımsa da nə dirisini , nə də ölüsünü tapdım. Sonradan mənə Sahibin şəhid olduğunu söylədilər. Sən demə Sahib düşmənin texnikasına atəş açarkən silahının qəflətən xarab olması onun şəhid olmasına səbəb olub.  

 

Xanı müəllim, heç əsir götürmüsünüzmü?  

 

Bəli, belə bir hadisə olub. Keçirdiyim döyüşlərin birində düşmənin postlarına hücuma keçmişdik. Burada məktəb var idi. Düşmənlər məktəbdə gizlənmişdilər. Bizimkilərdə ora hücuma keçmişdilər. Mən isə məktəbin yanında kolların arasında gizlənmişdim. Çünki qaçan düşmənləri ya öldürməli, ya da əsir götürməli idim. Elə bir az keçmişdi ki, düşmənin biri mənə tərəf qaçmağa başladı. Mən bir az gözlədim ki, yaxınlaşsın. Birinci vurmaq istədim. Sonra isə fikrimi dəyişdirib onu girov götürmək qərarına gəldim. Düşmən oradan necə həyacanla çıxmışdısa qışqıra-qışqıra qaçırdı. Mənə üç-dörd metr qalmış mən qəfil kolluqdan çıxdım. Məni görən düşmən özünü itirdi. Dizi üstə çökərək ağlamağa başladı. Onun 21 yaşı olardı. Mənə Azərbaycan dilində yalvarmağa başladı. Özü silahını cəld kənara tulladı. Sonra üzərində qumbaralardan ibarət kəmər var idi onu da açaraq kənara tulladı. Gördüm ki, bizim dili yaxşı bilir. Yoldaşlarımdan biri gələrək onun qolunu bağladı. O isə elə hey dayanmadan ağlayırdı. Qollarını bağladıqdan sonra onu kolun dibinə gətirdim ki, sonra lazım olan yerə təhvil verim. Ona nə deyirdimsə edirdi. Elə təzəcə oturmuşdu ki, birdən qaçmağa başladı. Nə qədər dedim dayan, amma dayanmadı. Baxdım ki, qaçıb gedir arxasınca iki güllə atdım dayansın. Elə bu zaman yerə sərildi. Aradan üç dəqiqə keçmişdi ki, can verib öldü.  

 

Xanı müəllim, əsgərlərlə komandirlərin münasibəti necə idi?  

 

1385035469_1Bizim bölük kəşfiyyat  bölüyü olduğundan verilən tapşırıqlara dəqiq əməl etməli idik. Çünki biz komandirlərin verdiyi planlarla, göstərdiyi yollarla irəliləməsəydik o zaman biz düşmən tərəfindən ya əsir götürülə, ya da həyatla vidalaşa bilərdik. Bizim bölük həmişə komandirlərin verdiyi əmrlərə tabe olub. Sizə şahid olduğum bir hadisəni danışmaq istəyirəm. Danışacağım bu hadisədə siz komandirlərlə əsgərlərin münasibətini daha dəqiq başa düşəcəksiniz. Biz döyüşlərin birində xeyli yaralı və itki verdik. Bu döyüşdə hücuma keçən əsgərlərimizdən biri minaya düşərək ayağının birini itirib. Döyüş yoldaşları onun ayağını sarıyaraq on metr arxada üzüm bağının içində gizlədiblər. Bundan bir az sonra onun komandirini vurublar və şəhid olub. Uşaqlar bunu da gətirib yaralı əsgərin yanına qoyublar. Əsgər ayağının olmadığını görüb və özünü itirib. Bu hadisədən bir gün sonra biz üzüm bağlarını gəzib öz yaralılarımızı axtarırdıq. Elə bir az getmişdim ki, bir nəfər gördüm, amma şəhid olmuşdu. Ayağının ikisi də kəmər ilə bağlanıb 300 metr məsafəyə  sürünmüşdü. Ondan sonra daha bir şəhid də tapıb geri qayıtdıq. Biz şəhidlərin sənədlərini qrup komandirinə təhvil verdik. Həmin vaxt gizir Nizami Məmmədov yaxınlaşaraq şəhidlərdən birinin komandir olduğunu və onun yanında ayağını itirmiş əsgər olacağını söylədi. Bizdən o əsgərin orada olub – olmadığını soruşdu. Biz isə onun olmadığını söylədik. Sən demə hadisə belə olub. Yaralı əsgər ayılıb komandirinin şəhid olduğunu görüb. Sonra onun kəmərini belindən çıxarıb ayaqlarına bağlayıb. Öz ayağının biri olmaya-olmaya və öz çəkisi komandirinin çəkisindən az olmasına baxmayaraq o komandirini 300 metr arxaya sürüyüb. Bizim bölüyün hücumu alınmadığına görə onlar geri çəkilməyə məcbur olub. Yaralı əsgər nə qədər qışqırıb kömək istəsə də, heç kim köməyinə çatmayıb. Heç kimin köməyə gəlmədiyini görən əsgər komandirini orada qoyub bir az da irəli sürünüb. Lakin bunun da heç bir köməyi olmayıb. Çox təəssüf ki, bir az keçdikdən sonra əsgər rəhmətə gedib. Səhər biz postun yaxınlığını axtaranda əsgərin meyidini oradan tapdıq.  

 

Heç elə olubmu ki, düşmənlər sizin hücumlarınızdan qorxub geri çəkilsinlər?  

 

Bəli, belə hadisələr çox baş verib. Bir gün düşmənlər Bağbanlar kəndini alıb, Novruzlu kəndinə hücuma keçmişdilər. Onlar kəndləri yandırır, evləri talan edirdilər. Biz isə onların qarşısını almaq üçün kəndə girmişdik. Bir az getmişdik ki, kəndin ortasında düşmənin 12 nəfərlik qrupu ilə rastlaşdıq. Bizim qrup isə 7 nəfərdən ibarət idi. Elə oldu ki, nə biz nə də düşmən geri çəkilə bildik. Bu zaman düşmən tərəfindən düz mərkəzimizə atəş açıldı və əsgərimizin biri yaralandı. Biz cəld qaçaraq hərəmiz bir tərəfə çəkildik. Atışma başladı. Biz düşmənin bir əsgərini vurduq. Mən düşmənə altı-yeddi güllə atdım. Onlarda bizi atəşə tutaraq yaralılarını götürüb arxaya çəkildilər. Biz də öz yaralımızı götürüb geri çəkildik. Arxaya çəkilib kəndin o biri başına gəldik. Burada yenicə maşından düşən əsgərləri gördük. Biz onları da götürüb yenidən düşmənin arxasınca geri qayıtdıq. Bizim qurup artıq 30-40 nəfər idi. Biz necə hay-küylə kəndə girdiksə düşmən vahiməmizdən qorxaraq kənddən çıxmağa başladı. Bir az irəli gəldikdə bir tank gördük. Bizim uşaqlardan on nəfəri tanka tərəf getməyə başladı. Bunu görən ermənilər tankı orda qoyub qaçmağa başladılar. Əvvəlcə istəmədim tanka nəysə edək, amma vaxtın az  və tankın xarab olduğuna görə onu məhv etmək qərarına gəldim. Uşaqlar tankın içinə iki dənə qumbara ataraq onu yandırdı. İyirmi gündən artıq düşmən qorxusundan o tərəfə bir dənədə olsun güllə atmadı.  

 

Xanı müəllim, əgər işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda müharibə başlayarsa vətənin müdafiəsinə hazırsınızmı?

 

  Əlbətdə, hər bir Azərbaycan oğlu kimi mən də vətənimizi, torpaqlarımızı ön sıralarda qorumağa hazıram. Ən böyük arzum torpaqlarımızı işğaldan azad edib, öz ata-babalarımızın yurdlarına qayıtmaqdır.      

 

 

Hafiz Səfərov  

“KarabakhİNFO.com” 

21.11.2013 16:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*