Azərbaycanca

“AŞPA işğalçıların əlində bir oyuncağa çevrildi” – Elxan Süleymanov

27.01.2016 | 16:43

elxan-suleymanov (1)

“Avropa Şurası Parlament Assambleyası özünün plenar iclasında utancverici qərara imza atdı. Çünki britaniyalı deputat Robert Volter tərəfindən hazırlanmış və Siyasi Məsələlər Komitəsində qəbul edildikdən sonra təsdiq üçün Assambleyanın plenar iclasında səsverməyə çıxarılmış “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” məruzəsini Ermənistan tərəfinin və ermənipərəst qüvvələrin təzyiqləri altında rədd edildi”. Bu fikirləri Teleqraf.com-a açıqlamasında AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib: “Bununla da Parlament Assambleyası özünün qəbul etmiş olduğu 1416 (2005) saylı qətnaməsindən bütövlüklə və həmin qətnamənin 2-ci bəndində ehtiva edilmiş “… bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir” kimi mövqeyindən imtina etmiş oldu. AŞPA “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı məruzəni Ermənistanın və ermənipərəsət qüvvələrin təzyiqi nəticəsində rədd etməklə işğalçıya dəstək verərək qərəzli qərar qəbul etdi”. E.Süleymanov bildirib ki, AŞPA aşkar şəkildə tək özünün deyil, eyni-zamanda digər beynəlxalq qurumların, o cümlədən BMT Baş Assambleyasının və TŞ-nin, Avropa Parlamentinin, ATƏT PA-nın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını ehtiva edən qərar və qətnamələrinə qarşı çıxmış oldu: “AŞPA qeyd edilən qərarı qəbul etməklə birmənalı şəkildə işğalçı Ermənistanı dəstəklədi və bir daha işğalçı dövləti öz çətiri altına alaraq onun maraqlarına xidmət etdiyini sübuta yetirmiş oldu. Mən AŞPA-nın Ermənistanın və ermənipərəsət qüvvələrin təzyiqləri altında öz qərarlarına qarşı çıxdığına görə təəssüf edirəm. İşğalçıya dəstək verərək ölkəmizə qərəzli mövqe tutduğuna və məqsədyönlü şəkildə öz Nizamnaməsində ehtiva edilmiş üzv dövlətlərin bərabərliyi və hüququn aliliyini pozmasını AŞPA-da demokratiya və ədalət prinsiplərinin süqutu kimi dəyərləndirirəm. AŞPA təcavüzkar Ermənistanın işğalçı siyasətini müdafiə etməklə işğalçıların əlində bir oyuncağa çevrildi”.

teleqraf.com

27.01.2016 16:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*