Azərbaycanca

“ATƏT bu problemi ədalətli həll edə bilməz” 

13.01.2015 | 15:23

eli“Beynəlxalq təşkilatlar bizim girovlarla bağlı məsələyə biganə yanaşırlarsa, ən yaxşı halda üzr istəyirlərsə, onda belə təşkilatlar kimə lazımdır?”

Beynəlxalq birliyin Qarabağın işğalı ilə bağlı göstərdiyi ögey münasibət, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsində də müşahidə olunur. Onların azad olunması üçün Azərbaycan hökuməti adından 7 beynəlxalq təşkilata, o cümlədən BMT baş katibinə, Avropa Şurası, Avropa İttifaqı və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərilib. Lakin bu təşkilatların heç biri məsələ ilə bağlı hələ ki, rəsmi bəyanat yayıb öz səsini qaldırmayıb. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mediaya deyib ki, beynəlxalq təşkilatlar bizim girovlarla bağlı məsələyə biganə yanaşırlarsa, ən yaxşı halda üzr istəyirlərsə, onda belə təşkilatlar kimə lazımdır?

Onun sözlərinə görə, beynəlxalq təşkilatların hər birinin vəzifəsi var və onu icra etməlidirlər: “Təəssüflər olsun ki, onlar həmin vəzifələri ya icra etmir, ya da icra edə bilmirlər. Əksər beynəlxalq təşkilatlar bəzi dövlətlər tərəfindən yaradılıb ki, öz işini rahat şəkildə görsün. Dilqəm Əsgərov və Şahbaz Quliyev torpağını, Vətənini, xalqını sevən insanlardır. Onlar ölümü göz önünə alaraq, doğma yurd-yuvalarına gedirdilər, ata-babalarının məzarlarını, kəndlərini ziyarət edirdilər. Biz bununla bağlı həqiqəti bütün dünyaya nümayiş etdirdik. Ancaq ermənilər yenə də faşist əməllərindən əl çəkmirlər, bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edirlər”.

 

 

Haradadır sizin, ədalətiniz, beynəlxalq hüquq normalarınız?…”

 

 

Girovlara qarşı ermənilərin qeyri-insani əməlləri və beynəlxalq təşkilatların etinasız münasibəti Azərbaycan ictimaiyyəti tərəfindən qınaqla qarşılanıb.

 

 

ceyyy

Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov “KarabakhİNFO.com”-a açıqlamasında ermənilər tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan “məhkəmə prosesi”ni qəti şəkildə pislədi: “Azərbaycanın yerli QHT-ləri, eləcə də diasporumuz bu məsələni dünyanın ictimai-siyasi gündəminə gətirməlidir. Bu soydaşlarımızın taleyinə biganə qalmaq olmaz. Beynəlxalq təşkilatlar onlara qarşı edilən qeyri-qanuni əməllərə görə öz sərt mövqelərini bildirməlidirlər. Xüsusən, BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığı və ATƏT-in Minsk qrupu öz etirazını bildirməlidir”.

 

 

C.Ələkbərov dedi ki, beynəlxalq təşkilatların bu məsələdəki mövqeyi qaneedici deyil və haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq doğurur: “Əllərində “İnsan hüquqları bayrağı” tutan və Azərbaycana təzyiq etməyə çalışan bir sıra təşkilatların bu məsələdə susqunluğu və ya loyal münasibəti rəzalətdir. Öz torpağını, yaxınlarının məzarını ziyarətə gedən soydaşlarımız erməni silahlıları tərəfindən girov götürülür, heç bir əsası olmayan, tamamilə absurd “məhkəmə” şousu yaradılır və həmin beynəlxalq təşkilatlar bu şounu sadəcə seyr edirlər. Sonra da əllərinə fürsət düşən kimi utanmadan insan hüquqlarından danışırlar. Bəs, Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqları yoxdurmu? Haradadır sizin, ədalətiniz, beynəlxalq hüquq normalarınız? Bütün bunlar bir daha onu göstərir ki, bəzi beynəlxalq təşkilatlar qərəzli olaraq Azərbaycana qarşı ikili standart siyasəti nümayiş etdirirlər. Bu da ilk növbədə onların özlərinə zərər verir, nüfuzsuz quruma çevrilirlər. Bu səbəbdən də Azərbaycan ictimaiyyəti bu təşkilatları qeyri-ciddi qurum sayır”.
Təşkilat sədri qeyd etdi ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev heç bir ölkənin sərhədini pozmayıblar: “Onlar tarixi vətənləri olan Qarabağda doğmalarının məzarını ziyarət ediblər. Onların üzərində qurulan “məhkəmə”nin heç bir hüquqi əsası yoxdur. Bu, qondarma məhkəmə prosesidir. Bütün beynəlxalq təşkilatları bu məsələyə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində yanaşmağa və ədalətli fəaliyyət göstərməyə səsləyirəm”.

 

 

“Beynəlxalq təşkilatlar qanunsuzluqlara göz yummaqla öz nüfuzların sıfıra endirirlər”

 

 

Ramiz Aliyev

Politoloq Ramiz Alıyev də bizimlə söhbətində bildirdi ki, bəzi beynəlxalq təşkilatlar ölkəmiz haqqında haqlı nə varsa inkar edir və yalnız özlərinə və ölkəmizə düşmən olan, qərəz nümayiş etdirən dövlətlərin maraqlarına xidmət edən qərarlar verir, bəyanatlar səsləndirirlər: “Hazırda erməni əsirliyində olan vətəndaşlarımız olmazın əziyyətin görürlər. Ötən ilin yay aylarında öz doğmalarının məzarını ziyarət etmək üçün üç həmyerlimiz doğulduqları Vətənə gedib və orada terrorçu erməni hərbi birləşmələri tərəfindən girov götürülüb. Girovlardan biri öldürülüb, digər iki girova heç bir insanlığa sığmayan işgəncələr verilir. Hansı ki, həmin ərazi tarixi Azərbaycan torpağı olan Kəlbəcər rayonu beynəlxalq təşkilatlar və dünya ölkələri tərəfindən Azərbaycanın ərazisi kimi tanınır və təsdiq olunur. Həmin girovların qondarma və dünya qanunlarını təhqir etmiş bir formada, qanunsuz, heç bir hüquqa dayanmadan “məhkəmə”sini təşkil etmək, bu cür beynəlxalq təşkilatları və dünya hüquq və qanunlarını qəbul etməməyin bariz bir nümunəsidir”.

 

 

R.Alıyev hesab edir ki, beynəlxalq təşkilatlar bu cür qanunsuzluqlara göz yummaqla öz nüfuzların sıfıra endirirlər: “Həmin beynəlxalq təşkilatların ölkəmizdə olan nümayəndəliklərinə etinasız siyasətlərinə görə Azərbaycan xalqının etiraz etdiyini, haqlı olanın yanında olmadıqlarına görə qınadıqlarını bildirilməli və həmin təşkilatların baş ofislərinə də bu etirazın çatması təmin edilməlidir. Fikrimcə, bu addımları yalnız dövlət deyil, siyasi partiyalar, QHT-lər və tanınmış KIV nümayəndələri də etməlidirlər. Təbii ki, bu məsələdə iqtidar-müxalifət həmrəyliyi olmalıdır! Əgər həqiqətən də Azərbaycan xalqını sevirsə və özlərini azərbaycanlı hesab edirsə, müxalifət nümayəndələri də bu təşəbbüsə qoşulmalıdır”.

 

 

Mutellim Rehimli

Bu “məhkəmə” Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı mənəvi terror idi”

 

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli e-jurnalımıza bildirdi ki, beynəlxalq təşkilatlar, xüsusilə BMT, Dağlıq Qarabağ məsələsinin həllində vasitəçilik edən ATƏT problemə yanaşmada birtərəfli mövqe sərgiləyir: “Fakt ondan ibarətdir ki, Azərbaycan torpaqları işğal edilib, burada hansı vasitəçilikdən və uzun-uzadı səylərdən danışmaq olar. İşğalçı tərəfdən tələb edilməlidir ki, zəbt etdiyi əraziləri boşaltsın və dəyən ziyana görə təzminat ödəsin. Amma təəssüf ki, biz bunu müşahidə etmirik. Həm vasitəçilər, həm də digər beynəlxalq təşkilatlar ermənipərəst mövqe nümayiş etdirir. Azərbaycan ordusunun ərazimizdə uçuş həyata keçirən Ermənistanın hərbi helikopterini vurmasına demək olar ki, bütün beynəlxalq qurumlar, iri ölkələr reaksiya verdilər. Təəssüf ki, düşmən ölkənin helikopterinin bizim ərazimizdə uçması faktını təhlil edən olmadı. Hamısı birmənalı şəkildə Azərbaycan tərəfini qınadı. Doğulub boya-başa çatdıqları torpaqları ziyarət etməyə gedən Azərbaycan vətəndaşları erməni tərəfindən öldürülür və əsir götürülür, lakin buna reaksiya verən olmur. Axı, Kəlbəcər Azərbaycan ərazisidir. Niyə ermənilərdən soruşmurlar ki, Azərbaycanın dünya tərəfindən tanınan sərhədi daxilində onun vətəndaşlarına qarşı belə güc tətbiq edilir, terror həyata keçirilir?! Bundan ruhlanan Ermənistan tərəfi azərbaycanlı girovlar üzərində təbliğat xarakterli “məhkəmə prosesi” də qurdular”.

 

 

Onun fikrincə, bu “məhkəmə” həmin insanlara qarşı mənəvi terror idi: “Təbii ki, mövcud reallığa belə ədalətsiz münasibət sərgiləyən beynəlxalq qurumlar, o cümlədən ATƏT bu problemi ədalətli həll edə bilməz. Ona görə də Azərbaycan öz gücünə arxalanaraq müharibə yolu ilə torpaqlarını azad etməlidir. Bunu beynəlxalq qurumların indiyədək ortaya qoyduğu münasibət də diqtə edir”.

 

 

Sonda isə onu qeyd edim ki, girovlarla bağlı subyektiv məsələlərin həlli beynəlxalq təşkilatlara qlobal problemlər kimi gəlir. Bu təşkilatların “istifadə və inam müddəti” hələ Qarababğın işğalı ilə bağlı göstərdiyi ədalətsiz yanaşmada bitmişdi. Torpaqların təcavüzünə biganə yanaşan təşkilatlardan bu torpaqların ata-baba sahiblərinə loyal münasibət bəsləməyi gözləmək, isə düşüncəsizlikdir. Razılaşıram ki, biz onların ədalətsizliyinə və ya daha şəffaf olacağına tolerant yanaşırıq. Amma ən böyük tolerantlığı bu təşkilatlara yox, insanlığa göstərmək şərti ilə. Unutmayaq ki, əllərində insan hüquqlarını bayraq tutan təşkilatlar insanlığı ayaqlar altına salanlara qarşı susursa, onda o, bayraq yox, alət olur.

 

 

 

 

 

 

Fuad Hüseynzadə         
“KarabakhİNFO.com”        

 

        

13.01.2015 15:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*