ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində Vyanada ATƏT-in Daimi Şurasının iclasında ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer və digər şəxslərlə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin həllini müzakirə edəcəyini açıqlayıb. Bu məqamda Uorlikin sələfi Robert Bradtkeni xatırlamaq yerinə düşərdi. Həmsədrlikdən gedəndən sonra verdiyi açıqlamada demişdi ki, sən demə, illərdir qapalı danışıqlar zamanı Qarabağ məsələsinin həllində öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsinin tərəfdarı olub. Yəni ən optimal həll yolunu Dağlıq Qarabağın Azərbaycandan de-yure ayrılmasında görürmüş.
Konkret desək, “Azadlıq” radiosuna müsahibəsində Bradtke Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnun tanınmasının vacibliyini dilə gətirmiş, lakin bu zaman Azərbaycanın ərazi bütövlüyündən danışmamışdı.
Yeni vasitəçi öz missiyasına sələfi kimi işğalçı tərəfə reveranslarla başladı; İrəvanda sabiq XİN başçısı Oskanyanla görüşən Uorlik niyə Bakıda tutaq ki, Vəfa Quluzadə ilə görüşmədi?
Məlumdur ki, amerikalı həmsədr yeni görəvdə regiona təkbaşına, ayrıca iki dəfə səfər edib. Bu səfərlərin birində cənab Uorlik Dağlıq Qarabağa da getdi və orada separatçı rejimin başçısı ilə isti görüş keçirdi. Bu da heç. Ən əsası, yeni vəzifəyə başlar-başlamaz o, qondarma qurumun ünvanına bəzi yersiz reveranslar elədi, “sizin bu gözəl ölkənizdə olmaqdan məmnunluq duyuram” dedi.
Bunlar təsadüfdür yoxsa tərcümə səhvi? Niyə təkzib gəlmədi cənab həmsədrdən?
“KarabakhİNFO.com” Beynəlxalq Elektron Jurnalı mövzu ilə bağlı tanınmış siyasilərin fikirlərini öyrənib.
Millət Vəkili İlyas İsmayılov açıqlamasında bildirib ki, ABŞ səfirliyindəki görüşdə onların Dağlıq Qarabağdakı separatçı rejimə niyə dəstək olmaları ilə bağlı məsələni qaldırdığına görə, onu dəvətlilər siyahısından çıxarıblar: “Niyə biz özümüzü aldatmaqla məşğuluq? Siz məsələnin kökünə baxmalısınız. ATƏT ümumiyyətlə bu problemi həll edə bilməz. Onun həmsədrləri kim olur-olsun, bu mümkünsüzdür. Lap həmsədrlər dəyişib hamısı Azərbaycansevər adamlar oldular: Türkiyə, Pakistan və s. Nə edə bilərlər? Heç bir şey! Çünki ATƏT-in qərarları hüquqi deyil, tövsiyyə xarakteri daşyır. Tövsiyyəni də ermənilər qəbul etmirlər. Daha sonra, ATƏT-in qərarları konsensus yolu ilə qəbul olunur. Azərbaycanın lehinə hər hansı qərar olsa, ermənilər bunun əleyhinə çıxsa, o qərar qəbul olunmayacaq. Odur ki, biz özümüzü aldatmamalıyıq və başqalarının da bizi aldatmasına imkan verməməliyik. Torpaqlarımızı azad etmək əzmini ortaya qoymalıyıq. BMT-nin dörd qətnaməsi var və icra olunmur. Demək buna uyğun addımımızı atmalıyıq. Yoxsa ATƏT belə dedi, filan səfir elə dedi kimi fikirlərlə özümüzü aldatmağın mənası yoxdur. ABŞ səfiri son müsahibəsində deyir ki, “Biz Azərbaycanın suverenliyini tanıyırıq”. Suverenlik necə tanınır ki, Azərbaycan öz ərazisinin 20 faizində onu itirib və faktiki bizim qanunla orda işləmir. Ən əsası ABŞ Dağlıq Qarabağ separatçılarına bu yaxınlara qədər ildə 8 milyon dollar yardım edirdi. Bunu mən ABŞ səfirliyində bir görüşdə üzlərinə dedim. O zaman ABŞ departamentindən nümayəndə gəlmişdi və bizi görüşə dəvət etmişdilər. Həmin məsələni görüşdə qaldırandan sonra məni bir daha ABŞ səfirliyinə dəvət etmədilər”
Millət vəkili Fazil Mustafa açıqlamasında bildirib ki, ABŞ-ın mövqeyi Rusiyanın yanaşmasından çox da ciddi fərqlənmir: “Dağlı Qarabağ məsələsinə münasibətdə ABŞ-ın mövqeyi Rusiyanın yanaşmasından çox da ciddi fərqlənmir. Bu əslində eyni mövqedə olan üç ölkənin həmsədrləri arasında rol bölgüsündən başqa bir şey deyildir. Həmin ölkələrin siyasətlərində tək hədəf var: prosesi uzadaraq Azərbaycanı geri çəkilməyə, işğalla razılaşmağa məcbur etmək! Bir dəfə gördünüzmü ki, onlardan kimsə sərt formada Dağlıq Qarabağın inzibati hüdudlarından kənar işğal altındakı rayonların boşaldılmasını tələb etsin. Əksinə, onlar erməniləri təlimatlandırırlar ki, bu məsələdə geri çəkilməsinlər. Gələcəkdə ən əlverişli bazarlıq mövzusu kimi baxırlar rayonlarımızın vəziyyətinə. Odur ki, Azərbaycan öz hazırlığını davam etdirməli, torpaqların azad edilməsi üçün ritorik təbliğatla deyil, real plan üzrə hərəkət etməlidir. “Rusiya tərəfdir, ABŞ obyektivdir” illüziyaları bəlkə 15 il öncə keçərli görünə bilərdi. Əslində Rusiyanın çözümsüzlük planının da arxasında ABŞ dayanır”.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ məsələsi ABŞ-ın priotetləri çərçivəsində deyil: “Mən dəfələrlə bu məsələni qaldırmışam və indi də bəyan edirəm ki, ABŞ prezidenti şəxsən hərəkətə keçməsə, ABŞ prezidenti ilə Rusiya prezidenti əməkdaşlıq etməsə, heç bir şey mümkün deyil. Bəli, bu həmsədrlər təyin olunublar və mən onların hamısını yaxşı tanıyıram. ABŞ-ın birinci nümayəndəsi Jo Preston, sonra Kerry Kaven və hamısı ilə şəxsi münasibətlərim olub. Bu adamlar sadəcə təyin olunub və istədikləri bəyanatı verirlər. Heç dövlətlərin xəbəri də yoxdur ki, nə baş verir. Çünki Dağlıq Qarabağ məsələsi ABŞ-ın priotetləri çərçivəsində deyil və bu hələ ki belə davam edir. Ona görə də hansısa həmsədrin Dağlıq Qarabağı tanımağı ilə bağlı bəyanat verməsi belə heç nəyi dəyişən deyil. Heç bir dövlət də Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və ən əsası Azərbaycana tanıtdırmaq mümkünksüzdür. Bir dəfə cəhd etdilər və nəticəsi hər kəsə məlumdur” – deyə V.Quluzadə qeyd edib.
Aysel Araz
“KarabakhİNFO.COM”