Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın ATƏT-in vasitəçiliyi ilə növbəti görüşü planlaşdırılır. Görüşün may ayının 17-də Çexiyanın Krakov şəhərində baş tutması gözlənilir. Əslində belə görüşlərin sayı hesaba gəlməsə də ortada bir nəticənin olmaması hər kəsi düşündürür. Amma son zamanlar nəinki nəticələr eyni zamanda görüşmələrin özü belə problemə çevrilib. Çünki Ermənistan tərəfi müxtəlif bəhanələrlə görüşdən imtina edir. Səbəb? Ümumiyyətlə görüşlərdən hər hansı nəticə gözlənilirmi sualını politoloqlar cavablandırdı.
Millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin görüşlərindən o zaman bir yenilik gözləmək mümkün olar ki, ABŞ və Rusiyanın bölgə siyasətində ciddi dəyişikliklər baş versin: ”Lakin indiyə qədər bu dövlətlərin Ermənistanın işğalçılıq siyasətini dəstəkləmə kursu davam etdiyindən və Azərbaycan tərəfi mövqeyindən geri çəkilmədiyindən, hər hansı bir yenilik baş verməyəcək. Bu arada sadəcə tərəflərin dialoqa açıq olduğunu göstərməkdən başqa bir niyyətləri yoxdur. Ermənistanın Rusiyasız addım ata bilməyəcəyini düşünərsək, bu məsələdə ümidverici rəy söyləmək hələ ki, imkansızdır”.
Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov bildirdi ki, bu görüşündə Paris danışıqlarının taleyini yaşamayacağına ümid edir, amma əgər nəticə olmazsa və hərbi yola əl atmağa məcbur qalarıqsa bunun məsuliyyəti bizim deyil: “Sonuncu dəfə həmsədrlər Paris görüşü üçün cox çalışsalar da alınmadı. Bu onu göstrir ki, danışıqlar prosesi dalana dirənib və hətta tam kəsilməsi də reallaşır. Bu baxımdan hesab edirəm ki, Paris danışıqlarından dərs alan vasitəçilər görüşü mütləq təşkil edəcəklər. O ki, qaldı müzakirə olunacaqlara, həmsədlərin yeni təkliflərlə çıxış edəcəkləri barədə məlumat yoxdur. 2009-cu ilin dekabr ayında irəli sürülmüş Madrid prinsipləri yenə də qüvvədədir. Bilirsiniz ki, bu prinsiplərə görə münaqişənin mərhələli həlli varianti əsas götürülür. Ermənistan tərəfi də bu təklifi qəbul etməyib. Ona görə də yeni bir dəyişikliklərin olmasını gözləmək çətindir. Bilirsiniz əvvələr prezidentlər səviyyəsində görüşlərin təşkili problemli olurdusa indi xarici işlər nazirlərinin görüşü getdikcə çətinləşir. 1999-cu ildən görüşlər keçirilir. Sonuncu görüş keçən il olub. Bu proses nəyi göstərir? Mənə görə, Ermənistan tərəfi çalışır ki, danışıqlar prosesi kəsilsin. ATƏT nümayəndələrinə məsələni başqa tərəfdən çatdırmağa çalışırlar ki, onsuzda bu belə görüşlərdə nəticə vermir. Ona görə də formatda dəyişiklik olmalıdır. Yəni Ermənistanın yerini qondarma Dağlıq Qarabağ Respublikası tutmalıdır. Əsas odur necə etsinlər ki. danışıqlar tam kəsilsin, həmsədrlər bunu bərpa etməyə çalışsın. O zaman da yerlərini separatçı respublika alsın. Onların bütün məqsədləri budur. Belə bir vəziyyət müharibəni qaçılmaz edir. Əgər ATƏT yeni bir konstruktiv təkliflərlə çıxış edib münaqişənin həllində dəyişiklər etməzsə o zaman biz ərazilərimizi müharibə yolu ilə geri almaq hüququndan istifadə edə bilərik. Bu zaman baş verə biləcək bütün hərəkətlər və nəticələrin məsuliyyəti ilk növbədə Ermənistanın, onun havadarlarının və ATƏT in üzərinə düşür”.
Millət vəkili Sahib Alıyev hesab edir ki, heç bir dəyişiklik gözlənilmir:” Çünki bu dəyişikliyə təsir göstərəcək, dəyişən heç nə yoxdur. Nə həmsədlər dəyişib, nə onların mövqeləri, nə də indiki Ermənistan adlanan məmləkətin başında əyləşənlər. Ona görə də görüşlərdən nəsə gözləmək vaxt itirməkdir”.
Politoloq Elçin Mirzəbəyli də demək olar eyni fikirləri səsləndirdi: ” Artıq xeyli müddətdir ki, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin tənzimlənməsi prosesində durğunluq yaranıb. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin, İslam Konfransı Təşkilatının, Avropa Birliyinin ayrı-ayrı strukturlarının, Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların mövcud status-kvonun saxlanılmasının yolverilməz olduğu barədə verdiyi bəyanatlara, qəbul etdiyi qətnamələrə rəğmən tənzimləmə prosesində irəliləyişə nail olunmayıb. Ermənistanın Rusiyanın təhriki ilə hər dəfə prosesi “0” nöqtəsinə qaytarması sülh yolu ilə həll prosesinə olan inamı azaldır, ziddiyyətləri daha da dərinləşdirir. Azərbaycanın yenilənmiş Madrid prinsipləri ilə bağlı əsasən pozitiv münasibətini açıqlamasından sonra proses tamamilə dalana dirənib. Çünki yenilənmiş Madrid prinsiplərində Azərbaycanın razılaşdığı məqamlar ölkəmizin güzəştə gedə biləcəyi ən son nöqtədi və bundan o yana kompramislərin deyil təslimçilik aktının sərhədləri başlayır. Ermənistanın bu geniş kompramisli variantın qəbulundan imtina etməsi isə onu sübuta yetirir ki, rəsmi İrəvan, dolayısı ilə isə Kreml münaqişənin həllində ümumiyyətlə maraqlı deyil, mövcud status-kvonun saxlanılması həm Rusiyanın, həm də onun forpostunu idarə edən hərbi-cinayətkar xuntanın mənafelərinə xidmət edir. Xarici işlər nazirlərinin görüşünün təşkili ilə bağlı yaranmış vəziyyət də məhz buradan qaynaqlanır. İndiki məqamda bu görüşlərin təşkil olunmasının bir neçə səbəbi var. Həmsədr ölkələr Minsk prosesinin tamamilə süquta uğramasını etiraf etmək, eləcə də ATƏT-in Avropada təhlükəsizliyə və tərəfdaşlığa təminat verən bir qurum kimi tarixin arxivinə göndərmək istəmədikləri üçün, eləcə də regionda bu və ya digər həmsədr ölkənin təmsil etdiyi hərbi-siyasi düşərgənin üstünlüyünü təmin edəcək vəziyyət yaranmadığından həmsədrlər, xüsusilə ABŞ və Fransa danışıqların davam etdirilməsinə çalışırlar. Ermənistanın bu prosesdən yayınması isə Rusiyanın təlimatları əsasında baş verir. Moskva bununla həm rəsmi Bakıya təzyiq göstərir, həm də digər həmsədr ölkələrə regionda söz sahibi olduğunu sərgiləyir. Azərbaycan isə yaxşı başa düşür ki, Ermənistanla danışıqların davam etdirilməsinin heç bir mənası yoxdur, çünki bu prosesin arxasında Rusiya dayanıb. Bu baxımdan son zamanlar həm Azərbaycanda, həm də bir sıra beynəlxalq təşkilatlarda danışıqların Ermənistanla deyil Rusiya ilə aparılmasının açıq şəkildə ifadə olunması təsadüfi deyil. Çünki Rusiya artıq açıq oynayır və onu əvvəlki kimi görməzdən gəlmək mümkün deyil. Artıq “mən səni görmürəm” mövqeyini sərgiləmək üçün manevr imkanları da tükənib. Krakov görüşündən isə heç bir irəliləyiş gözləməyə dəyməz. Subyektiv hesablamalarıma görə bu görüş Azərbaycana təzyiqləri artırmaq üçün təşkil olunur”.
Və nəticə? Müharibə qaçılmazdırsa bizlər buna hazırıqmı?
Ülviyyə Bəylərqızı
KarabakhİNFO.com