Azərbaycanca

“Atamın və anamın qisasını almaq üçün yaşayıram”

25.07.2014 | 09:34

loqo22“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının müsahibi Xocalı faciəsi zamanı hər iki valideynini itirən Samir İbrahimovdur.

Xocalı faciəsi zamanı cəmi 8 yaşı olan Samirin sevincli, xoşbəxt günlərinə son qoyulur və bir anın içində dünyanın bütün kədəri, qəmi onun çiyinləri üzərinə düşür.

Samir yaşadığı ağrı-acılı  günləri, keçirdiyi iztirabları bizimlə bölüşüb.

Samir İbrahimov  1992-ci il fevralın 25-26-na keçən gecə Xocalı faciəsi zamanı həm ata, həm də anasını itirir. 11 yaşlı qardaşı Sabirləəl-ələ verib bu ağrılı acılı həyatı yaşayırlar.

 

Fevralın 25-26-na keçən gecə həyat bizim üçün qara rəngə boyandı

 

Samir, 1992-ci fevralın 25-26-na keçən gecən xatirənizdə necə qalıb. O kədərli gün barəsində nə deyə bilərsiniz?

 

– Həyatımın ən tükürpədici və unudulmaz günüdür. O vaxt mənim 7 yaşım var idi. Fevralın 25-26-na keçən gecə bir anın içində 100 yaş qocaldım. Atam Əlixan İbrahimov o zaman əlinə silah alıb torpaq uğrunda vuruşurdu. O Allahverdi Bağırovun dəstəsində döyüşüb. Xocalı uğrunda gedən döyüşlərdə atam fəal idi. Tez-tez evə gəlib bizə baş çəkirdi. Anama, nənəmə, qardaşıma və mənə deyirdi ki, qorxmayın Xocalının mərd igid oğulları qoymaz ki, erməni bu torpağa ayaq bassın. Erməninin cürəti çatmaz Xocalını alsın. Beləcə döyüş gedən günlər ərzində bir neçə dəfə atam evə gəlib bizə təsəlli verirdi. Və nəhayət ayın 25-i günü ermənilər tərəfindən atılan güllə səslərinin sayı azalmaq əvəzinə daha da artmışdı. O vaxt uşaq idim güllə səsini eşitməmək üçün qulağımı bərk-bərk tutsam da xeyri yox idi. Qorxudan ağlayırdım. Anam Fatma İbrahimova məni sakitləşdirməyə çalışırdı ki, ağlamayım birdən ermənilər səsimizi eşidər və evimizə hücum edərlər. Və anamın qorxduğu hadisə başımıza gəldi. O gecə atam yaralı vəziyyətdə evə gəldi və anama tez hazırlaşıb burdan getməli olduğumuzu dedi. Anam qardaşım və mənim üçün çörək götürmək istəyən zaman gördük ki, evimiz bir anın içində güllə yağışına tutuldu. Ermənilər evimizin qapısını qırıb içəri daxil oldular. Atamın yaralı olduğunu görüb onu gözlərimizin önündəcə yarasından vurub sürüyə-sürüyəəsir apardılar. Sonradan öyrəndik ki, atam əsirlikdə ölüb. Ona elə işgəncələr veriblər ki, o ağrılara dözə bilməyib ölüb. Evimizə çoxlu sayda erməni daxil olmuşdu. Onlardan bir neçəsi atamı əsir apardı. Bir neçəsi isə anamı gözümün qabağındaca saçından sürükləyə-sürükləyə apardılar. Anamı apararkən onun etiraz fəryadı, uşaqlarımı incitməyin deyə qışqırtısı  hələ də qulağımdadır. İndiyə qədər də anamdan xəbər yoxdur. Bilinmir sağdır ya ölüb. Qardaşım Sabirlə məni isə bir neçə erməni gədəsi UAZ maşınına mindirib apardılar. Mənim 8, qardaşımın isə 11  yaşı var idi. Hər ikimiz çox qorxurduq. Bilmirdik ki, başımıza nə gələcək. Mən elə hey “Anamı istəyirəm” deyib ağlayırdım. Bax beləcə fevralın 25-26-na keçən gecə mən və qardaşım Sabir üçün qara rəngə boyandı.

 

Erməni mənə elə təpik vurdu ki, huşum getdi

 

– Bildirdiniz ki, ermənilər size və qardaşınızı maşına mindirib apardılar. Hara apardılar və maşında sizdən başqa kimlər vardı?

 

– Maşında mənim həmyaşıdlarım, birlikdə oyunlar oynadığımız dostlarım var idi. Bizim hər birimiz başımıza nələrin gələcəyindən qorxurduq.  Maşında uşaqlar və qadınlar da var idi. Maşından düşən kimi ermənilər bizi donuz tövləsinə saldılar. Orada daxil olanda gördük ki, nə qədər qadınlar və uşaqlar var. Onların hər birinin üzünə baxanda “birazdan öləcəyik“ ifadəsi oxunurdu. Çünki ermənilər 30 dəqiqədən bir tövlənin qapısını açıb ürəkləri kimi istəyirdisə onu aparıb döyüb gətirirdilər. Hansı uşaq çox ağlayardısa ona elə vururdular ki, o uşağın bir daha səsi çıxmırdı. Qardaşım məndən böyük olduğu üçün məni bərk-bərk qucaqlayıb sakitcə durmuşdu. Amma mən sakit durmurdum. Elə hey ağlayırdım. Ağlayarkən anamı gətirin deyə ermənilərə səslənirdim. Onlar mənim sakit olmağım üçün elə təpik vururdular huşum gedirdi. Bir dəfə ağlayan zaman ermənilərdən biri mənə necə təpik vurdusa tövlənin bir səmtindən digər səmtinə məcazi mənada desək “uçdum”. Qardaşım elə bildi ki, mən öldüm. Bir neçə saatdan sonra özümə gəldim.

 

– Sizə qidalanmaq üçün nə verirdilər?

 

-Nəsə verirdilər. Amma verdiklərini heç it də belə yeməzdi. Quru çörəyə bənzəyirdi. Bəziləri işgəncələrə tab gətirmək üçün yeyirdi. Bəziləri isə “Ölüm canım qurtarsın” deyə düşünüb dilinə heç nə vurmurdu. Uşaqlar ac olduqları üçün ağlayırdılar. Anaları onlara ermənilərin verdiyi quru çörəyə  bənzər təamı verirdilər ki, yesinlər. Amma nə mən, nə də ki, əsirlikdə olan uşaqlar onu yeyə bilmirdilər. Çünki yeyiləsi durumda deyildi.

Qadınlar qucaqlarında olan körpəyə zərər gəlməməsi üçün özlərini ölümə atırdılar

 

 

Əsirlikdə neçə gün qaldınız?

samir55

– Qardaşımla birlikdə 5 gün əsir həyatı yaşadım. Amma o 5 gün bizim üçün bir ömür demək idi. Qadınları inanılmaz dərəcədə təhqir edirdilər. Onları söyürdülər, aşağılayırdılar, bəzilərinə dəhşətli işgəncələr verirdilər. Mən uşaq olmağıma baxmayaraq anladım ki, Azərbaycan qadını necə də dözümlüdür. Onlar ermənilərin təhqirlərinə, aşağılamaqlarına, təpiklərinə, silahın qundağı ilə vurulan zərbəyə tab gətirirdilər. Bəzi qadınlar qucaqlarında olan körpəyə zərər gəlməməsi üçün özlərini ölümə atırdılar.

 

Necə oldu ki, əsirlikdən qurtula bildiniz?

 

-Milli Qəhrəmanımız Allahverdi Bağırovun sayəsində əsirlikdən azad olduq. O eşitmişdi ki, Əlixanın oğlanları əsir düşüb. Bizim azad olunmağımızda onun böyük rolu olub. Bir də gördük ki, tövlənin qapısı açıldı və ermənilər qardaşımla məni sürüyə-sürüyə harasa apardılar. Bizi və bir neçə xocalılını maşına mindirdilər.  Qorxudan nə edəcəyimizi bilmirdik. Bilmirdik bizi işgəncə verməyə aparırlar ya öldürməyə. Birdə gördük ki, sərhəddəyik.  Və bizi azad etdilər. Sevincimizin həddi- hüdudu yox idi. İnana bilmirdik ki, biz vəhşi ermənilərin əlindən nə zamansa azad olarıq. Azad olunan zaman gördük ki, bizimkilər bir neçə erməni cəsədi vəəsir qarşılığında bizi azad ediblər.

 

Əsirlikdən azad olundan sonra özünüzü necə hiss edirdiz?

 

Hər yerim yara içində idi. Bədənimin ağrımayan yeri yox idi. Azad olunandan sonra bədənimə su dəyən zaman vücudumun necə göynədiyini hiss etdim. O   günləri xatırlayarkən  ağrılar sanki yenidən baş qaldırır.

 

– Hərbi xidmətdə olmusunuzmu?

Füzulidəəsgərlikdə olmuşam. Hərbi xidmətdə olan zaman ele hey doğma torpağıma sarı getmək istəyirdim. İnşallah Ali Baş Komandan İlham Əliyev müharibəəmri verər mən silah alıb döyüşə yollanaram. Atamın və anamın qisasını ermənilərdən almaq üçün yaşayıram.

 

Ananız haqda məlumatınız varmı?

 

-Xeyr anam barədə heç bir məlumatım yoxdur. Sonuncu dəfə fevralın 25-26-na gecə ermənilər anamı əsir aparan zaman görmüşəm. Anamın işgəncə ilə aparılması və onun qışqırtısı hələ də qulağımdadır.  Anamın atası babam və dayım  anamı çox axtardılar. Amma bu günə kimi bir adam nə anamı gördüyünü deyir, nə də öldüyünü… Anam haqqında danışmaq istəmirəm. Yaralı yerimdir. Heç olmasa öldü xəbərini eşitsəm az da olsa rahat olaram ki, işgəncələrdən canı qurtarıb… Nəysə…

 

– Xocalıya getsəniz ilk olaraq haranı ziyarət etmək istərdiniz?

 

İlk olaraq böyüdüyüm evi görmək istəyirəm. Doğmalarımın məzarını ziyarət edərəm.

 

Günel Cəlil

“KarabakhİNFO.com”

25.07.2014 09:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*