All posts by karabakh karabakh

Fazil Mustafanın yeni kitablarının təqdimat mərasimi keçirilib

22.04.2019 | 11:40

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın yeni kitablarının təqdimat mərasimi keçirilib.

ONA-nın xəbərinə görə, “5 ilin 5 kitabı” adlı təqdimat mərasimini açıq elan edən professor Qulu Məhərrəmli bildirib ki, əslində F.Mustafanın bu il bir kitabı çapdan çıxsa da, son beş il ərzində çap olunan kitabların təqdimat mərasimi keçirilmədiyindən, bu kitabların da birlikdə təqdim olunması qərarına gəlinib.

F.Mustafa çıxışında deyib ki, Azərbaycan cəmiyyətində kitabın təbliği, mütaliənin vacibliyi ilə bağlı bir hərəkətlənmə müşahidə olunur: “Ona görə qərara gəldik ki, biz də bu prosesə öz töhfəmizi verək”.

Deputat, professor Fəzail İbrahimli bəzən F.Mustafanın fikirləri ilə razılaşmasa da, hadisələrə özünəməxsus baxışının olmasını çox bəyəndiyini vurğulayıb.

Yazıçı-deputat Aqil Abbas F.Mustafanın kitablarının onun üçün stolüstü kitabı olduğunu söyləyib: “Hüquqşünas olsa da, onun publisistikası su kimi içilir”.

Sabiq deputat, professor Rəbiyyət Aslanova Azərbaycanda ictimai fikrin inkişafında və milli özünüdərk prosesində F.Mustafanın mühüm xidmətləri olduğunu vurğulayıb: “Onun düşüncələrində kollektiv təfəkkür tərzinə qarşı bir üsyan var. Bəzən bəyənilməsə belə, cəmiyyətimizdə belə adamlara həmişə ehtiyac var. Mən özüm də elmi məqalələrimdə Fazil bəyin məqalələrinə istinad edirəm”.

Akademik Rafiq Əliyev F.Mustafanın ziyalılıq modeli ilə bağlı fikirlərinə diqqət çəkib: “Ziyalı, sizin göstərdiyiniz kimi, hər şeyə – özünə də, dostlarına da müxalif olmaqdır”.

Professor Paşa Qəlbinur F.Mustafanın yazılarında şəxsiyyət probleminə toxunub.

Deputat Musa Quliyev F.Mustafanın sözünü özündən qabaq tanıdığını deyib: “Onun yazılarında dövlətçilik və maarifçilik ana xətti təşkil edir. Qəribədir ki, biz başqa yerdə yox, məhz kitab nəşriyyatında tanış olmuşuq”.

Deputat Jalə Əliyeva F.Mustafanın həqiqəti görmək və dilə gətirmək qabiliyyəti ilə seçilən ziyalılardan olduğunu vurğulayıb: “O, maarifpərvər ziyalı kimi tarixdə qalacaq”.

ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı diqqəti mərasimdə iştirak edən kontingentə yönəldib: “Cəmiyyətimizdə həm hökumət, həm də müxalifət tərəfdarlarını, həm dindarları, həm də ateistləri bir masa arxasına gətirməyi bacaran şəxslər çox azdır. Onlardan biri də Fazil Mustafadır. Onun ən mühüm missiyalarından biri də tarixi simvolları müzakirəyə çıxarmaqla onları insanlaşdırmaq və insanlara doğmalaşdırmaq bacarığıdır”.

Deputat Elxan Süleymanov Azərbaycan cəmiyyətinin doğru düşüncəyə ehtiyacının olduğunu, F.Mustafanın bir ziyalı kimi bu məsələdə məsuliyyətdən yayınmadığını söyləyib.

Akademik Muxtar İmanov şəxsi mənafeləri milli mənafeyə qurban verə bilməyənlərin F.Mustafanın yazılarında ciddi tənqid olunduğunu deyib: “Onun yazıları bugünkü problemlərimizə işıq tutmaqda böyük rol oynayır”.

Sabiq deputat Gülər Əhmədova F.Mustafanın doğru bildiyi dəyərləri qibtə olunacaq qətiyyətlə müdafiə etmək qabiliyyətini yüksək qiymətləndirib: “O, materialist deyil, mərd və insani keyfiyyətləri isə güclü imanından qaynaqlanır”.

Deputat Flora Qasımova və yazıçı Aysel Əlizadə cəmiyyətin problemləri üzərinə özünə zərər versə belə, getməkdən çəkinmədiyi üçün F.Mustafaya təşəkkür ediblər.

Sonda müəllif mərasim iştirakçıları üçün kitab imzalayıb.

ONA.az

İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər

19.04.2019 | 17:47

Bu günlərdə İsrailin KİV təmsilçilərindən ibarət nümayəndə heyəti – “Israel Hayom” və “The Jerusalem Post” qəzetlərinin jurnalistləri, İsrailin 124-cü beynəlxalq televiziya kanalının, habelə, “Los Angeles Times” qəzetinin Qüds bürosunun müxbirləri Azərbaycanda səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Den” informasiya-analitik proqramının birbaşa efirində nümayiş etdirilən “İsrailli jurnalistlər Azərbaycana səfər ediblər” adlı süjeti şərh edərək bu barədə danışıb.

Arye Qut deyib: “Mənim rəhbərlik etdiyim təşkilat son 5 ildə qarşıya qoyduğu əsas məqsəd İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında strateji münasibətləri möhkəmləndirmək, inkişaf etdirmək və dərinləşdirməkdir. İsrailli jurnalistlərin Azərbaycana səfəri layihəsi jurnalistika baxımından uğurlu, yaradıcı və çox maraqlı olub. Biz həm İsrailin aparıcı KİV-lərinin nümayəndələrini Azərbaycana gətirməyə nail olduq, həm də Amerikada çıxan “Los Angeles Times” qəzetinin nümayəndəsini dəvət etdik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi israilli jurnalistlərin səfərinin həyata keçirilməsində mühüm rol oynadı”.

İsrailli ekspertin sözlərinə görə, hər iki ölkə mürəkkəb geosiyasi əhatədə olmasına baxmayaraq, İsrail və Azərbaycan arasında möhkəm və güclü tərəfdaşlıq yaradılıb, onların qarşılıqlı etimadı və siyasi dialoqu ən yüksək səviyyədədir, ticari-iqtisadi dövriyyənin həcmi 3,5 milyard dollara çatır. İki dövlət arasında qarşılıqlı münasibətlərin strateji əsaslarından biri energetika sahəsidir.

Arye Qut deyib: “Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan, eyni zamanda, bir sıra başqa etnik və dini qruplar, o cümlədən xristian və yəhudi icmaları üçün doğma evdir. Hətta 30 ilə yaxın bundan əvvəl Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlananda da Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülhü və harmoniyanı qoruyub saxladı. Burada yəhudilərlə azərbaycanlılar əsrlərboyu doğma qardaşlar kimi yaşayıblar və indi də belədir, onları ortaq tarix və ortaq tale bağlayır. Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş etnik təmizləməyə və təcavüzə, ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycanda milli və etnik azlıqlara münasibət dəyişməyib. O, əvvəlki kimi yenə də millətlərarası və konfessiyalararası dialoq məkanının əsl nümunəsidir. Humanizm, tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasını təşkil edir. Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin daha da inkişaf etdirilməsi və möhkəmlənməsi üçün siyasi və sosial şərait yaradılması, bu dəyərlərin stimullaşdırılması istiqamətində zəruri tədbirlər görülüb. Bu gün Azərbaycan intensiv inkişaf edən müstəqil və güclü dövlətdir, Cənubi Qafqazda demək olar ki, bütün geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan dünya və region dövlətlərindən asılı olmayan çoxvektorlu xarici siyasət yürüdür”.

Ekspert qeyd edib ki, israilli jurnalistlərin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev, müdafiə nazirinin müavini general Kərəm Vəliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov, habelə Azərbaycanda sülh və harmoniya şəraitində yaşayan müsəlman, yəhudi və xristian dini konfessiyalarının rəhbərləri ilə görüşmək, onlardan müsahibələr götürmək üçün imkan yaradılıb.

Arye Qutun sözlərinə görə, israilli jurnalistlər iki gün ərzində cəbhəyanı zonada – 27 ildən artıq Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri ilə hərbi təmas zonasında olublar. Arye Qut deyib: “Bu, 3 il bundan əvvəl döyüş əməliyyatları yeri olmuş əraziyə İsrail KİV nümayəndələrinin ilk tarixi səfəri idi. 2016-cı il aprelin əvvəlində Azərbaycan Ordusu erməni tərəfin hərbi provokasiyasına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı hərbi zərbə endirib. Heç kəs üçün sirr deyil ki, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir.

İsrailli jurnalistlər Tərtərdə və Cocuq Mərcanlıda Azərbaycan Ordusunun əsgərləri və zabitləri ilə görüş zamanı bir daha yəqin ediblər ki, bugünkü Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda müasir texnikaya və silahlara malik olan, şəxsi heyətin yüksək intizamı və döyüş ruhu ilə fərqlənən ən güclü ordudur. İsrailli jurnalistlər bunu gördülər və yəqin etdilər”.

İsrailin Doqquzuncu televiziya kanalının efirində çıxış edən Arye Qut daha sonra deyib: “Biz israilli jurnalistlərlə birlikdə Füzuli rayonunun erməni işğalçılar tərəfindən dağıdılmış Aşağı Əbdürrəhmanlı kəndində də olduq. Vaxtilə çox məşhur olmuş bu kəndin yerində son 27 ildə yaşayış məhəllələrinin xarabalıqları, viran edilmiş məktəblər və yaşayış binaları, vəhşicəsinə dağıdılmış qəbiristan qalıb. İsrailli jurnalistlər erməni işğalçıların törətdiyi vandalizmin və qəddarlığın nəticələrini, atəşə tutulub dağıdılmış məzarları öz gözləri ilə gördülər. Bu dəhşətli mənzərəni görəndə düşünürsən ki, işğalçılar bu torpaqda uyuyan ölülərdən də qorxurlarmış. Elə bil burada həyat çoxdan dayanıb. Aşağı Əbdürrəhmanlı kəndində törədilmiş dağıntıları görəndə aydın olur ki, işğalçılar həm müharibə dövründə, həm də müharibədən sonra bu kəndi məhv etmək üçün xüsusi canfəşanlıqla çalışıblar. İşğalçılar burada dağıdıla biləcək nə varsa hamısını ardıcıl və məqsədyönlü şəkildə dağıdıb, məhv ediblər”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Den” informasiya-analitik proqramının birbaşa efirində nümayiş etdirilən “İsrailli jurnalistlər Azərbaycana səfər ediblər” süjetinin şərhini bu sözlərlə tamamlayıb: “Daha sonra israilli jurnalistlər məşhur Cocuq Mərcanlı kəndində olublar. İsraillilərin heç biri inana bilmirdi ki, bu Azərbaycan kəndi cəmi bir neçə il bundan əvvəl erməni işğalçılar tərəfindən dağıdılıb və məhv edilib. Bu kənddə gördükləri real mənzərə bütün gözləntilərdən üstün oldu. Cəbhənin ön xəttində yerləşən kənd bu gün öz gözəlliyi və yenidən qurulmuş infrastrukturu sayəsində Azərbaycanın paytaxtındakı hər hansı qəsəbədən demək olar ki, heç nə ilə fərqlənmir. Biz kəndin dinc sakinləri ilə, uşaqlarla, məktəb direktoru – taleyi bu kəndlə bağlı bütün dəhşətli və qanlı hadisələri əks etdirən Zamin Həziyevlə görüşüb söhbət etdik.

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

19.04.2019 | 11:37

Aprelin 17-də Çinin Sinxua agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsini dərc edib.

AZƏRTAC müsahibəni təqdim edir.

-Ötən il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 26-cı ildönümü qeyd edilib. Cənab Prezident, Siz Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyətinə dair nə deyə bilərsiniz? Azərbaycanın xarici siyasətində Çinlə bağlı mövqeyi necədir?

-1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çinə səfər etdi və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoydu. Həmin vaxtdan bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Azərbaycan və Çin dost ölkələrdir. Mənim Çinə 2005-ci ildəki rəsmi və 2015-ci ildəki dövlət səfərlərim ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirməklə yanaşı, birgə iradəmizi bir daha təsdiq etdi.

Fəal siyasi təmaslarımız mövcuddur. Eyni zamanda, iqtisadiyyat sahəsində də fəal əməkdaşlığımız var. Azərbaycan Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və biz daha çox Çin şirkətlərini ölkəmizdə investor, ticarətçi və podratçı qismində görmək istəyirik. Azərbaycanda çox münbit sərmayə mühiti olduğundan biz sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görməyə ümid edirik.

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. Bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılmışdır. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

Humanitar sahədə əməkdaşlığımızın yaxşılaşdırılması münasibətlərimizin inkişafında vacib rol oynaya bilər. Düşünürəm ki, təhsil sahəsində daha fəal əməkdaşlığa ehtiyac var.

Azərbaycan özünün turizm sənayesinin inkişafına böyük diqqət ayırır və biz son illər bu istiqamətdə mühüm uğurlar əldə etmişik. Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir.

Çinlə əlaqələr bizim xarici siyasətimizin prioritetlərindəndir. Əminəm ki, qarşıdan gələn illərdə Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək və güclənəcəkdir.

-Sizin 2015-ci ildə Çinə səfəriniz zamanı Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalandı. Son illər ərzində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində iki ölkə tərəfindən əldə edilən irəliləyişi necə qiymətləndirirsiniz? “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığı üçün hansı sahələr prioritet təşkil edəcəkdir?

-Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.

Biz dəmir yolu infrastrukturumuzun müasirləşdirilməsinə sərmayə yatırırıq. Ötən ilin may ayında biz Xəzər dənizində 15 milyon ton yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq liman istifadəyə verdik. Ehtiyac olduğu təqdirdə, onun imkanları 25 milyon tona qədər artırıla bilər. Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatar yük daşınmışdır.

Coğrafi yerləşməmizdən istifadə edərək, biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Bizim ölkə tarixi İpək Yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb.

-Bildiyiniz kimi, bu ay Pekində “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu keçiriləcəkdir. Əməkdaşlığın dərinləşdirilməsi və bəşəriyyət üçün birgə gələcəyin qurulması baxımından bu layihə ilə bağlı gözləntiniz nədən ibarətdir?

-Əminəm ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır. Bu layihələr geosiyasi vəziyyətə təsir edir, sabitliyə və proqnozlaşdırıla bilməyə töhfə verir və qarşılıqlı asılılıq yaradır. Qonşularsız biz tranzit ölkəyə çevrilə bilmərik. Yəni, bu, dövlətlərdən ibarət zəncirdir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərindəyik. Bununla da biz qitələri və ölkələri birləşdirir və daha da proqnozlaşdırıla bilən gələcək qururuq.

“Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə, sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Bu layihə mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir. Ümid edirəm ki, “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu bu istiqamətdə növbəti addım olacaq və məhsuldar müzakirələrin aparılması üçün yaxşı imkan yaradacaq.

-Bu il Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü qeyd olunur. Son illər ərzində Çinin inkişafını necə qiymətləndirirsiniz?

-Əsrlər boyu Çin xalqı özünün qədim tarixi ənənələri və zəngin mədəniyyəti ilə bəşər sivilizasiyasının inkişafına töhfəsini verib. Çin Xalq Respublikası yarandığı tarixdən böyük inkişaf yolu keçib. Çin rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkə misilsiz nailiyyətlər əldə edib. Güclü iqtisadi inkişaf, ölkədaxili sabitlik və təhlükəsizlik, əhalinin yüksələn rifahı bunun aydın göstəricisidir. Biz Azərbaycanda Çinin müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətləri maraqla izləyirik.

Əminəm ki, Çin inkişaf, firavanlıq və tərəqqi yolu ilə getməkdə davam edəcəkdir. Bu işdə Çin xalqına və onun rəhbərliyinə yeni uğurlar diləyir, Çin Xalq Respublikasının yaranmasının qarşıdan gələn 70-ci ildönümü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

XİN sosial şəbəkədə işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlərə dair məlumatı əks etdirən hesab yaradıb

17.04.2019 | 14:44

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daima diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, bu xüsusda, Nazirlik tərəfindən “Twitter” sosial şəbəkəsində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə dair məlumatı əks etdirən “Armenian Occupation Watch” (https:// twitter.com/ArmenOccupWatch) adlı hesab yaradılıb. Sözügedən “Twitter” hesabında bir sıra xarici dövlətlərdə qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin ölkəmizin işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətə cəlb olunması ilə bağlı məlumatlar, faktlar və foto şəkillər yerləşdirilir.

Paylaşılan məlumatlarda xarici fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünün pozulması halları, xüsusilə işğal olunmuş ərazilərdə birbaşa və ya dolayısı ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi diqqətə çatdırılır və bu fəaliyyətə son qoyulmasına çağırış əks olunur.

Trend: