Azərbaycanca

Avropa İttifaqının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi

13.12.2012 | 14:47

1355395673_eu-flagƏhəmiyyətli iqtisadi potensiala malik, habelə siyasi güc mərkəzlərindən biri olan və siyasi, iqtisadi və sosial inteqrasiya modelinə çevrilmiş Avropa İttifaqı ilə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq  Azərbaycanın xarici siyasət doktrinasında  prioritet istiqamətlərindən biri kimi  müəyyənləşdirilmişdir. Müstəqilliyinin ilk illərində Ermənistan tərəfindən təzavüzə məruz qalmış Azərbaycan DQMV-də ermənilərin etnik separatçılığı ilə mübarizəyə cəlb olunmuş, münaqişənin ağır nəticələrini aradan qaldırmaq, işğal altında olan ərazilərdə öz dövlət suverenliyini bərpa etmək və ölkənin ərazi bütövlüyünü təmin etmək, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunması məqsədilə müvafiq beynəlxalq tribunalara çıxış əldə edərək bu məsələ ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətə xüsusi önəm vermişdir. Bundan savayı,  təbii enerji mənbəyi olan zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan bu amili öz dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlara uyğun şəkildə istifadəsi yönündə ciddi səylər göstərməsini zəruri etmişdir.Qloballaşma şəraitində təbii enerji ehtiyatlarının geosiyasi vəziyyətə təsir göstərə bilmək imkanlarının artması, dünyanın əsas güc mərkəzlərinin enerji mənbələrinə çıxış əldə etmək və öz enerji təhlükəsizliyini təmin etmək məqsədilə onların təhlükəsiz ixrac yolları uğrunda ciddi səylər  göstərdikləri dövrdə zəngin enerji ehtiyatları amilinin dövlət müstəqilliyinin və ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsi, eləcə də siyasi və iqtisadi  inkişafının təmin edilməsi, müasir texnologiyalara çıxış əldə edilməsi, xarici sərmayələrin qoyuluşuna nail olunması Azərbaycanın qarşısında duran başlıca vəzifələrdən biri olmuşdur.

Qeyd olunmalıdır ki, Avropa İttifaqı üçün Şimal-Cənub və Şərq-Qərb strateji xətlərinin kəsiyində yerləşən Cənubu Qafqaz dövlətləri, xüsusən də təbii enerji ehtiyatları baxımından zəngin olan Azərbaycan Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edirdi. Bu əməkdaşlıq Avropa ölkələrinə təbii enerji daşıyıcılarının alternativ yollarla nəqli və onların enerji təhlükəsizliyinin təmin edilməsi, Avropa və Asiya ölkələri arasında malların ucuz və təhlükəsiz daşınması üçün Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin formalaşması, müasir texnologiyaların yeni müstəqillik əldə etmiş dövlətlərdə tətbiq edilməsi, demokratik dəyərlərin bu ölkələrdə genişlənməsi kontekstində Avropa İttifaqının maraqlarına tam cavab verirdi.

Beləliklə, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.Avropa İttifaqı üçün Azərbaycan bir tərəfdən, enerji hasilatçısı, digər tərəfdən isə Mərkəzi Asiya ölkələrindən  karbohidrogen ehtiyatlarının ölkə ərazisindən tranzitinin, habelə bölgənin təbii enerji daşıyıcılarının alternativ dəhlizlərlə, yəni diversifikasiya edilmiş marşrutlarla Avropa bazarına çatdırılmasının  mühüm təminatçısı rolunu oynayır.

Avropa İttifaqı ilə əməkdaşlıqda Azərbaycanın diqqət yetirdiyi  mühüm məsələrdən birincisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq və  ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində Aİ-nın səylərinin artırılması ilə  bağlı fəaliyyətidır.

Qeyd etmək lazımdır ki, Avropa Birliyi (Aİ) 1992-ci il mayın 22-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk bəyanatını vermiş, Dağlıq Qarabağ bölgəsində döyüşlərin intensivləşməsindən narahatlıq duyduğunu ifadə etmiş, “siyasi məqsədlərə nail olmaq üçün güc tətbiq edilməsini qəti şəkildə” pisləmişdir. Eləcə də “Azərbaycan və erməni əhalisinin fundamental hüquqları mövcud sərhədlər məzmununda tam şəkildə bərpa edilməli”, “eyni səviyyəli mühafizə ilə təmin olunmaq hüququna malik” olduqlarını bildirmişdir.Birlik tərəfləri təmkinlik nümayiş etdirməyə,ATƏM prosesinə konstruktiv töhfə verməyə  və münaqişə tərəflərini Dağlıq Qarabağ üzrə ATƏM-in Sülh Konfransının tezliklə keçirilməsi istiqamətində iş aparmağa çağırmışdır.

Dağlıq Qarabağa dair növbəti bəyanatları 1992-ci il iyunun 18-də, 1993-cü il aprelin 7-də, həmin il iyunun 24-də, sentyabrın 3-də və noyabrın 9-da verilmişdir. Dağlıq Qarabağa dair son bəyanatda Birlik və ona üzv olan ölkələr “Dağlıq Qarabağda getdikcə genişlənən Azərbaycan ərazisini işğal edən yerli erməni qoşunlarının hücumlarını”pislədiyi, bunun Azərbaycanda çox ciddi qaçqın problemi meydana gətirdiyini və qonşu ölkələri qatmaqla regional təhlükəsizliyi getdikcə azaltdığı qeyd olunurdu. Bəyanatda bölgə dövlətlərinin ərazi bütövlüyü və suverenliyi Avropa İttifaqı tərəfindən təsdiqləndiyi ifadə olunurdu.Habelə Ermənistan hökumətini “Azərbaycan ərazisində hücumlar həyata keçirən yerli erməni hərbi birləşmələrinin bu cür hücumlarını genişləndirmək üçün onlara maddi yardımın verilməməsini təmin etməyə” çağırmışdır.

Avropa İttifaqının Sədrliyi adından 1994-cü ildə də münaqişə ilə bağlı bir neçə kommunikelər yayımlanmış və burada da Azərbaycanın ərazi bütövlüyü prinsipinin təsdiqləndiyi ifadə olunsa da,  Ermənistan işğalçı tərəf kimi göstərilməmişdir. Ümumiyyətlə, Aİ-nın Dağlıq Qarabağa dair qəbul etdiyi bəyanatlar mahiyyətcə BMT TŞ-nın 822,853,874 və 882 saylı qətnamələrindən fərqlənmir, təcavüzə uğrayan tərəflə işğalçı tərəf  arasında fərq qoymamış və əsası təcavüzkara   münasibətdə sanksiyalar  tətbiq etməyi nəzərdə tutmamışdır. Eləcə də münaqişənin əsl səbəbləri, xarakteri və iştirakçıların motivləri obyektiv göstərilməmiş, məsələyə neytral mövqedən yanaşma və loyal münasibət nümayiş etdirilmişdir. Bu dövrdə Aİ ölkələri daha çox diqqətlərini Balkanlardakı münaqişələrə yönəltmiş, Dağlıq Qarabağ və onun ətrafındakı proseslərin dərindən öyrənilməsi üçün səylər və qəti mövqe bildirməyə ciddi meyl göstərməmişlər.1990-cı illərdə siyasi cəhətdən sürətlə formalaşmaqda olan Aİ –nın Cənubi Qafqazda  və bölgədə baş verən proseslərə az maraq göstərmiş və ehtiyatlı mövqe nümayiş etdirmişdir. AI-nin Cənubi Qafqazdakı münaqişələrə, o cümlədən Dağlığ Qarabağ münaqişəsinə belə ehtiyatlı münasibəti  1990-cı illərdə qurumun daha çox iqtisadi təmayüllü olması və onun siyasi  məsələlər və təhlükəsizlik sahəsində fəaliyyətinin hələ formalaşmaqda olması ilə bağlı idi.

Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə edən əsas hadisələrdən biri 2003-cü ildə baş vermişdir.

Təşkilat münaqişənin həlli üçün kommunikasiya xətlərinin açılması müqabilində Azərbaycanın işğal olunmuş rayonlarından beşinin geri qaytarılmasını təklif etmişdir.Bu təklif uzun müddət müzakirə obyektinə çevrilmiş və hələ də öz aktuallığını saxlamaqdadır.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma “prezident seçkiləri”ni pisləyən və münaqişənin sülh yolu ilə həll edilməsinin əsası kimi Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən Bəyannaməsi 2 avqust 2002-ci ildə Avropa İttifaqı Sədrliyi adından  verilmişdi: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edir və bir daha bəyan edir ki, o, Dağlıq Qarabağın müstəqilliyini tanımır” fikri ilə öz mövqeyini ifadə etmişdir.

Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ehtiyatlı münasibəti bu beynəlxalq qurumun Azərbaycan və Ermənistan ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ilin noyabrında imzaladığı Fəaliyyət Planlarında özünü bir daha nümayiş etdirmişdir.Fəaliyyət Planlarının müvafiq olaraq “Məqsədlər və fəaliyyətlər” bölməsində ümumiləşdirilmiş siyasi məsələlərə dair müddəalar demək olar ki,oxşardır.Sənədlərdə Azərbaycan və Ermənistanla bağlı konkret məsələlər üzrə təkliflərdə fərqlər vardır. Məsələn, FP-nın “Fəaliyyət üçün prioritetlər”, habelə “Əsas məqsəd və fəaliyyətlər” hissələrində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı prinsipial xarakterli fərqlər öz əksini tapmışdır. Azərbaycanla imzalanan Fəaliyyət Planının giriş hissəsində ərazi bütövlüyü məsələsinə toxunulmuşdur.Sənəddə Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq “suverenliyə dəstək və hörmət”, “ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış ərazilərin toxunulmazlığı” vurğulanmış, həmçinin “tərəflərdən birinin bu norma və prinsipləri pozması dərhal Fəalyyət Planının dayandırılmasına gətirib çıxaracaq” ifadəsi yer almışdır. Lakin Avropa İttifaqının Ermənistanla imzalanmış Fəaliyyət planının giriş hissəsində isə ərazi bütövlüyü ilə bağlı heç bir qeyd yoxdur. Ermənistanla əməkdaşlığın “tərəflərin bölüşdüyü dəyərlərə”, “siyasi, iqtisadi və institusional islahatların aparılmasına” sadiqlik əsasında qurulması göstərilmişdir.

Fəaliyyət Planlarında “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək” prioritet sahəsi üzrə göstərilmiş dörd fəaliyyətdən biri ciddi şəkildə fərqlənir. Azərbaycanla imzalanmış Fəaliyyət Planında (FP) “BMT TŞ-nın müvafiq qətnamələri və ATƏT-in sənəd və qərarları əsasında ATƏT-in Minsk Qrupunun münaqişəni həll etmək istiqamətindəki səylərinə siyasi dəstək vermək” tövsiyyə olunduğu halda, Ermənistanla imzalanmış FP-da bu sahədə fəalyyət “İnsanların öz müqəddəratını həll etmək prinsipi də daxil olmaqla ATƏT-in Minsk Qrupunun münaqişənin tənzimlənməsi ilə bağlı norma və prinsiplərə əsaslanan səylərə siyasi dəstək vermək” kimi göstərilmişdir.

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyi növbəti dəfə 20 may 2010-cu ildə qəbul etdiyi “Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair tələb”adlı qətnaməsində ifadə olunmuşdur.

Qətnamənin 9-cu maddəsi Azərbaycana, 6-11-ci maddələri isə bilavasitə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur. 7-ci maddədə Aİ-nin “ATƏT-in Minsk Qrupunun sülh cəhdlərini, eləcə də Minsk Qrupunun həmsədr ölkələrinin Akvilla şəhərində G-8 ölkələrinin verdikləri bəyanatını, həmçinin Madrid Sənədində əks olunmuş Baza Prinsiplərini tam dəstəklədiyi” qeyd olunmuşdur.10-cu maddədə “ Dağlıq Qarabağa daxil olan və Dağlıq Qarabağ ətrafı işğal edilmiş bütün Azərbaycan torpaqlarının dərhal boşaldılması mövqeyinə inandığı”nı ifadə etmiş, “BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını tələb” etmişdir.(maddə 8)

Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində keçən dövr ərzində dəyişikliyin baş verməsi hiss edilməkdədir. Əgər əvvəllər münaqişə ilə bağlı bu qurumun mövqeyi ehtiyatlı və amorf xarakter daşıyırdısa ( qurumun qəbul etdiyi rəsmi sənədlərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı əksini tapmamışdır), sonra, daha dəqiq desək 2010-cu ildə qəbul edilmiş qətnamədə  artıq işğal faktı təsbit edilmiş və Dağlıq Qarabağ da daxil olmaqla, bütün işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması zərurəti göstərilmişdir. Lakin Avropa İttifaqı işğalçıya münasibətdə malik olduğu imkanlardan istifadə etməklə təsir göstərib sanksiyalar tətbiq etməkdən çəkinmiş, münaqişənin həlli istiqamətində daha qəti addımlar atmaq əvəzinə passiv mövqe nümayiş etdirmişdir.

Ümumiyyətlə, Avropa İttifaqının bu qətnaməsi qurumun regional təhlükəsizlik problemleri və bölgədə mövcud münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövqeyinə tam aydınlıq gətirmişdir və təhlükəsizlik məsələlərinin həllində Aİ-nin daha yaxından iştirak etmək niyyətini ortaya qoymuşdur. Belə niyyət Avropa İttifaqı Şurasının 2012-ci ilin fevralında keçirilən iclasında Aİ xarici işlər və təhlükəsizlik siyasəti (ÜXTS)  üzrə Ali Nümayəndəsi baronessa Ketrin Eştonun “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı plan hazırlanmasının vacibliyini” ifadə etməsi ilə bildirilmişdir.  

 

Zümrüd Məlikova

 

Bakı Slavyan Universiteti

Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi

 

13.12.2012 14:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*