Azərbaycanca

“Avropada 4-5 minə yaxın əslən qarabağlı olan insan yaşayır.”

19.03.2014 | 09:43

1395207751_qarKocaeli Universitetinin müəllimi, Dos. Dr. İbrahim Şirin Qarabağ tayfalarının Türkiyədə və digər ölkələrdə yaşayışı, adət-ənənələri ilə bağlı “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verib.

İbrahim bəy “Bizim qarabağlarımız” adlı  çox önəmli bir konfrans keçirildi. Türkiyə və dünyanın müxtəlif ərazilərində yaşayan qarabağ tayfaları haqqında məlumatlat verildi, çıxışlar oldu. Türkiyədə qarabağlıların yaşamı, aədət-ənənəsi bizimlə hansı ortaqlıqları bölüşür? Onlar Türkiyəyə necə getdilər?

 

İşğal altında olan Qarabağ mən daxil bütün qarabağlıların vətənidir. Qarabağda əhali artıdqca onlar müxtəlif ərazilərə köç etmək məcburiyyətində qalıblar. Qaynaqlarda da  bu barədə məlumatlar vardır. Qarabağlılar o qədər çoxaldılar ki, yeni otlaqlar üçün qərbə doğru köç etməyə başladılar. Qarabağ oğuzları Anadolunun qərbinə, Balkanlara qədər yayıldılar. Anadolunun türkləşməsində də qarabağlıların mühüm rolu olmuşdur. Mənim də aid olduğum Qarabağ tayfasının Qarabağdan çıxma tarixi təxminən 1635-ci il olaraq bilinir. Müxtəlif ərazilərə yerləşməsinə baxmayaraq qarabağlılar özlərinin mənsub olduğu yeri bilirlər. Özlərini qoruyub saxlaya biliblər. Qarabağdan gətirdikləri mədəniyyəti hələ də yaşadırlar.

 

Qarabağdan hansı bölgələrə köçlər olub?

 

Belçikada, Almaniyada, Hollandiyada Qarabağ tayfalarının mənsubları yaşayır. Xüsusilə də Belçikada əmirdağı türkmənləri oranı özlərinə bir mənada vətənləşdirməyə çalışıblar. Çünki Qarabağda yaşayan əhali qədimdən köçəri həyat sürüb. Daha sonra oturaq həyata keçiblər. Bu vaxt əhali artdı, mal-qara çoxaldı. Ərazi darlıq edəndə yeni köçlərə başladılar. Hal-hazırda Avropada 4-5 minə yaxın əslən qarabağlı olan insanlar yaşayır. Anadoluda, Avropada yaşayan qarabağlılara Qarabağ torpağında baş verən hadisələrlə bağlı daha ətraflı bilgilər verilməlidir. Düzdür hadisələri bilirlər. Amma daha geniş bilmələri lazımdır. Qarabağ gerçəkdən bizim qanayan bir yaramızdır. Dünyanı görürsünüz. Dünyada inanılmaz qətliamlar var. Bunların sadəcə, bir qismi dilə gətirilir, mediada işıqlandırılır. Bizim, qarabağlıların şansılığı davam edir. Min illərdir ki, biz, o cağrafiyada yaşamışıq. İndi dünyanın müxtəlif ərazilərinə köç etmişik. Yenə sıxıntı yaşayırıq. Qarabağlıların digər ərazilərdə huzursuzluğunun səbəbi buradan zorla çıxmış olmalarıdır. Qarabağlıların məsələsi tarixin də çox önəmli bir məsələsidir. Osmanlının qurulmasında Qarabağdan köçən qayılar önəmli rol oynamışlar. Bir müddət sonra dövlətlə problemləri olduğu üçün indiki İran coğrafiyasına keçərək Səfəvi dövlətini qurublar.

 

Digər ərazilərə köçən qarabağlı tayfaları öz mədəniyyətlərini, ləhcələrini qoruyub saxlaya biliblər?

 

Məsələn, ölüm duası burada da orda da eynidir. Siz əgər Bolvadindəki Qarabağa gəlsəniz ləhcənin eyniliyini görə bilərsiniz. Həmin ərazidən 20 km aralıda yaşayanlarla Qarabağda yaşayanların ləhcələri fərqlidir. Azərbaycanlı türkoloq Əhməd Cəfəroğlu hələ ötən əsrdə bu kəndləri ziyarət etmişdir. Onların niyə görə dəyişməməsi onda təəccüb oyatmışdı? Dəyişməmələrinin başlıca səbəbi özlərinə qarabağlı kimliyini götürmələri, digərlərini içlərinə almamalarına görə idi. Buna görə onlar çox saf bir şəkildə qala bilirlər. Folklorlarını, inanclarını, toy adətlərinə baxdığımızda eyniliyi görə bilərik. Doğum, toy və ölüm adətlərində eyniliklər qorunub saxlanıbdır. Məsələn burada yallı orada kaftar sırtlan olaraq bilinməkdədir. Qarşılaşdırdığımızda farsca sırtlan türkcə yallı olduğu məlum olur. Kökünə baxdığımız zaman ad yallıdır. Əgər ortaqlıqları ortaya qoya biləriksə Qarabağın sadəcə bir keçid nöqtəsi deyil, hər kəsin bir vətəni, yurdu olduğu ortaya çıxacaqdır. Mən maraqlandığım üçün bilirəm.

 

“Avropada 4-5 minə yaxın əslən qarabağlı olan insan yaşayır.”Türkiyədə yaşayan qarabağlı olaraq, Türkiyə mediasının Qarabağın işğalı məsələsinə yanaşmasından razısınızmı?

 

Əlbəttə, razı deyiləm. Qarabağla bağlı, orada törədilən qətliamlarla bağlı türk mediasında bir cümlə belə getmir. Tək bir şəhid xəbəri verilmir. Burada bir savaş var. Hər gün şəhidlər verilir. Türkiyə mediasında bununla bağlı məlumatlar getmir. Mən internetdən öyrənə bilirəm. Qarabağ mövzusunda Türkiyə qardaşı Azərbaycana dəstəyi deyil, öz vətəndaşlarının yurdlarına sahib durması anlamına gəlir. Mən universitetdə oxuyanda Xocalı soyqırımı baş vermişdi. Biz, universitetdə buna qarşı aksiya etdik. O qədər az idik ki, bizim nə istədiyimizi anlaya bilmədilər. Çünki türk mediası, dünya mediası bunu vermədi, anlatmadı. Nə qədər haqlı olursunuzsa olun, güclü olmadığınız təqdirdə güclülər sizin haqlı və ya haqsız olduğunuzu müəyyən edəcək.

 

Sizcə, güclü olmaq üçün nələri etmək lazımdır?

 

İlk növbədə tariximizi yaxşı öyrənməyimiz lazımdır. Tarix topluluqları bir araya gətirmək üçün çox vacibdir. Birliyin və güclülüyün əsas ünsürlərindən biri dil birliyidir. Bu mövzuda bir sıxıntımız yoxdur. Mən sizi yaxşı anlaya bilirəm, siz də məni rahat başa düşə bilirsiniz. Ortaq bir tarix, ortaq bir dəyər üzərindən addımlamaq lazımdır. Sanki iki dövlət var və iki ayrı-ayrı etniklər mövcuddur kimi deyil, burada Azərbaycan türkləri, orada Anadolu türkləri var kimi qəbul edəcəyik. İnanclar sadəcə bir rənglərdir. Oradakı adamlar sünni, buradakılar şiə ola bilər… Amma bu insanları ayıran ünsürlər deyildir. Osmanlının Səfəvi ilə yaşadığı məsələ tarixdə olmuşdur və tarixdə də qalması lazımdır. Onların doğru və ya yanlış olmasını müzakirə edə bilərik, amma bu günün məsələsi deyil.

 

-Əmir Teymur da Bəyazidlə savaşıb. Bunu gündəmə gətirsək, o zaman Orta Asiya ilə düşmən olmuş olarıq.

 

Təbii, buna görə də parçalayıcı ünsürlər üzərindən deyil, birləşdirici ünsürlər üzərində iş görməyimiz lazımdır. Bizim bir araya gəlməkdən başqa yolumuz yoxdur. Ona görə bizi parça-parça ayırdılar, ona görə aramızda sərhədlər, coğrafiyalar ayrılıb. İndi Qarabağ sadəcə Azərbaycanın məsələsi kimi qəbul edilir. Sadəcə, Qarabağ üçün qarabağlılar, azərbaycanlılar ağlayır. Əslində isə bu bizim Doğu Türküstan, Kipr və bir çox məsələmiz kimi ortaqdır. Bu məsələnin bizim qara bağlarımız olduğunu anlamağımız lazımdır.

 

-Hocam, Balkanlarda Qarabağdan köçənlərin indi də yaşadıqlarını söylədiniz. Yer adları, adət-ənənə qorunub saxlanılıbmı orada?

 

Bəli, Balkanlarda vardır. Qarabağ adı da qorunub saxlanılıb. Bolqarıstanın girişində, Ədirnədən çıxanda,  Çirmən qəzasında Qarabağ kəndi indi də var.

 

Türkiyənin hansı bölgələrində Qarabağ yer adı vardır?

 

Aydında var, İzmirdə var, Manissada var, Qərbi Anadoluda, İçelidə, Adana, Qars, Diyarbəkir, Haqqari də vardır. Hətta Suriyada və İraqda da var.

Onların hamısı buradan köçüb?

 

Bəli, tam olaraq hamısı Qarabağ ərzisindən köç etmişlər.

 

Qarabağ tayfanın adıdır, yoxsa coğrafiya bu cür adlandırıldığı üçün burada yaşayanlar da bu cür adlanır?

 

Mən bu məsələni çox araşdırdım. Qarabağ yerli türkmən tayfasının adıdır. Müxtəlif ərazilərə köçərkən öz tayfalarının adına uyğun olaraq cofrafiyaya ad vermişlər. Məsələn, Gəncədən də gedənlər olmuşdur. Amma onlar qarabağlı adı ilə tanınmırlar. Onlar əşrəfli, əliçomaqlı, badəmli olaraq bilinirlər. Ancaq Qarabağdan gedənlər qarabağlı olaraq tanınırlar. Osmanlı arxivlərində də Qarabağın bəylik statusu olduğu göstərilib. Ona görə də Türkiyə ərzisində Qarabağ yer adları sadəcə yerin deyil, buradan köçən qarabağ tayfalarının adına uyğun olaraq adlandırılmışlar.

 

“Bizim qarabağlarımız” adlanan bu proyektin Türkiyədə elmi müzakirə müstəvisinə, mediada işıqlandırılması üçün hansı işlər görülür?

 

Bu TİKA-nın başlatdığı yeni bir proyektdir. Məncə, önəmli olan başlanğıcdır. 1937-ci ildə bu torpağın övladı Əhməd Cəfəroğlu gəlib öz əqrabalarını tapmışdı. Bir neçə yazı yazmışdı. Amma davam etməmişdi. Cəfəroğlunun tədqiqatlarını davam etdirilsəydi hər iki tərəfdə məsələ daha əvvəl gündəmə gələrdi, bu çalışmalar çoxalardı, məlumat da geniş yayılardı.

 

Hər hansı bir kitab yayımı olubmu?

 

Qarabağ tayfası üzərinə təkbaşına araşdırılma edilməyib. Amma Qarabağın daxil Bozulus adına tədqiqatlar aparılıb. Məsələn, Faruq Sümərin “Oğuzlar” kitabı, Çingiz Orhonun Osmanlıda tayfalarla bağlı kitabı son dərəcə önəmli mənbələrdir. Bu ilin sonunda biz ən azından Afyona yerləşmiş olan qarabağ türkmənlərinin kitabını çıxaracağıq. Həmin yerə gəlib yerləşməkləri və statusları ilə bağlı, dünyada harada yaşamları, gələnəkləri, inancları, adətləri, tabuları ilə bağlı bir kitab çıxmış olacaq. Çıxdıqdan sonra Azərbaycanla təmas qurulub Azərbaycan türkcəsinə çevirildiyində önəmli başlanğıcın qoyulacağına inanıram.

 

Bizdə “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı olaraq, bu işlərin içində yer almaqdan məmnun olarıq. Bu mövuda hər zaman sizin yanınızda olduğumuzu unutmayın.

 

Məndə sizin Türkiyədə bir təmsilçiniz olaraq, hər cür köməkliyi etməyə hazıram. Çünki Qarabağ bizim ortaq dərdimizdir. Həmdərd olmaq üçün ilk növbədə dərdi bilməyimiz, dərdi tanıtmağımız lazımdır. Bu da bizə düşər. Biz etməsək, bunu kimsə etməyəcək.

 

 

 

Mehman Həsən

 

“KarabakhİNFO.com”

 

 

19.03.2014 09:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*