Azərbaycanca

Avropalı cənablar, Qarabağlı qaçqınlar və Freydin qazları

18.05.2012 | 17:52

1337345285_6Hacı İttifaq Mirzəbəyli

 

Azərbaycan jurnalistinin Avropa Şurası ekspertlərinə məktubu

 

Hörmətli cənablar! Dünyanın hər yerində yaşayan insanların “əski qitə” adlandırdığı Avropanı həmişə bəşər sivilizasiyasının ilk ocaqlarından biri, intibahın, tərəqqinin, demokratiyanın, dövlətçilik və idarəetmə prinsiplərinin mənbəyi kimi qəbul etmişik. Tam əminliklə qeyd edirəm ki, bu qənaətdə olanlar yanılmayıblar. Sizdən həmişə səmimi münasibət, ədalətli qərar və anlaşıqlı cavab gözləmişik. Çox zaman gözlədiyimizi ala bilmişik. Amma həmişə yox. Bu yazı da məhz həmin səbəbdən – yəni həmişə ədalətli qərar eşitməməyimiz səbəbindən qələmə alındı.

 

Azərbaycanlı məhbuslardan əvvəl Deni Didro var idi

 

Cənab ekspertlər, sizin Azərbaycan barədə deyilən hər bir sözə, xahişə, yazılan məktuba hörmətlə yanaşmağınızı, heç bir müraciəti diqqətdən kənarda qoymadığınızı nəzərə alıb bu sətirləri sizə ünvanlayıram.

 

Bildiyiniz kimi, dünyanın cümlə azərbaycanlılarının yeganə olmasa da əsas problemi Dağlıq Qarabağ münaqişəsinin həllinin düyünə düşməsidir. Bu problem Kəşmir, Çeçenistan, Kipr, Abxaziya, Bask, Şimali İrlandiya, Dnestryanı və başqa problemlərin heç birinə bənzəmir. Problemin həlli yollarını BMT, ATƏT kimi beynəlxalq təşkilatlar, ABŞ, Rusiya, Böyük Britaniya, Türkiyə, Fransa kimi aparıcı dövlətlər uzun müddət axtarıblar. Ancaq kələfin ucu tapılmır ki, tapılmır. Nəhayət, ATƏT rəsmiləri Azərbaycana və Ermənistana eşitdirirlər ki, sizin heç biriniz bu ərazidən köçüb getməyəcəksiniz, tale sizi qonşu yaradıb, barışın. Minsk qrupunun həmsədrləri bildirirlər ki, indi günahkar axtarmaq vaxtı deyil. Münaqişənin həllinə doğru güzəştli addımlar atmaq lazımdır. Vasitəçi dövlətlərin fikrincə isə problemi Azərbaycan və Ermənistan rəhbərləri üzbəüz danışıqlar vasitəsiylə həll edə bilərlər.

 

Əvvəla, bizim Azərbaycandan, ermənilərin isə türk torpaqları hesabına yaratdıqları indiki Ermənsitandan heç yerə köçməyəciyimizi biz də bilirik, ermənilər də, bizə bunu xatırladanlar da. İkinci, bizə tövsiyə edilir ki, indi günahkar axtarmaq vaxtı deyil, barışın. Necə məgər, günahkar axtarmaq vaxtı deyil? İşğalçıya işğalçı deyilməyəcəksə, on minlərlə insanın ölümünə bais olan ideoloqlara cani deyilməyəcəksə, onda problemi necə həll etmək olar7 Ermənilər Azərbaycan torpağının 20 faizini işğal etməyiblərsə, onda həmin ərazidən onları hansı adla çıxarmalıyıq? Yox, əgər onlar adı çəkilən ərazidən çəkilməyəcəkslərsə, onda hansı problemin həllindən söhbət gedir?

 

Üçüncü, tövsiyə edilir ki, problemi Azərbaycan və Ermənistan prezidentləri üzbəüz danışıqlarla həll etsinlər. Siz yaxşı bilirsiniz və bilmirsinizsə birdə xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev öz xalqının mənafeyinə cavab verməyən heç bir addımı atmayacaq. Xalqın mənafeyi isə işğal edilmiş torpaqların

 

qeyd-şərtsiz azad olunmasını tələb edir. İlham Əliyev bu platformanı əsas tutaraq Ermənistan prezidenti ilə görüşə, danışığa gedir. Eyni zamanda Ermənistan prezidenti də heç bir güzəştə hazır deyil. Çünki onun dövləti həmin əraziləri 30 minədək azəri türkünün qanı bahasına işğal edib. Bu işğalçı mharibə Ermənistana da on minlərlə itki bahasına başa gəlib. Üstəlik Azərbaycan ərazisinin işğal edilməsiüçün erməni lobbisi yüz milyonlarla dollar vəsait sərf edib. İndi Ermənistan prezidenti hansısa güzəştə doğru addım atarmı? Əlbəttə yox. Deməli, həlledici sözü beynəlxalq təşkilatlar və regionda marağı olan aparıcı dövlətlər deyə bilərlər. Beynəlxalq təşkilatlar isə iyirmi ildir ki, ətalət mürgüsündən ayrıla bilmirlər. Bir daha xatırladıram ki, BMT, ATƏT və AŞ-dan əvvəl Deni Didro var idi. Avropanın bu müdrik fikir sahibi demişdi: “İnsanların bütün istəkləri onlar üçün əzizdir. Ancaq doğma evə qayıtmaq arzusu heç bir arzuya bənzəmir”. Didro bunu Ermənistandan və Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş rayonlarından qaçqın düşmüş adamlar haqqında deməyib. Amma mən bu ifadələri onlara şamil edirəm. Çünki mənim yüz minlərlə soydaşım artıq iyirmi ildir ki, öz ata-baba yurdunu, öz əli ilə, dırnağı ilə qurub yaratdığı ev-eşiyini ancaq yuxularda görə bilir. Hərgah yatmağa yeri, yuxuya rahatlığı olsa.

 

Siz – dünyaya sivilizasiya, tərəqqi, intibah, demokratiya gətirən “əski qitə”nin təmsilçiləri isə, yüz minlərlə Qarabağ qaçqınlarının (Azərbaycanda onlarla məcburi köçkün, Ermənistandan qovulmuş soydaşlarımıza və Özbəkistanın Fərqanə vilayətindən təkrarən didərgin salınıb Azərbaycanda məskunlaşan mesxeti türklərinə isə qaçqın deyirlər. Hər üç zümrədən olan qaçqınların sayı bir milyondan artıqdır) problemini, elementar yaşayış imkanlarının olmasını “unudaraq” hansısa qanun pozuntusuna görə həbs olunan beş-on azərbaycanlının azad edilməsinin qayğısına qalırsız. Xeyir ola? Avropada, Azərbaycanda, lap elə Ermənistanda qayğısına qalmalı adam tapılmadımı? Tapılmadısa, gəlin sizə göstərim. Artıq mənim minlərlə soydaşımın yaş kağızındakı “doğulduğu yer” qrafasının qarşısında “çadır” sözü yazılıb. Artıq mənim on minlərlə soydaşım Azərbaycanda olsa da, öz yurd-yuvasından, ata-baba torpağından uzaqlarda dəfn edilib.

 

Hörmətli cənablar! Avropa telekanalları tez-tez it və pişiklər üçün xüsusi hazırlanmış, vitaminlərlə zənginləşdirilmiş yeni ərzaq növlərindən söz açırlar. Ev heyvanları üçün hər cür rahatlıq yaradılır. İtlər və pişiklər sizin soydaşınız olmasa da (ifadədə səhv etmirəm) bir damın altında yaşadığınıza görə onlara qayğı göstərirsiniz? Axı Azərbaycanda yüz minlərlə insan – bəzi Avropa siyasətçilərinin də dəstəklədiyi ermənilər tərəfindən qaçqınlıq əzab-əziyyətinə düçar olmuşlar nəinki vitaminləşdirilmiş və ya yeniləşdirilmiş, heç adi gündəlik ərzağa olan tələbatını da ödəyə bilmir. Bizim demokratiya umduğumuz Avropa onların dərdlərinə çarə qıla bilmirsə, onda heç olmazsa Azərbaycana bəlalar gətirmiş insanlara qayğı göstərib bizi təhqir etməsin.

 

Siz mənə həqiqəti deməyin, mən onu sizə söyləyirəm

 

Rus yazıçısı Vsevolod Ovçinnikov “Yapon olmaq məharəti” kitabının məllifi Bob Danhemdən belə bir sitat gətirir : “Qərbdə adama ya həqiqəti demirlər,

 

ya da yalan danışırlar. Yaponlar isə demək olar, heç vaxt yalan danışmırlar, lakin həqiqəti söyləmək heç vaxt ağıllarına gəlməz”.

 

Allah Bob Danhemə rəhmət eləsin. O qərbliləri də görüb, yaponları da. Onların xüsusiyyətlərini də yaxşı öyrənib. Qərblilərin həqiqəti demədikləri barədə mister Bobun dediklərinə mən də şərikəm. Bizə həqiqəti demirsiniz. Münaqişənin həllinin nə üçün uzandığını, işğalçıya öz adı ilə niyə müraciət etmədiyinizi gizlədirsiniz. Axı Avropa açıq sözün, demokratik prinsiplərin dayağıdır.

 

Eybi yox, siz həqiqətin özünüzə bəlli olan tərəflərini gizlədin, mən isə öz bildiklərimi sizə ünvanlayıram.

 

Hörmətli cənablar!

 

Mükəmməl azərbaycanlı tərbiyəsi, kamil sovet təhsili almış ali təhsilli, altmış yaşlı adam kimi avropalıların sənətə, sənətkara, sənət əsərinə, abidəyə nə qədər həssaslıqla yanaşdıqlarını yaxşı bilirəm. Ona görə də Şuşanın işğalıyla başlanan ərazi itkilərimiz nəticəsində Azərbaycanın itirdiyi mədəni-maarif ocaqları, tarixi, memarlıq abidələri barədə söz açıram. Ümidvaram ki, siz bu faktları biganəliklə qarşılaya bilməyəcəksiniz. Beləliklə ərazimizin 20 faizinin düşmən əlinə keçməsi nəticəsində: 500-dən artıq tarixi-memarlıq abidəsi, 103 arxeoloji abidə, 10 minlərlə eksponatı olan 22 muzey, 4 rəsm qalereyası, 4 milyon 600 min kitab və əlyazması saxlanılan 927 kitabxana, 808 klub, 10 mədəniyyət və istirahət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı düşmən əlinə keçib. Şuşada Gövhər ağa məscidi, Aşağı məscid, Mamay məscidi, misilsiz incəsənət xadimi, rəssam və musiqişünas Mir Möhsün Nəvvabın xatirə muzeyi, 1000-dən çox eksponatı olan Şuşa tarix muzeyi dağıdılıb.

 

Üzeyir Hacıbəyov, Natəvan və Bülbül kimi sənət korifeylərinin abidələri erməni barbarları tərəfindən güllələnmiş və gürcü sənətsevərlərinin köməyi ilə düşməndən alınıb Bakıya gətirilmişdir. “Yaralı abidələr” Bakı İncəsənət Muzeyinin həyətində indi də dünya sənətsevərlərinə göz dağı kimi nümayiş etdirilir.

 

Füzuli rayonu ərazisində Əhmədalılar İslam-memarlıq abidəsi, Baba türbəsi, Hacı Ələkbər məscidi, Hacı Qiyasəddin məscidi yerlə yeksan edilib.

 

Laçında Malik Əjdər türbəsi, Sultan baba türbəsi, Şeyx Əhməd türbəsi, Həmzə Sultan və Sultan Əhməd sarayları, Ağoğlan çayı üzərindəki məbəd vəhşicəsinə dağıdılıb.

 

Cəbrayılda Sultan Allahverdi hamamı adlı memarlıq abidəsi, Şıxlar kəndindəki dairəvi türbə də Şuşa, Laçın və Qubadlı rəsm qalereyaları kimi talan edilib, tamamilə dağıdılıb. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Salam Salamzadə, Maral Rəhmanzadə kimi şöhrətli Azərbaycan sənətkarlarının rəngkarlıq əsərləri işğalçıların əlində oyncağa çevrilib. 50 hektar ərazini əhatə edən Xocalı kurqanı, XIV əsrdə inşa edilmiş Xocalı türbəsi və dairəvi məbəd də eynilə o biri abidələrimizin taleyini yaşamağa məhkum edilib.

 

Bəlkə də bütün itkilərə az da olsa dözmək olardı. Ancaq ikiyə parçalanmış Azərbaycan xalqı üçün müqəddəs ünvana çevrilmiş, 1027-ci ildə Araz çayının üstündə inşa edilib iki sahili birləşdirən Xudafərin körpüsünün düşmən əlində təhqir edilməsinə dözmək olmur. Bu itki bizə ürək ağrısı versə də, beynəlxalq təşkilatları qətiyyən narahat etmir.

 

Hörmətli avropalılar! Bəşər tarixinin ən qədim yaşayış məskənlərindən biri sayılan – Avropanın 5 ilkin yaşayış məntəqələrindən biri kimi YUNESKO-nun qeydiyyatında olan, 1 milyon 200 min il əvvələ aid edilən Azıx mağarasının düşmən əlinə keçməsi təkcə Azərbaycan tarixinə deyil, həm də bəşər tarixinə vurulan zərbədir. Çünki ermənilər Xudafərin körpüsünə qənim olmaq üçün bu abidənin yanında su elektrik stansiyası tikməyə başladıqları kimi, dünya elminə azıxantrop termini qazandırmış Azıx abidəsindən də təsərrüfat və hərbi məqsədlərlə istifadə edirlər. (Azıx mağarasının uzunluğu 600 metr, bəzi yerlərdə isə ibtidai insanın yaşamaq üçün qurduğu “mağara otaqların” hündürlüyü 20-25 metrdir).

 

Halbuki 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarına əlavə olunan və beynəlxalq xarakter daşımayan silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 1977-ci il 8 iyun tarixli protokolun (Azərbaycan 1993-cü ildən həmin Konvensiyaya qoşulmuşdur) 16-cı maddəsində (IV fəsil) göstərilir: “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının müddəalarına xələl gətirmədən, xalqların mədəni və ya mənəvi irsini təşkil edən tarixi abidələrə, incəsənət əsərlərinə və ya ibadətgahlara qarşı yönəldilən hər hansı düşmənçilik hərəkətinə yol vermək və onlardan hərbi səylərə yardım etmək üçün istifadə etmək qadağandır”.

 

Bu beynəlxalq Konvensiyanın qadağası, o ermənilərin göz qabağında olan əməlləri, o da qarət, yerlə yeksan və təhqir edilmiş Azərbaycan abidələri.

 

Sonda Freydin qazları barədə

 

XIX əsrin görkəmli alimi (“Bəşəriyyətin coğrafi tarixi” əsərinin müəllifi) Simmerman yazırdı: “Madam ki, iki ağıllı adam bir-birindən asılı olmadan eyni vaxtda eyni bir dahiyanə fikir kəşfi edə bilirsə, o vaxt axmaq və küt adamların qat-qat çox olduğunu nəzərə alsaq, bir-birindən xeyli uzaqda yerləşən iki ölkədə yaşayanlar nə üçün də eyni bir axmaqlığı qanun məqamına mindirməsinlər?”

 

Çox təəssüf ki, Simmmermanın həmin qənaəti bu günümüzün həqiqətidir. Azərbaycanın Qarabağ düyünü boyda dərdi ola-ola özünü hüquq müdafiəçisi adlandıran vətəndaşlarımız yüz minlərlə soydaşlarının hüquqlarını müdafiə etmək əvəzinə varlanmaq məqsədilə iki-üç nəfər cinayətkarın hüquqlarını müdafiə etməyi ütün tuturlar. Onların bu əməli Simmermanın o biri qəhrəmanları tərəfindən eynilə təkrar olunur. Biz əminik ki, Avropanın həqiqi təmsilçiləri Simmermanın qəhrəmanı olmayacaqlar. Çünki Azərbaycandakı hüquq müdafiəçiləri Avropa ekspertləri üçün Ziqmund Freydin qazlarına çevrilə bilərlər.

 

Belə ki, Freyd elmi araşdırmaları zamanı qaz balaları üzərində təcrübə aparır. O yumurtadan təzəcə çıxmış qaz balalarını beş həftə anaları ilə görşməyə qoymur. Nəticədə qazlar bütün günü özlərinə ana sandıqları Freydin ayaqlarına sürtünə-sürtünə gəzirlər və alimin işləməsinə imkan vermir, onu bezar edirlər.

 

Əminik ki, Avropa ekspertləri bezar olunca öz başlarına çarə qılacaqlar.

 

Hörmətli dostlar. Sözümü Bolqarıstan şairi Xristo Stoyanovun “Azərbaycanı ürəyimdə aparıram” şerindən sətrlərlə bitirirəm: “Dilə gəldi Qız qalası: – Diqqətlə

 

bax. Bu torpağın balasıyam. Məhəbbətdən yaranmışam, yer üzündə mən sədaqət qalasıyam”.

 

Avropalı şair çox haqlıdır. Siz bizdən ancaq və ancaq sədaqət görə bilərsiniz. Freydin qazları isə gəldi-gedərdir.

 

Hacı İttifaq Mirzəbəyli,

 

Respublikanın Əməkdar jurnalisti,

 

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Cenevrə) “Humanizm carçısı” mükafatı laueratı

 

“Xalq qəzeti”-nin əməkdaşı

 

18.05.2012 17:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*