Azərbaycanca

Avropanı heyrətləndirən Qaryağdıoğlu səsi

12.06.2014 | 14:41

1402569618_qaryagdiogluTəbiətin bütün gözəlliklərini özündə cəmləşdirən Qarabağ… Bu ellərin qışı da, yayı da fərqli gözəlliklərlə zəngindir. Havası, suyu mənəvi gözəllikləri dolğunluqla əks etdirir. Elə buna görə də ən gözəl səs sahibləri deyəndə Qarabağ  yada düşür.

Dərin baxışlı bir gənc ətrafındakı gözəlliklərə diqqətlə baxırdı. O, Şuşanın qoxusunu içinə çəkir, hər ağacdan, hər güldən ilham alırdı. Kim düşünərdi ki, illər ötəcək Şuşa gözəlliklərindən aldığı ilham onu bir sıra ilklərə imza atdıracaq. Bu ilklər içərisində səsi qramofon valına yazılmaq da var, böyük ustadların qəzəllərini Azərbaycan dilində səsləndirmək də…

Azərbaycan muğam ifaçılığında Cabbar Qaryağdıoğlunun adını xüsusi qeyd etmək lazımdır. Cabbar Qaryağdıoğlu 1861–ci ildə Şuşa şəhərinin Seyidli məhəlləsində dünyaya göz açmışdır. Təsadüfi deyil ki, Şuşanı “Qafqazın konservotoriyası” adlandırırlar. Buranın zəngin musiqi mühiti böyük xanəndələr, tar-kaman ifaçıları, eləcə də Cabbar Qaryağdıoğlunu kimi sənətkarlar yetişdirmişdir.

Tez bir zamanda gənc Cabbarın şöhrəti Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda – İran, Türkiyə, Rusiya və bir çox Avropa ölkələrində  yayılmağa başlayır. Cabbarın misilsiz səs tembirini, ifa tərzini dinləyən  Avropanın böyük səsyazma şirkətləri onun səsini qrammofon vallarına yazmaq üçün xüsusi olaraq dəvət göndərirdilər. Cabbar səsi qrammofon valına yazılan ilk Azərbaycan xanəndəsi idi. Bu addımla Azərbaycan mədəni mühitində yeni pərdə açılmış olur. Hələ 1920-ci illərin əvvəllərində bu vallar böyük tirajla yayılır və Azərbaycan muğamını dünyada tanıdırdı. Bu vallar bizim milli sərvətimiz hesab olunaraq bu gün də qorunmaqdadır.

Cabbar Qaryağdıoğlunun mədəniyyət tariximizdə xidmətlərindən biri də muğamı konsert səhnəsinə çıxarması ilə bağlı idi. Təbiidir ki, bu dövrə qədər də kamil muğam ifaçıları sözügedən sənəti təbliğ etməkdə idilər. Məhz, C.Qaryağdı oğlunun əsas xidməti Şərq konsertlərində və musiqili tamaşalarında iştirak etməsi idi. 1897-ci ildə Şuşada “Məcnun Leylinin məzarı üstündə” adlı musiqili tamaşasında Məcnun rolunda C.Qaryağdıoğlunun iştirakı əlamətdar hadisə kimi qiymətləndirilir. Bu tamaşa Şərqin ilk operası olan Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının yaranması  ideyası üçün böyük bir təkan rolu oynamışdır.

Cabbar Qaryağdıoğlu Şərqdə çox tanınmış musiqi üçlüyü yaratmışdır. Dövrün görkəmli sənətkarları həmin trioda ifa edirdilər. Görkəmli Azərbaycan bəstəkarı və musiqişünası Əfrasiyab Bədəlbəyli bu trionu “əzəmətli orkestr” kimi qiymətləndirirdi. Bu əzəmətin sehri  təsadüfi deyildi. İstedadın, zəhmətin, peşəkarlığın və Şuşa ruhunun göstəricisi idi.

Cabbarın oxuduğu “Rast”, “Mahur-hindi”, “Bayatı-Şiraz”, “Çahargah”, “Bayatı-Qacar”,  “Dəşti”, “Kürdü-Şahnaz”, “Qarabağ şikəstəsi”, “Heyratı”, “Mənsuriyyə” və digər muğamlar, onun özünün yaratdığı mahnı və təsniflər, həmçinin, “İstəkanın deşilsin”, “Kaş ki, bayram olmayaydı”, “Məni dövri-fələk”, “Qarabağda bir dənəsən” “Gəlin gedək Daşaltına gəzməyə”, “Gözüm yaşına tab etməz”, “Damınızdan damcı düşər”, “Qalalıyam qalalı” və digər mahnılar dinləyiciləri heyrətləndirirdi. Bu mahnılar çağdaş dövrümüzdə də xanandələr tərəfindən ifa olunmaqdadır.

Klassik Şərq şairləri Firdovsinin, Hafizin, Ömər Xəyyamın poeziyasına müraciət etməklə yanaşı, eyni zamanda M.Füzulinin, M.P.Vaqifin, Q.Zakirin, S.Ə.Şirvaninin, X.B.Natəvanın, M.Ə.Sabirin Azərbaycan dilində yazılmış qəzəllərini də ilk dəfə oxuyan məhz Cabbar Qaryağdıoğlu olmuşdur.

Cabbar Qaryağdıoğlunun ifasından nota yazılmış 1927-ci ildə Ü.Hacıbəyli və M.Maqomayevin nəşr etdirdikləri “Azərbaycan türk el nəğmələri” məcmuəsində toplanan Avropanı heyrətləndirən Qaryağdıoğlu səsimahnıların böyük əksəriyyəti, Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabinəsində toplanan (S.Rüstəmovun not yazıları, “Azərbaycan xalq mahnıları”məcmuəsi, Bakı, 1938, 1954-1956) 270-dən çox xalq mahnısı, “Rast” və “Şur” muğamları (Niyazinin əlyazmasında, 1935) ustad xanəndənin musiqi mədəniyyətimizə bəxş etdiyi töhfələrdir. Sənətkar muğam ifası zamanı ifaçılıq texnikasında bir sıra dəyişiklər edir, yeniliklər gətirirdi. Bu islahatlar muğam sənətinin inkişafına təkan vermişdir. Eyni zamanda sənətşünaslıq nöqteyi nəzərindən də yanaşsaq Cabbar Qaryağdıoğlu fenomeninin mədəniyyətimizə verdiyi töhfə əvəzsizdir.

Həqiqi sənətkar təkcə yaradıcılığı ilə deyil, ümumilikdə mənəvi keyfiyyətləri ilə də seçilməlidir. Bu mənada Cabbar Qaryağdıoğlu şəxsiyyətini tamlığı ilə göstərən kiçik bir tarixi hadisəni xatırlatmaq kifayətdir:

“Bir gün konservatoriyanın rektoru Üzeyir bəy Hacıbəyli adam göndərərək Cabbar əmini konservatoriyaya dəvət edir. Kabinetdə Üzeyir bəydən başqa Müslüm Maqomayev, Bülbül də var imiş, o, Müslüm bəyin yanında əyləşib Üzeyir bəyə müraciət edir:

-Xeyir ola, Üzeyir bəy?

Üzeyir bəy Cabbar əmiyə bildirir ki, o, fonovalikə 300-ə yaxın mahnı və təsnif oxuduğu üçün, zəhmətinə görə konservatoriya ona 10 min manat pul verməlidir. Cabbar əmi çox təəccüblənir və qəti etiraz edərək bildirir ki, ona heç kim, heç nə borclu deyil. Söhbətə Müslüm bəy qarışır, lakin Cabbar əmi daha da əsəbiləşir və hirslənib Müslüm bəyə deyir:

-Heç səndən gözləməzdim, Müslüm bəy. 60 il ərzində xalqdan öyrəndiyim və topladığım mahnıları təzədən oxuyub xalqa satım, ayıb deyilmi? Bəs mənə nə deyərlər? Xalqın malını oğurlamaq olar?

Mən o mahnıları pul üçün oxumamışam. Bu mənim sənətkarlıq, həm də vətəndaşlıq borcumdur. Mən bunları ancaq xalqın mənafeyinə, gələcək nəsillərin xeyrinə edirəm.

Bu sözlərdən sonra Cabbar Qaryağdıoğlu durub sağollaşır və Üzeyir bəyə müraciət edərək deyir:

-Üzeyir bəy, təvəqqe edirəm,  bir də məni belə işlərdən ötrü çağırmayasınız.”

Bu gün də Cabbar Qaryağdıoğlunun ənənələri yaşayır. Heydər Əliyev Fondunun muğam layihələri çərçivəsində ustad sənətkarın səs yazılarının dəfələrlə  nəşr olunması, onun adına müsabiqələrin keçirilməsi, haqqında kitabların yazılması, tədqiqatların aparılması xanəndəyə olan diqqət və məhəbbətin ifadəsidir. Cabbar Qaryağdı oğlunun adı, əsl mənada, xanəndəlik simvoluna çevrilmişdir.

İstifadə olunmuş ədəbiyyat:

 

1.Səfərova Z. Azırbaycan xanəndəlik sənəti. Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığı. // Azərbaycan musiqi tarixi, Bakı,2012, s.461-474

2.Şuşinski F. Cabbar Qaryağdıoğlu, Bakı,1987

3.Zöhrabov R. Azərbaycan muğamları, Bakı, 1991

Fəxri Məmmədli

Sənətşünas –ekspert,

Azərbaycan Rəssamlar İttifaqının üzvü

“KarabakhİNFO.com”

 

12.06.2014 14:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*