Azərbaycanca

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində fövqəladə humanitar vəziyyətin yaranması (7-ci hissə)

09.04.2013 | 15:28


1367055010_elxankiDəyərli oxucular! “KarabakhİNFO.com” e-jurnalı eksklüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə davam edir. Kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur.
 

 

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində fövqəladə humanitar vəziyyətin yaranması (7-cı hissə)

      Qeyd edilənlərlə yanaşı, Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş və bu əraziləri monoetnik zonaya çevirmişdir. İşğal edilmiş ərazilərdən yerli azərbaycanlı əhali çıxarılaraq məcburi köçkünə çevrilmişlər. Azərbaycanın keçmiş DQMV işğal edildikdən sonra azərbaycanlı əhali zorla öz vətənlərindən qovulmuş, bundan sonra isə eyni hadisələr Azərbaycanın digər 7 rayonunda da təkrarlanmışdır. Belə ki, Ermənistan tərəfindən işğal edilmiş Laçın rayonundan 71000, Kəlbəcər rayonundan 74000, Ağdam rayonundan 165600, Füzuli rayonundan 146000, Cəbrayıl rayonundan 66000, Qubadlı rayonundan 37900, Zəngilan rayonundan isə 39500 nəfər Azərbaycan vətəndaşı məcburi köçkünə çevrilmişdir. Ümumiyyətlə, Ermənmistanın silahlı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın işğal edilmiş (DQMV və ətraf 7 rayon) ərazilərindən 660000-dən artıq dinc əhali məcburi köçkün olmuşdur. Bundan əlavə, 100000-dən artıq Azərbaycan vətəndaşı Ermənistanla həmsərhəd və işğal xətti ilə təmasda olan ərazilərdən ölkənin digər ərazilərinə pənah gətirmişlər. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, 1988-ci ilin sonu və 1989-cu ilin əvvəllərində, indiki Ermənistan Respublikasının ərazisindən 250 mindən artıq etnik azərbaycanlı deportasiya edildi və onlar qaçqın qismində Azərbaycanda məskunlaşdılar. Beləliklə, indiki Ermənistandan azərbaycanlıların deportasiyası, Azərbaycanın 20% ərazisinin işğalı və işğal edilmiş ərazilərdə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində minlərlə insan öldürülmüş, müxtəlif dərəcəli xəsarət almış, əsir götürülmüş və itkin düşmüş, dinc əhali ağır psixoloji və mənəvi gərginlik keçirmiş, 1 milyondan artıq azərbaycanlı öz tarixi vətənlərindən, evlərindən didərgin salınaraq, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Həmin kateqoriyaya aid olan insanlar Azərbaycanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar.

       Bundan əlavə, Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onların arasında təbii artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. İşğal olunmuş rayonların hamısında 1989-1998-ci illərkı dövrdə doğum kəskin surətdə aşağı düşmüş və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Bu azalma (hər 1000 nəfərə görə) rayonların hamısında 11,2-22,6 nəfər arasında olmuşdur. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım 16,9-22,6 nəfər arasında olmuşdur. İşğal olunmuş rayonların hamısında demoqrafik göstəricilər orta respublika səviyyəsindən aşağı olmuşdur. Sosial və iqtisadi şəraitin həddən artıq ağır olması, dağ və dağətəyi zonaların yaşayış şəraitinin düzən yerlərdəki isti iqliminə uyğunsuzluğu, Ermənistanın silahlı təcavüzü, təcavüzkarların mülki əhaliyə qarşı qeyri-insani davranışı, işgəncələrin verilməsi və etnik təmizləmə siyasəti nəticəsində insanların şok vəziyyətinə düşməsi, uzunmüddətli psixoloji gərginlik durumunda olması və s. işğal olunmuş rayonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca 

səbəbləri olmuşdur.

       Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də onların işlə təmin olunması ilə bağlı çətinliklərdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə 1999-cu ildə 301359 nəfər əmək qabiliyyətli qaçqın və məcburi köçkün olmuşdur, onların 196380 nəfəri yaxud ümumi əmək ehtiyatlarının 65,2%-i işsiz qalmışdır. 1999-cu ilə olan məlumata əsasən, məcburi köçkünlərin 74 min nəfəri lazımi şəraiti olmayan çadır şəhərciklərində, 99 min nəfəri quraşdırılmış evlərdən ibarət qəsəbələrdə, 17,5 min nəfəri ictimai binalarda, məktəblərdə, uşaq bağçalarında və yataqxanalarda, 20,2 min nəfəri qohum evlərində, qalanları zəbt olunmuş mənzillərdə, yarımçıq qalmış tikililərdə, fermalarda, yük vaqonlarında və sadəcə olaraq, yol kənarlarında məskunlaşmışlar. Heç bir normal istilik, elektrik enerji təchizatı, sanitar-gigiyena şəraiti olmayan belə qaçqın məskənlərində doğulan uşaqların, onların valideynlərinin sağlamlığı təhlükə altında qalır.

         Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkünə çevriməsi, 20 min nəfərin həlak olması, 50 min nəfərin əlil olması və təxminən 5 min nəfərin əsir və itkin düşməsi ilə yanaşı, işğal olunmuş rayonlardan olan əhalinin təbii artımı 22-26 nəfərə (hər 1000 nəfərə) qədər azalmışdır ki, bu da Azərbaycanda demoqrafik vəziyyətə ciddi mənfi təsir etmişdir.

         Ermənistanın apardığı etnik təmizləmə siyasəti və silahlı təcavüzü nəticəsində Azərbaycanda fövqəladə humanitar vəziyyət yaranmışdır. Bu fakt, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmışdır.

         Belə ki, BMT Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822(1993) saylı qətnaməsində regionda çoxlu sayda mülki şəxslərin yerdəyişməsi və fövqəladə humanitar vəziyyətin yaranması ilə bağlı öz dərin narahatlığını ifadə etmişdir [11].

         BMT Təhlükəsizlik Şurası özünün 29 iyul 1993-cü il il tarixli 853(1993) saylı qətnaməsində Azərbaycanda çoxlu sayda mülki şəxslərin yerdəyişməsi və fövqəladə humanitar vəziyyətin yaranması ilə bağlı yenidən öz dərin narahatlığını ifadə etmişdir. Göründüyü kimi, qətnamədə regionda olan vəziyyət daha dəqiq ifadə olunmuşdur. Yəni, çoxlu sayda mülki şəxslərin yerdəyişməsinin məhz Azərbaycanın ərazisində baş verməsi vurğulanır [12].

        BMT Təhlükəsizlik Şurası özünün 14 oktyabr 1993-cü il il tarixli 874(1993) saylı qətnaməsində təcavüz nəticəsində insanların əziyyət çəkməsi, regionda yaranmış fövqəladə humanitar vəziyyətlə, Azərbaycanda çoxlu sayda mülki şəxslərin yerdəyişməsi ilə bağlı yenidən özünün ciddi narahatlığını ifadə etmişdir [13].

        BMT Təhlükəsizlik Şurası özünün 12 noyabr 1993-cü il il tarixli 884(1993) saylı qətnaməsində çoxlu sayda mülki şəxslərin yerdəyişməsi və Zəngilan rayonunda və Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin yaranması ilə bağlı yenidən özünün ciddi narahatlığını ifadə etmişdir [14].

        BMT Baş Assambleyası 20 dekabr 1993-cü ildə özünün 48/114 saylı “Azərbaycanda qaçqınlara və köçkünlərə fövqəladə humanitar yardım vəziyyətinə dair” qətnaməsində çoxlu sayda mülki şəxslərin yerdəyişməsi ilə bağlı Azərbaycanda humanitar vəziyyətin daimi pisləşməsi ilə əlaqədar özünün ciddi narahatlığını ifadə etmişdir. Bu qətnamənin əsas dəyərlərindən biri ondan ibarətdır ki, ilk dəfə beynəlxalq sənəddə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda qaçqınların və köçkünlərin sayının bir milyonu aşdığı təsdiqlənmişdir [20].

        BMT Baş Assambleyası 14 mart 2008-ci ildə özünün 62/243 saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsində Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz ölkələrində inkişafa və humanitar vəziyyətə mənfi təsirləri qeyd olunur [22].

        İslam Konfransı Təşkilatının 13-14 mart 2008 il Seneqal Respublikasının Dakar şəhərində keçirilmiş On Birinci Zirvə Görüşündə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 10/11-P (IS) saylı Qətnamə qəbul olunmuşdur. Bu sənəddə də qeyd olunur ki: “İKT erməni təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən və bu böyük humanitar problemin ağırlığından dərin narahatlıq” keçirir. Həm də bu qətnamənin 21-ci maddəsində qeyd olunur ki: “İKT Azərbaycan Respublikası ərazisində bir milyondan çox məcburi köçkün və qaçqının mövcudluğu ilə əlaqədar humanitar problemlərin kəskinliyindən narahatlığını ifadə edir” [53].

        Beləliklə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində fövqəladə humanitar vəziyyət yaranması faktı nüfuzlu beynəlxalq təşkilatların qərarlarında öz təsdiqini tapmışdır.

KarabakhİNFO.com

 

09.04.2013 15:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*