Azərbaycanca

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində fövqəladə humanitar vəziyyətin yaranması (9-ci hissə)

05.02.2013 | 15:21

1360063217_qacqinDəyərli oxucular!
“KarabakhİNFO.com” e-jurnalı eksklüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə davam edir. Kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur.

 

Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), eləcə də ona bitişik olan 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları) əraziləri işğal edilmişdir. Bundan əlavə, Azərbaycanın Ermənistanla həmsərhəd və işğal edilmiş rayonlarla qonşu

olan 7 rayonun ərazisindəki bir sıra yaşayış məntəqələri işğal olunmuşdur. Ümumiyyətlə, Ermənistanın silahlı təcavüzü nəticəsində keçmiş DQMV-nin inzibati ərazisinə daxil olmayan işğal edilmiş Azərbaycanın rayonlarının ərazisi Dağlıq Qarabağ

bölgəsinin ərazisindən dörd dəfə böyükdür. Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində insan hüquqları sahəsində qəbul edilmiş çoxsaylı beynəlxalq müqavilələrdə ehtiva edilmiş normalar, o cümlədən “İnsan hüquqlarına dair Ümumdünya Bəyannaməsi”-nin, “Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt”-ın, “İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Pakt”-ın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”-nın, “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan münasibətlərə qarşı və ona görə cəzalandırma haqqında Konvensiya”-nın, “Uşaq hüquqları haqqında Konvensiya”-nın bütün müddəaları ciddi şəkildə pozulmuşdur. Bundan əlavə, silahlı təcavüz zamanı beynəlxalq humanitar hüquq normaları da, o cümlədən “Quruda müharibə aparma qanunları və adətləri haqqında” 18 oktyabr 1907-ci il Haaqa Konvensiyasının (Konvensiya IV), “Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında” 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, “Hərbi əsirlərlə davranış haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyası”-nın, “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsi haqqında” 12 avqust 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolun (1977- ci il), BMT Baş Assambleyasının “Silahlı münaqişələr zamanı qadın və uşaqların müdafiəsi haqqında” 14 dekabr 1974-cü il tarixli 3318(XXIX) qətnaməsinin müddəaları ciddi şəkildə pozulmuşdur. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur və Ermənistanın yerli azərbaycanlı əhalisinə qarşı törətmiş olduğu cinayət əməlləri bəşəriyyətə qarşı cinayət kateqoriyasına düşür. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın silahlı qüvvələri tərəfindən 20 mindən çox insan öldürülmüş, 50 mindən çox insan yaralanmış və şikəst edilmiş, minlərlə insan itkin düşmüş, məhkəməsiz edamlar və mülki əhalinin kütləvi qırğını, girov götürülməsi, onlardan icbari işlərdə istifadə olunması halları baş vermişdir. Hərbi əsirlər və girovlar işgəncələrə və digər qeyri-insani rəftarlara məruz qalmış, yaralılar və xəstələrə adi tibbi yardım belə göstərilməmişdir. Hazırda hərbi əsirlərin və girovların böyük əksəriyyəti Ermənistan Respublikasında və işğal altındakı ərazilərdə beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) gizli saxlanılır. Azərbaycan xalqına qarşı ən dəhşətli cinayətlərdən biri Xocalı şəhərində törədilmişdir. Xocalı faciəsi Xatın və Lidise soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. Belə ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri ilə birgə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım cinayəti həyata keçirmişdir. Xocalı şəhərində törədilmiş cinayətlər keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə həyata keçirilmişdir. Belə ki, Rusiya silahlı qüvvələrinin 366-cı motoatıcı alayının mayoru Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Ermənistanın müdafiə naziridir) komandanlığı altında 2-ci batalyonu, Yevgeni Nabokixinin komandalığı altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizirlər Xocalıda insanlığa sığmayan cinayət əməllərini törədənlərdən olmuşlar. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26- sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmamışdır. Belə ki, qaçaraq canını qurtarmağa çalışan dinc əhali erməni silahlılarının əvvəlcədən hazırladıqları pusqulara düşərək, qəddarcasına məhv edilmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Qanlı aksiya zamanı 1275 insan əsir götürülmüş, 150 insan itkin düşmüş, 487 insan şikəst olmuşdur. Onlardan 76-sı həddi-buluğa çatmamışlardır. Kütləvi qırğınlar zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir, 56 insan işgəncələr verilərək öldürülmüşdür. Xocalı şəhəri yerlə yeskan edilərək tamamilə məhv

edilmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqulara düşərək qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Həmin günlər “Memorial” hüquq-müdafiə mərkəzi xəbər verirdi: “…Qaçanlar erməni pusqularına düşür və gülləbaran edilirdi. Qaçanların bir qismi hər halda Ağdama gəlib çata bildi, digər qismi, əsasən qadınlar və uşaqlar (onların sayını dəqiqləşdirmək mümkün deyil) dağlarda azıb qalaraq şaxtadan donublar, … əsirlərin müəyyən hissəsi güllələnib… Dörd gün ərzində Ağdama 200 – dək cəsəd gətirilib. Onlarla meyitdə zorakılıq əlamətləri aşkar görünürdü. Ağdam şəhər sanitar qatarının həkimləri başlarının dərisi soyulmuş dörd meyit qeydə alıblar, bir meyitin isə başı kəsilmişdi… Həmin sanitar qatarda canlı insanın başının

dərisinin soyulduğu qeydə alınıb…” [50]. Qeyd edilməlidir ki, 2008-ci ildə Ermənistanın prezidenti olmuş Serj Sarkisyan Xocalı şəhərinin mülki əhalisinə qarşı həyata keçirilmiş qanlı aksiyanın təşkilatçılarından biri olmuşdur. İngilis jurnalisti Tomas de Vaal bu məsələyə toxunaraq, yazır ki, “Erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının zəbt edilməsi haqda danışmağı xahiş etdikdə, o ehtiyatla cavab verdi: “Biz bu barədə ucadan danışmamağa üstünlük veririk”. Tomas de Vaal daha sonra qeyd edir ki, Sarkisyan baş vermiş hadisələrlə bağlı daha düzgün və daha sərt danışdı: “Düşünürəm ki, başlıcası başqa məsələ idi. Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq” [51]. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda işğal edilən ərazilərində də bəşəriyyətə qarşı cinayət əməlləri davam etdirilmişdir – Azərbaycan Respublikasının Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının yüz minlərlə dinc sakinlərinin əvvəlcədən planlaşdırılmış, kütləvi və kobud şəkildə hüquqları pozulmuş, onlar qısa bir müddət ərzində məcburi köçkünlərə çevrilmişlər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərinin işğalı zamanı minlərlə insan əsir və girov götürülmüş və ya itkin düşmüşdür. Məlum olduğu kimi, girovlar və hərbi əsirlər beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslər kateqoriyasına aid edilirlər. Beynəlxalq humanitar hüquq bu kateqoriyadan olan insanlara qarşı repressiv zorakılıq üsullarının tətbiqini qadağan edir, girovların və əsirlərin təhlükəsizliyinin təmin olunmasını tələb edir. Azərbaycan Respublikasının Əsir, İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlarına görə müharibə qurbanı olan mülki əhali və hərbi əsirlər arasında qeyri-insani rəftara, müxtəlif zorakılıq növlərinə, fiziki və mənəvi işgəncələrə, qətllərə, tibbi eksperimentlərə məruz qalanlar olmuşdur. Girovlar və hərbi əsirlər işgəncə verilməklə öldürülür, yaxud dözülməz şəraitdə saxlanma nəticəsində həlak olur, əsirlikdən azad edilənlər isə ömürlük əlilə çevrilirlər. Əsir, İtkin düşmüş, girov götürülmüş

vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 yanvar 2011-ci il tarixinə olan məlumatlarına əsasən, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir (149 nəfər qadın). İndiyədək əsir və girovluqdan 1399 nəfər azad edilmişdir. Onlardan 343 nəfəri qadın, 1056 nəfəri kişidir. Eyni zamanda, onlardan 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfəri yaşlı şəxsdir (112 nəfər yaşlı qadın). Bundan əlavə, Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir, 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir [52]. Qeyd edilənlərlə yanaşı, Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş və bu əraziləri monoetnik zonaya çevirmişdir. İşğal edilmiş ərazilərdən yerli azərbaycanlı əhali çıxarılaraq məcburi köçkünə çevrilmişlər. Azərbaycanın keçmiş DQMV işğal edildikdən sonra azərbaycanlı əhali zorla öz vətənlərindən qovulmuş, bundan sonra isə eyni hadisələr Azərbaycanın digər 7 rayonunda da təkrarlanmışdır. Belə ki, Ermənistan tərəfindən işğal edilmiş Laçın rayonundan 71000, Kəlbəcər rayonundan 74000, Ağdam

rayonundan 165600, Füzuli rayonundan 146000, Cəbrayıl rayonundan 66000, Qubadlı rayonundan 37900, Zəngilan rayonundan isə 39500 nəfər Azərbaycan vətəndaşı məcburi köçkünə çevrilmişdir. Ümumiyyətlə, Ermənmistanın silahlı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın işğal edilmiş (DQMV və ətraf 7 rayon) ərazilərindən 660000-dən artıq dinc əhali məcburi köçkün olmuşdur. Bundan əlavə, 100000 – dən artıq Azərbaycan vətəndaşı Ermənistanla həmsərhəd və işğal xətti ilə təmasda olan ərazilərdən ölkənin digər ərazilərinə pənah gətirmişlər. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, 1988-ci ilin sonu və 1989-cu ilin əvvəllərində, indiki Ermənistan Respublikasının ərazisindən 250 mindən artıq etnik azərbaycanlı deportasiya edildi və onlar qaçqın qismində Azərbaycanda məskunlaşdılar. Beləliklə, indiki Ermənistandan azərbaycanlıların deportasiyası, Azərbaycanın 20% ərazisinin işğalı və işğal edilmiş ərazilərdə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində minlərlə insan öldürülmüş, müxtəlif dərəcəli xəsarət almış, əsir götürülmüş və itkin düşmüş, dinc əhali ağır psixoloji və mənəvi gərginlik keçirmiş, 1 milyondan artıq azərbaycanlı öz tarixi vətənlərindən, evlərindən didərgin salınaraq, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Həmin kateqoriyaya aid olan insanlar Azərbaycanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar. Bundan əlavə, Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onların arasında təbii artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. İşğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasındakı dövrdə doğum kəskin surətdə aşağı düşmüş və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Bu azalma (hər 1000 nəfərə görə) rayonların hamısında 11,2-22,6 nəfər arasında olmuşdur. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım 16,9-22,6 nəfər arasında olmuşdur. İşğal olunmuş rayonların hamısında demoqrafik göstəricilər orta respublika səviyyəsindən aşağı olmuşdur. Sosial və iqtisadi şəraitin həddən artıq ağır olması, dağ və dağətəyi zonaların yaşayış şəraitinin düzən yerlərdəki isti iqliminə uyğunsuzluğu, Ermənistanın silahlı təcavüzü, təcavüzkarların mülki əhaliyə qarşı qeyri-insani davranışı, işgəncələrin verilməsi və etnik təmizləmə siyasəti

nəticəsində insanların şok vəziyyətinə düşməsi, uzunmüddətli psixoloji gərginlik durumunda olması və s. işğal olunmuş rayonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca səbəbləri olmuşdur. Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də onların işlə təmin olunması ilə bağlı çətinliklərdir. Azərbaycan

Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə 1999-cu ildə 301359 nəfər əmək qabiliyyətli qaçqın və məcburi köçkün olmuşdur, onların 196380 nəfəri yaxud ümumi əmək ehtiyatlarının 65,2%-i işsiz qalmışdır. 1999-cu ilə olan məlumata əsasən, məcburi köçkünlərin 74 min nəfəri lazımi şəraiti olmayan çadır şəhərciklərində, 99 min nəfəri quraşdırılmış evlərdən ibarət

qəsəbələrdə, 17,5 min nəfəri ictimai binalarda, məktəblərdə, uşaq bağçalarında və yataqxanalarda, 20,2 min nəfəri qohum evlərində, qalanları zəbt olunmuş mənzillərdə, yarımçıq qalmış tikililərdə, fermalarda, yük vaqonlarında və sadəcə olaraq, yol kənarlarında məskunlaşmışlar. Heç bir normal istilik, elektrik enerji təchizatı, sanitar-gigiyena şəraiti olmayan belə qaçqın məskənlərində doğulan uşaqların, onların valideynlərinin sağlamlığı təhlükə altında qalır. Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkünə çevriməsi, 20 min nəfərin həlak olması, 50 min nəfərin əlil olması və təxminən 5 min nəfərin əsir və itkin düşməsi ilə yanaşı, işğal olunmuş rayonlardan olan əhalinin təbii artımı 22-26 nəfərə (hər 1000 nəfərə) qədər azalmışdır ki, bu da Azərbaycanda demoqrafik vəziyyətə ciddi mənfi təsir etmişdir. Ermənistanın apardığı etnik təmizləmə siyasəti və silahlı təcavüzü nəticəsində Azərbaycanda fövqəladə humanitar vəziyyət yaranmışdır. Bu fakt, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmışdır. Belə ki, BMT Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822(1993) saylı qətnaməsində regionda çoxlu sayda mülki şəxslərin yerdəyişməsi və fövqəladə humanitar vəziyyətin yaranması ilə bağlı öz dərin narahatlığını ifadə etmişdir [11]. BMT Təhlükəsizlik Şurası özünün 29 iyul 1993-cü il il tarixli 853(1993) saylı qətnaməsində Azərbaycanda çoxlu sayda mülki şəxslərin yerdəyişməsi və fövqəladə humanitar vəziyyətin yaranması ilə bağlı yenidən öz dərin narahatlığını ifadə etmişdir. Göründüyü kimi, qətnamədə regionda olan vəziyyət daha dəqiq ifadə olunmuşdur. Yəni, çoxlu sayda mülki şəxslərin yerdəyişməsinin məhz Azərbaycanın ərazisində baş verməsi vurğulanır [12]. BMT Təhlükəsizlik Şurası özünün 14 oktyabr 1993-cü il il tarixli 874(1993) saylı qətnaməsində təcavüz nəticəsində insanların əziyyət çəkməsi, regionda yaranmış fövqəladə humanitar vəziyyətlə, Azərbaycanda çoxlu sayda mülki şəxslərin yerdəyişməsi ilə bağlı yenidən özünün ciddi narahatlığını ifadə etmişdir [13]. BMT Təhlükəsizlik Şurası özünün 12 noyabr 1993-cü il il tarixli 884(1993) saylı qətnaməsində çoxlu sayda mülki şəxslərin yerdəyişməsi və Zəngilan rayonunda və Horadiz şəhərində

və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin yaranması ilə bağlı yenidən özünün ciddi narahatlığını ifadə etmişdir [14]. BMT Baş Assambleyası 20 dekabr 1993-cü ildə özünün 48/114 saylı “Azərbaycanda qaçqınlara və köçkünlərə fövqəladə humanitar yardım vəziyyətinə dair” qətnaməsində çoxlu sayda mülki şəxslərin yerdəyişməsi ilə bağlı Azərbaycanda humanitar vəziyyətin daimi pisləşməsi ilə əlaqədar özünün ciddi narahatlığını ifadə etmişdir. Bu qətnamənin əsas dəyərlərindən biri ondan ibarətdır ki, ilk dəfə beynəlxalq sənəddə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda qaçqınların və köçkünlərin sayının bir milyonu aşdığı təsdiqlənmişdir [20]. BMT Baş Assambleyası 14 mart 2008-ci ildə özünün 62/243 saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsində Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz ölkələrində inkişafa və humanitar vəziyyətə mənfi təsirləri qeyd olunur [22]. İslam Konfransı Təşkilatının 13-14 mart 2008 il Seneqal Respublikasının Dakar şəhərində keçirilmiş On Birinci Zirvə Görüşündə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 10/11-P (IS) saylı Qətnamə qəbul olunmuşdur. Bu sənəddə də qeyd olunur ki: “İKT erməni təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən və bu böyük

humanitar problemin ağırlığından dərin narahatlıq” keçirir. Həm də bu qətnamənin 21-ci maddəsində qeyd olunur ki: “İKT Azərbaycan Respublikası ərazisində bir milyondan çox məcburi köçkün və qaçqının mövcudluğu ilə əlaqədar humanitar problemlərin kəskinliyindən narahatlığını ifadə edir” [53]. Beləliklə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində fövqəladə humanitar vəziyyət yaranması faktı nüfuzlu beynəlxalq təşkilatların qərarlarında öz təsdiqini tapmışdır.

 

 

05.02.2013 15:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*