Azərbaycanca

Azərbaycan Bayrağınının simvolları

09.11.2013 | 12:02

1383983755_bbAzərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin 2-ci bəndində deyilir: «Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti l:2 dir».

  Göründüyü kimi, Konstitusiyaya görə dövlət bayrağımızdakı əsas simvollar bərabər ölçülü mavi, qırmızı, yaşıl rəngli zolaqlardan, qırmızı zolağın hər iki üzündə ağ rəngli aypara və ağ rəngli səkkizguşəli ulduz təsvirindən ibarətdir. Hər bir simvolun özünəməxsus tarixi-siyasi, mədəni amillərlə bağlı olan məna və funksiyası vardır. Bayraq, onun mənşəyi, tarixi təkamülü və müasir vəziyyəti, bayraqda əks olunan simvolların məna və funksiyası, bayrağın qaldırılma və endirilmə mexanizmi və s. bu kimi sosial-siyasi, milli-mənəvi, mədəni-tarixi və ideoloji məsələlərin şərhi ilə veksilologiya elmi məşğul olur. Həmin elmin son nailiyyətlərinə görə, ən qədim bayraq b.e. əvvəl üçüncü minilliyə aid olub, 1972-ci ildə İranda tapılmışdır. Həmin bayraq üzərində müxtəlif heyvan rəsmləri əks olunmuşdur ki, bu rəsmlər qədim insanların mifik görüşlərini əks etdirən simvollardan ibarətdir. Ümumiyyətlə, hər bir bayraq indi olduğu kimi, tarixən də müəyyən bir millətin (xalqın) və onu təmsil edən dövlətin qüdrətini təcəssüm etdirən atribut sayılmışdır. İstər tarixən, istərsə də müasir mərhələdə mövcud olan dövlət bayraqları rəng palitrası baxımından zənginliyi ilə seçilir. Müasir veksilologiya elminin son məlumatlarına görə, hazırda dünyada mövcud olan dövlət bayraqları içərisində qırmızı rəngli bayraqlar birinci yerdə olub, ümumən mövcud bayraqların üçdə ikisini təşkil edir. Onun ardınca ağ, mavi, qara və yaşıl rəngli bayraqlar gəlir. Bayraqlar rənglərin sayına görə də müxtəlif növlərə ayrılır ki, onlar içərisində üçrəngli bayraqlar bizim üçün daha çox maraq doğurur. Belə bayraqlara trikolor («üçrəngli bayraq» mənasında termindir) deyilir. Dünyada ilk trikolor XVI əsrdə Hollandiyada yaradılmışdır ki, həmin bayraq qırmızı, ağ, və mavi rəngli üç üfüqi zolaqdan ibarətdir. Müasir dövrdə bir çox dövlətlərdə mövcud olan trikolorlar holland bayrağından törəmişdir. Məsələn, Rusiya Federasiyasının dövlət bayrağı – trikoloru hələ 1690-cı ildə I Pyotr tərəfindən holland bayrağındakı rənglərin yerdəyişməsi yolu ilə (ağ, mavi və qırmızı rəngli üfüqi zolaqların sıralanması ilə) yaradılmış, 1917-ci ilin noyabrında aradan qaldırılsa da, 1991-ci il dekabrın 26-da yenidən bərpa edilmişdir.   Eyni mənşəli Fransız trikoloru 1789-cu ildə Bastiliyanın alınmasından sonra qəbul edilmişdir. Həmin trikolor başqalarından fərqli olaraq şaquli istiqamətdə olan mavi, ağ və qırmızı rəngli zolaqlardan ibarətdir və hazırda Fransa Respublikasının bayrağındakı üç rəng «azadlıq, bərabərlik və qardaşlıq» prinsiplərinin simvolu kimi qəbul edilmişdir. İtaliya və İrlandiya bayraqları da trikolordur.   Lakin həmin bayraqlar eyni mənşəli olsalar da, hər birində eyni rəng çox hallarda müxtəlif mənalar bildirir. Məsələn, 1848-ci ildə yaranmış İrlandiya trikolorundakı yaşıl rəng katoliklərin, narıncı rəng protestantların rəmzi, ağ rəng isə həmin dini təriqətlər arasında sülh və barışıq simvolu kimi çıxış edir.   Vahid mənşəli və əsasən, eyni rənglərin müxtəlif ardıcıllıq və istiqamətdə sıralanması ayrı-ayrı xalqlarda özünəməxsus simvolik, rəmzi məna və funksiya daşıyır. Buna təbii baxmaq lazımdır. Çünki hər bir xalqın spesifik milli simvolikası, milli adət-ənənələri, mifik və dini görüşləri onun dövlət rəmzlərində bu və ya başqa şəkildə əks olunur.   Azərbaycan Respublikasının dövlət bayrağı tipoloji baxımdan bayraqların trikolor növünə daxildir. Lakin üçrəngli milli bayrağımız hazırda dünyada mövcud olan trikolorlardan rənglərin düzümü ilə yanaşı, digər simvolların (ağ rəngli aypara və səkkizguşəli ulduz) da olması ilə başqalarından seçilir. Həmçinin milli bayrağımızdakı rənglər yuxarıda haqqında danışılan trikolorlardan fərqli məna və funksiya daşıyırlar. Nəzərə alınmalıdır ki, müxtəlif dövlətlərə məxsus trikolorlardakı eyni rəng müxtəlif məna və funksiya bildirə bilər. Bu mənada Azərbaycan bayrağındakı rənglərin məna və funksiyasını başqa trikolordakı rəngin simvollaşdırdığı məna ilə müqayisə etmək, yaxud eyniləşdirmək olmaz. Çünki müəyyən rəng bir xalqda bir, başqalarında isə tamam başqa mənada ola bilər. Buna görə də bayraqlardakı rənglərin müxtəlif tarixi-siyasi şəraitdə bildirdiyi məna şərti olub, simvolik, rəmzi xarakter daşıyır. Məsələn, Azərbaycan bayrağındakı mavi rəng milli mənşəyimizi-türklüyümüzü bildirdiyi halda, Fransa bayrağında «qardaşlıq» simvolunu ifadə edir. Yaxud yaşıl rəng milli bayrağımızda dini mənsubiyyətimizi – islamlığı bildirirsə, İrlandiya trikolorundakı katolik dini təriqətini təcəssüm etdirir və s.Azərbaycan Bayrağınının  simvolları   Bu baxımdan Azərbaycanın üçrəngli milli bayrağı – trikolorundakı rəng palitrasının, onun üzərindəki ağ rəngli aypara və səkkizguşəli ulduz təsvirinin məna və funksiyasının şərhində, açıqlanmasında tarixi-siyasi, mədəni-ideoloji faktorların nəzərə alınması çox vacibdir. Çünki Azərbaycan trikolorunun hələ 1918-ci ildə qəbul edilməsini, həmin bayrağın qəbulunu şərtləndirən tarixi-siyasi və mədəni amillərini, xüsusən bayraqda əks olunan milli ideoloji prinsiplərin formalaşması və reallaşması prosesinə aparan milli azadlıq, milli müstəqillik tarixini nəzərə almadan, onu tarixilik baxımından təhlil etmədən milli bayrağımızdakı rənglərin, eləcə də digər simvolların məna və funksiyalarını gərəyincə açmaq, onları yetərincə düzgün dəyərləndirmək mümkün deyildir.

 

  Lakin bayrağımızdakı rənglər düzümünün və digər simvolların məna açımında çoxsaylı yanlışlıqlara, hətta uydurmalara, fərziyyələrə də rast gəlirik. Bu cür müxtəlifliyi aradan qaldırmaq məqsədilə Azərbaycan milli bayrağım yaradanların, həmçinin XX əsrin əvvəllərində, xüsusən 1918-1920-ci illərdə bu məsələ ilə bağlı mülahizələr söyləmiş fikir, sənət və siyasət adamlarının dediklərini yada salmaq və onların işığında məsələnin şərhini vermək daha faydalı və düzgün olardı.   XIX əsrin əvvəllərində Azərbaycanın İran və Rusiya tərəfindən parçalanması, onun şimalının Rusiya əsarəti altına düşməsi nəticəsində nəinki «Azərbaycan» sözü xəritələrdən və tarix kitablarından silinmişdi, hətta azərbaycanlıların milli mənsubiyyəti unutdurulmuş, milli mənliyi tapdalanmış, milli, dini dəyərlərini – islamı inkişaf etdirmək əvəzinə, süni olaraq sünni-şiə məsələsi ortaya atılmış, nəticədə qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan türklərinə qarşı mənəvi və fiziki terror, soyqırımlar başlanmışdı. Bu tarixi haqsızlığı və ədalətsizliyi dərindən duyan Azərbaycan ziyalıları XIX əsrin ikinci yarısından başlayaraq ara-sıra etiraz səslərini yüksəltməyə başlasalar da, bu proses XX əsrin əvvəllərində artıq milli azadlıq və istiqlal mübarizəsinə çevrildi. Azərbaycanın böyük mütəfəkkir insanlarında baş qaldıran milliyyətçilik, istiqlalçılıq, müstəqillik, azadlıq, azərbaycançılıq, müasirlik, Qərbçilik, Şərqçilik ideyalarının sistem xarakter almasında o dövrün mətbuat orqanlarının, xüsusən, «Həyat» qəzetinin, «Molla Nəsrəddin» və «Füyuzat» jurnallarının müstəsna rolu olmuşdur. Azərbaycanda milli istiqlalın oyanışına, milli kökə qayıdışda, milli mənlik şüurunun dirçəlişində, milliyyətçilik, Qərbçilik ideyalarının intişarında Osmanlı imperiyasında XIX əsrin ortalarından başlanan tənzimat («islahat») hərəkatının, eləcə də, «Dildə, fikirdə, işdə birlik» şüarı ilə türkçülüyü, «üsuli-cədid məktəbləri» ideyası ilə avropalaşmağı təbliğ edən və 35 il (1883-1918-ci illər) fasiləsiz olaraq Krımda İsmayıl Qaspıralının (Qasprinskinin) redaktorluğu ilə nəşr edilmiş «Tərcüman» qəzetinin də müsbət təsiri olmuşdur. Dövrün qabaqcıl mətbuatı ətrafında toplaşan fikir, sənət və siyasət adamları milli azadlıq və istiqlal, milli oyanış və qurtuluş, milli ənənələrə və soykökünə bağlılıq, milli tərəqqi, milli mənəvi və dini dəyərlərin dirçəlişi, müasir dünya mədəniyyəti və demokratiyasına qovuşmaq, ondan milli təkamüldə yararlanmaq və s. bu kimi ümummilli ideyalar irəli sürür, onları milli istiqlalın və müstəqil Azərbaycan milli ideologiyasının əsas təməl prinsipləri hesab edirdilər.   Bu ideyaları irəli sürən və onun gerçəkləşməsi yolunda milli istiqlal savaşına, milli qurtuluş mücadiləsinə başçılıq edənlər Əli bəy Hüseynzadə (1864-1940), Əhməd bəy Ağaoğlu (Ağayev) (1869-1939), Əlimərdan bəy Topçubaşi (Topçubaşov) (1865-1934), Məmməd Əmin Rəsulzadə (1884-1955) və başqaları idi.   Bu gün müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini ifadə edən «Türkçülük, islamçılıq və müasirlik» düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.   Həqiqətən, Ə. Hüseynzadə 1905-ci ildə Bakıda ana dilində nəşrə başlayan «Həyat» qəzetində (Ə. Hüseynzadə və Ə. Ağaoğlu qəzetin redaktorları, Ə. Topçubaşi naşiri, H.Z. Tağıyev hamisi idi) hissə-hissə çap olunan və ilk dəfə milli istiqlal mübarizəmizin siyasi proqramını verən «Türklər kimdir və kimlərdən ibarətdir?» adlı çox qiymətli əsərində və bir sıra silsilə məqalələrində «türkləşmək, islamlaşmaq, avropalaşmaq» siyasi-ideoloji modelini irəli sürdü. Onun fikrincə, türkləşmək – milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarixin və mədəniyyətin yüksəldilməsi, islamlaşmaq – islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi, avropalaşmaq isə öz millətinə xor baxmaq və kafirləşmək deyil, Avropa elm və texnikasının nailiyyətlərini öyrənib onun nəticələrinin öz milli mədəniyyətinin, elminin inkişafına yönəldilməsi, Qərb demokratiyası ənənələrindən istifadə olunması deməkdir. Başqa sözlə, Əlibəy Hüseynzadə belə hesab edirdi ki, azərbaycanlıların millət məfkurəsi türkləşmək, dini məfkurəsi islamlaşmaqdırsa, iqtisadi, mədəni, siyasi məfkurəsi avropalaşmaq olmalıdır. Ə. Hüseynzadənin «türkləşmək, islamlaşmaq, avropalaşmaq» milli istiqlal və ideoloji mübarizə prinsipi az sonra böyük türk alimi və ideoloqu Ziya Göyalpın 1913-cü ildə İstanbulda «Türk yurdu» dərgisində çap etdirdiyi «Türkləşmək, islamlaşmaq və müasirləşmək» başlıqlı silsilə məqalələrində geniş və hərtərəfli müdafiə olunur, irəli sürülən ideyalar daha da inkişaf etdirilir.   Lakin Ziya Göyalp həmin modeli («türkləşmək, islamlaşmaq, müasirləşmək») sosioloji baxımdan «Millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı!» anlamını verən «Türk millətindənəm, İslam ümmətindənəm, Batı mədəniyyətindənəm» şəklində formula etmişdir ki, bu əslində Ə. Hüseynzadənin məlum düsturunun sadəcə açılışından ibarət idi.   Əlibəy Hüseynzadə tərəfindən irəli sürülən, Ziya Göyalp tərəfindən əsaslı şəkildə müdafiə edilərək inkişaf etdirilən «türkləşmək, islamlaşmaq və müasirləşmək» modeli sonralar Azərbaycan milli istiqlal mübadiləsinin ideoloqu M.Ə. Rəsulzadə tərəfindən milli azadlıq hərəkatının siyasi ideoloji prinsipi səviyyəsinə qaldırılmış, müstəqil Azərbaycanın istiqlal və azadlıq rəmzi olan üçrəngli milli bayrağımızın yaranması ilə nəticələnmişdir.
Deyilənlərdən aydın olur ki, Azərbaycan bayrağındakı rənglər (mavi, qırmızı, yaşıl) XX əsrin əvvəllərində formalaşmış milli istiqlal mübarizəsinin təməl prinsipləri olan «türkləşmək, islamlaşmaq və müasirləşmək» ideoloji modelinin məna və funksiyasını ifadə edir.   Azərbaycan Bayrağınının  simvollarıAzərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə. Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi «türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini» (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng «Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur».   Azərbaycanın böyük sənət adamı Üzeyir Hacıbəyov milli bayrağımızdakı rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı: “Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu…Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi (mavi, qırmızı, yaşıl) bu ümdənin timsalıdır.”   Dahi Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş «Bir yaş» adlı məqaləsində milli bayrağımızdakı rənglərin mənasına toxunaraq deyirdi: «Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur».   Deməli, Üzeyir Hacıbəyov da milli bayrağımızdakı rənglərin (mavi, qırmızı, yaşıl) milliyyətçilik-türkçülük, çağdaşlıq – Avropa demokratiyası, şərqçilik-islamlıq mənalarını bildirdiyini təsdiqləmişdir. O, «Azərbaycan» qəzetində Azərbaycan Cümhuriyyətinin Parlamentinin açılışından söz açaraq «Məmməd Əminin nitqi iftiqahiyəsində (giriş nitqində) bu üç rəngin «türkləşmək, islamlaşmaq və müasirləşmək» amali-əlamətindən ibarət olduğunu» yazırdı.   Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli bayrağımıza çoxsaylı şerilər həsr olunmuş, bayraqdakı simvolların ifadə etdiyi mənaların obrazlı şəkildə açılışma cəhdlər edilmişdir.   İlk  mənbə  və  tarixi  qaynaqlar  əsasında  deyilənlər  bir  daha  təsdiq  edir  ki,  Azərbaycan  Xalq Cümhuriyyətinin milli bayrağı kimi hələ 1918-ci ildə qəbul edilmiş bugünkü müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağındakı mavi rəng: milliyyətçiliyi – türklüyümüzü; qırmızı rəng: müasirliyi – demokratiya və azadlığı; yaşıl rəng isə: islam sivilizasiyasını – müsəlmanlığı ifadə edir.     Azərbaycan Respublikasının Dövlət bayrağındakı simvollardan biri də bayraqdakı qırmızı zolağın hər iki üzündə təsviri olan ağ rəngli aypara və ağ rəngli səkkizguşəli ulduzdur.   Qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının üçrəngli milli bayrağımızda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağ rəngli aypara və səkkizguşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı imperatorluğunun bayrağından hazır şəkildə alınmışdır.   Bu simvolların, xüsusən səkkizguşəli ulduzun məna və funksiyası barədə müxtəlif fikirlər mövcuddur. Bəziləri səkkizguşəli ulduzun Azərbaycandakı millətlərin sayını bildirdiyini iddia edirlər ki, bu fikir əsassızdır. Çünki, əvvəla, Azərbaycanda yaşayan millətlərin sayı səkkiz deyil, çoxdur. İkincisi, bu simvol Azərbaycan bayrağına hazır şəkildə gətirilib. Üçüncüsü, bu rəmzin Şərq xalqlarında, o sıradan türk xalqlarında 3 min illik tarixi var və s.   Türk xalqlarında, eləcə də digər Şərq xalqlarında ayparanın tarixi kökləri çox qədimlərə gedib çıxır. Türkiyə tarixçisi Fevzi Kurtoğlu bu məsələdən danışarkən yazır ki, «hilal (aypara) 5000 il bundan əvvəl Orta Asiyadan ön Asiyaya köç etmiş şumerlər, eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk heraldikasında istifadə olunması nə Sultan Osman Qazinin məşhur röyasından, nə də Sultan Mehmed Fatehin İstanbulu fəthindən başlar. Bunun köklərini dərinlərdə aramaq lazımdır. Hilal (aypara) türk millətinin tarixi qədər əskidir…»   Araşdırmalar göstərir ki, aypara şəklində rəmzləşdirilən ay bir çox qədim Şərq xalqlarında, o cümlədən əski türklərdə müqəddəs sayılır, ona sitayiş edilirdi…   Səkkizguşəli ulduz simvolunun da tarixi də çox qədimlərlə, əski inamlarla, mifik görüşlərlə bağlıdır. Qədim türklər Günəşə və Aya sitayiş edər, çadırlarının qapısını Günəş doğan səmtə doğru qoyardılar. Əski türklərin dini, mifik görüşlərindən danışarkən türk alimi Bahəddin Ögəl doğru olaraq yazır ki, qədim türklərin dini görüşlərində Göy və Günəş birinci dərəcəli yer tuturdu. Sonralar maniçilik (maniheizm) dinini qəbul edən türklər Ay kultuna da üstünlük verdilər. Beləliklə, Göy, Ay və Günəş kultları qədim türklərdə müqəddəs sayılırdı. Əvvəllər türklər Tanrıya «Göy Tanrı» dedikləri halda, maniheizmin qəbulundan sonra «Ay-Tanrı» deməyə başladılar. Sonralar türk mifoloji düşüncəsinə görə, Günəş-Ana, Ay-Ata şəklində ifadə edilərək Ayın «erkək», Günəşin «dişi» anlamında simvolizə olunduğunu görürük.

Maraqlıdır ki, Hun imperatoru Metenin Çin İmperatoruna göndərdiyi məktubda belə bir cümlə var: «Göy və Yerin doğurduğu, Günəş və Ayın taxta keçirdiyi Türk xanlarının Böyük Kutu ehtiramla Çin İmperatorundan rica edər…»

Bu ifadələr də göstərir ki, qədim türklərdə Ay və Günəş kultu, onlara sitayiş və tapınma geniş yayılmışdı. Əgər tarixşünaslıqda qədim türklərlə şumerlilər arasında mədəni əlaqələrin, hətta qohumluğun da istisna olunmadığını, eləcə də hər iki qədim etnosun eyni arealda (Mərkəzi və Ön Asiyada) əsrlərlə kontaktda olmalarını nəzərə alsaq, belə bir ehtimal irəli sürmək mümkündür ki, qədim türklərdə mövcud olmuş Ay və Günəş kultları eynən şumerlilərə, həmçinin sonralar şumerlilərin Orta Asiyadan köç etdikləri Ön Asiyadakı xalqlara da keçmişdir. Beləliklə, Ay və Günəş kultu bir çox qədim Şərq xalqlarında geniş yayılmışdır. Şübhəsiz, qədim şumer abidələrində əks olunmuş ay və səkkizguşəli ulduz («Günəş» anlamında) simvolu əski türk və şumerlilərin Ay və Günəşə olan inamlarının nəticəsi kimi yozulmalıdır. Osmanlı İmperatorluğunun ağ rəngli ayparalı qırmızı bayrağına XVIII əsrin sonunda əlavə edilən və XIX əsrin ortalarında beşguşəli ulduzla əvəz edilən səkkizguşəli ulduz simvolu məhz qədim inamın Ay və Günəş kultlarına tapınmanın nəticəsi idi. Sözsüz, onun sonralar öz yerini müasirlik simvolu hesab edilən 5 guşəli ulduza təhvil verməsi faktı da səkkizguşəli ulduzun (günəşin) qədimliyini sübut edir…Azərbaycan Bayrağınının  simvolları

Ay və Günəş kultu qədim azərbaycanlılar arasında da geniş yayılmışdır. Azərbaycanda Aya və Günəşə sitayişlə bağlı arxeoloji abidələrdə, eləcə də xalçalar üzərində günəşin simvolu olan səkkizguşəli ulduz təsvirlərinin mövcudluğu göstərir ki, xalqımızın dini, mifik görüşlərində Ay və Günəşin müqəddəsliyi və ona sitayiş, inam və tapınma çox qədimlərlə, əski çağlarla səsləşir. Azərbaycan xalqının maddi mədəniyyətinin şah əsəri olan Qobustan qayaüstü rəsmlərində də səkkizguşəli ulduz təsvirlərinə gen-bol rast gəlinir. Beləliklə, Azərbaycan bayrağında olan və əski Osmanlı İmperatorluğu bayrağından alınmış ay və səkkizguşəli ulduz təsviri qədim inamlarla bağlı olub, biri Ayın, digəri isə Günəşin simvoludur. Müasir heraldika sənətində də günəşin bayraqlarda səkkiz, yaxud on iki şüalı verilməsi halları geniş yayılmışdır.

Beləliklə, Azərbaycan bayrağında əks olunan simvolların təhlili göstərir ki, mavi rəng türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng islamlığı, aypara və səkkizguşəli ulduz isə qədim inamlarla bağlı olub Ay və Günəşi bildirməyə xidmət edir.

“KarabakhİNFO.com”

 

Qeyd: Yazının hazırlanmasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının materiallarından ,  Misir Mərdanov və Əsgər Quliyevin müəllifləri olduqları “Azərbaycan Respublikasının dövlət rəmzləri” (Bakı, 2001) və İqrar Əliyev və Elmar Məhərrəmovun müəllifləri olduqları “Azərbaycan Respublikasının dövlət rəmzləri” (Bakı, 2008) kitablarından istifadə edilmişdir.

 

09.11.2013 12:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*