Azərbaycanca

Azərbaycan bayraqlarının tarixi

09.11.2013 | 15:12

1383994008_1991Azərbaycan özünün zəngin dövlətçilik tarixinə malik bir məmləkət olmuşdur. Təsadüfi deyil ki, bu ərazidə ilk dövlət qurumları eradan əvvəl III minillikdə yaranmağa başlamışdı. Təqribən 5 min illik bir dövrü əhatə edən bu tarixi inkişafda dövlətlər, sülalələr bir-birini əvəz etmiş, hər dövlətin özünəməxsus xüsusiyyətləri və əlamətləri olmuşdur. Azərbaycanda ilk dövlət qurumları eramızdan əvvəl III minillikdə Aratta, Lulubi, Su və Kuti tayfaları tərəfindən qurulmuşdur. İlk əsaslı dövlətimiz kimi Manna dövləti (e.ə. IX əsr) hesab olunur. Daha sonra uzun zamanda Azərbaycanın cənubunda Atropatena, şimalında Albaniya dövləti mövcud olmuşdur. Sacilər, Salarilər, Şirvanşahlar, Rəvvadilər və Şəddadilər dövlətləri eramızın ilk minilliyində dövlətçilik tariximizi zənginləşdirmiş sülalələrdir.

Dövlətin varlığını şərtləndirən əsas əlamətlərdən biri onun bayrağıdır. İkinci minillikdə yaranmış dövlətlərimizin bayraqları bu araşdırmada sizə təqdim edirik.

Atabəylər (Eldəgəzlər dövləti)

 

 1136-1225-ci illər ərzində Azərbaycan ərazisində göy rəngli üzərində ikibaşlı qartal təsviri olan Atabəylər dövlətinin (Eldəgəzlər dövləti) bayrağı ucalırdı. Atabəylər Dövlətinin banisi Atabəy Şəmsəddin Eldəgəzdir. Azərbaycan (Kürdən cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfəhan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan və Təbriz olmuşdur.

Qaraqoyunlu dövləti

 

 1410-1468-ci illər ərzində Şirvan istisna olmaqla bütün Azərbaycanı, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraqı əhatə edirdi.

Qaraqoyunlular Oğuz türk əsilli tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə o Qaraqoyunlu adlanırdı.

Ağqoyunlu dövləti

 

1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur. Bir çox tədqiqatçılarının fikrincə Ağqoyunluların bayrağında ağ qoyun şəkli olmuşdur.

Səfəvilər dövləti

 

1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş bir dövlətdir. Səfəvilər tarixdə ilk dəfə Azərbaycan türkcəsini özünün rəsmi dili elan edib. Bayrağında İslam rəmzi olan yaşıl rəng üstünlük təşkil edir.  Dövlətin əsasən iki bayrağı olmuşdur. Birinci bayraq Şah İsmayıl Xətainin dövründə qaldırılmışdır. Bir çox tarixi mənbələrdə təsviri verilən ikinci bayraq XVII əsrə aid olunur.

Nadir şah Əfşarın qəbul etdiyi bayraq

 

 XVIII əsrin birinci yarısında hakimiyyətdə olmuş Əfşarlar sülaləsinin dövründə qaldırılmışdır.

 

Qacarlar dövrünə aid edilən bayraq. XIX əsr

Xanlıqların bayraqları

 

Bakı xanlığının bayrağı

 

Bakı xanlığının bayrağın dördkünc qumaşı (ölçüləri 220 x 122 sm) dörd parça açıq moruğu və bir parça açıq xaradan əl ilə tikilmişdir. Uzununa yerləşdirilmiş yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızı atlas köbə (eni 6 sm) vasitəsilə bayraq ağacına taxılmışdır. Yaşıl parçanın üstündə xırda nəbati naxışlı üç zolaq vardır. Birinci zolaqda yanyana baş-ayaq yerləşdirilmiş biri tünd, o biri açıq yaşıl rəngli zambağa oxşar butaların içində altıləçəkli güllər və şişuclu, dalğavari yarpağa oxşar naxışlar salınmışdır. Daha enli ikinci zolağın içində ucları birləşdirilmiş, biri tünd, o biri isə yaşıl rəngli iki aypara çəkilmiş, bu ayparaların və onların birləşməsindən yaranmış çevrənin içində altı və səkkizləçəkli güllər tikilmişdir. Ayparalarla zolağın arasında içərisində tünd yaşıl saplarla xallar vurulmuş butavari yarpaqlardan yaradılmış ornament salınmışdır. Bütün gül və naxışların üzərində artıq solmuş güləbətin saplarının izləri qalmışdır. Yaşıl parçaya yaxın yuxarı sol hissədə yerləşən parçanın üstündə tünd moruğu onturlu ucları birləşdirilmiş üç aypara təsvir edilmişdir. Birinci ən böyük ayparanın içində ortadan başlayaraq əks istiqamətlərdə tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli orta ayparanın içində tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli ayparanın içində tünd moruğu saplarla ərəb dilində “Ya Məhəmməd, möminləri müjdələ” və “Allahdan kömək və yaxın qələbə” sözləri yazılmışdır. Digər ayparanın uclarının birləşməsindən əmələ gələn çevrənin içində yaşıl fonda tünd moruğu saplarla ərəb dilində “Allah kömək edəndir və Allah qoruyandır” sözləri yazılmışdır. Uzunsov səkkizləçəkli gül formasında olan aşağı hissəsi ərəb qrafikası elementlərini (“bismillah” və ya “Bakuyə”) xatırladan mürəkkəb naxışlarla örtülmüşdür.

Gəncə xanlığının bayrağı

 

Bayrağın dördkünc qumaşı (uzunluğu 127 sm, eni 174 sm) məxsusi toxunmuş və əl ilə bir-birinə tikilmiş moruğu və yaşılrəngli xara parçalarından hazırlanmışdır. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilmişdir. Qızılı zanbaq gülləri ilə əhatələnən qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə yazılmış “Allah” sözü vardır. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünmüş çərçivədə ərəbcə aşağıdakılar yazılmışdır: “Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır “. Mərkəz hissə ara xətləri ilə on qata bölünmüş və bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı beş dəfə təkrarlanmışdır: “Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir”.

Şəki xanlığının bayrağı

 

Şəki xanlığının ölçüsünə görə ən iri bayrağı (245 x 237 sm) beşbucaqlı formasındadır. Moruq rəngli orta hissəsi sarı ipək saplarla və güləbətinlə işlənmiş ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara) parçadandır. Ortada, güləbətin saplarla işlənmiş şaquli istiqamətli xətlər arasında, sarı ipək saplarla cərgə-cərgə səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvarı və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır.

İrəvan xanlığının bayrağı

 

Bayrağın qumaş hissəsi (ölçüləri:156 x 156 sm) zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Onun üstündə təbii boyalarla Şir və Günəş (şirixurşid) təsvirləri çəkilmişdir. Yan tərəfdən təsvir edilən Şir başını arxaya döndərmiş , qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir. Şirin arxasında doğan sarı Günəş və onun qızılı şüaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda “Əs-sultan ben əs-sultan Şah Fətəli Qacar, 1239” sözləri yazılmışdır. Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda – “Möminləri müjdələ “, solda – “Kömək allahdandır və yaxın qələbə”, yuxarıda sağda – “Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik”, solda – “Mərhəmətli, rəhimli allahın adı ilə “. Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır.

Qarabağ xanlığının bayrağı

 

İmperator I Aleksandr tərəfindən vəd edilən bayraq bir il sonra – 1807-ci ildə Mehdiqulu xana təqdim edildi. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq etdi. Bayraq qumaşı (ölçüləri 115 x 100 sm) zamanın təsirindən saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənmişdir. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilmişdir. Qalxanın üzərində ağ, qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi – Müqəddəs Müzəffər Georginin əksi verilmişdir. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilmiş, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınmışdır. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülmüşdür.

Azərbaycan Xalq Cümhuriyyətinin bayraqları

 

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər mövcud olub. Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.

“Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi – Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.
Qərara alındı – Mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Əli bəy Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!” Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng – islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.

Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir? Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.

Tarixçi Cəbi Bəhramov: “Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur”, – deyə bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.

Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib”.

Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli belə açıqlayıb: “Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir”.

Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.

Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı.


 

1920-ci il aprelin 28-də Cümhuriyyət süqut etdikdən və Sovet Hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib. Ancaq təqiblərə baxmayaraq, xalqın və qurtuluş mücahidlərinin mübarizəsində həmişə önəmli yerdə olub. Bu barədə faktlar da var. 1952-ci il mayın 28-də mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika günündə M. Ə. Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb, onu Azərbaycana aparmaq üçün kimə etibar edə biləcəyini soruşub.

Azərbaycan bayraqlarının tarixi

Zaldakılardan Gülmirzə Bağırov bu əmanəti götürüb və 70-ci illərdə bədəninə sarıyaraq vətənə gətirib. 20 il sonra isə -1990-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinin damından asılıb.1956-cı ildə üçrəngli bayraq, yaşadığı quruluşa nifrətini açıq şəkildə bildirən Cahid Hilaloğlu tərəfindən Qız Qalasının üzərinə qaldırılıb. Bu hərəkətinə görə gənc tələbə 4 il azadlıqdan məhrum edilir, ona bu işdə yardım edən Çingiz Abdullayev isə ruhi xəstəliklər dispanserinə salınıb.

70 il sonra 1990-cı ilin 17 noyabrında Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə bu bayraq Naxçıvan MR-ın dövlət bayrağı kimi qəbul edilib.1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən dalğalanmağa başlayıb.

Mehman HƏSƏN

 

“KarabakhİNFO.com”

 

09.11.2013 15:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*