Azərbaycanca

Azərbaycan daima konstruktiv mövqe tutub

22.11.2013 | 17:19

1385126242_b1Milli Məclisin deputatı Bəxtiyar Əliyevin “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibəsi.

– Bəxtiyar müəllim, Qarabağ məsələsinə yönəlik Azərbaycan-Ermənistan informasiya mübarizəsində mövcud durumunu necə qiymətləndirirsiniz?

 

Azərbaycan daima konstruktiv mövqe tutub. Ölkə mediası Qarabağ probleminin dünyaya çatdırılması istiqamətində lazımi işlər görür. Kütləvi İnformasiya Vasitələrində (KİV) vaxtaşırı Qarabağ işğalı ilə bağlı, Xocalı faciəsinə dair mövzulara yer ayrılır. Amma hesab edirəm ki, KİV-lər bu məsələyə diqqəti daha da artırmalıdır. Onu da qeyd edim ki, Ermənistan tərəfi daima  qeyri-konstruktiv münasibət nümayiş etdirir. Ermənistan mətbuatında mütamadi olaraq təhqir, düşmənçilik hislərini aşılayan informasiyalar yayılır. Bu da şübhəsiz ki, xalqlar arasındakı münasibətlərə və eyni zamanda sülh danışıqlarına da öz mənfi təsirini  göstərir.

 

–  Bəxtiyar müəllim, KİV müstəvisində üstünlüyün əldə edilməsi, qorunması və tələb olunan fəaliyyəti gücləndirmək üçün hansı addımlara ehtiyac var?

 

Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, dünya siyasi arenasında tutduğu mövqeyi ölkə mediası ilə yanaşı, xarici ölkə KİV-lərində də yayılmalıdır. Bunun üçün aidiyyəti qurumlar tərəfindən lazımi işlər görülür. 20 faizdən artıq Azərbaycan torpağı Ermənistan tərəfindən işğal edilib. İşğala məruz qalan torpaqlarımızda  vandalizmə yol verilməsi, tarixi abidələrin dağıdılması dünya ictimaiyyətinə bəyan edilməlidir. Gündəlik mətbu orqanlar Qarabağ problemini mütamadi işıqlandırmalı və  eyni zamanda qeyd etməlidirlər ki, əsirlikdə saxlanılan Azərbaycan vətəndaşlarına qarşı qeyri-insani münasibət sərgilənir.

 

–  Qarabağ probleminin dünyaya çatdırılması istiqamətində nə kimi işlər görülür və  hansı işlərin görülməsinə ehtiyac var?

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev istər ölkə daxilində, istərsə də xarici səfərlərində çıxış edərkən daima Qarabağ məsələsini Azərbaycanın bir nömrəli problemi olduğunu bəyan edir. Xüsusilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Qarabağın işğalının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardığı işlər təqdirəlayiqdir. Onun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası dünyada geniş əks-səda doğurub. İstər Şərq, istərsə də Qərb ölkələrində bu hərəkat geniş vüsət alıb. Bu kampaniya vasitəsilə beynəlxalq təşkilatlarda, dövlətlərdə keçirilən tədbirə qatılan insanlar Xocalı faciəsinin acısını duya biliblər. Və bu iş çox gözəl təşkil olunub, insanlıq baxımından bu məsələyə qiymət verilib və diqqətə çatdırılıb ki, insanlar laqeyd qaldıqca bəşəriyyətə qarşı həyata keçirilən bu qətliam yenə də təkrar oluna bilər. Biz çalışmalıyıq ki, Xocalı faciəsi dünyada öz həqiqi qiymətini alsın ki, gələcəkdə bəşəriyyət ikinci bir faciə ilə qarşılaşmasın.

 

–  Bəxtiyar müəllim, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində hərb variantı aktuallaşa bilərmi?

 

İşğala məruz qalan torpağımızın alınması üçün hərb variantı daim aktullaşa bilər. Ermənistan prezidenti Serj Sarkisyan son bəyanatında qeyd etmişdi ki, biz istənilən vaxt hərbi əməliyyatları bərpa edə bilərik və indikindən daha çox torpaq işğal edə bilərik.  Bu təhlükəni onlar daima Azərbaycana qarşı bəyan edirlər. Onların itirəcəyi bir şey yoxdur. Çünki, ermənilər özgə torpaqda yerləşiblər və özlərinin torpağı kimi qələmə verirlər. İşğala  məruz qalan torpaqlarımızın geri alınması üçün Azərbaycan ordusu daim Ali Baş Komandanın əmrini gözləyir. Hazırda Azərbaycanın çox güclü ordusu var və ordumuz istənilən vaxt torpaqlarımızı işğaldan azad edə bilər. Biz gözləyirik ki, son şans olaraq Ermənistan sülh yolu ilə bu məsələnin konstruktiv həllinı razılıq versin.

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

 

 

 

22.11.2013 17:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*