Azərbaycanca

“Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihəsi çərçivəsində “Baxış bucağı” adlı debat müsabiqəsi Bakı Dövlət Universitetində davam etdirildi

15.11.2017 | 17:19

Noyabrın 15-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihəsi çərçivəsində “Baxış bucağı” adlı debat müsabiqəsi Bakı Dövlət Universitetində davam etdirildi.

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda keçirilən bu dəfəki debatda Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin komandaları qarşılaşdı.

Tədbiri giriş sözü ilə açan AVCİYA-nın eksperti İradə Yaqubova yaradılan şəraitə görə BDU-nun rəhbərliyinə minnətdarlığını bildirdi və təmsil etdiyi təşkilatın fəaliyyəti ilə bağlı məlumat verdi. İ.Yaqubova qeyd etdi ki, AVCİYA-nın təşkil etdiyi bu ilki debatlarda dörd universitetin – Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri iştirak edirlər.

Moderator Orxan Cabbarlı debatda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclər “mən” kimi yox, “biz” kimi çıxış edə bilirmi və “məhz hansı həqiqətləri dünyaya çatdırmalıyıq” suallarına cavab axtarmağı təklif etdi.

BSU-nun magistrantı Tural Məmmədoğlu bildirdi ki, təmsil etdiyi universitetin hər il ondan artıq tələbəsi xaricdə təhsil almağa göndərilir və həmin ölkələrdə Azərbaycan həqiqətlərini təbliğ edirlər. T.Məmmədoğlu BSU-nun tələbələrinin bu yaxınlarda Soçi festivalında erməni təxribatının qarşısını almalarını Azərbaycan həqiqətlərinin təbliğinə misal göstərdi.

BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Kamran Mustafayev qeyd etdi ki, Azərbaycan gəncliyi Dağlıq Qarabağ problemi ilə əlaqədar həqiqətləri yalnız erməni təxribatına cavab olaraq deyil, əvvəlcədən çatdırmalıdır.

BSU-nun tələbələri Yusif Xandəmirov, Mahmud Məcidov, Aydın Ağayev, Aytən Məlikzadə, BDU-nun tələbələri Nərgiz Tağızadə, Hüseyn Bağırov, AynurAbbasova, Leyla Kazımova və başqaları  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin həmin həqiqətləri dərindən öyrənməklərinin, sosial şəbəkələrdə fəal olmalarının, xaricdə yaşayan Azərbaycan gənclərinin potensialından, Vikipediyanın imkanlarından istifadənin, dövlət dəstəyini gözləmədən fəaliyyət göstərməyin, şəbəkələşmənin vacibliyini vurğuladılar.

Debatın sonunda ekspertlər – BDU-nun əməkdaşı Rəşad Hüseynov, BSU-nun təmsilçiləri – tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, professor Habil Məmmədov, dosent Alpay Əhmədov, AVCİYA-nın əməkdaşı Şahin Camalov debatda səsləndirilən təkliflərlə bağlı fikirlərini çatdırdılar.

Qeyd edək ki, AVCİYA-nın “Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihəsi çərçivəsində növbəti debat noyabrın 21-də Bakı Slavyan Universitetində keçiriləcək.

15.11.2017 17:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*