Azərbaycanca

Azərbaycan həqiqətləri İsrailin dövlət radiosunda səsləndirilib

03.07.2014 | 11:29

1404372256_radio-rekaİyulun 2-də İsrail dövlətinin “İsrailin səsi” radiostansiyasının populyar “Biz olmayan yerdə” proqramında Azərbaycan Respublikasına həsr edilmiş bir saatlıq veriliş səslənmişdir. Bu ideyanı irəli sürənlər israilli məşhur radioaparıcı İqor Moldavski və “İsrailin səsi” radiostansiyasının şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut idi.

Radio verilişində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycan-İsrail münasibətlərinin inkişafı və perspektivləri, Azərbaycanın regionda xarici siyasət strategiyası və onun Cənubi Qafqazda regional lider kimi rolu, Azərbaycanın tolerantlıq və multikulturalizm siyasəti təhlil edilmişdir. Verilişdə azərbaycanlı jurnalist Kənan Quluzadə və Hayfa Universiteti nəzdində İranın və Fars körfəzi ölkələrinin öyrənilməsi üzrə Ezri Mərkəzinin əməkdaşı doktor Emil Abramov da iştirak edirdi.

Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut israilli məşhur radioaparıcı İqor Moldavskinin Azərbaycan-İsrail münasibətlərinin inkişafı və perspektivləri barədə suallarını cavablandıraraq qeyd etmişdir ki, Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır və bu münasibətlər iki ölkə və onların xalqları üçün çox vacibdir. Arye Qut demişdir: “İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrail dövləti Azərbaycanı neft-qaz, telekommunikasiya və kənd təsərrüfatı sahələrində ən mütərəqqi texnologiyalarla təchiz edən strateji tərəfdaşıdır”. İsrailli ekspertin fikrincə, Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Cənubi Qafqaz regionunun lideridir. Özü də bu, təkcə Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması ilə bağlı deyildir. İsrailli analitik vurğulamışdır: “Karbohidrogenlərlə zəngin olan bir sıra başqa ölkələrdən fərqli olaraq Azərbaycan enerji resursları hesabına əldə edilən gəlirləri daha geniş məqsədlərə yönəltmişdir. Postsovet dövründə Azərbaycan heç də zəif və asılı geosiyasi substansiya olmadığını, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynadığını sübut edə bilmişdir.

Dünyanın başqa hissələri ilə müqayisədə diplomatiyanın qat-qat mürəkkəb olduğu regionda yerləşən Azərbaycanın problemlərə praqmatik yanaşması, dini dözümlülük, öz qonşuları ilə konstruktiv münasibətləri – bütün bu amillər uğurlu və güclü Azərbaycanın təşəkkülündə mühüm rol oynayır. Burada xüsusi vurğulamaq lazımdır ki, 2009-cu ilin iyul ayında Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək, İsrail siyasətinin ağsaqqalı, İsrail dövlətinin ovaxtkı rəhbəri Şimon Peresi Azərbaycana dəvət etmiş və onu ən yüksək səviyyədə qəbul etmişdir”.

Azərbaycanlı jurnalist Kənan Quluzadə Azərbaycanın geosiyasi əhatəsi məsələsi üzərində ətraflı dayanmışdır. O demişdir: “Azərbaycan öz dostlarını da, düşmənlərini də yaxşı tanıyır. Azərbaycan özünün xarici siyasət strategiyasını dəqiq müəyyən etmiş, dünyanın və regionun bütün dövlətləri ilə tarazlı münasibətlər saxlayan, tamdəyərli, güclü və müstəqil dövlətdir. Region dövlətləri yaxşı başa düşürlər ki, Azərbaycana kənardan nəyisə diktə etmək mümkün deyildir. Əgər Azərbaycan xarici siyasətdə nə isə etməyi qərara alarsa, bunu edəcəkdir. Azərbaycan gənc dövlətdir və onun öz siyasətini həyata keçirmək, həlledici səsə malik olan regional ölkəyə çevrilmək cəhdləri uğurlu olmuşdur. Biz buna nail olmuşuq. Azərbaycan İsrail dövləti üçün olduqca etibarlı tərəfdaşdır”.

Arye Qut bildirmişdir ki, İsrail müasir Azərbaycanın rəhbərliyinin ölkədəki 20 minlik yəhudi icmasına səmimi münasibətini yüksək qiymətləndirir. “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü Arye Qut demişdir: “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir, ölkədə hər 7 sakindən biri qaçqındır. Bu, danılmaz tarixi faktdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmamışdır. Əslən Azərbaycandan bizlər də, İsraildəki Azərbaycan diasporunun üzvləri kimi bu fakta görə fəxr edirik. Azərbaycan sözün həqiqi mənasında sivilizasiyalararası dialoq nümunəsidir. Mən bunu hər dəfə təkrarlamaqdan yorulmuram. Siz mənə ikinci bir ölkə – istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi – göstərin ki, orada prezidentin və ölkənin birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilmiş olsun. Zənnimcə, ikinci bu cür ölkəni sadəcə tapa bilməzsiniz”.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü Arye Qut verilişin aparıcısının suallarına cavab verərək qeyd etmişdir ki, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olmuşdur və vətən olaraq qalır. Arye Qut demişdir: “Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq dinləri mövcud olmuşdur. Bu diyarda bu gün də tolerantlığa və dini dözümlülüyə çox güclü meyl müşahidə olunur. Bu, çox mühüm tarixi faktdır ki, əsası Məhəmmədəmin Rəsulzadə, Fətəli Xan Xoyski və Əlimərdan bəy Topçubaşov tərəfindən qoyulmuş, bütün müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumətində yəhudi xalqının iki nümayəndəsi olmuşdur – səhiyyə naziri və ərzaq naziri. Bu, Azərbaycanda yəhudilərə həmişə xüsusi münasibət olmasına dəlalət edir. Quba rayonundakı Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal bir məkan, həqiqi mənada Azərbaycanın fəxridir. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu qardaş kimi səmimi yaşayırlar. Burada onları ortaq tale və ortaq tarix bağlayır”.

A.Qutun sözlərinə görə, bir neçə ay bundan əvvəl “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun bilavasitə dəstəyi ilə İsrail dövlətinin müxtəlif şəhərlərində “Azərbaycan – tolerantlıq məkanıdır” adlı sərgi layihəsini həyata keçirməyə başlamışdır. Arye Qut vurğulamışdır: “Bu, Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin qorunub saxlanmasına, müasir və güclü Azərbaycan modeli kimi möhtəşəm nümunə üzərində bu siyasətin daha da inkişaf etdirilməsi və təbliğ olunması strategiyasının təsdiqidir”.

Hayfa Universiteti nəzdində İranın və Fars körfəzi ölkələrinin öyrənilməsi üzrə Ezri Mərkəzinin əməkdaşı doktor Emil Abramov Azərbaycan-İsrail strateji tərəfdaşlığının siyasi və iqtisadi bazisini yüksək qiymətləndirərək Azərbaycan ilə İsrail arasında akademik əməkdaşlığın perspektivlərindən söhbət açmışdır.

Doktor Emil Abramov demişdir: “Biz azərbaycanlı həmkarlarımızın bu məsələyə böyük maraq göstərməsinin şahidiyik. Ümidvaram ki, tezliklə Hayfa Universitetində Cənubi Qafqazın öyrənilməsi üzrə mərkəz yaradacağıq. Biz bu mərkəz çərçivəsində azərbaycanlı həmkarlarımızla müştərək araşdırmalar aparmağa, İsrailin akademik elitasını Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və ənənələri ilə tanış etmək məqsədilə konfranslar və dəyirmi masalar keçirməyə hazırlaşırıq”.

Arye Qut Azərbaycan haqqında həqiqəti israilli radio dinləyicilərinə söyləmək üçün verilmiş imkana görə “İsrailin səsi” dövlət radiostansiyasının rəhbərliyinə təşəkkürünü bildirmişdir.

“KarabakhİNFO.com”

 

03.07.2014 11:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*