Azərbaycanca

Azərbaycan İstiqlal mübarizəsinin bayrağı

30.01.2014 | 15:49

1391082086_1013216_575044115870419_272661464_n“Davamız üç kişinin aparacağı qısır bir dava deyildir. O, nəsildən-nəslə dövr edən bir davadır”

                                            (M.Ə.Rəsulzadə)

 

Tələbələrim mənə tez-tez sual verirlər: – müəllim, Məhəmməd Əmin Rəsulzadə kimdir? Mən də çəkinmədən onlara deyirəm:

  • M.Ə.Rəsulzadə nəinki Azərbaycan Demokratik Respublikasının banisi, həmçinin Azərbaycanı dəlilər kimi sevən liderlərdən biri idi.
  •  Azərbaycan xalqınn XX yüz­illikdə yetirdiyi ən böyük dövlət qurucusu və milli ideolo­qu­dur.
  • Məhəmməd Əmin Rəsulzadə Azərbaycanı sevmək və onu güclü dövlət etmək üçün bir işıqdır, gələcəyi göstərən bir çıxış yoludur, azadlığın idealıdır.

  O, 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətini elan edən Azərbaycan Milli Şurasının sədri, Milli Azadlıq Hə­rə­­katının öncülü idi. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M. Qənizadənin (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır.

Azərbaycan İstiqlal mübarizəsinin bayrağıİlk və müsbət örnəyi müstəqil və demokratik Milli Azərbaycan Cümhuriyyəti təşkil edən bu hərəkat və dava ətrafında Məhəmməd Əmin  Rəsulzadə konqres, konfrans, qurultay, məclis və yığıncaqlarda söylədiyi nitqlər, oxuduğu məlumatlar, etdiyi mübahisə və müzakirələr, nəşr etdiyi bəyannamə və verdiyi bəyanatlar, çıxardığı qəzet və jurnallar, yazdığı məqalə və çap etdirdiyi kitablarda Azərbaycanın müstəqil olmasının vacibliyin qeyd edirdi.

1915-ci ildə “Yeni İqbal” qəzetində “ictimai qayda və asayiş üçün zərərlifəaliyyətinə” görə hətta Məmməd Əmin Rəsulzadə barədə istintaq işi qaldırılmışdı. Hərbi vəziyyət elan olunmuş yerlər haqqında qaydaların 23-cü maddəsi (qeydlər) əsasında о həbs edilmiş və Bakı həbsxanasının bölməsində saxlanılmışdı.

Qafqazın Rusiyadan ayrılıb istiqlalını elan etməsi və Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistandan ibarət bir konfederasiya qurması üçün 1918-ci ilin fevral, mart və aprel aylarında Zaqafqaziya parlamentində söylədiyi siyasi nitqlər tarixi və siyasi dəyərlərini heç bir zaman qeyb etməyəcəkdir. Zaqafqaziya konfederasiyasının dağılması üzərinə 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını elan edən “Milli Şura” rəisi sifətində Osmanlı dövləti ilə imzaladığı müqavilə gərəyincə alınan əsgəri yardım, milli varlığımızı yox olmaqdan qurtarmış və bütün Qafqaz millətlərinə milli dövlət həyati imkanlarını təmin etmişdir.

M.Ə.Rəsulzadə bu barədə yazırdı: “28 mayis 1918 Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi – Millisi, sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur.

Məhz onun sayəsində Azərbaycan cümhuriyyətində «türkçülük, vətənçilik, mil­­li dövlətçilik, inqilabçılıq, xalqçılıq, cümhuriyyətçilik» siya­si millətçilik – azərbaycançılıq səviyyəsinə qaldırılmışdı.

Məhəmməd Əmin Rəsulzadə 1918-ci il dekabrın 10-da Azər­baycan cümhuriyyəti Parlamentinin 2-ci iclasında demişdir: “Bizim yaxın məqsədlərimizdən biri olan Azər­baycan muxtariyyətini tələb edərkən, həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdakılar bir nöqtədən, soldakılar da başqa bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan, Azərbaycan deyə-deyə müsəlmanları parçalayır, türklük bayrağı qal­xı­zar­kən – nəuzu billah (allah eləməsin) – islama xətər vurursunuz. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur… daim Azərbaycan məf­ku­rə­sinin (rusca mətnində: azerbaydcanizm – azərbaycançılıq) mü­da­fiə­çisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil ol­muş­dur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı in­kar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azər­bay­can fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yox­dur. Çünki artıq cəmiyyətimizin zehnində Azərbaycan is­tiq­lalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğ­rur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir” (Azər­bay­can Xalq cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik he­sabatlar). I c., B., 1998, s.50).

1907-ci ildə “Fyuzat” jurnalında  Azərbaycan bayrağının formasını, tərifini verən Əli bəy Hüseynzadə olub. Amma onun siyasi mənasını Rəsulzadə veribdir. Bayrağımızın rəngi əvvəl göy, yaşıl, qırmızı formada olub, Rəsulzadə isə bu formanı dəyişib göy (türkçülük), qırmızı (müasirlik), yaşıl (islam) edib. Bunu onunla izah edir ki, biz dünyaya sübut etməliyik ki, bizim qurduğumuz dövlət yenilikçi, Avropa dəyərlərinə üstünlük verən bir dövlətdir.

Azərbaycanın millətçi, dövlətçi, azərbaycançı aydınları Azərbaycan cümhuriyyətinin 23 aylıq qısa dönəmində millət üçün on illərlə də edilməsi çətin olan böyük siyasi-ideoloji, iq­ti­sadi, milli-mənəvi işlər görmüşlər.

M.Ə.Rəsulzadə bir tərəfdən, Azərbaycan milli ideyasını müdafiə edir, digər tərəfdən, azərbaycançılığı ümumi türkçülüyün, turançılığın ayrılmaz bir hissəsi olduğunu göstərirdi. Hələ, Azərbaycan Cümhuriyyəti qurulmamışdan öncə (1917-ci il), Rusiya tərkibindəki türk-tatar millətlərinin, o cümlədən Azərbaycan türklərinin ayrı-ayrılıqda milli-ərazi muxtariyyətini tələb etməklə yanaşı, Rəsulzadə gələcək muxtar türk dövlətlərinin nümayəndələrindən ibarət Milli Şuranın formalaşdırılmasını təklif etmişdi.

Azərbaycanın ictimai-siyasi fikrində millətçilik və milliyyətçilik anlayışlarının fərqi çoxlarına hələ də tam aydın deyildir. Məhəmməd Əmin Rəsulzadə bolşeviklərin yurdumuzun ən dəyərli insanlarını «millətçi» damğası ilə öldürdüyü illərdə türk dilindəki millətçi sözünün Avropadakı patriotizm ter­mi­ninin qarşılığı olub, patriotizmin tarix boyu, eləcə də XX yüz­ildə, bütün dünyada ən şərəfli bir ictimai-siyasi proses olduğunu deyərək, dünya ictimai fikrini bu məsələyə yönəlt­mə­yə çalışırdı.

  Məhəmməd Əmin bəy yazırdı: «Bir millətçi, hər şeydən əvvəl istiqlal dava­sında olan bir vətənçi – bir patriotdur» və «avropalıların patriot terminilə ifadə etdikləri anlam, bi­zim millətçi sözü ilə anlatmaq istədiyimiz anlamın eynidir. Bu, av­ropalıların nasionalizm sözü ilə dedikləri milliyyətçilikdən tamamilə başqa bir şeydir».

Azərbaycan İstiqlal mübarizəsinin bayrağıO, bolşevik istilasından sonra xaricə getməyə məcbur oldu. Amma Rəsulzadə xaricdə də Azərbaycanın azadlıq mücadiləsini davam etdirdi. Həmin dövrdə dahi şəxsiyyət böyük uzaqgörənliklə yazırdı:

“…Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar.”

Rəsulzadənin dedikləri düz çıxdı və 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu. Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış haqqın rəhmətinə qovuşub. Onun məzarı başında məsləkdaşı Əbdülvahab Yurdsevər söylədiyi kimi “…Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur… Torpağa verdiyimiz onun vücududur. Başımızda və qəlbimizdə yaşayan onun ölməz böyük ruhudur…”.

Onun haqqında Qarsda nəşr edilən “Birlik” qəzeti yazırdı: “O, Azərbaycan qurtuluş davasının bayrağı idi. O bayraq bütün türklüyün qəlbində dalğalanacaqdır. Türk tarixinin böyüklər səhifəsində yerini alan M.Ə.Rəsulzadə əbədiyyən yaşayacaqdır”

Ruhu şad olsun.

Zaur Əliyev ,

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru .

 

“KarabakİNFO.com”

 

30.01.2014 15:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*