Azərbaycanca

Azərbaycan mərkəz üçün təhlükə törədirdi

21.01.2014 | 14:59

1390301114_150120141583Azərbaycan Milli Elmlər Akademiyasının Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun tarix elmləri doktoru Həsənov İlham Yaqub oğlunun “KarabakhİNFO.com”  beynəlxalq e-jurnalına müsahibəsi:

-Azərbaycan xalqının tarixində müxtəlif şəcərəli, müxtəlif mahiyyətli çox hadisələr olub. Amma mənim fikrimcə, o hadisələrin içərisində öz çəkisinə görə, insanların ruhunun müəyyən bir inqilabi pafos ətrafında manevr etməsinə, dəyişməsinə görə heç birini “20 Yanvar” hadisəsi ilə müqayisə etmək olmaz.

Onu da deyim ki, çox zaman biz bu hadisəni ağlaşma kimi, fiziki fəlakət kimi qəbul edirik.

 

“20 Yanvar” hadisəsi təbii ki, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizənin fonunda meydana gəlmişdir. Ona görə də, bu mübarizə Azərbaycanın milli istiqlal uğrunda və ərazi bütövlüyü uğrunda apardığı mübarizədən kənar təsəvvür oluna bilməz.

 

1988-ci ilin əvvəllərindən başlayan Azərbaycan ərazisinin işğalı istiqamətində gedən işlər Azərbaycan xalqını ayağa qaldırdı və bir yumruq kimi birləşdirdi. Keçmiş SSRİ məkanında Azərbaycan xalqının birləşməsi, özünün iradəsini ortaya qoymaq cəsarətini nümayiş etdirməsi təbii ki, birmənalı şəkildə qarşılana bilməzdi. Ona görə də, məsələyə müxtəlif cür yanaşdılar, müxtəlif don geydirməyə çalışdılar, müxtəlif münasibətlər göstərməyə başladılar. Ən çox isə belə bir münasibət göstərildi ki, Azərbaycan xalqı İslam fundamentalizmi əsasında birləşib. Bunların hamısı əslində bu xalqın iliyindən, qanından, damarından gələn birliyə müəyyən yarlıqlar yapışdırmaq məqsədinə xidmət eləyirdi. Amma prinsip etibarilə bu xalq özünün azadlığını, ərazisinin bütövlüyünü tələb eləyirdi. Bu mənada bu birlik erməni işğalı və Moskvanın Azərbaycanda seperatçı hərəkata doğru getmək meylinə qarşı mübarizə aparmaq istəyini birləşdirdi. Yəni təbii olaraq, Moskvanın Qafqaz regionunda öz nüfuzunu saxlamaq istəyi, eyni zamanda Azərbaycanın azadlıq nümunəsinin başqa yerə yayılmasının qarşısını almaq istəyi erməni ekstrimizmi, erməni seperatçılığı ilə mərkəzi hakimiyyətin qüvvəsini birləşdirmiş oldu. Lakin Azərbaycan xalqının mübarizə istəyi, mübarizə əzmi heç də qırılmadı.

 

Həmçinin, məlumdur ki, Şuşa rayonunun ərazisində meşə ağacları kəsilmişdir. Bu hadisə məsələnin tamamilə zahiri tərəfi idi. Xalq bundan istifadə edib monolit bir məramda birləşə bildi. Lakin bu erməni seperatçılarına qarşı nə qədər güc göstərmək, hünər göstərmək mahiyyəti yaradırdısa, ondan daha çox mərkəzi hakimiyyətin, imperiya düşüncəli adamların daha böyük qısqanclığına səbəb oldu. Ona görə də, mərkəz bu regionda, ərazidə hakimiyyəti əldə saxlamaq üçün onlar öz manevrlərini “su altından gedən”, yəni görünməz bir fonda təqdim etmək qərarına gəldilər. Bu zaman məsələ belə idi ki, bütün işlərin hamısı ermənilərin adına yazılırdı. Amma biz bunu mahiyyət etibarilə rus hökumətinin, mərkəzi hökumətin adı ilə bağlaya bilmirdik və onlardan ədalət umurduq. Azərbaycan xalqı küçələrə, meydanlara əslində ona görə çıxmışdı ki, mərkəzi hakimiyyətin diqqətini özlərinin probleminə cəlb eləsin. Çünki hüquqi cəhətdən müəyyən qərarlar, müəyyən sərəncamlar verilmişdi ki, bu hadisələrin qarşısını almaq lazımdır. Lakin özünün “mülayim” münasibəti ilə mərkəzi hökumət bu variantların hamısını ermənilərə güzəşt etmək əsasında götür-qoy eləyirdi, hadisələrə bu nöqteyi-nəzərdən münasibət göstərirdi.

 

Ancaq bütün bunlara baxmayaraq xalq öz iradəsini ifadə etməkdə qətiyyətli idi. Ona görə də, xüsusi olaraq həm milli azadlıq hərəkatının təntənəsini təmin etmək naminə, həm də işğal olunmuş bəzi ərazilərimizin özümüzə qaytarılması naminə xalq küçələrə çıxdı. Və ondan qabaq keçmiş SSRİ məkanında müəyyən hadisələr olmuşdu ki, o hadisələrin də hamısını mühakimə etmişdilər. Yerlərdə olan müəyyən qüvvələr, insanlar fikirləşirdilər ki, mərkəzi hakimiyyət – o vaxtki Qorbaçovun hakimiyyəti insanlara qarşı aqressiv şəkildə çıxış edə bilməz. Qabaqca Riqada, sonra isə Gürcüstanda hadisələr baş vermişdi. Bütün bunlar zahiri bir arxayınçılıq yaradırdı ki, mərkəz bir daha belə radikal addım ata bilməz.

 

Lakin artıq Cənubi Qafqazın ən strateji əhəmiyyət kəsb edən ərazisi olmaq etibarilə, eyni zamanda hələ 1989-cu ildə özünün suverenliyi haqqında konstitusiya aktını qəbul etmiş bir respublika kimi Azərbaycan mərkəz üçün təhlükə törədirdi.

 

Ona görə də, 1990-cı ilin yanvar ayında keçmiş Lenin meydanında, indiki Azadlıq meydanında insanların kütləvi etiraz mitinqi başlandı və onun qarşısını almaq mümkün olmadı. İnsanlar çox sıx şəkildə birləşmişdi.

 

Vəziyyətin belə olduğunu görəndə müəyyən qüvvələr əsl məramı, məqsədi təhrif etmək üçün insanların azadlıq iddialarına kölgə salmaq üçün digər vasitələrdən istifadə etdilər. Tutaq ki, ermənilərin qətlə yetirilməsi, evlərdən atılması, onlara fiziki cəhətdən zərər vurulması istiqamətində iş görüb, Azərbaycan xalqının səmimi, öz idealları uğrunda mübarizə aparan hissəsinin boynuna yazmaq istədilər. Bundan qabaq da “Sumqayıt hadisələri” baş vermişdir. Bütün bunların hamısı xalqın xəbəri olmadan əraziyə hərbi qüvvənin yeridilməsinə gətirib çıxartdı.

 

Bundan qabaq mərkəzi hakimiyyətin səlahiyyətli nümayəndələri Bakıya gəlmişdi. Xüsusilə Yevgeni Primakovun adını qeyd etmək istəyirəm. O, Bakıya gəlmiş və insanların hamısını arxayın etmişdir ki, heç vaxt burada fövqəladə vəziyyət tədbiq olunmayacaq. Çünki insanlar öz haqqlarının, öz azadlıqlarının uğrunda mübarizə aparırlar.

 

Həmçinin, bu “əliyalın” insanları hansısa formada küçələrdən yığışdırmaq da olardı. Lakin bu arxayınçılıq, eyni zamanda öz istəyi naminə hətta özündən belə keçməyi bacaran insanların kütləvi şəkildə çıxışı, bunların bir-birinə bağlılığı Moskvanı xüsusilə qorxutmuşdu. Ona görə də, yanvarın 15-də heç kimə deyilmədən fövqəladə vəziyyət elan olundu. Yanvarın 19-dan 20-nə keçən gecə “Qanlı Şənbə” hadisələri baş verdi. Azərbaycan ərazisinə hər tərəfdən – həm dənizdən, dəm də qurudan hücum baş verdi.

 

O zaman şəxsən mən də bu hadisələrin canlı şahidi olmuşam. Onda mən Bakıda idim. Təxminən saat 19:30 radələrində Azərbaycan televiziyasının enerji bloku partladıldı. Heç kim heç nə bilmədi. Televizora baxdığımız yerdə gördük ki, televizor göstərmir. Araşdıranda bildik ki, belə bir hadisə olub. Yəni hələ heç kimin xəbəri yox idi. Amma təxminən gecənin yarısından bir az sonra hər şey aydın oldu.

 

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə tariximizə Azərbaycanın istiqlalı uğrunda özünü qurban verən insanların fədakarlıq günü kimi daxil oldu. Preambulada söylədiyim kimi, bu əslində insanların fiziki məhvi ilə bağlı olan, bizim gözyaşımıza gətirib çıxaran bir hadisə olsa da, Azərbaycanın dövlət əzəmətinin bərqərar olması, onun müstəqillik yolunda inadlı mübarizə aparması üçün bir başlanğıc oldu.

 

Təsadüfi deyil ki, həmin günlər ərəfəsində heç kim ciddi şəkildə danışa bilmirdi. Çünki şəxsən o vaxtki müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Bakatin əməliyyatlara, cəza dəstələrinə rəhbərliyi özləri yerinə yetirirdilər.

 

O vaxt “pravda” qəzetində bir yazı çıxmışdı ki, məşhur rus rejissorlarından biri Qavaruxin hadisələrlə yerindəcə tanış olmaq üçün Bakıya gəlib. O, qeyd edirdi ki, ekarus avtobusda detanasiya olub. Elə biliblər ki, güllə atılır. Və adamları gülləbaran eləyiblər, avtobusun içərisində xeyli adam ölüb.

 

Nəticədə, “20 Yanvar” hadisələrində 134 nəfər şəhid oldu, 600-dən çox insan yaralandı. Bütün bunlar böyük fəlakət idi.

 

Yeganə müsbət hal o idi ki, Moskvada Azərbaycanın nümayəndəliyində ümummilli liderimiz H. Əliyev bu zülmün, tüğyan eləyən məşəqqətin fonunda çox cəsarətlə çıxış edib, Azərbaycan xalqının iradəsini, Azərbaycan  xalqına qarşı qəsd olunmasını dilə gətirdi.

 

Mənim qənaətim nədir?

 

“20 Yanvar” fəlakətdir, faciədir, lakin mücahid hərəkatının başlanğıcıdır.

 

“20 Yanvar” ağrıdır, qandır, lakin milli istiqlalımızın dönməyinə inamdır.

 

“20 Yanvar” ağrıdır, acıdır, lakin keçmiş SSRİ məkanında Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin yeni bir rakursda, yeni bir fonda cəsarətlə üzə çıxmasının göstəricisidir.

 

“20 Yanvar” ağrıdır, lakin xalqımızın milli kandalizasiyasının, birliyinin başlanğıcıdır.

 

Təbii ki, “20 Yanvar” günü hüzn günü, matəm günü kimi qeyd olunur. Çünki bu hadisələrdə Azərbaycanımızın ən layiqli övladlarını, gənc oğlanlarını, qızlarını, demokratiyanın, azadlığın, ərazi bütövlüyünün nə demək olduğunu bilməyən körpə uşaqları itirmişik. Amma bütün bunların fonunda mütəqil Azərbaycan yetişmişdir.

 

Ona görə də, mən 1990-cı ilin 20 yanvar gününü demokratiyaya gedən yolun dönməz xarakter almasının başlanğıcı kimi qiymətləndirirəm.

 

 

 

 

 

Aqşin Məsimzadə

 

“KarabakhİNFO.com”

21.01.2014 14:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*