Azərbaycanca

Azərbaycan maraq mənbəyinə çevrilib

13.09.2013 | 15:00

1379069896_aytnAzərbaycanda Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibə verib.

– Aytən xanım, Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı informasiya mübarizəsindəki rolunu necə qiymətləndirirsiniz?

 

– Artıq 20 ildən çoxdur ki, bu bəla bizimlədir.  Amma onu qeyd edim ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan üçün çox qaranlıq bir mühitdə bir işıq oldu. Biz indi də onun bəhrəsini görürük. Azərbaycanın ayağa qalxmağı və güclü bir dövlət olmağı mübarizəni udmaq deməkdir, düşməni yıxmaq, ona qalib gəlmək deməkdir. Bu gün də görürük ki, bu siyasət öz bəhrəsini verdikcə Azərbaycanın hörməti də artıb, dünyada sözünü də deyə bilir və səsi də eşidilir. Azərbaycan artıq maraq mənbəyinə çevrilib. Artıq Azərbaycan yox, başqa ölkələr Azərbaycana diqqət yetirirlər. Azərbaycan Qərblə Şərqin qovşağında yerləşir. Bu o deməkdir ki, Qərb və Şərq xüsusiyyəti və  ənənələri  birləşib.

 

 

– Gənclərdə Qarabağ ruhunun aşılanması üçün nələrə ehtiyac duyulur?

 

– Gənclərdə Qarabağ ruhunun aşılanması üçün KİV-nin rolu danılmazdır. İdeoloji cəbhənin əsas iştirakçıları sabahkı gənc nəsil olmalıdır. Gənclər şüarlarla, kitablarla yox, internetdən istifadə edərkən, qəzet oxuyarkən yeni maraqlı məlumatlar əldə etmək imkanından məhrum olmamalıdır. Bu sahədə verilişlərin, filmlərin, cizgi filmlərinin, nağılların sayı çox olmalıdır. Bu, bir proqram şəklində işlənməlidir. Azərbaycanın öz qəhrəmanları olmalıdır. Uşaqlar üçün də bu cür qəhrəmanlar olmalıdır ki, onlar ona bənzəmək istəsinlər. Biz belə obrazlar yaratmalıyıq və KİV, mədəniyyət bunları ortaya qoymalıdır.

 

– Qaçqınların hüquqları nə dərəcədə qorunur?

 

– Qaçqınların hüquqları çox mürəkkəb məsələdir. Dünyanın çox yerində qaçqınlar var, amma bizdəki qədər çox deyil. Azərbaycanda 9 milyon əhali var, bunun da 1 milyondan çoxu qaçqın və məcburi köçkünlərdir. Təbii ki, Azərbaycan dövləti qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradıb. Amma, yenə də onlar elə bil “çamadan” üstündə yaşayırlar. Onlar öz evlərində deyillər, gözləri yoldadır. Onlar evlərinə qayıdacqları günü gözləyirlər. Bu insanların hüquqlarının müdafiəsinə çox böyük ehtiyacları var. Onların hüquqlarının qorunması o deməkdir ki, onlar evlərinə qayıtmalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həll olunması onların problemlərinin həll olunması deməkdir. Avropa İttifaqı və bir sıra nüfuzlu təşkilatlar insan hüquqlarının müdafiəsindən danışanda heç olmasa Azərbaycan əhalisinin doqquzda birini yada salsınlar ki, bu qədər insan hüquqları pozulmuş vəziyyətdə yaşayırlar. Bu, tək onların evlərindən qovulması deyil, bu onların mülklərinin dağıdılmasıdır, onların torpaqlarından didərgin düşməkləridir, sağlamlıqlarına dəyən zərərdir. Bu istiqamətdə əsas vəzifəmiz Qarabağ haqqında həqiqətləri dünyaya çatdırmaq, xarici dillərdə çap materialları yaymaqdır.

 

Sevda Sevinc

 

“KarabakhİNFO.com

 

13.09.2013 15:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*