Azərbaycanca

Azərbaycan Milli Hökuməti – “21 Azər” Hərəkatı

12.12.2012 | 15:40

1355312294_56061Məlum olduğu kimi, İkinci dünya müharibəsinin başlanması Böyük Britaniya ilə yanaşı Sovetlər Birliyi hərbi hissələrinin İran adlanan ölkənin ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə eyni zamanda, ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxarmış oldu. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələndi.

Azərbaycan Milli Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi şərtlənməkdədir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan “21 Azər” hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələnir. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti “21 Azər” hərəkatı adı ilə tanınmaqdadır.

Azərbaycan Milli Höküməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlayıb, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləyib.

Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm işlərini həyata keçirməyə başladı. Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə Azərbaycan Milli Höküməti bir ildə iyirmi illik İran höküməti dövründən qat-qat artıq bir irəliləyiş əldə etmişdi.

Amerikalı hüquqşünas Uliyam Duqlas 1950-ci ildə Güney Azərbaycana getmiş və yerli camaatın Milli Hökümətin və onun Baş Naziri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırlatdığı dəyişiklik və islahatların siyahısını tərtib etmişdi.

 

1. Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;

2. Hökümət iri bankları milliləşdirdi;

3. Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;

4. Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı;

5. Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;

6. Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;

7. Güney Azərbaycan Milli Ordusu yaradıldı.

Azərbaycan Milli Hökümətinin fəaliyyət göstərdiyi bir il ərzində həyata keçirmiş olduğu ən mühüm islahatları əsas etibarilə üç kateqoriyaya bölmək mümkündür.

1) Siyasi islahatlar;

2) Mədəni islahatlar;

3) Sosial-iqtisadi islahatlar.

Azərbaycan Milli Höküməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri milli ordunun əsasını təşkil edirdi. Qısa müddət ərzində xalqın sevimlisinə çevrilən fədailər milli Hökümətin möhkəmlənməsində, onun hərbi qüdrətinin güclənməsində, xalqda öz dövlətinə olan inamın, etibarın formalaşmasında əhəmiyyətli rol oynamışlar.

Seyid Cəfər Pişəvərinin ciddi təşkilatçılıq səyləri, işgüzarlığı və fəaliyyəti nəticəsində olduqca qısa bir dövr ərzində Azərbaycanın milli-demokratik qüvvələri birləşərək xalqın iradəsinə və dəstəyinə söykənən milli dövlətin təməlini qurdular.

Azərbaycan Milli Höküməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır.

Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı. Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan verib. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir.

Tarix elmləri doktoru, professor Cəmil Həsənli ilə ömrü cəmi bir il olan milli hökumətin fəaliyyətini bir daha yada salaraq, bəzi qaranlıq məqamlara aydınlıq gətirməyə çalışdıq.

 

Azərbaycan Milli Hökuməti - "21 Azər" Hərəkatı–        “21 Azər” hərəkatını, Şeyx Xiyabanı hərəkatının davamı kimi hesab etmək mümkündürmü ?

 

–        Əlbəttə ki, bu hərəkatların hər birini müxtəlif dörlərdə mahiyyət etibarı ilə bir-birinin davamı kimi də səciyyələndirmək olar. İstər Səttərxan, istər Şeyx Məhəmməd Xiyabani, istərsə də 21 Azər hərəkatı XX əsrin birinci yarısında Cənubi Azərbaycanda gedən siyasi-sosial, milli hərəkatların tərkib hissələridir. İctimai qayəsinə görə isə “21 Azər” hərəkatının miqyası daha böyük idi. Yəni, burada milli məsələlər, milli azadlıq ruhu bütün tərəfləri ilə qabardılmışdı.

 

–        Hərəkatın meydana gəlməsində Azərbaycan SSRİ-nin təsirləri nədən ibarət idi? Məlumdur ki, Stalin bu məsələdə maraqlı idi və hərəkatı dəstəkləyirdi. Baxmayaraq ki, sonra bəzi səbəblərdən geri çəkildi.

 

–        Ümumiyyətlə, “21 Azər” hərəkatına müxtəlif ölkələrin müxtəlif cür də maraqları və baxış bucağı var idi və hərə özünəməxsus şəkildə dəyərləndirirdi. Tutaq ki, Rusiya, SSRİ üçün bu hərəkat genişlənmə siyasəti kimi dəyərləndirilirdisə, ABŞ üçün bu kommunizmin yaranması siyasəti kimi səciyyələndirilirdi. İran üçünsə ölkəsinin bütövlüyü məsələsi idi.  Ona görə də hərəkatın inkişafında Sovet Azərbaycanında olan rəsmi dairələrin və xüsusilə ziyalıların böyük marağı var idi. Ötən əsrin 30-cu illərinin  sonu 40-cı illərinin əvvəlində yazılanları araşdırsaq bu mənzərəni aydın şəkildə görərik. Müharibənin ilk illərində cəbhədəki uğursuzluqlar, müəyyən çətinliklər, alman qoşunlarının Stalinqrada qədər gəlib çatması Güney Azərbaycanın siyasətində müəyyən dəyişikliklər etdi. Amma bütövlükdə bu məsələni gündəmdən çıxarmadı və 1944-cü ilin yazından yenidən Güney Azərbaycana marağın artdığının şahidi oluruq. Belə ki, həmin dövrdə güneyə müxtəlif şəhər və sovet kontorları, diplomatik işçilər göndərilirdi ki, bu şəxslərin də böyük əksəriyyəti birmənalı şəkildə azərbaycanlılardan ibarət idi. Onlar ora diplomat olmaqdan çox bir azərbaycanlı olaraq göndərilirdilər. Güneydəki soydaşlarımızın dilini bildikləri üçün həmin şəxslərin fəaliyyətinin əsasını onların milli kimlik şüurunu oyatmaq, fikirlərinə müəyyən mənada təkan vermək təşkil edirdi. O zaman bir çox ziyalılar  həmin prosesdə aktiv iştirak etdilər və “bölünmüş Vətən” anlayışını ictimai müzakirəyə gətirə bildilər.

 

–        Ortada məğlubiyyət faktoru olsa da, “21 Azər” hərəkatı sonralar beynəlxalq  arenada haqqında müzakirələr açılan məsələyə çevrildi. Sizcə bu hərəkatın mövcudluğu dünyaya hansısa mesajı çatdıra bildimi?

 

–        Əvvəla bu hərəkat dünyaya göstərə bildi ki, bölunmüş Azərbaycan dövləti var və bu məsələ həll olunmayıb. Eyni zamanda, Güney Azərbaycanda yaşayan soydaşlarımızın öz taleyi haqqında düşünən bir millət olduğu bir daha özünü göstərdi. Yəni, bu millət imkan yaranan kimi öz iradəsini ortaya qoydu, istək və arzularının nəticəsi olaraq bir milli dövlət yaratdı. Bir il ərzində isə bu dövlət öz fəaliyyətini xalqın arzu və istəyi əsasında qurdu. Məktəblər açdı, parlamentini yaratdı, universitet açdı, torpaq islahatları aparıldı, yollar çəkildi, valideynin itirmiş uşaqlar üçün uşaq evləri yaradıldı və digər bu kimi sosial yüklü məsələlər həll olundu. Zaman etibarilə az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, bu milli dövlət yaddaşlara hopan addımlar atdı. Hətta SSRİ dağılandan sonra da Pişəvəri hərəkatına güneylilərin marağının artmasının kökündə bu səbəblər dayanır. Onlar bu hərəkatın tarixinə bələd olduqca görürlər ki, onların arzu və istəklərinin, milli ideallarının böyük bir hissəsi “21 Azər” hərəkatında öz əksini tapıb. Bu səbəbdəndir ki, son illər bu hərəkata maraq artıb. Yeri gəlmişkən, bu hərəkatın üzərinə saxta kommunizm kölgəsini qoymaq olmaz. Əslində bu kommunizm kölgəsində milli istək və arzuları, milli ideyaları da görmək lazımdır. “21 Azər” hərəkatı xalqın istəklərindən qaynaqlanan milli hərəkatdır.

 

–        Şah rejiminin devrilməsində də cənublu soydaşlarımızın xüsusi rolu var idi. Sizcə rejimə qarşı  üsyanın formalaşmasında “21 Azər” hərəkatının nə qədər rolu var?

 

–        “21 Azər” hərəkatı qələbə çaldıqdan sonra hökumətin ilk addımlarında biri Rza şahın Gülüstan bağındakı heykəlini götürüb yerinə Səttərxan və Bağır xanın heykəlinin qoyulması oldu. Əlbəttə bu antişah hərəkatı idi və insanların içində mövcud rejimə qarşı nifrət formalaşdırmışdı. Bu addımdan sonra Azərbaycan daim təqib olunurdu, şah rejimi xüsusu xidmət orqanlarının daim nəzarətində idi. Bu şəraitdən də təbii ki narazı qalan azərbaycanlılar idi və ona görə də şah rejimi devriləndə azərbaycanlılar bu işdə fəal rol oynadılar.

 

–        Pişəvərinin müəmmalı ölümü də sonralar müzakirə olunan məsələlərdən oldu. Sizcə, o həqiqətənmi avtomobil qəzasında ölmüşdü, yoxsa bu da o dövrə xaraxterik bir aradangötürmə üsulu idi?

 

–        İkinci Dünya Müharibəsindən sonra bir sıra siyasi liderlərin aradan götürülməsi covetlər üçün labüd hala çevrilmişdi. Həmin dövrdə avtomobil qəzası nəticəsində aradan götürülən təkcə Pişəvəri deyildi. Bunlar hamısı dövlət kəşfiyat orqanları tərəfindən planlaşdırılaraq həyata keçirilirdi. Eyni zamanda, Pişəvərinin ölümünü də bu cür planlardan biri kimi səciyyələndirmək olar. Çünki Pişəvəri hakimiyyətə gəldikdən sonra tez-tez sovet hökumətinin vədlərini xatırladırdı və bu da sovet rəhbərliyini xoşuna gəlmirdi. Odur ki, Pişəvərini aradan götürmək artıq zərurətə çevrilmişdi. 1956-cı ildə Mircəfər Bağırova qarşı irəli sürülən ittihamlardan biri də məhz Pişəvərinin ölümü ilə bağlı idi. Bağırov isə bu ittihamlara cavab olaraq bldirmişdi ki, bu məsələni Moskvadakı yoldşlardan soruşun. Yəni, bu cavab özü də bir işarə idi və sübuta yetirilmədiyinə görə Bağırova qarşı irəli sürülən ittiham geri götürüldü. Bundan başqa, həmin məsələni araşdıran təhlükəsizlik orqanının azərbaycanlı müstəntiqi Moskvaya çağrıldı və o da orada müəmmalı şəkildə öldü. Bütün bunlar göstərir ki, bu təşkil olunmuş bir hadisə idi. Ümumiyyətlə, ikinci dünya müharibəsindən sonra arzuolunmayan şəxslərin avtomobil qəzalarında aradan götürülməsi artıq vasitəyə çevrilmişdi.

 

–        “21 Azər” hərəkatının Şimali Azərbaycana təsirləri nədən ibarət idi?

 

–        Hərəkatın məğlubiyyətindən sonra Azərbaycan təhlükəsizlik orqanları məxfi məlumatlar toplamışdılar. Məlumatlar əmək kollektivlərində, ziyalı mühitində Pişəvəri hərəkatının məğlubiyyətinin necə qiymətləndirilməsi ilə bağlı idi. Kifayət qədər tanınmış ziyalılar sovet hökumətinin güney məsələsində yürütdüyü siyasətlə razı olmadıqlarını, Moskvanın bu hərəkata xəyanət etdiyini dilə gətiridilər. Təhlükəsizlik orqanları isə gizli şəkildə öz adamları vasitəsilə bu əhval-ruhiyyədən xəbər tutmuşdu. Elə məğlubiyyətin ilk vaxtlarında Səməd Vurğunun “Yandırılmış kitablar” kimi ictimai rəyə təsir edən şeiri çıxdı. Daha sonra Rəsul Rzanın milli mübarizənin son məqamlarını özündə ehtiva edən  “Ərk qalası” şeiri çap olundu. Beləliklə, ədəbiyyat adamları Vətən mövzusuna Güney Azərbaycandan ekskursiya edirdilər. Bu baxımdan “21 Azər” hərəkatı həmçinin Sovet Azərbaycanında milli şüurun oyanmasında əhəmiyyətli rol oynayır.

 

Naibə Qurbanova

 

KarabakhINFO.com

12.12.2012 15:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*