Azərbaycanca

Azərbaycan Sarkisyana yaxşılıq edə bilər

01.09.2015 | 22:34

ffa

Ermənistan Prezidenti Serj Sarkisyanın separatçı Dağlıq Qarabağ rejiminin “müstəqilliyini” elan etməsinin 24 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etməsi təzadlarla doludur.

Ən önəmli təzad rəsmi Yerevanın separatçı rejimin “müstəqilliyini” tanımaması və ya tanıya bilməməsidir. Belə olan halda Sarkisyanın Dağlıq Qarabağa getməsi anlamsız görünür. Necə olur ki, rejimin “müstəqilliyi”ni tanımırsan, amma ora “müstəqillik tədbirləri”nə gedirsən?

Digər təzad isə Sarkisyanın Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçılıq fəaliyyətinə qatılması və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalında aktiv iştirak etməsidir. Bu baxımdan isə Sarkisyan “müstəqil” deyil, işğal edilmiş bölgəyə səfər edir.

Ermənistan Prezidenti bu addımı ilə bir daha nümayiş etdirir ki, rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllində maraqlı deyil, eləcə də status-kvonun saxlanılmasına çalışır.

Sarkisyan Dağlıq Qarabağ ermənisi kimi getdiyi torpaqlardakı 24 illik fərqi daha yaxşı görə bilər. O, Yerevanın işğalçılıq siyasətinin Dağlıq Qarabağ və Ermənistan üçün hansı ağır nəticələrə gətirib çıxardığını yaxşı bilir. Dağlıq Qarabağın işğalı Ermənistanın mövcud ağır vəziyyətinin başlıca səbəbidir.

Dağıdılmış infrastruktur, xarabalığa çevrilmiş ərazilər, əkinsiz qalmış torpaqlar, aclıq içində olan ermənilər. Bunlar 24 illik işğalın Dağlıq Qarabağ ermənilərinə verdiyi nəticələrdir. Hərçənd 24 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ guşəsi cənnət məkanlardan hesab edilirdi.

Təbii ki, Dağlıq Qarabağdakı bayram tədbirləri “müstəqillik tamaşası”nın bir hissəsidir. Və Sarkisyan bu tamaşanın baş rolda gedən aktyorlarından biridir. Sarkisyan “müstəqilliyi” Moskvadan asılı olan bir dövlətin başçısıdır. Və o bu baxımdan eyni aqibəti yaşayan “həmkarı” ilə görüşməyə gedir.

Dağlıq Qarabağda toplaşan erməni separatçıları və işğalçıları nəyi bayram edirlər? 24 il ərzində heç bir ölkə separatçı Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanımayıb və heç bir beynəlxalq təşkilat onu sıralarına qatmayıb. Onlar sadəcə xaricdəki erməni lobbilərini “Dağlıq Qarabağ” adlı daha bir yüklə yükləyiblər. Erməni lobbiləri indi bir deyil, iki yeri pulla təmin etməli olurlar.

Təsadüfi deyil ki, separatçı rejimin rəhbəri erməni diasporunu Dağlıq Qarabağın “müstəqilliyi”nin sütunlarından biri hesab edir. Ermənistandakı kütləvi miqrasiya Dağlıq Qarabağ üçün də keçərlidir. Separatçı rəhbərlik erməni lobbilərinin ianəsindən pay almayan sıravi ermənilərin gedişini qanunsuz yerləşdirmələrlə kompensasiya etməyə çalışır.

Mənzərə belədir ki, Sarkisyan nə Ermənistan xalqına, nə də özünə yaxşılıq etmək fikrindədir və ya bunu etmək iqtidarında deyil. Azərbaycan isə həm Sarkisyana, həm də Ermənistan xalqına yaxşılıq edə bilər. Bunun yolu Azərbaycanın sülh yolu ilə olmasa da,işğal edilmiş torpaqlarını müharibə yolu ilə azad etməsindən keçir. Əgər Azərbaycan işğal edilmiş ərazilərini qaytarsa, “əzabkeş” Ermənistan xalqı ağ günə çıxar, Sarkisyanın isə aktyorluq etməkdən canı qurtarar.

Trend.az

01.09.2015 22:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*