Azərbaycanca

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: Salyan döyüşü

06.03.2014 | 15:53

1394106371_meherrem-zulfuqarliMəhərrəm Zülfüqarlı

 tarix üzrə fəlsəfə doktoru, dosent,

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının elmi məsləhətçisi  

 Azərbaycan tarixinə aid kitablarda işğalçılara qarşı mübarizədən bəhs edəndə adətən bir neçə şəhərin və ya bölgənin adını çəkməklə kifayətlənirlər. Lakin faktlar sübut edir ki, Azərbayanın bütün bölgələrində tarixən vətənin hər qarış torpağı uğrunda ölüm-dirim mübarizəsi gedib. Tarixin bütün dövrlərində yerli əhali düşmənə qarşı mərdliklə mübarizə aparıb və heç zaman işğalla barışmayıb. Azərbaycan xalqının qəhrəmanlıqla zəngin olan tarixi çox təəssüf ki, əvvəlki illərdə olduğu kimi müasir dövrdə də lazımi səviyyədə araşdırılmır. Azərbaycan tarixinin tədqiqinin genişləndirilməsi, tək mərkəzi şəhərlərin deyil, əyalətlərin də tarixinin dərindən öyrənilməsi əvvəlki illərdəki kimi indi də aktual olaraq qalır.

Vətənimizin hər bir kəndinin, hər bir rayonunun tarixinin araşdırılması bütövlükdə Azərbaycan tarixinin zənginləşdirilməsi deməkdir. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, qərb tarixçilərinin Şərqin unudulmaz savaşı adlandırdıqları Salyan döyüşünün dərindən öyrənilməsi, bu döyüşdə iştirak etmiş qəhrəmanların xalqa tanıdılması olduqca vacibdir. Azərbaycanın strateji cəhətdən ən əlverişli ərazilərindən biri olan Salyanın tarixinin bu vaxta qədər zəif öyrənilməsi, bu ərazidə əhalinin düşmənə qarşı qəhrəman mübarizəsinın tədqiq olunmamasını müxtəlif səbəblərlə izah etmək olar. Fikrimizcə, bunun əsas səbəbi Salyanın Kür çayının Xəzərə tökülən ərazidə yerləşməsi və tarixən bu yol ilə Azərbaycanın Xəzər sahili ərazilərini işğal etməyə çalışan rus qoşunlarına qarşı mübarizə aparmasıdır. Məhz buna görə çar Rusiyası və sovet hakimiyyəti illərində bu qəhrəmanlıq tarixi saxtalaşdırılıb, gəncəli Cavad xan kimi, Salyanın da qəhrəman şəxsiyyətlərini xalqın yaddaşından silməyə çalışıblar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu cür faktların öyrənilməsinə lazımi diqqət verilməməsi fikrimizcə, bağışlanmaz səhvdir. Halbuki Azərbaycanın digər əraziləri kimi Salyanın da qürur duyulası şərəfli tarixi var. Bu tarixin dərindən öyrənilməsi gənclərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərə bilər.

Salyanın strateji cəhətdən əlverişli ərazidə olması hələ IX-X əsrlərdən rusların diqqətini cəlb edib. Sovet dövründə xalqa qəhrəman kimi təqdim olunan, lakin həqiqətdə quldur olmuş rus kazak atamanı Stepan Razinin 1668-ci ilin yazında Xəzər sahili vilayətləri soyub talaması, Dərbəndi xarabazara çevirməsi, Salyan naibinin qızını (rus mənbələrində İran knyaginiyası) oğurlayaraq Volqa çayında boğması bu ərazidə işğalçı rus qoşunlarına qarşı nifrəti daha da artırıb.

XVII əsrin birinci yarısında ruslar bu ərazidən Azərbaycan və Gürcüstanı işğal etmək üçün istinad nöqtəsi kimi istifadə etməyə çalışırdılar. Şəxsən I Pyotrun özünün rəhbərliyi ilə rus donanmasının 1722-ci il iyulun 18-də 274 kiçik gəmi ilə Xəzər dənizi vasitəsilə Azərbaycana gəlməsi sübut edir ki, onlar işğalçı siyasətlərini həyata keçirmək üçün bu ərazilərə, xüsusilə də Xəzər dənizi və Kür çayına böyük əhəmiyyət verirdilər. A.Bakıxanov “Gülüstani-İrəm” əsərində yazırdı: “Rus padşahına (M. Z.- I Pyotura) bir nəticə əldə etmədən geri qayıtmaq çox ağır gəlirdi. O, xüsusilə Bakını alıb, Kür çayı ağzında ticarət üçün böyük bir şəhər bina etmək və bu çay ilə yuxarı gedərək, Gürcüstan məsələsini də yoluna qoymaq istəyirdi”. Salyan hakimi Həsən bəyin həyat yoldaşı Qəbuli xanım haqqında I Pyotrun şəxsən fikir söyləyərək ondan ehtiyatlı olmağı tövsiyə etməsi, Qəbuli xanımın başçılığı ilə Salyanın qəhrəman müdafiəçilərinin 1723-cü ildə 22 zabitdən ibarət 500 nəfərlik rus batalyonunu məğlub etməsilə bağlı A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində məlumat verilməsinə baxmayaraq hələ də bu faktlar dərindən araşdırılmaması təəccüblüdür. Hələlik əldə olan faktlara görə Salyan hakimi Azərbaycanın yeganə şəxsiyyətidir ki, I Pyotr onun haqqında fikir söyləyərək gücünü etiraf etmişdi. Çağdaş Azərbaycan tarixşünaslığında öz əksini tapmayan bir sıra tarixi faktlara qərb tarixşünaslığında geniş yer verilməsi müsbət qiymətləndirilməlidir. Bu əsərlərdə verilən tariximizlə bağlı faktların öyrənilməsinə və onların daha da dərindən tədqiqinə ciddi ehtiyac var.

Salyanın strateji cəhətdən əlverişli ərazidə yerləşməsinə və sonradan xanlığın mərkəzi olmasına baxmayaraq başqa xanlıqlardan fərqli olaraq müdafiə istehkamlarının və qalaların tikilməməsinin səbəbləri hələ də yerli tədqiqatçıların diqqətini cəlb etməyib. Bütün bu məsələlərə fransız tarixçisi Yan Yuniorun “Unudulmuş qəhrəmanlar” kitabında aydınlıq gətirilir: “Salyan hakimi Əmir Yaqubun qoşunu yox idi, yalnız bir qədər tüfəngçisi var idi ki, onlardan müxtəlif tədbirlərdə istifadə olunurdu. Çünki Salyan əhalisi o qədər nəfsi tox idi ki, cinayət eləmirdilər və onları tutmaq üçün silahlı adamlara da ehtiyac olmurdu. Salyan camaatı əkinçilik bölgələrinin əksəriyyəti kimi, müharibəyə meyl göstərmirdilər. Ona görə də Salyan mühafizəsiz bir şəhər idi və hasarı yox idi”. Salyanın müdafiə istehkamları olmasa da əhalisinin düşmənə qarşı mərdliklə, qəhrəmanlıqla vuruşmasına aid çoxlu faktlar mövcuddur. Y.Yuniorun kitabında qeyd olunur ki, I rus-İran müharibəsi dövründə Nebolsonun rəhbərliyi ilə rus qoşunları Salyana hücuma keçərkən yerli əhali Əmir Yaqubun başçılığı ilə işğalçılara qarşı mərdliklə vuruşmuşdu. Əmir Yaqub yerli əhaliyə müraciətlə demişdir: “ İndi uğrunda vuruşacağınız bu torpaq sizin namusunuzdur… Hər əsgər hansı nöqtədə vuruşursa, orada ölənə qədər möhkəm dayanmalıdır… Salyan döyüşü Şərqin unudulmaz savaşlarındandır, çünki elə şey görünməmişdi ki, bütün əsgərləri təcrübəsiz və təlim görməmiş bir qoşun güclü və hazırlıqlı bir ordunun qarşısını ala bilsin: bunu da nəzərə almaq lazımdır ki, bu təcrübəsiz qoşunun əsgərlərinin sayı hazırlıqlı ordunun sayından xeyli az olmuşdur. Salyan camaatı o iki gündə necə qəhrəman və iradəli olduqlarını nümayiş etdirdilər”.

Fransız tarixçisinin Salyanın əhalisi haqqında yazdığı bu səmimi fikirlər Azərbaycan tarixçilərini hərəkətə gətirməli, yeni tədqiqatlara ruhlandırmalıdır. Çünki Azərbaycanın qəhrəmanlıq tarixini biz xaricilərdən deyil, onlar bizdən öyrənməlidirlər. Tarixi dərindən öyrənib, Vətənimiz Azərbaycanı beynəlxalq aləmdə təbliğ etməyi hər bir tarixçi, hər bir vətəndaş özünə müqəddəs borc bilməlidir. Fikrimizcə tariximizin qəhrəmanlııq səhifələrinin dərindən öyrənilməsi digər məsələlərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyüynün bərpasında da mühüm rol oynaya bilər.

“KarabakhİNFO.com” 

06.03.2014 15:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*