Azərbaycanca

Azərbaycan tarixşünaslığında Qarabağ tarixi mövzusu aktualdır

02.12.2013 | 17:11

1385989846_39158Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Qarabağ Tarixi Şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevin “KarabakhİNFO.com” elektron jurnalına müsahibəsi   -Azərbaycanda Qarabağ mövzusu hansı səviyyədə araşdırılır?   -Azərbaycan tarixşünaslığında Qarabağ mövzusu çox aktualdır. Ona görə ki, Ulu Öndərimiz yenidən hakimiyyətə gəldiyi dövrdə maraqlı bir fikir söylədi:

“Azərbaycan tarixində öyrənilməyən, səhv öyrənilən sahələr çoxdur. Amma Azərbaycan bölgələrindən Qarabağ bölgəsinin tarixi xüsusilə öyrənilməlidir, ələxüsus 19-cu və 20-ci əsrlər tarixi”. Doğurdan da çox maraqlı bir fikirdir. O dövrdən də Ulu Öndərin məsləhəti və göstərişi ilə Qarabağ Tarixi Şöbəsi yaradıldı.   Qarabağ Tarixi Şöbəsinin bütün əməkdaşları 19-cu və 20-ci əsrlər Qarabağ tarixini öyrənirlər. Yəni, hər dövrə aid olan həm Qarabağda baş verən hadisələr, problemlər, proseslər, həm də onun iqtisadi, siyasi, mədəni tarixi öyrənilir.   Mən özüm isə Qarabağ tarixi ilə bağlı təkcə 19-cu əsri yox, ən qədim dövrdən müasir dövrə qədər bütün dövrlər üzrə tarixi prosesləri, hadisələri öyrənməklə məşğul olmuşam və oluram. Bu səpkidə 60-a qədər məqalələrim var, bir neçə monoqrafiyam var. Həm də, ən qədim dövrdən müasir dövrə qədər tarixi proseslərlə əlaqədar mədəniyyət tarixini öyrənmişəm. İkincisi, müasir dövrdə Azərbaycan – Ermənistan Dağlıq Qarabağın işğalı ilə bağlı olan mövzular var ki, burada hər bir detallara fikir verilib. Həm də, Qarabağ münaqişəsinin tarixi, Qarabağ müharibəsinin tarixi, münaqişənin həllinə dair qonşu dövlətlərin mövqeyi, beynəlxalq təşkilatların mövqeyi öyrənilir. Bu baxımdan deyərdim ki, Azərbaycan tarixşünaslığında maraqlı olan Qarabağ tarixi mövzusu çox aktualdır və hərtərəfli tədqiq olunması üçün işlər gedir.   -Gənc alimlər Qarabağ mövzusuna maraq göstərirlərmi?   -Demək olar ki, institutların əksəriyyətində az və ya çox dərəcədə Qarabağ tarixinə dair məlumat verilir. Yəni, hər bir institutun Azərbaycan Tarixi kafedrası var. Lakin təəssüflər olsun ki, Azərbaycan tarixini öyrədən müəllimlərin səviyyəsi hamısı yüksək deyil. Mən bunu açıq deyirəm. Hətta Azərbaycan tarixini bilməyən şəxslər də bu dərsi deyir. Amma əgər tarixçi savadlıdırsa, tarixi yaxşı bilirsə onlar Qarabağ tarixi haqqında da tələbələrə məlumat verirlər. Əksər institutlarda, təşkilatlarda, universitetlərdə isə bizi dəvət edirlər, görüşlərə gedirik və Qarabağ tarixi həqiqətlərini biz tələbələrə çatdıra bilirik.   Gənclər son dövrlərə qədər belə mövzulara internet saytlarında az yer verirdilər. Ola bilər bu onların hazırsızlığından, laqeydliyindən irəli gəlirdi. Amma son dövrlərdə belə mövzulara maraq artır, qəzetlərdə, jurnallarda və digər informasiya resurslarında belə məsələlərə diqqət yetirilir.   – Qarabağ mövzusu ilə bağlı olan kitablar, məqalələr xarici dillərə tərcümə olunurmu?   -Düzü, bu sahədə bir qədər çətinliklər var. Qarabağ tarixi mövzusu cəmiyyətin çox aktual mövzularından biridir. Hətta cənab Prezidentimiz dəfələrlə bildirmişdir ki, Azərbaycan dövlətinin həll olunmayan ən ağır problemi Dağlıq Qarabağ problemidir. Bu problem dövlət rəhbərinin hər zaman diqqətindədir. O cümlədən, tarixçilərin də diqqət mərkəzindədir ki, Qarabağ tarixi hərtərəfli öyrənilsin, əsl həqiqət bilinsin. Və bunun təbliğatı ilə siyasətçilər və diplomatlar məşğul olmalıdırlar. Bu baxımdan da işlər gedir.   Tərcümə baxımından isə, deyərdim ki, bir qədər çətinliklərimiz var. Məsələn, öz hesabımıza Qarabağın maddi və mənəvi mədəniyyət tarixini ingilis və fransız dillərinə tərcümə etdirmişəm ki, dünya oxucularına göndərilsin, çatdırılsın və ya bu mövzular elektron resurs şəklində oxuculara göndərilir. Lakin bunlara baxmayaraq, Azərbaycan tarixçilərinin materiallarının xarici dillərə tərcüməsi istədiyimiz səviyyədə deyil.   -Qarabağ müvzusu ilə bağlı Türkiyə və ya başqa xarici ölkələrin alimləri ilə əməkdaşlıq olubmu?   – Bəli. Xarici ölkə alimləri ilə keçirilən konfranslarda, Qarabağ tarixi ilə bağlı mövzuların yazılmasında, problemlərin həllində, Azərbaycan tarixinin tərkib hissəsi kimi Qarabağ tarixi mövzusuna da əsas yer verilir. Hər bir konfransda, hər bir görüşdə Qarabağ tarixi mövzusunda məsələlər müzakirə olunur, çıxışlar olur, məruzələr edərdik.   Son dövrlərdə, mən elə hesab edirəm ki, Azərbaycan-Türkiyə elmi əlaqələri daha çox inkişaf etmişdir. İndiyə qədər söz olaraq danışılırdı. Hamımız arzulayırdıq ki, Türk birliyi olsun, ortaq dil olsun, Türkün ortaq tarixi öyrənilsin. Bunlar hamısı deyilirdi və arzu olaraq qalırdı. Hətta mənim yadımdadır ki, 70-ci illərin sonlarında yazışmalar başlamışdır. 80-ci illərin sonlarında artıq Türkiyədən bura gələn Türk Tarix Qurumunun üzvləri ilə ilk konfranslarımız oldu. Yenə də o danışılanlar, çıxışlar söz olaraq qalırdı. Amma son dövrlərdə İnstitutumuzun rəhbəri Yaqub Mahmudovun təşəbbüsü ilə Türkiyə tarixçiləri Azərbaycana dəfələrlə dəvət olundu və buradan Türkiyəyə gedişlər oldu. Konfranslarda və yığıncaqlarda müştərək tarix, yəni Türkün bütövlükdə tarixini yazmaq üçün məsələlər müzakirə olundu, müqavilələr bağlandı və bu sahədə işlər gedir. O cümlədən, bu proqramlaşmada, bu mövzuların yazılmasında Qarabağ tarixi mövzusu da özünə xüsusi yer tutacaq.   – Qarabağ mövzusunun ətraflı, geniş tədqiqi üçün və əhəmiyyətli bir mövzuya çevrilməsi üçün nə etmək lazımdır?   -Bilirsiz ki, ermənilər guya 1915-ci ildə baş vermiş hadisəni – “genosid”i 1960-cı illərin sonu, 1970-ci illərdə təbliğ etməyə başladılar. Çünki o dövrə qədər yəqin ki, siyasi kompaniya rol oynamırdı. Məqsəd də başqa idi. Onlar siyasi bir kompaniya aparmaq üçün, türkü sevməyən dövlətlərin cinayət hadisəsinə cəlb edilməsi üçün maraq göstərirdilər. Amma faktiki olaraq, Azərbaycanda baş vermiş hadisələr, məsələn, 1905-1906-cı illər qırğınları, 1918-ci il soyqırımı, 1992-ci il Xocalı soyqırımı bütün Azərbaycan tarixində, qara səhifəmiz olsa da, yer almış hadisələrdir. Bu hadisələr tarixçilərimiz tərəfindən öyrənilir, bilinir və Azərbaycanda təbliğ olunur. Amma bu hadisələri dünya miqyasında təbliğ etmək üçün çox iş görmək lazımdır.   Sovetlər dövründə bu problemlərin heç adını da çəkmək olmazdı. Problemlərimizi, faciələrimizi ört-basdır edirdilər, işğala dəvət kimi qəbul edirdilər, faciələrin günahkarlarını ört-bastır edib adını çəkməyə də icazə vermirdilər. Lakin müstəqillik dövründə isə bunları tez bir zamanda etmək o qədər də asan deyildi. İndi isə təqdirə layiq haldır ki, son dövrlərdə Azərbaycan dövləti alimlərin iştirakı ilə, siyasətçilərin iştirakı ilə Azərbaycan həqiqətlərini, o cümlədən, Dağlıq Qarabağın işğalına aid olan məsələləri dünya ictimaiyyətinə çatdırmaq üçün təşəbbüslər göstərir, təbliğat gedir.   Deyərdim ki, ermənilərin neçə illərdir apardıqları təbliğatın nəticəsində dünya dövlətlərinin bir neçəsi onların faciəsini genosid adı ilə yox, onlara qarşı törədilmiş hadisələr kimi qəbul edir. Onun da səbəbi o vaxt Andonian adlı bir erməninin yığdığı saxta şəkillər, guya faktlar əsasında yaradılmış kompaniya idi. Bu da dünya alimləri tərəfindən çox vaxt qəbul edilmir. Həmçinin, ermənilərin iç üzünü açan Türkiyə və Azərbaycan alimlərindən başqa Amerika alimləri, İngilis alimləri də vardır. Lakin bundan fərqli olaraq Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını, 1918-ci il Mart soyqırımını sübut edən şəkillər var, faktlar var, dağıdılmış yerlər var, toplu məzarlar var. Bunların hamısı araşdırılır. Məsələn, Türkiyədə 185-ə qədər toplu məzarlar var ki, onun da 7-si öyrənilib. O cümlədən, Azərbaycanda olan Quba məzarlığı göz qarşısındadır ki, ermənilər azərbaycanlılara qarşı hansı qətliamları törədib, hansı vəhşilikləri ediblər. Bütün bunların hamısı indi dünya alimləri ilə birgə öyrənilir.    

 

 

  Aqşin Məsimzadə

 

 

  “KarabakhİNFO.com” 

 

02.12.2013 17:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*