Azərbaycanca

Azərbaycan və Orta Asiyadan tapılmış sak yazıları

30.06.2014 | 16:46

1404132232_sak-yazilariAzərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş xalqlardan biri də saklar olmuşdur. Təsadüfi deyil ki, xalqımızın soykökünə dəyərli əsərlər həsr etmiş, demək olar ki, bütün müəlliflər saklardan da bu və ya digər dərəcədə söhbət açmışlar. Bu baxımdan Qiyasəddin Qeybullayev (3 .82-102, 321-329), Mirəli Seyidov (28), Mahnud İsmayıl (14. 7-19), Yusif Yusifov (6. 102-105), Firidun Ağasıoğlu (4. 96-111) və digər görkəmli Azərbaycan alimlərinin adını xüsusi vurğulamaq lazımdır.

Ön Asiya və Qafqazda yaşamış iskit və saklarla bağlı mövzuya V.V. Struve, Q.A. Melikaşvili, İ.M. Dyakonov, V.İ.Abayev, B.B. Piotrovski, E.İ.Krupnov, B.A. Litvinski, V.F. Minorski, E.A. Qrantovski, M.İ. Poqrebova, A.M. Xazanov, B.V. Terexov, A.N. Terenojkin, İ.V. Pyankov, O.A. Vişnevskaya s. xarici ölkə alimləri də toxunmuş, son dərəcə maraqlı fikirlər söyləmişlər (3. 82).

 

Azərbaycanda sakların yaşayış arealından söz açan bütün tədqiqatçılar ilk növbədə tarixi mənbələrdə “Sakasena” və ya “Şakaşen” kimi qeyd olunan əraziyə işarə etmşlər (29. 17, 24, 30).

 

Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir:

 

“Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir qədər sonra Qoqarena gəlir” (29.30).

 

Azərbaycan tarixşünaslığında son dövrdə qəbul edilmiş, möhkəmlənmiş və özünə çox sayda tərəfdar toplamış bir fikrə görə, iskitlər Şimali Qara dəniz sahillərinə və Ön Qafqaza e.ə. Vlll əsrin ikinci yarısında gəlmişlər. Herodot və Diador iskitlərin Araz çayı sahillərindən gəldiklərini söyləyirlər. Herodota görə, iskitlər Asiyada yaşayırmışlar və massagetlər onları bu yerlərdən qovmuşlar. İskitlər Araz çayını keçərək Şərqi Avropaya, Qara dənizin şimalına gəlmiş, kimmerlərlə döyüşdə qələbə çalmış  və onların bir qismini əsarət altına almışdılar.  Kimmerlərin digər böyük bir qismi isə Ön Asiyaya qaçmışdır. Herodotun məlumatına görə, iskitlər kimmerlərin arxasınca düşmüş, lakin yolu azaraq Dərbənd keçidi vasitəsi ilə Ön Asiyaya çatmış, Ön Qafqaza və şimali İrana yayılmışlar. Beləliklə, iskitlər Araz çayı sahilindən şimala doğru hərəkət etmiş oraya gəlmə hesab edilirlər. Burada məskunlaşdıqdan sonra onların bir qismi kimmerlərin ardınca Ön Asiyaya hərəkət etmişlər.

Lakin bu fikir gerçəyi o zaman əks etdirmiş olardı ki, “sak” etnoniminə Aşşur-Babil qaynaqlarından daha qədim qaynaqlarda rastlanmış olaydı və həmin qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin belə mənbələr yoxdur. Saklardan bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-Babil mixi kitabələridir və həmin kitabələr saklardan məhz Azərbaycan və Ön Asiya sakinləri kimi söz açmaqdadırlar (6. 102; 26. 169-175; 27. 232). Orta Asiya saklarından bəhs edən mənbələrə gəlincə, onlar haqqında söz açdığımız kitabələrdən çox-çox sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir ki, mənbələr sakların Orta Asiyadan Ön Asiya və Azərbaycana gəldiklərini deyil, əksinə Azəbaycandan Orta Asiya istiqamətinə köç etdiklərini təsdiqləyir. İrəlidə görəcəyimiz kimi, arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir.

 

A.İ. Terenojkin bidirmişdir ki, iskitlərin bir qismi Ön Asiyadan Orta Asiya və Sibirə getmişlər:

 

“İskitlər, görünür, Qara dənizin quzeyində və Quzey Qafqazda peyda olmamışdan öncə Ön və Kiçik Asiyada yaşamışlar” (25. 17-18).

 

Gerçək olan həqiqət budur ki, iskit və saklara xas mədəniyyətin ən qədim nümunələri  Azərbaycan ərazisindən (Qədim Manna ərazisi) tapılmışdır. Söhbət Güney Azərbaycanın Ziviyə adlı yaşayış məntəqəsindən tapılan, sensasiyaya səbəb olan, fəqət çox hissəsi oğurlanan xəzinədən gedir. Həmin xəzinə 1947-ci ildə Sakkız şəhərindən 40 kilometr şərqdə, Həsənlu yaxınlığından tapılmışdır. Maraqlıdır ki, R.Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu söyləməkdədir (24).

M.A. Dandamayev və V.Q. Lukonin xəzinə barədə yazmışlar:

 

“Həmin dövrdə Güney Azərbaycandakı siyasi olaylar İranın mərkəzi rayonları ilə normal əlaqələr üçün münasib deyildi. Bu üzdən də  bir çox əşyalar, ilk növbə-də də qiymətli metallardan olan əşyalar ya əridilmiş, ya da bölüşdürmə zamanı kəsilmiş, az qiymətli əşyalarsa yerə atılmış və sınmışdır. Əntiq əşya satıcılarının fəallığı sayəsində xəzinə ayrı-ayrı şəxsi kolleksiyalara və ABŞ, Fransa, Kanada, İngiltərə və Yaponiyanın çeşidli muzeylərinə yol tapdı. Hazırda onun əsas hissəsi Tehrandakı Arxeologiya muzeyində saxlanılır” (21. 90-91). 

 

Sözügedən xəzinəyə aid 341 əşyanın (43-ü qızıldan, 71-i gümüşdən,103-ü fil sümüyündən) tam siyahısını, hazırlanma materiallarını və ölçülərini ilk dəfə R.Qrişman dərc etdirmişdir (23. 445-452). Bir vaxtlar İranın Arxeolji Xidmətinin baş inspektoru olmuş Andre Qodar 1950-ci ildə bu əşyaların sadəcə bir hissəsinin siyahısını dərc etdirə bilmişdir və elə həmin dövrdə də onların böyük əksəriyyətinin e.ə. lX əsrə aid olduğu fikrini ifadə etmişdir. “Heyvani üslub” terminini də ilk dəfə məhz o, işlətmişdir. Məhz Qodar ilk dəfə bu üslubda aşşur incəsənətinə xas elementlərin olduğunu ifadə etmişdir. Məhz onun sayəsində bu əşyaların çoxu Tehrana, muzeyə göndərilmiş və qoruna bilmişdir.

 

Andre Qodar digər böyük alim E.Hersfeldin ardınca bu incəsənətin iskit incəsənətinə başlanğıc verdiyini söyləmiş, sözügedən incəsənətin “Manna” incəsə-nəti olduğunu bildirmişdir (22). Elə bu böyük alim də xəzinənin tapıldığı Ziviyə yaşayış məntəqəsinin adının qədim mixi yazılarda, daha dəqiq desək, ll Sarqonun kitabəsində (20. llc. səh 5) “Zubie qalası” kimi yad edilən qədim yaşayış məskəninin dövrümüzədək yaşayan adı olduğunu söyləyərək  göstərmişdir ki, Ziviyə xəzinəsindən tapılan əşyaların bənzərlərinə bu məntəqədən  bir neçə kilometr kənarda yerləşən Qaplantudan əldə edilən tapıntılar içərisində də rast gəlinmişdir. O, Qaplantuda üzə çıxarılan qədim şəhərin qalıqlarının bir vaxt Mannanın paytaxtı olmuş İzirtu olduğunu da sözlərinə əlavə etmişdir (21. 91).

 

R. Bernett  tapılan bütün bu əşyaların Quzey Qafqaz, Quzey Qara dəniz, Gü-ney Rus düzənliyi, Orta Asiya, Altay, Sibir və Şərqi Türküstandan, iskit kurqan-larından tapılan və sonrakı əsrlərə aid olan incəsənətin ilk və daha qədim nümunələri olduğunu qeyd etməklə yanaşı, bu misilsiz incəsənətin Aşşur və Urartu incəsənətlərinin təsiri ilə yarandığını  iddia etmişdir (19. 77-95).

 

B. A. Texov isə yazmışdır:

“Həqiqətən, Orta Asiya və Sibirdə iskit abidələrinin yaşı cavandır, hər halda, orada iskit mədəniyyəti ilə bağlı ortaya çıxan material, əsasən e.ə. Vll-Vl əsrlərə aiddir. Beləliklə, aydın olur ki, Orta Asiya iskitləri Midiya üzərindən Orta Asiya və Sibirə keçmişlər, onların da bir hissəsi Güney Qafqaz üzərindən, əsasən, Qara dəniz sahilləri ilə quzeyə getmişlər.  Burada isə üzə çıxan iskit triadası (yaraqlar, at nəsnələri və heyvani üslub) adətən Amu-Dərya və Volqa üzərindən gələn iskitlərlə əlaqələndirilir, halbuki, həmin tarixdən öncə Sibir və Orta Asiyada bu mədəniyyətin izini sübut edən faktlar müəyyən olunmayıb” (18. 17-18). 

 

Qədim Manna ərazisində iskit incəsənətinin qaynaqlarının tapılması iskit və sakları Azərbaycan və Ön Asiyaya gəlmə hesab edən alimləri çaş-baş salsa da, onların hamısı iskit-sak incəsənətinin Ön Asiya mənşəli olduğunu etiraf etməyə məcbur qalmışlar. Belələrindən biri də Y.Y. Kuzminadır (17. 3). O, bu incəsənətin Ön Asiyadan Avrasiya çöllərinə və Altaya qədər yayıldığını bildirmişdir (17. 8).

 

İ. M. Dyakonov həmin abidədən tapılan, Manna dövrünə aid edilən (e.ə. lX-Vlll əsrlər) və saklara aid olan bir gümüş boşqabın üzərindəki kiçik bir xətt nümunəsini öz kitabına daxil etmiş, fəqət onu “naməlum damğalar” adlandıraraq, baş-ayaq dərc etdirmişdir(1). Bu yaznın işarələri cüzi fərqlər nəzərə alınmazsa, Orta Asiyadan tapılmış çoxsaylı epiqrafik abidələrin işarələri ilə, ilk növbədə də Yenisey işarələri ilə tam bir eyniyyət göstərir.

 

Boşqab üzərində əslində iki xətt növü vardır ki, bunlardan birincisi mənşəyi və mahiyyəti məlum olmayan heroqliflərlərdən ibarətdir və onların hansı məqsədlə cızıldığını müəyyən etmək çox çətindir. Aşağıdakı xətt isə birmənalı olaraq, fonetik yazı nümunəsidir ki, onu ilk dəfə oxumağa cəhd edən şəxs əslən Güney Azərbaycandan olan həvəskar tədqiqatçı Mənsur Rəhbəri olmuşdur (1; 2). Tədqiqatçının yazdığına görə, Yenisey işarələrinin verdiyi səslər məlum olduğundan Manna yazısının fonetik səs düzülüşünü müəyyən etmək heç də çətin deyil. Xəttin istiqamətini müəyyənləşdirmək, onu təşkil edən kəlmələri bir-birindən ayırmaq da heç bir çətinlik törətmir. Çünki yazının müəllifi   kəlmələri bir-birindən paralel üfüqi xətlərlə ayırmış və həmin xətlərin sayını sözlərin sıra nömrəsinə uyğunlaşdırmışdır (2).

 

Burada əski türkcə “Ama (aba // ana) – şam ekiş (eqiş // ağac) iyezi (əyəsi, hami ruhu, tanrıçası), su iyezi (əyəsi, hami ruhu) Nana (Nənə) doydu” sözlərinin yazıldığı məlum olmuşdur ki, bu da sakların əldə olan ilk yazılı nümunəsidir.

 

Qədim Aşşur-Babil mənbələrindən fərqli olaraq, Çin mənbələrində saklardan e.ə.V əsrdən etibarən söz açılmaqdadır. Çin arxeoloqlarının Cunqariyada üzə çıxardıqları və tədqiq etdikləri sak qəbirləri də e.ə. V-lV əsrlərə aid edilir. İssık, İsıkkul və Altay (Pazırıq) kurqanları, eləcə də Urumçi yaxınlığından tapılan kurqanlar da sak kurqanları hesab edilir və həmin dövrü əhatə edir (16. 229).

 

Bu kurqanlardan birindən, daha dəqiq desək, Qazaxıstan ərazisindəki İssık kurqanından tapılan türkcə yazılar sakların zəngin yazı və ədəbiyyat ənənələrinə sahib olduqlarını söyləməyə əsas verir. Bu barədə Oljas Süleymenov yazır:

 

“…1970-ci ilin yazında Alma-Atanın həndəvərində, İssık gölünün yaxınlığında Altay tipli kurqan-qəbir aşkar edildi; ilkin araşdırmaya görə, yeni tapıntı Pazırık kurqanı dövrünə (e.ə.Vl-V əsrlər)aid edildi…

…İssık sərdabəsində üzərində horizontal yazı olan qab tapılmışdı: 26 hərf-dən ibarət ilan bu əlifba Orxon-Yenisey yazısını xatırladır” (15. 178).

 

Mahmud İsmayıl bildirir:

“Məlum olduğu kimi, 1970-ci ildə Alma-Ata şəhəri yaxınlığında, İssık rayonunda arxeoloqların açdıqları kurqanda bir sak döyüşçüsünün qızıl geyimi və üzərində yazı olan bir gümüş cam aşkar edilmişdir. Qazax alimi A.S.Amonjolov cam üzərindəki yazını oxumuş və belə qənaətə gəlmişdir ki, bu qəbrin sahibi türkdilli sak olmuşdur” (14. 14).

 

İssık kurqanından tapılmış yazı ilə bağlı Murad Aci yazır:

“Arxeoloq K.A.Akişevin tədqiqatarı xüsusi maraq doğurur, o,” iskit məsələ-si” mövzusunda son nöqtəni qoymuşdur. Alim Yeddisudakı (Qazaxıstan)İssık kurqanından üzərində run əlifbası ilə dəqiq türkcə yazı olan qab tapmışdır. Tapıntının, eynən kurqanın özü kimi, 2500 il yaşı var. Beləcə, bu yazı iskit və sakların ilk yazılı abidəsi oldu, bu abidə onların dili barədə məlumat verməkdə-dir” (10. 114).

 

İssık yazısının hərflərinin Orxon-Yenisey əlifbasının daha qədim və xüsusi bir variantı olduğunu və onlar arasındakı genetik bağlılığı inandırıcı şəkildə açıb göstərən Elməddin Əlibəyzadə (13. Qeyd 2) mövu ilə bağlı deyir:

 

“İssık yazısı nəsr dili nümunəsidir. Öz yığcamlığı ilə diqqəti cəlb edir. İkicə cümlədə hər şey aydın olur. Bu dil, təxminən 2500-3000 il bundan əvvəl danışdığımız ümumtürk dili və onun yazıda ifadəsidir” (12. 290).

 

Tanınmış qazax alimi A.Amonjolov isə bildirir:

 

“Alma-Ata yaxınlığında sak qəbrindən tapılmış runabənər yazı, nəticə etibarilə, Yeddisu köçərilərinin danışdıqları qədim türk dilidir” (11. 66).

 

İssık kurqandan tapılan və Orxon-Yenisey yazılarından daha qədim olan yazının əlifbası, yuxarıda qeyd edildiyi kimi, türk-run əlifbasının variantlarından biridir və İssık yazısı həmin əlfba ilə yazılmış yeganə epiqrafik abidə deyildir. Mu-rad Acinin yazdığına görə, Termez yaxınlığındakı Kara-Təpədə aparılan arxeoloji tədqiqatlar zamanı ll-lV əsrlərə aid qədim bir buddist məbədi tapılmışdır. Həmin məbəddən tapılan qabların üzərində də eyni əlifba ilə qələmə alınmış yazılar aşkar-lanmışdır. Eyni yazı növünə Əfqanıstan ərazisində fransız geoloqları da rastlamış-lar (10. 115).

 

Murad Acinin söylədiklərini İ.Dyakonov da (5.  224), B.Livşits də (9. 165-166, qeyd 14; 8. 220) təsdiqləməkdədirlər. Fəqət bütün əsərlərində iskit və sakları irandilli kimi təqdim etməyə çalışan bu alimlər fakt qarşısında qaldıqlarından, yazıların dilinin türk dili olduğuna göz yummuş və onu sadəcə “İssık yazısı” adlandırmışlar. Məsələn İ. Dyakonov yazır:

 

“Lap bu yaxın zamanlarda Orta Asiyada və Əfqanıstanda ilk tapıldığı yerin–Alma-Atadan 50 km aralıdan tapılmış kurqanın (Qazaxıstan; kurqanın e.ə.Vl-V əsrlərdən gec olmayan dövrə aid edilir) adı ilə şərti olaraq “İssık” adlandırılan heca və ya hərf yazısı tapılmışdır. Eyni yazıya Mərkəzi Əfqanıstandan tapılan e.ə. l əsrə aid trilinqvada da, kxaroştxi əlifbası ilə hind-prakrite dialektində və yunan əlifbasının bir növü ilə baktriya dilində qələmə alınmış yazılarla birlikdə rastlanmışdır.Eləcə də Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali Əfqanıstandan tapılan və l-Vl əsrlərə aid edilən (?) qab qırıqları üzərində də eyni yazı nümunələri ilə rastlaşırıq. Bu yazının yaranma yeri, ehtimal ki, sovet Özbəkistanı və Tacikistanının cənub-şərq hissəsi və Əfqanıstan olmuş və çox güman ki, oradan köçəri saklar tərəfindən gətirilmişdir” (5. 224).

 

Ən qədim yazılı mənbələr saklardan Azərbaycan və Ön Asiya sakinləri kimi söz açsa da sonrakı dövrlərə aid mənbələrdə onlardan Şərqi Avropadan Hindistan və Çinə qədər geniş ərazidə yaşayan xalq kimi söz açılmaqdadır. Əldə olan mənbələr sakların bu geniş əraziyə məhz Azərbaycandan yayıldıqlarını söyləməyə tam əsas verir. Söhbət Siciliyalı Diadorun yazdıqlarından gedir. Sakları “iskit” adlandıran Diador yazmışdır:

 

“İndi də (hindlilərlə) qonşu olan iskitlərə keçək. Onlar əvvəllər o qədər də böyük olmayan bölgədə yaşayırdı, lakin sonralar tədricən özlərinin artan qoçaqlığı, hərbi gücü sayəsində böyük ərazilər zəbt edib öz boylarını böyük şöhrət və iqtidar sahibi etdilər. Əvvəllər onlar azsaylı idi və Araz qırağında yaşayırdılar, onda şöhrətsiz olduqları üçün onlara həqarətlə baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən başçılarının rəhbərliyi altında onlar Qafqaza qədər dağlarda , okean və Meotiy (Azov) dənizi sahillərindəki düzlərdə və sair bölgələrdə özlərinə ölkə əldə etdilər…Xeyli vaxt keçəndən sonra Tanais çayından o tərəfdə Trakiyaya qədər əraziləri də özlərinə tabe etdib, yürüşlərini başqa istiqamətə yönəltdilər. Nil çayına qədər özlərinin hökmranlığını yaydılar”  (4. 101).

 

  1. Rəhbəri M. 2800 il öncəyə aid yazı nümunəsi (l hissə). “Olaylar” qəzeti, № 203 (2903), 26 noyabr 2001.
  2. Rəhbəri M. 2800 il öncəyə aid yazı nümunəsi (ll hissə). “Olaylar” qəzeti, № 204 (2904), 29 noyabr 2001.
  3. Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. “Элм”, Б.,1991.
  4. Ağasıoğlu F. Azər xalqı, B.2005.
  5. Фридрих И. История письма. Москва, “Наука”, 1979.
  6. Azərbaycan tarixi, B.,”Azərnəşr”, 1994.
  7. Mурадова Ф. Датировка наскальных изображений Гобустана…Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005
  8. “История Казахской ССР”. 1,  Алма-Ата, 1977.
  9. Лившиц В.А. Надпись из Гильберджина.-сб.”Древняя Бактрия”. М.,1976.
  10. Аджи М. Европа, тюрки, Великая степь. “Мысль”, Москва, 1998.
  11. Амонжолов А. С.  Руноподобная надпись из сакского захоронения близ Алма-Аты,-“Вестник Казахской ССР”, Алма-Аты, 1971.
  12. Əlibəyzadə E. Ədəbi şəxsiyyət və dil. “Yazıçı”, B.,1982/
  13. Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. “Gənclik”, B., 1998.
  14. İsmayıl M. Azərbaycan xalqının yaranması. “Azərbaycan Dövlət Nəşriyyatı”, B.,1955.
  15. Süleymenov O. Az-Ya. “Azənəşr”, B., 1993.
  16. Восточный Туркестан в древности и раннем средневековье. М.,1988.
  17. Кузьмина Е.Е. Сюжет борьбы хишника и копытного в исскустве “зверинего стиля” евразийских степей скифской эпохи. Сб. Скифо-Сибирский мир,-М., 1987.
  18. Rəcəbov Ə., Məmmədov Y.Orxon-Yenisey abidələri, “Yazıçı”, B., 1993.
  19. Barnett R. Median art.-İr. An. Vol. 2. 1962.
  20. Luckenbill D. Ancient records Assyria ənd Babylonia. Vol.2. Chicago, 1927.
  21. Дандамаев М. А., Луконин В. Г. Культура и экономика древнего Ирана. “Наука”, М., 1980.
  22. Godard A. Le tresor  de Ziviye. Haarlem, 1950.
  23. Ghrishman R.A. Propos du Tresor de Ziviye.-Jnes. Vol. 32. 1973.
  24. Excavations in Kaluraz, Gilan. “Bulletin of the Asia İnstitute Pahlavi University”, 3, 1973.
  25. Тереножкин А.И. Скифская культура. Сб. Проблемы скифской археологии, М.,1971.
  26. Дьяконов И.М.Предыстория армянского народа. Ереван, 1968.
  27. Пиатровский Б.Б. Ванское царство. М.,1959.
  28. Seyidov M. Qızıl döyüşçünün taleyi. “Gənclik”, B., 1984.
  29. Алиев К. Античные источники по истории Азербайджана. “Элм”, Б.,1987.

 

 

 

Bəxtiyar Tuncay

 

“KarabakhİNFO.com”

 

 

 

 

30.06.2014 16:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*