Azərbaycanca

Azərbaycan və Rusiya müdafiə nazirləri KİV üçün brifinq keçirib

14.10.2014 | 10:10

azerb-rusOktyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında danışıqlar başa çatdıqdan sonra brifinq keçirilib.

 
Brifinqdə çıxış edən general-polkovnik Zakir Həsənov görüşdə səmərəli danışıqlar aparıldığını, beynəlxalq və regional təhlükəsizlik, habelə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib. Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunulduğunu da vurğulayan nazir bununla əlaqədar qeyd edib ki, Rusiyanın və Azərbaycanın Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub. Xəzərdə birgə komanda-qərargah təlimlərinin və taktiki təlimlərin, hərbi dəniz qüvvələri arasında əməkdaşlıqla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 
Azərbaycanın Müdafiə naziri bildirib ki, danışıqlarda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. Bu istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin Rusiyada istehsal edilən müasir silahlar və texnika ilə təchiz olunması proqramı, habelə hərbi təhsil məsələləri uğurla həyata keçirilir. Plana uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Rusiya Müdafiə Nazirliyinin müxtəlif təhsil müəssisələrində və tədris mərkəzlərində təlimlər, Rusiyanın nümayəndələri isə Azərbaycanın hərbi profilli tədris müəssisələrində hazırlıq keçəcəklər.

 
General-polkovnik Z.Həsənov bildirib ki, regional təhlükəsizlik məsələlərinə də diqqət yetirilib, hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi zamanı tərəflərin bütün bu məsələlərə baxışlarının eyni olması təsdiqlənib.

 
Ordu generalı S.Şoyqu Rusiya nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə Azərbaycan rəhbərliyinə və ölkəmizin Müdafiə Nazirliyinə təşəkkürünü bildirib.

 
Rusiyanın müdafiə naziri diqqətə çatdırıb ki, 2013-2016-cı illərdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi proqramının həyata keçirilməsi prioritet fəaliyyət istiqaməti sayılır.

 
Rusiyalı nazir deyib: “Biz Hərbi Dəniz qüvvələri xətti ilə Xəzərdə əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Burada biz Həştərxanda keçirilmiş Dördüncü Xəzər Sammitinin yekunlarına əsasən dövlətlərimizin başçılarının tapşırıqlarına ciddi əməl edir və onları yerinə yetiririk. Bu sahədə görüləsi işlər hələ çoxdur. Biz növbəti addımlar, əməkdaşlığın tənzimlənməsi, Ali Baş komandanlarımızın bizə verdikləri tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün məsələləri müzakirə etdik”.

 
Ordu generalı S.Şoyqu daha sonra bildirib ki, həm regionda, həm də başqa ölkələrdə sabitliklə bağlı təhlükəsizlik məsələləri müzakirə edilib. Bütün bu işlər müxtəlif məsələlər və istiqamətlər üzrə qarşılıqlı fikir mübadiləsi çərçivəsində həyata keçirilir. Lakin başlıca məsələ bu regionda bizim hərbi-texniki əməkdaşlığımız və strateji tərəfdaşlığımızdır.

 
Rusiya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, nazirliklər arasında əməkdaşlıq planının layihəsi artıq hazırdır. Layihəyə əsasən, birgə əməliyyat və döyüş hazırlığı, həmçinin donanmanın iştirakı, hərbi-texniki əməkdaşlıq, hərbi kadrların hazırlanması və onların ixtisasının artırılması nəzərdə tutulur.

 

“KarabakhİNFO.com”

 

 

14.10.2014 10:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*