Azərbaycanca

Azərbaycan Xalq Cümhuriyyəti-96

28.05.2014 | 06:58

1401267316_28-may1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycanın istiqlaliyyətinin elan olunması xəbərini dünyaya yaydılar. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərq aləmində ilk dəfə olaraq respublika qurdu. Həmin gün Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlaliyyət Bəyannaməsində deyilirdi: Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tam hüquqlu müstəqil bir dövlətdir. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Bu 23 aylıq tarixin hər bir səhifəsi bizim üçün olduqca əzizdir. Cümhuriyyət bu qısa müddətdə nələrə nail oldu? Azərbaycanın dövlət bayrağını, himnini və gerbini qəbul etdi. Dövlət və ordu quruculuğu, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində bir çox önəmli, taleyüklü addımlar atdı. Nəhayət, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail oldu. Bu, olduqca şərəfli, qürur doğuran bir tarixdir. Onu hər kəsin bilməsi və yadda saxlaması lazımdır. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin yaranışından süqutunadək baş verən ən mühüm hadisələri heç bir şərh vermədən xronoloji ardıcıllıqla nəzərinizə çatdırmaq istəyirik.

 

1918-ci il 

 

27 may – Azərbaycanın müstəqillik aktı qəbul olunur;

28 may – Azərbaycan Xalq Cümhuriyyəti elan edilir; Azərbaycanın istiqlaliyyəti haqqında akt qəbul olunur; Fətəli xan Xoyskinin başçılığı altında I hökumət kabineti formalaşdırılır;

4 iyun – Azərbaycan və Osmanlı hökumətləri arasında sülh və dostluq müqaviləsi imzalanır;

16 iyun – Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçür; 23 iyun – Azərbaycanda hərbi vəziyyət elan edilir;

26 iyun – Müsəlman korpusunun Azərbaycan korpusuna çevrilməsi haqqında qərar qəbul edir və bununla da Milli Ordunun əsası qoyulur; 27 iyun – Azərbaycan (türk) dili Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilir;

25 iyul – Bolşevik və daşnaklardan ibarət Bakı xalq komissarları soveti ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edir;

30 iyul – Çar Rusiyasının istilası zamanı Yelizavetpol adlandırılan Gəncə şəhərinin tarixi adı bərpa olunur;

31 iyul – Bakı xalq komissarları soveti süquta uğrayır;

4 avqust – İlk ingilis qoşun dəstəsi Bakıya gəlir;

28 avqust – Milli hökumət Azərbaycan dilinin tədris edilməsi haqqında qərar çıxarır;

4 sentyabr – İngilis qoşunları Bakını tərk edir;

15 sentyabr – Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad edir;

17 sentyabr – Azərbaycan hökuməti Gəncədən Bakıya köçür;

1 noyabr – Hərbi nazirlik təsis edilir;

9 noyabr – Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanun qəbul olunur;

16 noyabr – Qori seminariyasının Azərbaycan bölməsi Tiflisdən Qazaxa köçürülür;

17 noyabr – General Tomsonun başçılıq etdiyi ingilis qoşunları Mudros müqaviləsinə əsasən Azərbaycana daxil olur;

7 dekabr – Azərbaycan Cümhuriyyəti Parlamenti fəaliyyətə başlayır;

28 dekabr – Bakı general-qubernatoru Tomson Azərbaycan Cümhuriyyəti hökumətinin tanınması haqqında deklarasiya imzalayır.

 

1919-cu il 

15 yanvar – Qarabağ general-qubernatorluğu yaradılır;

28 may – Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında ABŞ prezidenti Vilsonla görüşür;

13 iyun – Bakıda ingilislərə qarşı nümayişlər keçirilir;

11 avqust – Cümhuriyyət Parlamenti Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edir;

24 avqust – İngilislər Bakını tərk etməyə başlayır;

1 sentyabr – Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul olunur;

25 oktyabr – Azərbaycan Dövlət Bankı açılır;

23 noyabr – Tiflisdə Azərbaycan və Ermənistan arasında bütün münaqişələrə son qoyulması və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilə imzalanır.

 

1920-ci il

 

11 yanvar – Antanta Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıyır;

23 mart – Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsi imzalanır;

27 aprel – Rusiyanın XI ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə daxil olur;

28 aprel – Azərbaycan Cümhuriyyəti Parlamenti Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumunu qəbul edir. Bununla da Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı rəsmiləşir…

 

Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar, atdığı addımlar tariximizdə silinməz iz buraxıb, milli dövlətçilik ənənələrin bərpası işində böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirib. Azərbaycan tarixinin bu şanlı səhifələrinin kimlər tərəfindən yazıldığını bilirsinizmi? Gəlin, bu insanları bir daha xatırlayaq: Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov və başqaları… Onların bir çoxu sonradan repressiya və erməni terrorunun qurbanı oldu. Bəziləri ömrünü qürbətdə başa vurdu. Amma çəkdikləri əmək itmədi. Onların həyatları bahasına ucaltdıqları üçrəngli bayraq bu gün bizim başımız üstündə dalğalanır və yəqin ki, dünya durduqca dalğalanacaq. Bu insanların xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən əziz tutulur, böyük ehtiram hissi ilə yad edilir. Bu hörmət və ehtiramın ən parlaq təcəssümü 2007-ci ildə Bakıda ucaldılmış “İstiqlaliyyət Bəyannaməsi” abidəsidir.

 

 

 “KarabakhİNFO.com” 

 

 

 

28.05.2014 06:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*