Azərbaycanca

Azərbaycan xalqının demokratiya əzmini qırmaq cəhdi

18.01.2014 | 15:35

1390044804_1111111111111Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq  təkcə faciə deyil. Bu AZƏRBAYCAN müstəqilliyi uğrunda aparılan mübarizə-qəhramanlıq GÜNüdür!

 

Azərbaycanın suverenliyi haqqında qanun layihəsinin hazırlanması və müzakirəsi Moskvanın müqavimətinə baxmayaraq böyük sürətlə həyata keçirildi. Demokratik qüvvələrin təzyiqi ilə qanunla respublikada Azərbaycan SSR qanunlarının ittifaq qanunlarından üstünlüyü və onun SSRİ-nin tərkibindən çıxmaq reqlamenti haqqında bəndlər daxil edildi. Müzakirənin nəticələrinə əsasən, Ali Sovetin sentyabrın 23-də keçirilən sessiyası “Azərbaycan SSR-nin suverenliyi haqqında” Kostitusiya qanunu qəbul etdi. Beləliklə, SSRİ respublikaları içərisində Azərbaycan ilk olaraq suverenlik prinsiplərini əsas götürməklə müstəqilliyə doğru addım atdı. Lakin Moskva “Azərbaycan SSR-nin suverenliyi haqqında” qanunun SSRİ Kostitusiyasına zidd olduğunu bəyan edərək, qanunu ləğv etdi. Azərbaycanda güclənməkdə olan mərkəzdənqaçma meylləri SSRİ hökumətinin varlığına ciddi təhlükə törətdiyi üçün Moskva Azərbaycana təzyiq vasitəsi kimi Dağlıq Qarabağ problemindən məharətlə istifadə edirdi. Ermənilərin Ermənistanda və Dağlıq Qarabağda həyata keçirdikləri etnik təmizləmə yalnız Moskvanın dəstəyi ilə həyata keçirilə bilərdi. Məhz belə şəraitdə 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etdi. Həmin qərara uyğun olaraq cəmi 42 günlük bir dövrdə Dağlıq Qarabağdakı bütün müəssisələr və təşkilatlar Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi.  Dağlıq Qarabağdakı bütün rayon-partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil edildikdən sonra Muxtar Respublikanın ərazisindəki Azərbaycan bayraqları, gerbi, blankları, qəsəbə və şəhər adları ləğv edildi, DQMV-nin ərazisində Ermənistan bayrağı qaldırıldı. Çox keçmədən Dağlıq Qarabağın Ermənistanla birləşməsinə həsr edilmiş “Arsax” medalı təsis edildi və Vilayətin suverenliyinin tanınması üçün bir sıra addımlar atıldı. Təsadüfi deyildi ki, məhz bunun nəticəsində Azərbaycanda vəziyyət böhran halını aldı, Moskva Azərbaycanda demokratik hərəkata divan tutmaq üçün zəmin hazırlamağa başladı.

Yanvarın 3-dən 6-na qədər Bakıda olmuş Moskva nümayəndələri Barannikov, Ludayuskas, Babkov və başqaları məxfi olaraq Gəncəyə gəlmiş, SSRİ müdafiə naziri Yazov tərəfindən orada qəbul edilmiş, xüsusi tapşırıqlar almış və Bakıda “Tayfun”, yəni “Qasırğa” əməliyyatının planı hazırlanmışdı.

Azərbaycan rəhbərliyinin müstəqil siyasi xəttinin və dəqiq, sabit mövqeyinin olmaması Moskvanın respublikada həyata keçirmək istədiyi “siyasətin” reallaşmasına şərait yaradırdı. Yanvarın 13-də Bakıda bir erməni tərəfindən iki azərbaycanlının öldürülməsinə cavab olaraq yanvarın 13-14-də Bakının bəzi yerlərində ermənilərin təqib olunması mərkəz tərəfindən bütün təfsilatına qədər düşünülmüş, taktiki baxımdan hərtərəfli hazırlanmış təxribatın həyata keçirilməsi üçün zəmin yaratdı.

15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri M.Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilmişdi. Lakin buna baxmayaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 20-də saat 00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qəbul etmişdir. Müəyyən edilmişdir ki, bu fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdur.

Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən, Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Xalq Cəbhəsinin bəzi liderləri əhaliyə dağılmağı, bəziləri isə müqavimət göstərməyi məsləhət görürdü. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq, Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.

 Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Qadağan olunmuş silahlardan, güllələrdən də istifadə olunurdu.

Öldürülənlərin arasında 5 millətin nümayəndələri var idi. Hətta vəhşiliklərinin izini itirmək üçün meyitləri yandırıb, gizlədirdilər. Məhz buna görə, respublikada yüzlərlə adam itmiş hesab olunur. “Qanlı Yanvar”ın indiyənədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Bakıya yeridilmiş qoşun kontengentinə (bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı)  “döyüş tapşırığı”nı yerinə yetirmək üçün möhkəm psixolji hazırlıq keçmişdilər.

Bakıya yeridilən qoşun kontingenti qapalı düşərgələrdə saxlanılırdı. Onlarla əhali ilə ünsiyyətdə olmağa imkan verilmirdi ki, xalqın əliyalın olmasından xəbərdar olsunlar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, “islam fundamentalistləri”, “pantürkistlər” Azərbaycanda sovet hakimiyyətini ələ keçiriblər, ona görə də, onları məhv etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən, spirtli içkilər vasitəsilə qızışdırılaraq, şəhərə hücum edən əsgər və zabitlər qadına, qocaya, körpəyə, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoymadan atəş açmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Tanklar və BTR-lər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin içi insanlarla dolu minik maşınlarını əzib keçirdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardım göstərmək mümkün olmasın.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Müəyyən olunmuşdur ki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməli idi. Lakin buna qəsdən əməl olunmamışdır. Kütləvi insan qırğını törədildikdən sonra, 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə  vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Azərbaycan xalqına qarşı törədilmiş bu təcavüz aktı mərhələ-mərhələ həyata keçirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar törədilmişdir.

Fövqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 57 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da, yanvarın 25-də Neftçalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.Azərbaycan xalqının demokratiya əzmini qırmaq cəhdi

Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş “Xəzər neft donanması”nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq, gülləboran edilmiş, onlarla dənizçi həbs olunmuşdu. “Sabit Orucov” gəmisi “SOS!” siqnalı ilə bütün dünyaya faciə barədə məlumat vermişdi. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə qoyaraq, bütün gəmiləri Bakı buxtasına yığmışdılar. Yanvarın 21-də saat 20:30 dəqiqədə iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə girişmişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “Atlet-21”, “Vodoley-4” gəmiləri ciddi surətdə zədələnmişdi. Qanlı Yanvardan sonra başlanmış kütləvi repressiyalara qəhrəman dənizçilər də məruz qalmışlar.

Azərbaycan Ali Sovetində olan sənədlərdən məlum olur ki, Yanvar faciəsindən dərhal sonra, yəni yanvarın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 160 deputatın müraciətinə əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılmış və orada bir sıra sənədlər qəbul edilmişdir: “Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında” Ali Sovetin qərarına Bakıya qoşun yeridilməsi “Azərbaycan SSR-nin suveren hüquqlarının açıq-aşkar tapdalanması”, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Sovetin Rəyasət Heyətinin 1990-cı il yanvar fərmanı “təcavüz aktı”, “Azərbaycan xalqına qarşı cinayət” kimi qiymətləndirilmişdir. Qərarda həmin fərmanın icrası “DQMV və Ermənistanla qonşu rayonların sərhəd zolaqları istisna edilməklə hər yerdə dayandırılmış”, “Bakı şəhərindən və respublikanın rayonlarından qoşun hissələri və bölmələrinin çıxarılması tələb edilmişdi”. 1990-cı il fevralın 11-də Yanvar faciəsini təhqiq edən deputat-istintaq komissiyasının respublika Ali Sovetinin Rəyasət heyətinin iclasında bəyənilmiş bəyanatı verildi. Bəyanatda yanvarın 20-də baş vermiş hadisələrin təhqiq edilməsi üçün SSRİ Ali Sovetinin deputat komissiyasının yaradılması, hadisədə günahkar şəxslərin məsuliyyəti məsələsinə baxılması SSRİ Ali Soveti Rəyasət heyətinin 1990-cı il 15 yanvar tarixli fərmanında nəzərdə tutulmayan Azərbaycan SSR şəhərlərində və rayonlarında 19 yanvar fərmanının qüvvəsinin dayandırılması, ittifaq orqanlarından respublikaya dəymiş zərərin ödənilməsi haqqında müvafiq qərar qəbul olunması tələb olunurdu. Lakin bu tələblər keçmiş Sovet İttifaqı rəhbərliyi tərəfindən yerinə yetirilməmiş, qoşunlar respublikada saxlanmışdır.

Son olaraq bildirmək lazımdır ki, 20 Yanvar faciəsinə gətirib çıxarmış əsasən, “sovet” səbəbləri və amillərinin yalnız yuxarıda sadalanmış siyahısı ilə kifayətlənmək olmaz.  Hər kəs bilir ki, 20 Yanvar faciəsinin daha dərin tarixi kökləri var.

Qara Yanvar XIX əsrin əvvəllərindən bəri Azərbaycan xalqına qarşı törədilmiş cinayətkar əməllər silsiləsindən biridir. Əgər Alma-Ata (1986), Tbilisi (1989), Vilnüs (1991) hadisələrinə “müraciət”  etsək, onda hökmən belə bir sual doğur; nə üçün həmin aksiyalar bu qədər qanlı və geniş miqyaslı olmamışdır?

Demək, məqsəd Azərbaycan xalqına qarşı bilərəkdən soyqırım siyasəti həyata keçirmək idi. Azərbaycanlılara qarşı soyqırım, deportasiya, Azərbaycan ərazilərinin zorla qoparılıb Ermənistana birləşdirilməsi siyasətiylə bağlıdır.

Zaur Əliyev ,

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru . 

 

  “KarabakhİNFO.com”  

 

Araşdırmada Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası və  AMEA-nın alimlərinin nəşrlərindən istifadə edilmişdir.

 

18.01.2014 15:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*