Azərbaycanca

Azərbaycan xalqının formalaşmasında Kəngərlilər

14.04.2014 | 14:33

1397471521_kengerli11918-1920-ci illərdə Kəngərli nəslinin yetirməsi olan Kəlbalı xanın müdafiə dəstələrinə başçılıq edərək, azğın düşmənləri müqəddəs Naxçıvan torpağından qovduğunu xatırlamaq kifayətdir.

 Heydər Əliyev

“Naxçıvan” qəzeti 7-12 oktyabr 1993-cü il

 

Hal-hazırda Azərbaycanın Naxçıvan bölgəsinin məşhur Kəngərlilər  tayfası tarixi mənbələrə əsasən, bəşər tarixinin ən qədim tayfalarından biri hesab olunurlar. Kəngərli nəslinin tarixi 6000 il bundan öncə, bilinən ilk mədəniyyətin başlandığı dövrdən-Şumerlərdən hesablanır. Bəzi iddialara görə, şumerlərin əslində adı Kəngər olub və akkadlar onları şumer kimi adlandırıb. Buna sübut olaraq, ən qədim mənbələrdə kəngər-peçeneqlərin adlarının çəkildiyini görə bilərik. İlk arabanı, mixi yazını bu tayfalar yaratmışlar. IV əsrdə Bozqırlarda Kanq dövlətini, X əsrdə Azərbaycanda Salarilər dövlətini və nəhayət XVIII əsrdə Naxçıvan xanlığını kəngərlər qurmuşlar.

Qədim Çin salnaməsində kəngərlərdən bəhs edərək yazırdılar: “Onlar ( kəngərlər) o qədər igiddirlər ki, ölümə sevinclə gedirlər, onların hücumlarına heç bir düşmən tab gətirmir”. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Mahmud İsmayılov Kəngərlilər nəslinin hələ miladdan qabaq Zaqafqaziyada və Azərbaycanda təşəkkül tapmasını, bu soyun adına miladdan qabaq birinci və eramızın birinci yüzilliklərində yaşayıb – yaratmış Strabonun və Böyük Plininin əsərlərində rast gəldiyini yazır: “Kəngərlilərin adına biz ”Kitabi Dədə Qoqud”da “Kanqalı” formasında rast gəlirik. Zaqafqaziya ərazisinə gələndə yüz iyirmi min ailədən ibarət kəngərlilər onun müxtəlif regionlarında məskunlaşmışlar. Kəngərliləri hun soyuna aid edənlər də yox deyildir. Beşinci yüzillikdə kəngərlilər o qədər güclü olmuşlar ki, Sasanilər imperiyasını lərzəyə salmışlar”. “Kəngər” sözü Aral və Balxaş gölləri arasında yerləşən qədim Kəng (“Avesta”da Xənqxoy, Çin mənbələrində – Kənquşu) dövlətinin III əsrdə hunlar tərəfindən işğalından sonra ortaya çıxmış və həmin dövrdən etibarən yerli əhali ilə hunların qaynayıb-qarışmasından təşəkkül tapmış hundilli etnos özünü kəngər adlandırmağa başlamışdır. Kəngərlilərin tarixi mənbələrdə peçeneq adlanması onlardan şimalda yaşayan pəsəng tayfası ilə qaynayıb qarışması ilə bağlıdır. Kəngərlilər pəsəng tayfası ilə birləşərək, dövlət yaratdıqları üçün VIII əsrdə tarixi mənbələrdə peçeneq olaraq adlandırılmışlar. IX əsrdə kəngərliləri özlərinə tabe edən oğuz tayfaları peçeneqləri doğma torpaqlarından qərbə doğru qaçmağa məcbur etmişlər.

Azərbaycan xalqının formalaşmasında KəngərlilərKəngərlilərin Azərbaycana gəlişi və Naxçıvanda yerləşməsi tarixi mənbələrdə IV-V əsrlər göstərilir. Hunlara qoşulan kəngərlilər Şimali Qafqaz vasitəsilə Azərbaycana gələrək, Naxçıvanda yerləşmişlər. Lakin tarixi mənbələrə əsasən, demək olar ki, daha geniş şəkildə kəngərlilərin Azərbaycanda yerləşməsi IX-X əsrlərə təsadüf edir. Xüsusən də Səlcuqların hakimiyyəti dövründə oğuzlarla birlikdə kəngərli tayfalarının da Qafqaza böyük köçü başlamışdır. Məskunlaşdıqdan sonra onlar “Kəngli” adı ilə məşhurşalmışlar. XI əsr Bizanslı müəllif Feofilakt Bolqarski kəngərlilər haqqında bəhs edərkən yazırdı: “Onların (kəngər – peçeneqlərin) hücumu ildırım çaxması, geri çəkilmələri eyni zamanda həm ağır, həm də yüngül idi… Onlar öz çoxluqları ilə yaz arılarını ötüb keçiblər, indiyəcən heç kəs bilməmişdir ki, onların sayı minlərlədir, yoxsa on minlərlə, onların miqdarı saysız-hesabsızdır”.

Səfəvilər dövlətinin qurulmasında önəmli yer tutan tayfalardan biri də kəngərli tayfası olmuşdur. Dövlət quruculuğunda önəmli yer tutan kəngərlilər XVII əsrdən etibarən Naxçıvanın irsi varisləridirlər. XVIII əsrdə qurulan xanlıqlardan biri də Kəngərlilərin əsasını qoyduğu Naxçıvan xanlığı olmuşdur. XVIII əsrdə Naxçıvan xanlığının yaradıcısı Hacı xan, Rəhim xan, Kəlbalı xan Kəngərlilər mühüm rol oynamışlar. Xanlıqlar dövründə kəngərlilərin bir qismi (XVII-XVIII əsrlərdə) Qarabağa köçürülmüşdür. Ağdam və Tərtər rayonlarındakı Kəngərli kənd adları da bununla bağlı idi. Kəngərlilər arasında bir sıra görkəmli dövlət, ictimai, siyasi, hərbi və elm xadimləri olmuşdur. Kəngərlilərin ən sonuncu xanı Ehsan xan Kəngərli olmuşdur. Qeyd etmək lazımdır ki, eramızın əvvəllərindən başlayaraq, Naxçıvanda məskunlaşan qədim türk Kəngər tayfasının adı ilə bağlı “Kəngərli” məhəlləsi olmuşdur. Vaxtilə indiki Qala məhəlləsinin bir hissəsi Kəngərli məhəlləsi adlandırılmışdır. Viktor Qriqoryev “Naxçıvan əyalətinin statistik təsviri” kitabında (1833) kəngərlilərdən bəhs edərək yazırdı: “Kəngərlilər döyüşkən, işgüzar, uzun müddət aclığa dözən adamlardılar, hərbçidirlər. Qonaqpərvər, dostluqda möhkəmdirlər. Lakin heç vaxt təhqir və incidilməyə dözmürlər və yaddan çıxarmırlar. Çox məğrur və qürurludurlar”. Kəngərli tayfası hər zaman döyüşkənliyi ilə seçilib. Təsadüfi deyil ki, Yusif Vəzir Çəmənzəminli özünün “Qan içində” romanında bu qəhrəman tayfadan bəhs edərək yazırdı: “Birdən uzaqdakı bir bağın arxasından toz qopdu. Bu Kəngərli süvariləri idi ki, türk elləri arasında igidliklərilə məşhur idilər”.

Azərbaycanın bölünməsi uğrunda aparılan Rus-Qacar müharibəsində Naxçıvan ərazisində də qızğın döyüşlər gedib. Berje “İranda A.P.Yermolovun elçiliyi” kitabında yazırdı ki, müharibə dövründə Naxçıvan xanı ilə Qacar şahı arasında ziddiyyət yaranır. Naxçıvan xanları Ehsan xan və qardaşı Şeyxəli xan rus təbəliyini qəbul edir və general Paskeviç Ehsan xanı Naxçıvana, qardaşı Şeyxəli xanı Ordubada canişin təyin edir. “Kafkaz” qəzeti, 6 noyabr 1890-cı il sayında bu barədə yazırdı: “Döyüşkənliyi ilə bütün Qafqazda məşhur olan Kəngərlilər Zaqafqaziya sakinlərindən geri qalmaq istəmədilər. Onlar ağa və bəylərinin rəhbərliyi ilə xüsusi süvari dəstələri təşkil edib, bütün döyüşlərdə bizim qoşunlarla çiyin-çiyinə vuruşdular”. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi. Çeşməbasar kəndində çeşmələr qazdırmış, Ərəzin kəndinin yaxınlığındakı təpədən keçən tunel vasitəsilə Nehrəm kəndinə su gətirtmiş, Naxçıvanda ilk rus-tatar (Azərbaycan) qəza məktəbi açdırmışdır.1840-cı ildə süvari dəstəsinə başçılıq etmək şərti ilə naiblikdən imtina etmişdir. Sonralar Krım müharibəsində də şücaətlə vuruşmuşdur. “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. Abbasqulu ağa Bakıxanov və Aleksandr Qriboyedov İrana gedərkən Ehsan xan Kəngərlinin Xan dikindəki sarayında qonaq olmuşlar.

A.S.Qriboyedov “İrəvan yürüşü” yol qeydlərində bu barədə bəhs etmişdir. Ehsan xan Kəngərlinin adı Kremlin Georgi salonunda qızılı hərflərlə yazılmışdır.

Mehman Həsən

 

“KarabakhİNFO.com”

– See more at: http://karabakhinfo.com/arasdirma/2673-azrbaycan-xalqinin-formalasmasinda-kngrlilr.html#sthash.eMBJMvde.dpuf

14.04.2014 14:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*