Azərbaycanca

Azərbaycan XİN: “Ermənistan çirkin təbliğat məqsədi ilə azyaşlı uşaqlardan da istifadə etməkdən çəkinmir”

15.12.2014 | 14:21

hikmet-haciyev“Ermənistan Azərbaycan tərəfindən Ermənistana təhvil verilmiş Qevorkyan ailəsini hər hansı mənəvi, etik, hüquqi və insani dəyərlərdən kənar şəkildə əsassız təbliğat vasitəsinə çevirib”.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistana təhvil verilmiş Qevorkyan ailəsinin Ermənistanda verdiyi açıqlamaları şərh edərkən deyib.

 

 

H. Hacıyev bildirib ki, Qevorkyan ailəsi Ermənistanda hökm sürən istibdad, zülm və ifrat yoxsul həyatdan xilas olmaq üçün dörd il əvvəl Azərbaycana üz tutub və üçüncü ölkəyə keçmək niyyətində olub: “Ailənin başçısı Yegişe Gevorkyan kriminal keçmişi olduğuna görə müraciət edilən üçüncü ölkələr tərəfindən qəbul edilməyib.

 

 

 

Azərbaycanda olduğu müddətdə Qevorkyan ailəsi münasib mənzil, qida və lazımı həyat şəraiti ilə təmin edilib. Qevorkyan ailəsinə daimi əsasda Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri tərəfindən baxış keçirilib, onların saxlama şəraitindən həmişə razılıq ifadə edilmiş və ölkəmiz tərəfindən göstərilən bu humanizm yüksək qiymətləndirilib.

 

 

Ermənistanda aparılmış tibbi müayinələr də ailənin tam şəkildə sağlam olduğunu sübut edib”.

 

 

XİN sözçüsü qeyd edib ki, Ermənistana təhvil verildikdən sonra Yegişe Qevorkyan və onun ailə üzvlərinin Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində məcburi ictimai ifadələrə vadar edildikləri açıq şəkildə görünür: “Ən dəhşətlisi isə odur ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmir. Bundan əvvəl də Ermənistana təhvil verilmiş Ermənistan vətəndaşları bu kimi işgəncələrə və uzun müddət Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediliblər. Təəssüflər olsun ki, Yegişe Qevorkyan ailəsi də Ermənistanda bu faciə ilə üzləşib.

 

 

Beynəlxalq ictimaiyyət, hüquq müdafiəçiləri Ermənistanın bu kimi qeyri-insani əməllərinə, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4000 nəfərdən artıq azərbaycanlının taleyinə və soydaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə prosesinə və onların məruz qoyulduqları işgəncələrə biganə qalmamalıdır”.

 

“KarabakhİNFO.com”

 

 

15.12.2014 14:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*