Azərbaycanca

Azərbaycan XİN: Ermənistanın terrorizmi dəstəkləyən dövlət olması tam sübut olunub

19.11.2014 | 16:05

Hikmet_HaciyevAzərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Azərbaycanı “terrorçu dövlət” adlandırması ilə əlaqədar bəyanatla çıxış edib.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının xəbərinə görə, H.Hacıyev bildirib ki, Ermənistan XİN rəsmisinin sözügedən açıqlaması rəsmi İrəvanın xarici siyasətinin sağlam məntiq, əsas və dəlildən məhrum olmasının göstəricisidir.

 

 

H.Hacıyev Ş.Köçəryana xatırladıb ki, orta əsrlərə aid feodal təfəkkürü ilə Ermənistan tərəfindən qonşu dövlətin – Azərbaycan Respublikasının ərazisi işğal edilib, Ermənistan ərazisində və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə həyata keçirilib: “Ermənistan Respublikası yeganə ATƏT üzv dövlətidir ki, 1975-ci il Helsinki Yekun Aktına tam şəkildə zidd olaraq, güc tətbiq etmək və təcavüz yolu ilə digər ATƏT üzv dövlətinin ərazisini işğal edib. Bu cür davranış beynəlxalq hüquqa, BMT nizamnaməsinə və dövlətlər arasında sivil davranış qaydalarına tamamilə ziddir. Cəbhə xəttində baş vermiş son gərginlik Ermənistanın Azərbaycana davam edən təcavüz və işğalının növbəti sübutudur. Bu halda da Ermənistan tərəfindən güc tətbiq edilib və güc tətbiq edərək, hədələmək aktı həyata keçirilib”.

 

 

Azərbaycan XİN-in sözçüsü qeyd edib ki, Ermənistan Respublikasının terrorizmi dəstəkləyən dövlət olması əməliyyat-istintaq yolu ilə tam şəkildə sübut olunub: “Ermənistan xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya olunan ASALA terror təşkilatını, “Arabo” və “Aramo” terror qruplaşmalarını xatırlatmaq kifayətdir. Ermənistanın yürütdüyü işğalçı və təcavüzkar siyasət regionun sabitliyi və təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Azərbaycana qarşı işğal və təcavüz əməllərinə görə Ermənistan dövləti BMT nizamnaməsi və beynəlxalq hüquqa uyğun olaraq tam məsuliyyət daşıyır”.

 

“KarabakhİNFO.com”

 

 

19.11.2014 16:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*