Azərbaycanca

Azərbaycan XİN xalqların öz müqəddəratını təyinetmə məsələsini şərh edib

04.11.2014 | 11:52

xin binasiXalqların öz müqəddəratını təyin etmə hüququ beynəlxalq hüququn ali prinsiplərindən biridir. Beynəlxalq hüququn, xüsusilə xalqların öz müqəddəratını təyin etmə prinsipinin siyasiləşdirilməsi və ondan siyasi möhtəkirlik məqsədləri üçün istifadə edilməsi qəbuledilməzdir. Təəssüf ki, Ermənistanın təcrübəsində biz bunun şahidi oluruq.

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, bunu Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

 

 

BMT nizamnaməsində xalqların öz müqəddəratını təyin etmə hüququ müstəmləkəçiliyə qarşı mübarizə və işğal altında olan və öz idarəçiliyi olmayan ərazilərə münasibətdə müəyyən olunmuşdur.

 

 

1975-ci il Helsinki Yekun aktında isə deyilir: “BMT nizamnaməsinin məqsəd və məramları və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə həmişə uyğun şəkildə davranaraq, iştirakçı dövlətlər xalqların bərabər hüquqlarına və onların öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşacaqlar”. Göründüyü kimi, öz müqəddəratını təyin etmə ərazi bütövlüyü hüququna və BMT nizamnaməsinə ziddiyyət təşkil etməməlidir. Ərazi bütövlüyü ilə əlaqədar isə Helsinki Yekun Aktında deyilir ki, dövlətlər digər dövlətin ərazini birbaşa və ya dolayısı zor vasitəsilə hərbi işğal və ərazi əldə etmək obyekti etməməlidirlər. Həmçinin həmin sənəddə bu cür işğal və ya ərazi əldə edilməsinin qanunu hesab edilməyəcəyi bildirilir.

 

 

Ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinin fonunda xalqların öz müqəddəratını təyin etmə hüququndan danışmaq yersizdir. Ermənistanın bu əməlləri xalqların öz müqəddəratını təyin etmə hüququnun təməl prinsipləri, mahiyyəti və fəlsəfəsi ilə ziddiyyət təşkil edir.

 

 

Ermənistan xarici işlər naziri E.Nalbəndyan ya bunları bilmir, ya da məqsədyönlü şəkildə beynəlxalq hüquq və xalqların öz müqəddəratını təyin etmə prinsipini siyasi möhtəkirlik obyektinə çevirir ki, bu da çox ciddi təəssüf doğurur.

 

“KarabakhİNFO.com”

 

 

04.11.2014 11:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*