Azərbaycanca

Azərbaycan yolu: İdeoloji seçim

11.03.2013 | 15:48

1363002182_akif-nagi-big2Azərbaycan yolu: İdeoloji seçim

İstənilən yol üçün ideoloji bazanın seçilməsi vacibdir. Bəzən milli ideologiyadan danışırlar. Bu, yalnış mövqedir, “milli ideologiya” anlayışı yoxdur. İnsanlar 3 min illik yazılı tarix ərzində 4 ideologiyanı ortaya gətiriblər. Bunlar dini, millətçilik, liberal və sosialist ideologiyalarıdır. Millətlər öz istəklərinə uyğun olaraq bu ideologiyalardan birini seçir, öz milli xüsusiyyələrinə uyğunlaşdırırlar. Ona görə də milli ideologiyalardan deyil, milli ideyadan danışmaq olar. Hər millətin özünün milli ideyası var.

Bizdə milli ideya kimi müxtəlif təkliflər irəli sürülür, bu təkliflərin üzərində dayanmaq istəmirəm. Hər təklifin yaşamaq hüququ var. Bir şeyi qeyd edim ki, milli ideya özündə iki əsas xüsusiyyəti cəmləşdirməlidir. Birincisi, cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul olunmalıdır. İkincisi, xalqı uzunmüddətli perspektivə səfərbər etməlidir. Bu baxımdan mənim müşahidələrimə görə, bizdə milli ideya öz-özünə, aşağıdan gedən proses nəticəsində formalaşır. Mənim də təklif etdiyim bu ideya “ərazi bütövlüyü” ideyasıdır. Ərazi bütövlüyünün bərpası ideyası xalqın böyük əksəriyyətinin düçüncəsinə hakim kəsilib. Bu, adi gözlə də müşahidə olunur və sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq hamını əhatə edir. Bu ideya bir neçə mərhələdən ibarət prosesi özündə ehtiva edir. Çox qabağa gedib, əlavə problemlər yaratmamaq şərti ilə birinci mərhələnin vəzifələrinə diqqəti çəkirəm: Dağlıq Qarabağın, ətrafındakı 7 rayonun və Zəngəzurun Azərbaycana qaytarılması. Milli ideyanın, ərazi bütövlüyü ideyasının birinci mərhələsi məhz bu vəzifələrdən ibarətdir. Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon son işğal nəticəsində itirilib və heç bir güzəşt, aralıq variant olmadan geri qaytarılmalıdır. Zəngəzur, daha doğrusu Zəngəzurun bir hissəsi 1920-ci illərdə sovet imperiyası tərəfindən zorla Azərbaycandan alınaraq Ermənistana verilib. Bu, tarixi bir fakt və tarixi ədalətsizlikdir. Bu ədalətsizlik aradan qaldırılmalı, Naxçıvanın anklavlığına son qoyulmalıdır. Azərbaycan bu gün bu vəzifələri yerinə yetirmək gücündədir.

Milli ideyamızın real gücə çevrilməsi üçün bəşər övladının 3 min il ərzində yaratdığı 4 ideologiyadan birini seçməli və əgər belə demək mümkündürsə, milli ideyamızı seçdiyimiz ideologiyaya “peyvənd” etməliyik. İlk baxışda bu gün dəbddə olan liberalizm göz önünə gəlir. Son minilliklər liberalizmin təntənəsi kimi görünür. Frensis Fukuyama bu təntənənin təsiri altında 1989-cu ildə “Tarixin sonu?” məqaləsini yazdı, mən bu məqaləni dəyərli elm adamı Şahnəzər Hüseynovun məsləhəti ilə 1994-cü ildə “Voprosı filosofii” jurnalından tərcümə etdim, bu məqalə cəmiyyətdə ciddi ajiotaj yaratdı, çoxlu mübahisələr oldu. Frensis Fukuyama bu məqalədə ideoloji mübarizənin bitdiyini, liberalizmin digər ideologiyalara qalib gəldiyini və bu ideoloji mübarizənin bitdiyi anlamında tarixin sonunun çatdığını göstərirdi. O, məqaləsinin sonunda xırda bir şübhə yeri qoyur, millətçiliyin mübarizəni hələ alovlandıra biləcəyi ehtimalından danışırdı. Xırda bir misal, Belçika nümunəsini nəzərdə tuturam. Hamı Belçikada liberalizmin tam qalib gəldiyi qənaətində idi. Lakin millətçilik bu gün bu ölkəni dağılmaq, valonlarla flamandlar arasında iki yerə parçalanmaq həddinə gətirib çıxarıb. Mən bunu millətçiliyin bütün ideologiyalara nisbətən daha uzunömürlü, yaşamağaqabil olması ilə bağlı deyirəm. Fukuyamaya etiraz edənlərdən Samuil Hantinqton 1993-cü ildə “Sivilizasiyaların toqquşması” adlı məqaləsini, sonra isə eyni adda kitabını yazdı. O, ideoloji mübarizənin bitdiyi fikri ilə razılaşır, amma bu mübarizənin sivilizasiyalar arasında davam etdiyini, yeni müstəviyə keçdiyini göstərirdi. Onun fikrinə görə, 8 sivilizasiya, o cümlədən, Qərb, islam, slavyan və sair mövcuddur və Qərb sivilizasiyası ilə digər sivilizasiyalar arasında mübarizə gedir. Bu fikirlər Qərbin terror təhlükəsi adı altında islam dünyasına qarşı amansız mübarizəsi üçün ideoloji baza rolunu oynadı və oynayır. Əslində, Hantinqton yeni bir şey deməmişdi, həmin ideoloji mübarizəyə yeni don geyindirmişdi. Bu məsələnin üzərində geniş dayanmaq istəmirəm.

Digər ideologiyaların Azərbaycan üçün yararlı olub-olmamasından danışmaq da istəmirəm. Mən Azərbaycan üçün millətçilik ideologiyasını seçirəm. Məhz bu ideologiya milli ideyamıza, milli xüsusiyyətlərimizə uyğunlaşdırıla bilər. Ərazi bütövlüyümüzün bərpa olunması, dövlətimizin güclənməsi, müstəqilliyimizin artması üçün millətçilik daha səmərəli rol oynaya bilər. Bir şeyi də qeyd etməliyəm ki, millətçiliyin istənilən nəticəni verməsi üçün bir çox sahələrdə və birinci növbədə mənəviyyat sahəsində dinin rolu gücləndirilməlidir. Cəmiyyətdə dinin rolunun artırılması bizi bir çox problemlərdən xilas edəcək, dövlətimizi gücləndirəcəkdir. Mən millətçilik dedikdə millətə, dövlətə, torpağa sevgi və sədaqəti, milli maraqlara xəyanətlə barışmazlığı və nifrəti nəzərdə tuturam.

Millətçilik güclü dövlət və dövlətə xidmət edən güclü vətəndaş deməkdir. Millətçilikdə dövlətlə fərdin münasibətləri əsas məsələdir. Bu münasibətlərə dair bir çox nəzəriyyələr, fikirlər var. Onlardan bir neçəsinin üzərində dayanıram. Tomas Hobbsun nəzəriyyəsinə görə, dövlətin vətəndaşa münasibətdə öhdəlikləri üstünlük təşkil edir, bu münasibətlər ictimai müqavilə ilə nizamılanır, yəni daha çox “dövlət vətəndaş üçün” prinsipi əsas götürülmədir. Samuil Pufendorfun nəzəriyyəsinə görə isə, vətəndaşın dövlətə münasibətdə öhdəlikləri üstünlük təşkil etməlidir, yəni “vətəndaş dövlət üçün” prinsipi əsas götürülür. Həzrəti Əli (ə) 1400 il əvvəl bu məslənin daha maraqlı həllini təklif edib: “Allahın vacib etdiyi haqların ən böyüyü valinin rəyiyyət və rəiyyətin vali üzərindəki haqqıdır”. Kiçik bir düzəlişlə bu formulu qəbul etmək olar. Mən bu düzəlişi Qurani-Kərimə əsaslanaraq təklif etmək istəyirəm. Müqəddəs kitabımızda qadınların kişilər, kişilərin də qadınlar üzərində haqqından danışılır və əlavə olunur ki, hər iki tərəfin haqqı var, amma hər zaman kişilərin haqqı bir dərəcə üstündür. Mən bu müqayisəni dövlət və vətəndaş münasibətlərinə şamil edirəm: Dövlətin vətəndaş və vətəndaşın dövlət üzərində haqqı var, amma dövlətin vətəndaş üzərində haqqı bir pillə üstündür. Dövlətin gücü və həyataqabil olaması üçün bu vacib şərtdir. Vətəndaş dövlətin güclü olması üçün öz haqqından imtina etməyi bacarmalıdır. Mən bunu dövlət naminə fədəkarlıq hesab edirəm. Güclü dövlət həm də vətəndaşın firəvan həyatının təminatçısıdır. Öncə güclü dövlət, sonra azad vətəndaş.

 

 

Akif Nağı

 

KarabakhİNFO.com

 

11.03.2013 15:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*