Azərbaycanca

Azərbaycana qarşı düşmənçilik siyasəti – I hissə

12.07.2014 | 07:26

musa-qasimli

Musa Qasımlı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor

Çarizmin işğalları nəticəsində XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza köçürülərək yerləşdirilmiş ermənilər bir müddət sonra qonşu xalqları, o cümlədən azərbaycanlıları  təhdid etməyə, böhranlı anlarda onlara qarşı kütləvi qırğınları həyata keçirməyə başladılar. Köçürülmə nəticəsində Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı dövlət yaradıldı. 1918-1920-ci illərdə terror və azərbaycanlılara qarşı soyqırım Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1920-ci ildə Azərbaycan və Ermənistan bolşevik Rusiyası  tərəfindən işğal edilib sovetləşdirildikdən sonra da ermənilərin Cənubi Qafqazda azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, onların sıxışdırılması, əsassız ərazi iddiaları, Azərbaycan ərazilərinin Ermənistana verilməsi siyasəti davam etdirildi. Bəs tarixi mənbələr bu barədə nə deyir?

Sovet siyasəti çarizm dövründəkindən

 fərqlənirmi? (20-30-cu illərin təcrübəsi)

20-ci illərdə yaranmış əlverişsiz beynəlxalq şəraitdə Azərbaycanın dövlət müstəqilliyi üçün təhlükə yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin varlığına bolşevik Rusiyasının işğalı nəticəsində son qoyuldu. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) yaradıldı. Həmin ilin avqustun 5-də tərtib edilmiş arayışda Azərbaycanın Ermənistan ilə mübahisəsiz ərazisi belə göstərilirdi: sərhəd Qazax və Borçalı qəzalarının köhnə inzibati sərhədlərindən başlayır, sonra Qazaxdan, Aleksandropoldan (Gümrü) və Yeni Bəyaziddən Maralıca dağlarına qədər, oradan birbaşa Göyçə gölünə enir, təxminən 11/2 verst şimala Çubuqlu kəndindən sonra Göyçə gölünü ikiyə bölür, onun cənub sahili ilə qərb istiqamətinə gedir, Göyçə gölünün cənub sərhədində sərhəd Zağalı və Gödək Bulaq kəndləri arasından başlayır, sonra Yarnızlı, Qızıl Vəng və Yuxarı Alçalı kəndlərinin yuxarısından Göyçə gölünün cənub sahillərinin dağlıq rayonlarından – Qızıl Harava (təxminən 10859) və Ağmahan yüksəkliklərindən keçir. Qərbdə İrəvan və Yeni Bəyazit qəzalarının sərhədlərindən Kiçik Ağdağa doğru gedir, müsəlmanların (azərbaycanlıların – M.Q.) yaşadığı dağlıq rayonları ermənilərin məskunlaşdığı kəndlərdən ayırır. Sonra sərhəd Kiçik Ağdağ dağlarından şimal-qərbə, Toğmahan gölü istiqamətində Təzəkənd kəndinə doğru gedir, oradan Gərniçay çayı ilə Yuxarı Ağbaş kəndinə çatır və onun qarşısından şimala doğru 3620 metr yüksəkliyə qalxır, oradan cənub-qərbə Uluxanlıya gedir, Uluxanlı kəndi və Uluxanlı dəmiryolu stansiyasının arasından keçərək Araz çayına qədər uzanır və şimalda Rəncbər kəndinə çatır. Rəncbər kəndindən Araz çayınadək sərhəd birbaşa qərbə, Sürməli qəzası ilə Eçmiadzin və Kars vilayətlərinin keçmiş inzibati sərhədləri ilə qovuşur və Təndürək dağlarına, keçmiş rus-türk sərhədlərinə doğru gedir .

1920-ci ilin payızında Ermənistan da sovetləşdirildi. Bundan sonra da mərkəzi bolşevik hakimiyyəti çarizm dövründə yeridilən siyasəti davam etdirməyə, Azərbaycana məxsus tarixi əraziləri hissə-hissə kəsib Ermənistana verməyə başladı. Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud Şahtaxtinski Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (RK (b) P MK) yazırdı ki, Zəngəzurda 123 min 95 nəfər azərbaycanlının, 99 min 257 nəfər erməninin yaşamasına baxmayaraq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsi Ermənistana verilmişdir . Həmin ərazinin verilməsi nəticəsində Azərbaycanın Naxçıvan bölgəsi ilə, Türkiyənin isə türk dünyası ilə quru əlaqəsi kəsildi. Sovet Ermənistanında yaşayan azərbaycanlılara qarşı yeridilən siyasət Daşnaksütyunun hakimiyyəti illərində yeridiləndən o qədər də fərqlənmirdi. Sayca Azərbaycanda yaşayan ermənilərdən çox olmalarına baxmayaraq, Ermənistanda tarixi ərazilərində yaşayan azərbaycanlılara muxtariyyət verilmədi.

Azərbaycanda yaşayan ermənilər üçün isə muxtariyyət yaradıldı. Belə ki, RK (b) P MK Qafqaz bürosu plenumunun RK( b) P MK üzvü İ.V.Stalin, Qafqaz bürosu üzvləri Q.(Serqo) K.Orconikidze, F.İ.Maxaradze, S.M.Kirov, A.M.Nazaretyan, İ.D.Oraxelaşvili, Y.P.Fiqatner, N.Nərimanov, A.F.Myasnikov və Azərbaycan SSR xalq xarici işlər komissarı M. Hüseynovun iştirakı ilə 1921-ci iyulun 5-də keçirilən iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edildi . Azərbaycanlılarla ermənilər arasında milli sülhün zəruriliyi, yuxarı və aran Qarabağın Azərbaycan ilə iqtisadi əlaqəsi, daimi əlaqəsi nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. Ona inzibati mərkəzi Şuşa olmaqla geniş muxtariyyət vermək qərara alındı.

Bundan bir müddət əvvəl, 1921-ci il martın 16-da imzalanmış Rusiya – Türkiyə müqaviləsinin üçüncü maddəsi ilə Naxçıvanın ərazisi və statusu müəyyənləşdirildi . Həmin il oktyabrın 13-də bir tərəfdən Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, digər tərəfdən isə Türkiyə arasında Karsda Rusiya Sovet Federativ Sosialist Respublikasının vasitəçiliyi ilə müqavilə imzalandı. Müqavilənin 5-ci maddəsində Türkiyə, Ermənistan və Azərbaycan hökumətləri razı olduqlarını bildirdilər: “Naxçıvan vilayəti […] Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”. Müqaviləyə üçüncü əlavədə Naxçıvanın sərhədləri müəyyənləşdirildi .

1922-ci il martın 12-dən 1936-cı il dekabrın 5-dək olan dövrdə Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibinə daxil oldu. Azərbaycan SSR ZSFSR-ə qəbul olunanadək Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi Rusiya imperiyası sərhədlərində və Şərur-Dərələyəz qəzasının üçdə iki hissəsi artıq Ermənistana verilmişdir. Azərbaycan Zaqafqaziya Federasiyasına qəbul edildikdən sonra isə Qazax qəzasının xeyli hissəsi, Cəbrayıl qəzasının və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bir sıra kəndləri Ermənistanın tərkibinə qatıldı . Beləliklə, 1918-1920-ci illərdə Azərbaycanın 113895, 97 kv.km ərazisindən sovet  dövründə yalnız 86,6 min kv.km qaldı.

Ermənistan Azərbaycan ərazilərinə yiyələnməklə yanaşı tarixi torpaqlarında yaşayan azərbaycanlıların qovulmasını davam etdirirdi. Ermənistan hökuməti torpaq çatışmazlığı bəhanəsi ilə əvvəlki illərdə tarixi torpaqlarından qovulan azərbaycanlıların daimi yaşayış yerlərinə qayıtmalarına qəti şəkildə etiraz edirdi . Belə ki, ZSFSR İttifaq Şurası yanında Qaçqınlar Daimi Komissiyasının üzvü İsaakyan Zaqafqaziya Diyar Partiya Komitəsinin Rəyasət Heyətinə geri qayıtmaq istəyən azərbaycanlı qaçqınları yerləşdirmək üçün Ermənistanda bir qarış da torpaq olmadığını yazırdı . Qeyd edirdi ki, azərbaycanlı qaçqınların Zəngəzur qəzasına qaytarılması böhranlı vəziyyət yaradar, ona görə də məsələni Azərbaycanın boş torpaq fondu hesabına həll etmək olar. Zəngəzurdan qovulmuş azərbaycanlı qaçqınların Azərbaycan SSR-in Qubadlı rayonundan geri qaytarılaraq Zəngəzur qəzasında daimi yaşayış yerlərinə yerləşdirilməsinə yerli hakimiyyət orqanlarının mane olması barədə məsələ hətta ZSFSR İttifaq Şurası yanında Qaçqınlar Komissiyasının 1922-ci il iyunun 12-də (protokol № 17) və iyulun 9-da keçirilən iclaslarında (protokol № 18) müzakirə edildi. Qəbul edilən qərarda deyilirdi: “Ermənistan SSR-də boş torpaq fondu olmadığı üçün Ermənistan SSR-dən olan və hazırda Azərbaycan SSR Naxçıvan diyarı ərazisində olan 28 min nəfər müsəlman (azərbaycanlı – M.Q.) qaçqını yerləşdirmək Azərbaycan SSR hökumətinə tövsiyə olunsun” . Beləliklə, Zəngəzurdan qovulmuş azərbaycanlılar tarixi torpaqlarına qayıda bilmədilər. Onları Azərbaycan hökuməti respublika ərazisində yerləşdirməyə məcbur oldu.

Azərbaycan hökuməti güzəştə getdikcə ermənilər daha da şirnikləşir, yeni-yeni ərazilərin Ermənistana verilməsi işini davam etdirirdilər. Belə ki, 1922-ci il oktyabrın 25-də Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Xalq Xarici İşlər üzrə Katibliyə təqdim etdiyi Azərbaycanın ərazisi haqqında arayışdan aydın olur ki, Azərbaycanın bütün ərazisi 7.989.105 desyatin idi və ondan Ermənistana keçmiş Qazax qəzasından 379.984 desyatini, keçmiş Zəngəzur qəzasından 405.000 desyatini verilmişdir .

Sovet hökuməti ermənilərin azərbaycanlı torpaqlarına yerləşdirilməsi və Azərbaycan ərazilərinin Ermənistana verilməsi işini 1922-ci ilin dekabrında SSRİ yaradıldıqdan sonra da davam etdirdi. Beləki ermənilərin Cənubi Qafqaza gətirilməsində mühüm bir mərhələni Lozan konfransından sonrakı dövr təşkil etdi. Məlum olduğu kimi türk hökuməti konfransda ölkədəki bütün milli azlıqların hüquqlarını qorumaq haqqında təəhhüd götürdü. Buna baxmayaraq, konfransda iştirak edən RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin 1923-cı ilin yanvarında Beynəlxalq Erməni Cəmiyyətinə göndərdiyi məktubda erməniləri sovet hökumətinin qəbul etməyə hazır olduğunu bildirdi . Rusiya, Ukrayna və Gürcüstan nümayəndə heyətləri məsələyə dair Lozan konfransının sədrinə verbal nota göndərdilər . G.Çiçerin yanvarın 27-də Lozandan müavini Mixail Litvinova göndərdiyi məktubunda ermənilərə ərazilər vermək barədə bəyanatın Beynəlxalq Erməni Cəmiyyətinə təqdim edildiyini yazırdı . Onun fikrincə, həmin işdə ermənilərin mühacirətinə maliyyə yardımı və nəqliyyat ayıran təşkilatlar iştirak etməli idilər. Çünki sovet hökumətinin erməniləri köçürmək üçün vəsaiti çatışmırdı. G.Çiçerin başqa bir müavini Lev Karaxana yazdığı məktubunda həmin məsələləri erməni komissarlığının və erməni milli hərəkatının Dro  kimi görkəmli xadimlərinin yaşadığı Moskvada müzakirə etməyi məsləhət görürdü.

Ermənilərin mühacirəti üzrə komissiyanın 1923-cü il martın 23-də Xalq Torpaq Komissarlığının kollegiya üzvü Mesyaçevin sədrliyi ilə keçirilən iclasında 200 mindən çox olmamaq şərti ilə erməninin Rusiya ərazisinə köçürülməsi barədə qərar qəbul edildi. Onların 15 min nəfəri Cənubi Qafqazda yerləşdirilməli idi . Həmin məsələ RK(b)P MK Siyasi bürosunda da müzakirə edildi. G.Çiçerinin təklifi əsasında 1923-cü il noyabrın 22-də keçirilən RK(b)P MK Siyasi bürosunun iclasında (protokol № 47) “Türkiyədən olan qaçqın ermənilər haqqında” məsələ müzakirə edildi . Qəbul edilən məxfi qərara əsasən 10 min nəfər erməninin Türkiyədən SSRİ hüdudlarında qəbul edilməsinə etiraz olunmurdu. Nəticədə Türkiyədən gələn ermənilərin bir qismi Cənubi Qafqaza yerləşdirildi.

1923-cü ildə Naxçıvanın azərbaycanlılar yaşayan 9 kəndi Ermənistana verildi. Sonralar, 1925-ci il mayın 19-da Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Kiçik Rəyasət Heyətinin iclas qərarına uyğun olaraq (protokol № 12) çoxlu sayda erməni Naxçıvana yerləşdirildi .

1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı . Muxtariyyətin inzibati mərkəzi Xankəndi şəhəri müəyyənləşdirildi. Həmin ilin sentyabr ayında şəhərin adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımın təşkilatçılarından biri olan bolşevik xadimi Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. DQMV-nin inzibati ərazisi erməni icmasının çoxluğunu təmin etməkdən ötrü müəyyənləşdirilmişdi. Azərbaycan hökuməti Dağlıq Qarabağda yaşayan ermənilərə geniş hüquqlar verdi.

Bu, Lenin və Stalinin ermənilərə və Azərbaycan xalqına olan münasibətinin göstəricisi idi. Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılardan sayca qat-qat az olmalarına baxmayaraq, Azərbaycandakı ermənilərə muxtariyyət yaradılması “parçala və hökm sür” siyasətinin konkret təzahürü idi. Ermənistanda yaşayan azərbaycanlılara nəinki muxtariyyət verilmədi, əksinə Ermənistan hakimiyyəti onları daha çox sıxışdırmağa başladı.

Sovetləşmədən sonra Cənubi Qafqaz respublikaları arasında bir sıra ərazi mübahisələri mövcud idi. Bu baxımdan Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin məsləhətçisi M.Skiditskinin 1927-ci il sentyabrın 21-də Tiflisdə hazırladığı “Zaqafqaziya respublikaları arasında hansı ərazi iddiaları olmuşdur?” adlı arayış diqqəti cəlb edir. O yazırdı: “Azərbaycan və Ermənistan arasında ümumi ərazisi 17816 desyatin olan 61 sahədə mübahisələr olmuşdur. Bunların 6750 desyatin ərazisi olan 46-sı üzrə Zaqafqaziya MİK-in yekun qərarı qəbul edilmişdir. Həmin qərara əsasən 3050 desyatin ərazi Azərbaycan SSR-in, 3700 desyatin ərazi isə Ermənistan SSR tərkibinə daxil edilmişdir” .

Ermənilərin Cənubi Qafqaza gətirilərək azərbaycanlılara məxsus ərazilərə yerləşdirilməsi 30-cu illərdə də davam etdirildi. Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi (ÜİK (b) P MK) Siyasi bürosunun 1931-ci il 10 may tarixli iclasında (protokol № 37) ermənilərin ZSFSR-ə gətirilməsi haqqında məsələ gündəliyin 25-ci maddəsi kimi müzakirə edildi . Lakin təxirə salındı. Ancaq bir müddət keçmiş həmin məsələ Siyasi büronun iyunun 16-da keçirilən iclasında (protokol № 43) yenidən müzakirəyə çıxarıldı. Məsələ barədə tam məxfi qərar qəbul edildi . SSRİ Xalq Xarici İşlər Komissarlığı (XXİK) 1932-ci il martın 14-də 263 №-li tam məxfi məktubla ZSFSR MİK-ə müraciət edərək Türkiyədən gələn ermənilərin vətəndaşlığa qəbul edilməsini tövsiyə etdi. Qeyd etmək lazımdır ki, onların vətəndaşlığa qəbul edilməsi barədə vəsatət hələ 1928-1929-cu illərdə qaldırılmışdır. ZSFSR MİK katibi Həmid Sultanov Azərbaycan SSR MİK İşlər İdarəsinə 1932-ci il martın 27-də 479-s №-li məxfi məktub göndərərək Türkiyə ermənilərinin “SSRİ vətəndaşlığına qəbul edilməsi məsələsini təcili həll etmək üçün sizin sərəncamınızı xahiş edirik” – deyə yazdı. Qəbul edilən qərarlar yerinə yetirildi.

1936-cı ilin may ayında təkcə Parisdən Ermənistana 2 min nəfər erməni gətirildi. Onların nümayəndələri Lavrentiy Beriyaya və Qəzənfər Musabəyova mayın 22-də teleqram göndərərək yad ölkədən yeni vətənə (kursiv bizimdir. Sənəddə belə də yazılmışdır. – M.Q.) gəldiklərinə şərait yaradıldığı üçün təşəkkür edirdilər .

Beləliklə, sovet hakimiyyətinin ilk illərindən etibarən xarici ölkələrdən ermənilər kütləvi şəkildə gətirilərək Ermənistana yerləşdirildilər. Onların yaşayışını təmin etmək üçün azərbaycanlılar tarixi torpaqlarından sıxışdırıldılar. Sovet hakimiyyəti illərində köçürmə yolu ilə Ermənistanda ermənilərin sayının artırılması “Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı arayışda da etiraf edilirdi. Burada konkret olaraq yazılırdı: “Əgər 1920-ci ildə Ermənistanda 774 min nəfər əhali var idisə, 1936-cı ildə onların sayı 1 milyon 200 min nəfər oldu və ya 55% artdı . Sovet hakimiyyəti erməniləri yerləşdirərək əlverişli şərait yaratsa da, Ermənistanda azərbaycanlılar əhalinin böyük bir hissəsini təşkil etmələrinə baxmayaraq, onlara nəinki muxtariyyət hüququ nəinki verilmədi, əksinə ayrı-seçkilik siyasəti həyata keçirildi.

“KarabakhİNFO.com”

12.07.2014 07:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*