Azərbaycanca

Azərbaycana qarşı düşmənçilik siyasəti – II hissə

14.08.2014 | 11:00

musa-qasimliMusa Qasımlı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor

 

 

İkinci dünya müharibəsindən sonrakı ilk illərdə Azərbaycana qarşı əsassız iddialar. Ermənilərin repatriasiyası. Azərbaycanlıların deportasiyası

 

 

Ermənilərin köçürülməsi və Azərbaycana qarşı əsassız ərazi iddialarında bir mərhələni İkinci dünya müharibəsindən sonrakı illər təşkil edir. Həmin dövrdən etibarən qatı millətçi erməni dairələri bir neçə istiqamətdə fəaliyyət göstərməyə başladılar. Onlar sovet rəhbərliyinin göstərişi ilə Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdülər; Azərbaycandan Dağlıq Qarabağı tələb etdilər; xaricdən ermənilərin Ermənistana köçürülməsini, repatriasiyasını istədilər. Həmin tələblər ilk baxışda fərqli görünsələr də, əslində bir-biriləri ilə sıx bağlı idilər. Türkiyə hökuməti əsassız iddiaları qətiyyətlə rədd edərək Sovet İttifaqına torpaq vermədi.

 

 

1945-ci ildə erməni dairələri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə əsassız iddialar irəli sürdülər. Ermənistan K(b)P MK katibi Q.Arutunov 1945-ci ilin noyabr ayında Stalinə məktubla müraciət etdi . Məktubda yazırdı ki, guya Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan SSR-in tərkibinə daxildir və Ermənistan ərazisinə bitişikdir. Vilayətin əhalisinin 153 min nəfərindən 137 min nəfəri ermənidir. Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsi ilə eynidir. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi onun inkişafına kömək edər və təsərrüfata rəhbərliyi yaxşılaşdırardı. Ermənistan respublika orqanları tərəfindən əhaliyə ana dilində kütləvi-mədəni və siyasi xidməti gücləndirilərdi. Yerli kadrların Ermənistanda ana dilində təhsillərini davam etdirmələrinə imkan verərdi. Ermənistan SSR Azərbaycanda istifadə edilə bilməyən Dağlıq Qarabağdan olan kadrları alardı.
Q.Arutunov Ermənistan KP MK və Ermənistan SSR Xalq Komissarları adından ÜİK (b)P MK və sovet hökuməti qarşısında Dağlıq Qarabağın Ermənistan SSR tərkibinə Qarabağ vilayəti kimi daxil edilməsi təklifini irəli sürürdü. Məsələ müsbət həll olunacağı təqdirdə sovet hakimiyyəti qurulmamışdan əvvəl dağıdılmış Şuşa şəhərinin bərpasına dair hökumət qarşısında məsələ qaldıracaqdı.
Q.Arutunovun müraciəti əks olunan məktubu ÜK(b)P MK katibi Qeorgiy Malenkov 1945-ci il noyabrın 28-də Azərbaycan KP (b) MK katibi Mircəfər Bağırova göndərdi . Ermənistan KP (b) MK-nın təklifi haqqında fikrini bildirməsini istədi. M.Bağırov 1945-ci il dekabrın 10-da 330 №-li məktubla ona cavab verdi . 5 səhifədən ibarət olan məktubda Q.Arutunovun əsassız iddialarını qətiyyətlə rədd edərək yazırdı ki, Dağlıq Qarabaq Muxtar Vilayəti heç bir zaman Ermənistan SSR ərazisi ilə bitişik olmamışdır və bitişik deyildir. Sovet hakimiyyəti dövründə Azərbaycanda, Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişaf üzrə möhtəşəm işlər görülmüşdür. Buna parlaq nümunələrdən biri DQMV-nin indiki paytaxtı Stepanakert şəhəridir. Bu şəhər təkcə Azərbaycanda deyil, bütün ölkədə baxımsız və dağıdılmış kənddən gözəl, abad və mədəni şəhərə çevrilmişdir. Azərbaycan SSR-də ali təhsil müəssisələrində və texnikumlarda tələbələrin 20,5%-i ermənidir. Onların da çoxu Dağlıq Qarabağ Muxtar Vilayətindəndir.
Məktubda M.Bağırov Şuşa istisna olmaqla Dağlıq Qarabağın Ermənistana verilməsinə etiraz etmirdi. Bununla belə, məsələyə baxmaq üçün komissiya yaradılmasını və DQMV-nin Ermənistan SSR tərkibinə daxil edilməsi məsələsi müzakirə olunarkən Azərbaycan Respublikası ilə sərhədə bitişik və əhalisi əsasən azərbaycanlılardan ibarət olan Ermənistan SSR-in Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılmasını ÜK(b)P MK-nın diqqətinə çatdırır, mədəni və iqtisadi cəhətdən son dərəcə geri qalmış həmin rayonların Azərbaycana verilməsinin əhaliyə maddi-məişət və mədəni-siyasi xidmət göstərilməsinə imkan verəcəyini yazırdı.
Yuxarıda göstərilənlərlə yanaşı M.Bağırov qeyd edirdi ki, Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarında 79 min nəfər əhalinin 9 min nəfərinin ingiloy olmasına baxmayaraq, Gürcüstandan olan yoldaşlar həmin rayonların Gürcüstan SSR tərkibinə qatılması məsələsini qaldırırlar. Azərbaycan həmin məsələyə də baxılmasına etiraz etmirdi. M.Bağırov Gürcüstan SSR-in əhalisinin demək olar ki, hamısı azərbaycanlılardan ibarət olan və Azərbaycan SSR-ə bilavasitə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR tərkibinə qatılması barədə məsələyə baxılmasını xahiş edirdi.
M.Bağırov həmçinin Azərbaycan SSR-ə bitişik və keçmişdə Bakı quberniyasının tərkibinə daxil olmuş Dağıstan MSSR-in Dərbənd və Qasımkənd rayonlarının Azərbaycanın tərkibinə qatılması məsələsinə baxılmasını xahiş edirdi. Həmin rayonların da əhalisi əsasən azərbaycanlılardan ibarət idi. Onların yarısından çoxu heyvandarlıqla məşğul olur, ilin doqquz ayını Azərbaycan ərazisində keçirirdilər.
Sovet rəhbərliyi məsələyə baxaraq əsassız erməni iddialarını rədd etdi. Buna baxmayaraq erməni dairələrinin başqa istəklərini yerinə yetirdi. 1946-cı ildə 40 kv. km meşə sahəsini, Tovuz rayonu ərazisindən 7,6 kv.km ərazini, Qazax rayonundan bir hissəni Ermənistana verdi.
Türkiyədən ərazilər və Azərbaycandan Dağlıq Qarabağı ala bilməyən Ermənistan rəhbərliyi xarici ölkələrdən ermənilərin repatriasiyası məsələsini sovet hökuməti qarşısında qaldırdılar. Sovet rəhbərliyi həmin təklifi bəyəndi.
Ancaq repatriasiya edilən ermənilərin yerləşdirilməsi üçün Ermənistanda lazımi şərait mövcud deyildi. Azərbaycan KP MK-nın katibi M.Bağırov və Ermənistan KP MK-nın katibi Q.Arutunov 1947-ci ilin dekabrında İ.V.Stalinə məktubla müraciət etdilər . Son illərdə Azərbaycan və Ermənistan respublikalarının təsərrüfat həyatında baş verən dəyişikliklərlə əlaqədar olaraq yaranmış bəzi məsələlər barəsində fikir mübadiləsi edilməsi nəticəsində Stalin qarşısında məsələ qaldırdılar. Onlar Mingəçevir su elektrik stansiyasının tikintisi ilə bağlı olaraq yeni suvarılan torpaqların və pambıqçılıq rayonlarında fəhlə qüvvəsinə ehtiyac yarandığını, həmçinin pambıq istehsalının çoxaldılmasının Azərbaycan SSR-in həmin rayonlarında əhalinin artırılması məsələsini irəli sürdüyünü zəruri etdiyini bildirdilər. M.Bağırov və Q.Arutunov bu məsələnin real həllini Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlı əhalinin həmin rayonlara köçürülməsində görürdülər. Onların fikrincə, azərbaycanlı əhalinin köçürülməsi xarici ölkələrdən Ermənistana gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün şəraiti yaxşılaşdırardı. Azərbaycanlı əhalinin köçürülməsi nəticəsində boşalmış torpaq sahələrindən və mənzillərindən xarici ölkələrdən ermənilər Ermənistana köçürülən zaman istifadə edilə bilərdi.
Bütün bu mülahizələri nəzərə alaraq M.Bağırov və Q.Arutunov Stalindən aşağıdakı məsələlərə sanksiya verilməsini xahiş edirdlər:
1.Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in əhalisi az olan pambıqçılıq rayonlarına köçürülməsi və boşalan torpaqların və mənzillərin xarici ölkələrdən Ermənistan SSR-ə gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün istifadə edilməsi.
2.Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə köçürülmənin şərtlərini və qaydalarını işləyib hazırlamaq, həmçinin köçürlümənin həyata keçiriləməsinə rəhbərlik etmək üçün birgə komissiya yaradılmasına icazə verilməsi.
3. Bu tədbirlə bağlı xərclərin İttifaq büdcəsindən maliyyələşdirilməsi.
Daşnaksütyun Partiyasının repatriasiya məsələsinə münasibəti ideoloji fərqlərə baxmayaraq, erməni dairələrinin siyasətinə tam aydınlıq gətirir. Beləki sonralar Daşnaksütyun Partiyasının 1947-ci ildə keçirilən qurultayının qəbul etdiyi 6 bənddən ibarət qərarda repatriasiya sovet hakimiyyətinin erməni diasporunu parçalamağa yönəldilən aktı kimi qiymətləndirilməklə yanaşı, o, mühüm və siyasi iş kimi dəyərləndirilir, erməni məsələsinin digər tərəflərinin uğurlu həlli zərurəti ilə bağlanır, kütləvi repatriasiyanın xüsusən erməni torpaqlarının azad edilməsi və Ermənistan sərhədlərinin genişləndirilməsi ilə əlaqədar olduğu (kursiv bizimdir. – M.Q.) birmənalı olaraq vurğulanırdı .
Məsələyə baxan SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də və 1948-ci il martın 10-da kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-də Kür-Araz ovalığına köçürülməsi haqqında xüsusi qərarlar qəbul etdi. Həmin qərarlara əsasən, 1948 və 1953-cü illər ərzində 100 mindən artıq azərbaycanlı zor gücünə tarixi doğma torpaqlarından – Ermənistanın dağlıq rayonlarından Azərbaycan SSR-in susuz, heç bir şəraiti olmayan Muğan və Mil çöllərinə köçürüldülər . Xaricdən gətirilən ermənilər isə Ermənistandan deportasiya edilən azərbaycanlıların yaşayış üçün hər bir şəraiti olan evlərinə yerləşdirildilər.
Sonrakı illərdə də ermənilərin Cənubi Qafqaza gətirilməsi işi davam etdirildi. Belə bir fakt diqqəti cəlb edir ki, xarici ölkələrdən Ermənistana 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirilmişdi . Onlar Cənubi Qafqazda qatı millətçilik və xalqlar arasında düşmənçilik hislərini qızışdırır, düşmənçilik hərəkətlərini dayandırmadılar. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxiv materiallarından aydın olur ki, 60-cı illərdə Azərbaycan SSR ərazisində 60 nəfər keçmiş daşnak və digər erməni millətçisi qeydə alınmışdır.
Ermənistanda millətçi qrup və təşkilatların fəaliyyəti güclənirdi. SSRİ DTK-nın 1975-ci il üçün fəaliyyətinə dair hesabatında deyilirdi ki, Ermənistanda millətçi qruplar mövcuddur . Eyni vəziyyət DTK-nın 1976-cı il hesabatında da əksini tapmışdır . 1977-ci ildə Ermənistanda millətçi qrupların olduğu göstərilirdi . Növbəti ildə də bu respublikada millətçi qrupların fəaliyyəti qeydə alınmışdır . SSRİ DTK 1979-cu ildə Ermənistanda ekstremist əhval-ruhiyyəli şəxslərin millətçi təşkilat yaratmaq niyyətlərinin qarşısını almışdır.
70-ci illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində milli münaqişəni qızışdırmağa cəhd etdi. Lakin onun qarşısı alındı. Artıq qeyd edildiyi kimi əslində ermənilər tarixən Dağlıq Qarabağda yaşamamışdılar. Onlar 1828-ci ildə Şimali Azərbaycan Rusiya tərəfindən işğal edilib bölüşdürüldükdən sonra həmin əraziyə çarizmin müstəmləkə siyasətinə xidmət məqsədi ilə köçürülmüşdülər. Hətta Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyi münasibəti ilə 1978-ci ildə bir abidə də qoymuşdular.
70-ci illərdə çoxlu erməni Dağlıq Qarabağı özünə doğma torpaq hesab etməyərək köçüb gedirdi. Buna eyni zamanda bütün ölkədə gedən inteqrasiya prosesləri də təsir edirdi. SSRİ-də vahid sovet xalqının yaradılması niyyətlərini güdən güclü təbliğatın və digər amillərin təsiri altında bir çox erməni ölkənin iri şəhərlərində məskunlaşmağa can atırdı. Amma bəzi erməni alimləri, yazıçı, şair və publisistləri bunu yanlış olaraq qiymətləndirirdilər. Antiazərbaycan baxışlarından heç cür əl çəkmirdilər. Onlar özlərini qəzəbli və kinli aparır, Dağlıq Qarabağda həyata keçirilən nəhəng təsərrüfat, mədəni quruculuq işlərini, onların mətbuatda əks olunmasını qısqanaraq daha məkrlə əsassız iddialarını davam etdirirdilər.

 

 

“KarabakhİNFO.com”

 

 

 

14.08.2014 11:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*